525.Az

Vətən uğrunda igidlik və fədakarlıq nümunəsi - Anım


 

POLKOVNİK-LEYTENANT MEHMAN QƏNBƏROVUN DÖYÜŞ VƏ ŞƏHADƏT YOLU QƏHRƏMANLIQ SALNAMƏMİZƏ HƏKK OLUNDU

Vətən uğrunda igidlik və fədakarlıq nümunəsi - <b style="color:red">Anım</b>

"Torpaq, uğrunda ölən varsa, Vətəndir!" - deyib ulu şair. Deməli, Azərbaycan hər daşıyla, hər küncü, hər bucağıyla bizə Vətən, yurd, obadır. Çünki tarix boyu bu torpaq uğrunda keçilməyən canlar, tökülməyən qanlar qalmadı. Ondan ötrü qan tökməyə cümlə qadir olduğumuz kimi, ondan ötrü can verməyə də cümlə qadir olduğumuzu tarixin bütün mərhələlərində sübut etmişik.

Sentyabrın 27-də başlanan Vətən müharibəmiz işğal altındakı torpaqlarımızın azadlığı, xalqımızın və dövlətimizin böyük zəfəri ilə nəticələndi. 44 günlük haqq savaşımızda Azərbaycanın üç minə yaxın qəhrəman övladı ərazi bütövlüyümüz uğrunda canını fəda etdi və şəhidlik zirvəsinə ucaldı. Onların arasında yüksək rütbəli hərbçi-zabitlərin də çox olması göstərdi ki, Azərbaycan Ordusu bu müharibədə heç bir rütbə fərqi olmadan hamılıqla çarpışıb və düşmənə qarşı vahid qüvvə kimi savaşıb. Bu müharibədə çiynindəki poqonları söküb, əsgərlərinə "bu gün biz hamımız döyüşçüyük" - deyən zabit də gördük, komandirini xilas etmək üçün canından keçən əsgər də.

Həmin şəhid zabitlərimizdən biri də polkovnik-leytenant Mehman Qənbərovdur. Bir vaxtlar zorla çıxarıldığı doğma torpağı düşməndən xilas etmək üçün zamanında hərb sənətini seçən Mehman vədə yetişən kimi gözünü qırpmadan döyüşə atıldı və bu uğurda qəhrəmanlıqla şəhadətə yüksəldi.

Qənbərov Mehman Nərman oğlu 1981-ci il mayın 27-də Ağdamın Maqsudlu kəndində anadan olub. 1987-ci ildə Maqsudlu kənd orta məktəbində 1-ci sinifə gedib. 5-ci sinifdə oxuyan zaman Qarabağ müharibəsində yaşadıqları Ağdam rayonu ermənilər tərəfindən işğal olunduğundan ailəsi Bərdə şəhərində salınmış Türk Qızılay Cəmiyyətinin yaratdığı çadır şəhərciyində yaşayıb və orta təhsilini orada davam etdirib. Mehman 1996-cı ildə ailəyə maddi dəstək olmaq üçün çalışmağa başlayıb. Həmin ildə ailəsi çadır şəhərciyindən çıxaraq Bərdə ərazisində yol kənarında özlərinin qarğı ilə tikdikləri evdə yaşayıblar və təhsilini həmin əraziyə yaxın olan Ağdam rayon 132 saylı köçkün tam orta məktəbində davam etdirib.

Mehmanın hərbiyə gəlişi isə onun qarşıya qoyduğu məqsədi ilə bağlıdır. Belə ki, 11-ci sinifdə oxuduğu zaman bir gün Mehmana hərbçilər yaxınlaşaraq söhbət ediblər. Ondan hansı rayondan olduğunu soruşublar. Ağdamdan olduğunu söyləyən Mehmana hərbçilər "Niyə hərbi məktəb oxuyub, hərbçi olmursan? Sənin torpağın işğal altındadır" - deyiblər. Bu təsadüf Mehmanın bütün həyatını dəyişir və gənc oğlan o gündən hərbçi olmaq arzusuyla yaşayır.

Məktəbi bitirdikdən sonra Ali Komandirlər məktəbinə qəbul olub. 2002-ci ildə məktəbi uğurla başa vuraraq Təlim Tədris Mərkəzində general-mayor Lənkaran Əliyev "Mən savadlı kadrları sevirəm" deyərək, Mehmanın orada işləməsi əmrini verir. 5 il Təlim Tədris Mərkəzində leytenant və baş leytenant rütbəsi ilə çalışıb. 2007-ci ildə Gədəbəyin Şınıx dağlarına təyinat alıb. 5 il müddətində sözügedən ərazidə xidmətini kapitan rütbəsi ilə bölük komandiri olaraq davam etdirib. Daha sonra Müdafiə Nazirliyinin əmri ilə Cəlilabadda yerləşən N saylı hərbi hissədə xidmət edib. Ardıcıl olaraq, Astara və Lənkəranda xidmət göstərib. 2015-ci ildə bir ay müddətində Türkiyədə Akman Mədəniyyət Mərkəzində keçirilən Kombatlıq kursunda iştirak edib. Daha sonra fəaliyyətini Ağcəbədidə davam etdirib. Qənbərov taburun qərargah rəisi vəzifəsində olub. Eyni ildə Füzulidə yerləşən N saylı hərbi hissəyə təyinat alıb. 2016-cı ildə Aprel döyüşlərində qəhrəmanlıq göstərib. Sonra N saylı hərbi hissədə Maddi-texniki təminat bölüyünün komandiri vəzifəsinə təyin edilib və polkovnik-leytenant hərbi rütbəsi verilib.

Ən böyük arzusu Qarabağın, doğulduğu Ağdamın azadlığı olan Mehman Vətən müharibəsinə böyük sevinc və qürurla qoşulub. 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistan ordusuna qarşı başlayan əks-həmlə əməliyyatında öz xahişi ilə döyüş aparmaq üçün icazə alıb. Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq və döyüş taktikası nəticəsində düşmənin 30 illik səddini keçərək bir neçə kəndini əmrində olan hərbçilərlə birgə azad edib. Yoldaşlarına "qısa zamanda sizə "Qarabağ azaddır!, Bayrağı Şuşaya sancdım" xəbərini çatdıracam" - deyən polkovnik-leytenant Qənbərov sentyabrın 30-da gərgin döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Şəhadətindən sonra o, "Qarabağ" ordeni, "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

Ailəli olan şəhidimizdən Vətən əmanət 14 və 8 yaşlarında Nurlan və Ceyhan adlı iki oğlu qaldı.

Şəhadətin mübarək, cənab komandir! Ruhuna dua və ehtiram!

MEHRİ

 





29.12.2020    çap et  çap et