525.Az

"Qurama" sənətinin bərpası ilə bağlı işlər müzakirə edilib


 

"Qurama" sənətinin bərpası ilə bağlı işlər müzakirə edilib <b style="color:red"></b>

Dekabrın 28-də "Qala" Dövlət Tarix Etnoqrafiya Qoruğunda "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin "İçərişəhər" Muzey Mərkəzinin təşəbbüsü və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin dəstəyilə Azərbaycanın qədim tarixi köklərə və ənənələrə bağlı sənətkarlıq növlərindən biri sayılan "Qurama" sənətinin yenidən bərpa olunması münasibətilə tədbir keçirilib.

525.az xəbər verir ki, tədbirdə XX əsrin əvvəllərinə qədər geniş istifadə olunan, lakin keçən zaman ərzində bəzi ənənəvi sənət növləri kimi unudulmaq təhlükəsi yaşayan "Qurama" sənətinin yenidən inkişaf etdirilməsi istiqamətində görülən işlərdən söz açılıb.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin idarə heyətinin sədri Əsgər Ələkbərov bildirib ki, 2020-ci il xalqımızın yaddaşında tarixi bir il kimi qalacaq, çünki Ali Baş Komandanın rəhbərliyi altında və rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində Azərbaycan xalqı böyük bir zəfər qazanıb, Qarabağımızı yağı düşməndən azad edib. O, Qarabağın yaxın illərdə Azərbaycanın gözəl guşələrindən birinə çevriləcəyini söyləyib: "Bu il həm də İçərişəhərin Qala divarları, Qız qalası və Şirvanşahlar sarayı UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 20 ili tamam olur. Son iyirmi il ərzində böyük işlər görülüb. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi sayəsində İçərişəhərdə böyük bərpa işləri görülüb, mühüm mədəniyyət tədbirləri keçirilib.

Bu il Bakı xanlarının iqamətgahı və həmin kompleksə daxil olan XVII əsrə aid hamam, eyni zamanda, ərazidəki parkın açılışı olub. Bu işlərlə yanaşı, tətbiqi sənətimizin inkişafı ilə bağlı tədqiqat işləri də aparılıb. Ənənəvi tətbiqi sənət növümüz olan "Qurama" sənəti də bizim diqqət mərkəzində olub. Bizim elmi heyət və İçərişəhərin sakinləri bu işə qoşulublar. Eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq Agentliyi ilə iş birliyi qurulub. Bu iş birliyi sayəsində biz "Qurama" sənətinin canlandırılması və qorunub saxlanılması, həm ölkədə həm də beynəlxalq səviyyədə onun təbliği və təşviq etdirilməsi, bu sənətdə dayanıqlı və uzunmüddətli iş yerlərinin açılması, həmçinin "Qala" qoruğunda yeni gözəl bir məkanın açılması istiqamətində fəaliyyət göstərəcəyik".

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ilə birgə əməkdaşlığından söhbət açıb. Bildirib ki, təmsil etdiyi qurumun gördüyü işlərdən biri də özünüməşğulluq istiqamətidir. Bu, işsiz şəxslərin dayanıqlı məşğulluğunun təmin olunmasının ən uğurlu alətlərindən biridir. Qurum işsiz şəxslərə müəyyən aktivləri təmin edərək, mikro biznes yaradaraq onların ailələrinin müəyyən gəlir əldə edilməsinə şərait yaradır. Vurğulayıb ki, bu işsiz şəxslərin məşğulluğunun təmin olunmasına öz xidmətini göstərəcək, eyni zamanda, bizim tarixi irsimizin qorunub saxlanılmasında və inkişaf etdirilməsində öz töhfəsini verəcək. 2016-ci ildən başlayan özünüməşğulluq layihəsi uğurla davam edir: "Dövlət Məşğulluq Agentliyi olaraq 2016-2017-ci illərdə min nəfərə özünüməşğulluq aktivləri təqdim etmişdiksə, 2018-ci ildə bu rəqəm 6 min, 2019-cu ildə 10 min olub. Cari ildə biz 12 mininci aktivləri təqdim etdik və növbəti il bu rəqəmi rekord olaraq 16 minə çatdırıb, özünüməşğulluq aktivlərini verərək vətəndaşların mikro bizneslərinin yaradılmasına töhfə verməyi planlaşdırırıq".

Qeyd edib ki, bu, işsiz şəxslərin dayanıqlı məşğulluğunun təmin olunması, 16 min ailənin müəyyən gəlir əldə etməsi, eyni zamanda, bu şəxslərin dövlətdən hər hansı müavinətlərin alınması və vergi verməsi kimi xüsusi əhəmiyyət kəsb edir.

"İçərişəhər" Muzey Mərkəzinin direktoru Əminə Məlikova "Qurama" sənətinin tarixindən söz açıb. Vurğulayıb ki, bu gün Azərbaycan incəsənəti üçün mühüm olan bir layihəyə start verilir. Qeyd edib ki, bu tədbirin Qala kəndində baş tutması təsadüfi deyil. Bakının 32 kəndi olsa da, onlar bir-birlərindən öz tarixləri, hətta insanlarının ləhcələri ilə fərqlənir. Ancaq Qala kəndi onların arasında özünəməxsusluğu və qədimiliyi ilə seçilir. Tarixin müəyyən dövrlərində burada arxeoloji qazıntılar aparılıb və təsdiq olunub ki, bu kəndin 5 min illik tarixi var. Burada eramızdan əvvəl 3000-ci ilə aid qədim insan məskəni tapılıb.

Sonra emalatxanalara baxış keçirilib, qonaqlara "Qurama" sənətinin özəllikləri izah olunub və iş prosesi haqqında məlumat verilib.

Qeyd edək ki, "Qurama" sənətinin bərpa layihəsinin uğurlu nəticəsi kimi, gələcəkdə Qala qoruğunun "qurama.az" brend məhsullarının hazırlanması da iş planına daxil edilə bilər.

 





29.12.2020    çap et  çap et