525.Az

Əbədiyyətdəki əziz ünvanlarımız - Şəhidlər ölməz, Vətən bölünməz!


 

Əbədiyyətdəki əziz ünvanlarımız - <b style="color:red">Şəhidlər ölməz, Vətən bölünməz!</b>

Həyat nə qədər şirin olsa da, ölüm heç bir insan övladının qaça bilməyəcəyi tale yazısıdır. Amma Allah qatında seçilmiş elə insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk edib, ruhən Yaradana - əbədiyyətə qovuşurlar. Ölümlərin ən şərəflisi də deyirlər buna. Bu, müqəddəs şəhidlik zirvəsidir ki, hər kəsə qismət olmaz.

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə sentyabr ayında başlanan və 44 gün davam edən Vətən müharibəmiz 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın, Qarabağın azadlığıyla nəticələndi.

Müharibə varsa, şəhid də var, qazi də, itkin də... Nə yazıq ki, bu müharibəmiz də qurbanlarsız ötüşmədi. Azərbaycanın üç minə yaxın qəhrəmanı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igid qazi adını qazandı. "525-ci qəzet" olaraq bu layihəmizdə mütəmadi şəkildə hissə-hissə həmin igidlərimizi oxucularımıza tanıtdıracağıq. Hər biri bir qəhrəmanlıq dastanı olan bu həyatlarla qürur duyur, onları unutmayacağımıza, unutdurmayacağımıza söz veririk! Allah hər birinə rəhmət eləsin!

P.S. Bu layihəmizə dəstək olmaq üçün ətrafınızda tanıdığınız, bildiyiniz şəhidlər varsa,

həyat yoluna güzgü tutmaq məramı ilə müəllifin göstərilmiş e-mail ünvanıyla əlaqə saxlaya bilərsiniz! 

Şahanə MÜŞFİQ
[email protected]

***



Qəhrəmanlığı ilə tarix yazan şəhidlərimizdən Məmmədov Əliağa Eldəniz oğlu 26 iyul 2001-ci ildə Bakının Sabunçu rayonunda anadan olub. N.İsmayılov adına 80 №li tam orta məktəbi bitirdikdən sonra özünü idman sahəsində sınamaq istəyib. Cüdo üzrə müxtəlif yarışlarda çıxışı ona medallar və diplomlar qazandırıb.

Peşə təhsili alandan sonra Azərbaycan Dövlət Akademik Musiqili Teatrında işıq operatoru kimi fəaliyyətə başlayıb. Hərbi xidmətə də çalışdığı doğma teatrdan yola düşüb. Teatrın qaranlıq səhnəsini işıqlandıran bu gənc vətən qarşısındakı  müqəddəs borcunu da layiqincə yerinə yetirib. 

Oktyabrın 6-da ağır döyüşlərin birində düşmənin hücumu zamanı Əliağa tabor komandiri Cəmşid Ağayevin həyatını öz canı bahasına xilas edir və şəhidlik zirvəsinə ucalır.

***



Əlihüseyn Elşad oğlu Məmmədov 24.01.1998-ci ildə Bakıda doğulub. 2016-cı ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Energetika fakültəsinə qəbul olub. 2020-ci ildə məzun olduqdan sonra hərbi xidmətə yollanıb. 27 sentyabrda başlayan Vətən müharibəsində ilk gündən böyük şücaətər göstərib. Cəbrayıl, Füzuli, Xocavənd istiqamətində gedən döyüşlərdə düşmənə qan udduran oğullardan olub. Oktyabrın 9-u Hadrut istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Gənc ömrü yarıda qırılan, ölümlərin ən şərəflisi ilə mükafatlandırılan Əlihüseyn, "Xəyalını qurduğun xoşbəxtliyə, bir gün bu kəpənək kimi uçaraq qovuşarsan, inşallah" - deyirdi. Özünün qeyd etdiyi bu cümlə kimi şəhidlik zirvəsinə qovuşdu

***




İsmayılzadə Vüsal Əlibəndə oğlu 17 oktyabr 2001-ci ildə Bakıda, Buzovna kəndində doğulub. Uşaqlıqdan atasız böyüyən Vüsal 2007-2018-ci illərdə 322 saylı tam orta məktəbdə təhsil alıb. 2019-cu il oktyabrın 23-də hərbi xidmətə çağırılıb. Xidmətdə olduğu müddətdə zabit və əsgər yoldaşlarının rəğbətini qazanıb. O, çox vətənpərvər və dostlarını çox sevən biri olub.

Sentyabrın 27-də Vətən müharibəsi başlayanda Vüsal və əsgər yoldaşları hərbi hissədən döyüş cəbhəsinə yollanırlar. O, Füzuli, Cəbrayıl və Zəngilanın azad olunmasında iştirak edir. Daha sonra Xocavənd uğrunda döyüşlərə qatılırlar və Xocavəndin Düzlük kəndini işğaldan azad edərkən oktyabrın 22-də əsgər yoldaşları ilə raket atəşinə tutulurlar. Bütün əsgərlər yaralanır, Vüsal da böyründən zədə alır. Yaralıları aparmağa maşın gəlir. Vüsal özü yaralı ola-ola yaralıları maşına mindirməyə kömək edir. Əsgər yoldaşlarından bir neçəsinə yer olmadığı üçün, təkidlərə baxmayaraq, dostlarını o vəziyyətdə qoyub getmir. Onların yanında qalıb növbəti maşını gözləyir. Yaralı olduğu üçün həddən artıq qan itirir və hərbi hospitala çatdırılarkən şəhidlik zirvəsinə ucalır. V.İsmayılzadə Buzovnada Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Anası Lalə xanım deyir: "Vüsal bir oğul kimi qayğıkeş, zəhmətkeş və sakit təbiətli idi. 7-ci sinifdən yay tətillərini işləyər evə köməklik edərdi. İşlədiyi yerlərdə böyük hörmət qazanmışdı. Oğlum döyüş filmlərini izləməyi sevər, futbola çox həvəsi vardı. Bir ana olaraq oğlumla fəxr edirəm ki, Azərbaycanın bütövlüyü uğrunda gedən döyüşlərdə oğlumun da böyük rolu olub".

O, şəhadətindən sonra Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə "Vətən  uğrunda" və "Xocavəndin azad olunması uğrunda" medali ilə təltif olunub.

***



Məmmədov Bəhruz Tahir oğlu 07.09.1991-ci ildə Yevlaxın Xaldan kəndində anadan olub. 8 yaşında atasını avtomobil qəzasında itirdikdən sonra nənə və babasının himayəsində böyüyüb. Onları da itirdikdən sonra bibisi tərəfindən himayə edilir. Xaldan məktəbində oxuyarkən imtahanla 2-ci sinifdən birbaşa 4-cü sinfə keçib. Məktəb vaxtı uğurlu təhsilinə görə Şöyübov Zahid adına təqaüdə layiq görülüb. Haqqında "Kür" qəzetində məqalə dərc olunub. 2009-cu ildə Xaldan Kənd Kompleks Tam Orta Məktəbini əla qiymətlərlə bitirib Azərbaycan İqtisad Universitetinin İstehlak Mallarının Ekspertizası və Marketinqi fakültəsinə daxil olub. Bu fakültəni uğurla bitirdikdən sonra Füzulidə hərbi xidmət keçib, burada "Vətən, Canım Sənə Fəda" yazıb. İstedadlı gənc mükəmməl rəssam, yaxşı riyaziyyatçı, gözəl dost idi. O, ədəbiyyata da maraq göstərirmiş. İmtahan verərək magistraturaya da daxil olmuşdu. Öz biliyinə 6 dil və proqram dillərini öyrənmişdi, sayt və proqram hazırlayırdı.

27 sentyabrda başlayan Qarabağ müharibəsi üçün başladılmış qismən səfərbərliyə 28 sentyabrda çağırılır. 5 oktyabrda çağırışla yenidən hərbi xidmətə yollanır. Füzuli, Qubadlı, Şuşada döyüş yolu keçib. Burada vətənə aid şeir yazıb. Dostluğa xüsusi önəm verən qəhrəman şəhidimiz 3 əsgər yoldaşına ad günü hədiyyəsi üçün öz bibisindən tort almağı xahiş edib və onlara doğum günü sürprizi edib. Sağlamlıq problemləri olan əsgərə bibisinin vasitəsilə dərman alıb. Vətənin igid oğlu Şuşa uğrunda döyüşlərdə şəhadətə yüksəlib.

***



Qasımov Azər Yaqub oğlu 1979-cu il dekabrın 6-da anadan olub. 8 ildir hərbidə MAXE kimi xidmət edən Azər baş sürücü idi. Ağdamda ailəsiylə birgə kirayədə yaşayırdı.

2016-cı ilin "Aprel döyüşləri"ndə göstərdiyi şücaətə görə dövlətimiz tərəfindən medalla təltif olunub. Bu ilin sentyabrında müharibə başlanan gündən döyüşlərə qatılıb. Oktyabrın 8-də və 11-də 2 dəfə yaralansa da, müharibəni yarımçıq qoymayıb. Müalicəsi vaxtı bir günlük ailəsini yoxlamağa gələndə ailəsi komandirlərin də döyüşməyi məsləhət bilmədiyini, ona müalicə lazım olduğunu desələr də, Azər dayanmayıb və "ordakı qardaşlarımız şəhid olur. Onlara kömək üçün biz lazımıq, mən necə qaça bilərəm?" - deyir, qolundakı qəlpə yarası tam sağalmadan yenidən döyüşlərə qatılır.

Oktyabrın 16-da düşmənin qurduğu tələ nəticəsində komandirləri də başda olmaqla Azərin daxil olduğu qrup yaralanır, bəziləri şəhid olur. Azər özü də yaralansa da, yaralı komandirinə və döyüş yoldaşlarına kömək etmək istərkən minamyot çox yaxınında partlayır və qəhrəman döyüşçümüz şəhid olur.

***



Zeynalov Məhəmməd Bəxtiyar oğlu 23.02.1997-ci ildə Neftçalanın Bankə qəsəbəsində anadan olub. Ə.Cəfərov adına 1 saylı tam orta məktəbi bitirib. H.Əliyev adına Ali Hərbi Məktəbin məzunu olub və N saylı hərbi hissədə xidmətə başlayıb. Motoatıcı bölmə, hissə və birləşmələrin döyüşə tətbiqi ixtisası üzrə çalışıb, leytenant rütbəsi daşıyıb. Müharibədən əvvəl Goranda təlim keçən Məhəmməd 27 sentyabrda başlanan döyüşlərə qatılıb. Döyüşlərdə fəal iştirak edib, son damla qanına qədər vuruşub. Talış kəndi uğrunda gedən döyüşlərdə yüksək şücaət göstərib, düşmənin 3 dayaq məntəqəsini yarıb. Müharibədən bir gün əvvəl anası ilə danışıb, "hər şey yaxşı olacaq, torpaqlarımızı alacağıq"-deyib.

Bu ilin iyulunda Tovuzda gedən döyüşlər zamanı məzuniyyətdə olmasına baxmayaraq, hərbi komandanlığa müraciət edib, döyüşlərə qatılmaq üçün əzmkarlıq göstərib. Arzusu torpaqlarımızın azadlığı uğrunda qəhrəmanlıq göstərmək olan cənab leytenant oktyabrın 16-da Talış kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

***



Muradov Elgün Etibar oğlu 26.04.1998-ci ildə Şabranın Daşlıyataq kəndində anadan olub. Orta məktəbi Masazır qəsəbəsi 3 nömrəli məktəbdə başa vurub, Bakı Dövlət İqtisadiyyat və Humanitar kollecinə qəbul olub. Təhsilini donduraraq Hərbi xidmətə yollanıb. Hərbi Xidmətdən qayıtdıqdan sonra təhsilini davam etdirən Elgün 2019-cu ildə məzun olur. Gözəl səsə sahib olan Elgün kollec tədbirlərində həmişə Vətən musiqilərini fəxrlə oxuyarmış. Ən böyük arzusu məşhur olmaq imiş.

Bu ilin iyul hadisələrində general Polad Həşimovun şəhid olmasıyla sosial şəbəkədə yazmışdı: "18 ay xidmət etmişəm və günü bu gün də hazıram getməyə. Məqsədim şəhid olmaq deyil, olsam da, nə xoş mənə. Məqsədim torpaqlarımı geri almaq və vətən uğrunda canından keçən şəhidlərimizin qisasını almaqdır. Yolumuz irəlidir. Geri qaçmaq yalnız erməni alçağına yaraşan xüsusiyyətdir və mən inanıram ki, biz bu bayrağı tezliklə bütün işğal olunmuş tarixi torpaqlarımızda dalğalandıracağıq".

Dediyi kimi də edir vətənin cəsur oğlu. Müharibə başlanan gündən könüllü döyüşlərə qatılır və bu müddətdə qəhrəmanlıqlar göstərir, düşmənin çox sayda canlı qüvvəsini məhv edir. Yalnız irəli gedir Elgün və oktyabrın 30-u Füzuli uğrunda döyüşlərdə şəhadətə ucalır.

***



Ömərov Qoşqar Səxavət oğlu 09.02.1994-cü ildə Kürdəmirin Qarasu kəndində doğulub. 2011-2015-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində riyaziyyat və informatika müəllimliyi ixtisası üzrə bakalavr, 2016-2018-ci illərdə isə Azərbaycan Memarlıq və İnşaat universitetində informasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisası üzrə magistr təhsili alıb. 2015-2016-cı illərdə N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib. Masazır kənd 5 saylı orta məktəbdə və hədəf kurslarında riyaziyyat müəllimi olaraq fəaliyyət göstərən Q.Ömərov sentyabrın 22-si ordu sıralarına cəlb olunur və ilk gündən Vətən müharibəsinə qoşulur. Müharibədə çox sayda yaralı və şəhid yoldaşlarını düşmən əlinə keçməkdən xilas edir, özü isə noyabrın 4-də Şuşanın Daşaltı kəndində döyüş yoldaşlarını xilas edərkən snayperlə boğazından vurularaq qəhrəmancasına şəhid olur.

***



Quliyev Bəhruz Firuz oğlu 09.05.1990-cı ildə Goranboyda anadan olub. 1995-2007-ci illərdə Naftalan şəhər S.Vurğun adına 2 saylı tam orta məktəbində təhsil alıb. 2008-ci ildə hərbi xidmətə çağırılıb, Qazax rayonunda qulluq edib. 2014-cü ilin aprel ayından N saylı hərbi hissədə MAXE olaraq yenidən hərbi qulluğa başlayıb. 2016-cı ildə Aprel döyüşlərində fəal iştirak edib. II Qarabağ müharibəsi başlayan gündən döyüşə qatılıb. Oktyabrın 4-də Suqovuşan istiqamətində döyüşlərdə yaralıları döyüş bölgəsindən çıxaran zaman qəhrəmancasına şəhid olub. Bir həftə neytral zonada qaldıqdan sonra 11 oktyabrda Naftalan şəhərində torpağa tapşırılıb. Ailəli olan şəhidimizdən əmanət Elay və Mədinə adında iki qız övladı qaldı.

***



Cabbarov Orxan Rövşən oğlu 16.10.1995-ci ildə doğulub. 6-ci sinifə qədər Rusiyanın Vladivostok vilayətində, 7-ci sinifdən Bakı şəhər, Binəqədi rayonu 179 saylı məktəbdə təhsil alıb. Təhsilini bitirdikdən sonra hərbi xidmətə çağırılıb, xidmətdən sonra XTQ-in 6 aylıq kursuna yazılıb. Kursu keçərək XTQ sıralarına daxil olur. 2015-ci ildən MAXE kimi Cəlilabadın N saylı hərbi hissəsində xidmətə başlayıb. 2016-cı ilin Aprel döyüşlərində iştirak edib. 2018-ci ilin sentyabrın 30-u ailə qurub, iş yerindən Xızı rayonuna göndərilib. 2019-cu ilin yanvarından Yaşma XTQ-də kiçik gizir rütbəsi ilə xidmət etməyə başlayıb. İdman yarışlarında iştirak edib, hər zaman ön sıralarda yer tutub, diplom qazanıb. Bu il XTQ xüsusi əzəmətlə təlimlərdə hazırlıqlar apardı. Qayaya dırmaşmalar, bıçaq atmalar, əlbəyaxa döyüşlər... "Ölüm mələkləri" deyilirdi onlara. Orxan isə "canavar" ləqəbi ilə tanınırdı.

Bu Vətən müharibəsində XTQ xüsusi şücaət göstərdi. Orxan da həmçinin, qəhrəman yoldaşları ilə ilk gündən vətən uğrunda döyüşlərdə iştirak etdi, son nəfəsə qədər vuruşdu. Ailəsi ilə əlaqə saxlayanda "mənə görə narahat olmayın, qayıdacağam, canavarıma yaxşı baxın, özünüzdən muğayət olun" - deyirdi. Oktyabrın 16-sı 25 yaşı tamam olmuşdu. Öz ad günündə əlbəyaxa döyüşdə erməni polkovnikini ödürmüşdü. Ayın 25-i qolundan yaralanıb hospitalda müalicə alıbmış. Bunu heç kimə deməyib, şəhadətindən sonra bilinib. Yarasına rəğmən, "yoldaşlarımı tək qoya bilmərəm" - deyib, döyüşə qayıdıb. Şuşa uğrunda gedən doyüşlərdə belindən aldığı qəlpə yarası ilə şəhid olub. Noyabrın 11-də Tovuz rayonu Bozalqanlı kəndində atasının yanında torpağa tapşırılıb. Orxandan əmanət yaş yarımlıq Ayxan balası qaldı.

***



Şəhid leytenant Əliyev İbrahim Mustafa oğlu 17.02.1997-ci ildə Şərurun Qabıllı kəndində doğulub. 2014-cü ildə Naxçıvanda C.Naxçıvanski adına hərbi məktəbdən, 2018-ci ildə Bakıda AAHM-dən məzun olub. Həmin ildən Goranboyun N saylı hərbi hissəsində tağım komandırı kimi xidmətə başlayıb.  İbrahimin işinə bağlılığı, sevgisi onu Türkiyədə təhsil almağa qədər aparıb. O, 2019-cu ilin noyabr və 2020-ci ilin mart ayları arasında Ankarada "Kara Kuvvetleri İstihbarat Okulu"nda təhsil alaraq yüksək nəticə göstərib. Vətənə qayıtdıqdan sonra Bölük komandiri vəzifəsində xidmətini davam etdirib. Xidmət illərində hərbi hissə rəhbərliyi tərəfindən "təşəkkürnamə", "tərifnamə" ilə dəyərləndirilib.

O, 3 bacının bir qardaşı, evin son beşiyi idi. Nişanlı idi. İlk gündən Vətən müharibəsinə kəşfiyyatçı olaraq yollanmış, müharibəyə ilk, öndə başlayanlardan biri olmuşdu. O, silah yoldaşları ilə ön cəbhəyə irəliləyib, Gülüstan dərəsi-İncə çay istiqamətində düşmən postunu ələ keçiriblər. Sonradan mühasirəyə alınaraq snayperdən açılan atəş nəticəsində sentyabrın 29-da başından yaralanıb və şəhadətə yüksəlib. Onun cənazəsi dekabrın 5-də ailəsinə təhvil verilib, dekabrın 7-də doğma kəndi Qabıllıda torpağa tapşırılıb.

İbrahimin cənazəsi şəhid olduqdan sonra düşmən tərəfindən götürülüb, hərbi vəsiqəsi sentyabrın 30-da ermənilər tərəfindən erməni televizisiyası və sosial şəbəkələrdə paylaşılıb.

O, 26 sentyabrda nişanlısı, dostu, qohumları və valideynləri ilə əlaqə saxlayıb. Nişanlısına yazdığı son mesajla vidalaşaraq, onu çox sevdiyini deyib. Dostu Fəxriyə isə ehtiyatlı və möhkəm olmağını tapşırıb. Aşağı Ağcakənddə yaşadığı evin sahibinə "qapıya bayraq asın!" - deyərək sanki şəhid olacağının xəbərini əvvəlcədən vermişdi. Atasından halallıq istəyib, bəlkə son danışıqları olacağını bildirib. Elə də olub. Atasına "mən zəng vurana qədər anamı mənə zəng vurmağa qoyma!" - deyib.

***




Abbasov Asim Rasim oğlu 26.05.1987-ci ildə İmişli rayon Hacı Rüstəmli kəndində anadan olub. 2013-cü ildən həyatını hərb sənətinə bağlayan Asim əvvəlcə minaatan kimi xidmət etsə də, sonradan könüllü kəşfiyyata keçib, baş çavuş rütbəsinə qədər yüksəlib. Sonra Bakıda gizirlik məktəbində oxuyub. 2016-cı ildə Aprel döyüşlərində də iştirak edən Asim qarnından yaralanmasına baxmayaraq, onlarla düşmən əsgərini məhv edib.

XTQ kəşfiyyatçısı gizir Abbasov sentyabrın 27-də başlayan Vətən müharibəsində qəhrəmancasına vuruşub, onlarla düşməni məhv edib şəhadətə yüksəlib. Nəşini götürəndən sonra üstündəki bayrağımızı axtarsalar da, tapılmayıb. Bilinib ki, Asim bayrağımızı düşməndən azad etdikləri hansısa posta sancıbmış. 4 övladını vətənə əmanət qoyaraq, sentyabrın 28-də uğrunda canından keçdiyi torpağa tapşırılıb.

***



İslamlı Ruhid Uğur oğlu 01.04.1999-cu ildə Lerikin Çeşman kəndində doğulub. 2000-ci ildə ailəsi ilə Bakıya köçüb, 2005-ci ildə Humanitar Fənlər Təmayüllü Məktəb Liseyində 1-ci sinifə daxil olub. 2011-ci ildə 315 №li məktəbdə təhsilini davam etdirib. Uşaqlıqdan bir sıra idman növləri ilə-cüdo, cuicitsu, taekvondo, güləş, qaydasız döyüş, üzgüçülük və s. məşğul olub, dərəcələr alıb. Regional, respublika səviyyəli rəsmi dövlət yarışlarında öz çəkisində 1-ci və 2-ci yerləri qazanıb. Həmçinin, məktəb zamanında bir sıra bilgi və hərbi yarışlarda da iştirak edib, dərəcələr alıb. Özü də bir sıra fləşmob, yarış təklifləri irəli sürüb. O, 2016-cı ildə Naxçıvan MR Müəllimlər İnstitutunun Təhsildə sosial psixoloji xidmət ixtisasında oxuyub. Universitet fəaliyyəti dövründə tibb təhsili alıb. II kursdan YAP-ın sədri kimi fəaliyyətə başlayıb. Gənclər birliyinə də sədrlik edib. Azərbaycan Maarifçilər Assosiasiyasının üzvü olub. Azərbaycan çempionatında muay-tay üzrə yarışda dərəcə alıb, beynəlxalq turnirlərdə iştirak edib. Universitetdən sonra bu il iyulun 27-də hərbi xidmətə yollanıb. İki aydan sonra müharibə başlayıb. Batalyon komandirinin köməkçisi olan Ruhid oktyabrın 6-da Ağdərə-Tərtər-Murov istiqamətində gedən döyüşlərdə şəhadətə yüksəlib.

***



Əhmədzadə Elməddin Uğur oğlu 01.11.1996-cı ildə Füzuli rayonu Qacar kəndində doğulub. Hünər mühafizə kursunu bitirib yol idarəsində işləyən Elməddinin özündən başqa bir qardaşı və bir bacısı var. Ailəli olan şəhidimizin övladı yoxdur.

Bakıda lisey təhsilini bitirdikdən sonra 2014-cü ildə hərbi xidmətə gedib, xüsusi təyinatlıda xidmət edib. 2016-cı il Aprel döyüşlərində də iştirak edən döyüşçümüz hərbi xidməti fəxri fərmanla bitirib.

O, Vətən müharibəsi başlamasına bir ay qalmış - avqustun 21-də könüllü hərbiyə gedib və manqa başçısı kimi xidmətə başlayıb. Sentyabrın 27-də Füzuli-Cəbrayıl istiqamətindəki döyüşlərdə sinayper gülləsiylə şəhadətə ucalıb. Son dəfə həmin gecə ailəsiylə danışan Elməddin müharibəsinin başlamasını "gözlədiyim an gəldi, haqqınızı halal edin, başınızı dik tutun", - deyə xəbər edib.

***



Leytenant Əliyev İmran Əli oğlu 07.04.1993-cü ildə Göyçayda doğulub. 1996-cı ildə ailəsiylə birgə Bakıya köçüb. 2000-2011-ci illərdə 54 saylı orta məktəbdə təhsil alıb. Məktəbi bitirdikdən sonra Azərbaycan Texniki Universitetinə qəbul olub. 2015-ci ildə hərbi xidmətə yollanıb. Naxçıvandakı N saylı hərbi hissədə qulluq edib. 2016-cı ildə hərbi xidmətini başa vurub Bakıya qayıdıb. 2018-ci ildə ailə həyatı qurub. Dəniz adlı yaş yarımlıq qızı var.

O, 2019-cu ildə Müdafiə Nazirliyinin nəzdində olan TTM-də rabitə sahəsi üzrə 3 aylıq təlim kursu keçib arzusu olan rabitəçi ixtisasına yiyələnib. Sonra həmin sahə üzrə leytenant rütbəsi alaraq Bərdədəki N saylı hərbi hissədə xidmətə başlayıb. Sonra Tərtərdəki "Mübariz" postunda rabitə rəisi vəzifəsinə təyin edilib. Vətən müharibəsi başlayanda Tərtərin Suqovuşan istiqamətində döyüşlərə qatılıb. Sentyabrın 27-də şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olub. Nəşini döyüş meydanından oktyabrın 3-də götürmək mümkün olub. Oktyabrın 4-də II Fəxri Xiyabanda dəfn edilib.

Mingəçevirdə hərbi xidmətdə olarkən, İmran qardaşı Sahibin komandiri olub. İndi Sahib həm qardaşını, həm də komandirini itirib.

Qeyd: Bu qəhrəmanlarımızın hər biri, şəhadətə qovuşduqdan sonra, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il Sərəncamına əsasən, "Vətən uğrunda" medalı ilə təltif olunub.

 

 





29.12.2020    çap et  çap et