Bu yaxınlarda Daşkənddə, Özbəkistan Dövlət Konservatoriyasında “Həmid Alimcanın mirası” adlı beynəlxalq elmi-praktiki konfrans keçirildi.
Qüdrətli söz ustasının 111-ci doğum günü münasibətilə keçirilən bu toplantının təşkilatçıları qismində konservatoriya ilə yanaşı, Özbəkistanın Ali və Orta İxtisas Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyi çıxış edirdi. Həmid Alimcan (1909-1944) – şair, alim, publisist, mütərcim, ictimai xadim - XX əsr özbək ədəbiyyatının ən görkəmli və sevilən simalarından biridir. O, özbək klassik ədəbiyyatı və yeni dövr poeziyası arasında körpü yaratmış, özbək ədəbiyyatına yeni mövzular gətirərək, onu forma və poetika baxımından da zənginləşdirməyə müvəffəq olmuşdur. Türk dünyasının böyük mütəfəkkiri, dahi şairi – Əlişir Nəvainin özbək ədəbiyyatı tarixində müstəsna rolunun təsbit olunmasında və irsinin geniş intişar tapmasında Alimcanın böyük xidmətləri də xatırlanmalıdır.
Ədibin çoxçeşidli fəaliyyəti – musiqi, incəsənət ilə əlaqədar şəkildə - sözügedən konfransda əsas müzakirə mövzusu oldu. Konfransı konservatoriyanın rektoru, Əməkdar artist Kamoliddin Urinbayev giriş sözü ilə açdı. Fəxri qonaqlar arasında adıçəkilən nazirliklərin nümayəndələrini, universitet rektorlarını, Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyevi də görmək olardı. Tanınmış tacik alimi, sənətşünaslıq doktoru Əsliddin Nizamovun, Özbəkistan Bəstəkarlar İttifaqının sədri, Dövlət mükafatı laureatı Rüstəm Abdullayevin, fəlsəfə elmləri namizədi Tatyana Rəsulovanın, sənətşünaslıq doktoru, professor Rüstəm Abdullayevin məruzələri xüsusi maraq doğurdu. Konfransı Konservatoriyanın elm və innovasiyalar üzrə prorektoru, Əməkdar artist, professor Səyyora Qafurova məharətlə idarə edirdi. Azərbaycanı bu toplantıda AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat institutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aqşin Dadaşzadə (“Türkdilli xalqların müqayisəli ədəbiyyatşünaslığı tarixindən (Məmməd Arifin yaradıcılığı timsalında)”), “Mədəniyyət” jurnalının baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru, Əməkdar Mədəniyyət işçisi Zöhrə Əliyeva (“H.Alimcan ədəbiyyatşünas Qulamhüseyn Əliyevin tədqiqatlarında”), habelə musiqişünas, professor, Əməkdar İncəsənət xadimi Zümrüd Dadaşzadə (“Həmid Alimcan və Azərbaycan ədəbiyyatı”) təmsil etdilər. Məruzələr dinlədildikdən sonra “Həmid və Zülfiyyə” sənədli filmi (rej.: Ruslan Səlimov) sərgiləndi.
Z.Dadaşzadə konfransda təqdim etdiyi məruzənin əsas müddəalarını bizimlə paylaşıb.
Görkəmli şair H.Alimcana həsr olunmuş konfransda çıxış etmək barədə Özbəkistan Dövlət Konservatoriyasından aldığım təklif mənim üçün, doğrusu, gözlənilməz idi. Dəfələrlə müxtəlif elmi toplantılarda bahəm iştirak etdiyim alim, Özbəkistan konservatoriyasının “Beynəlxalq əlaqələr” şöbəsinin müdiri, sənətşünaslıq namizədi, dosent Elnora xanım Mamacanovanın gətirdiyi dəlillər mənim konfransa qatılmaq qərarıma əsaslı təsir göstərdi. Həm də mən ədəbiyyatdan o qədər də uzaq adam deyiləm. Babam Məmməd Arif elmi araşdırmalarında müxtəlif xalqların ədəbi əlaqələrinin tədqiqinə də diqqət yetirmiş, öz tələbələrini, məsələn, Q.Əliyevi, bu tipli tədqiqatların aparılmasına sövq etmişdir. Məmməd Arif və ünlü özbək ədəbiyyatşünası akademik Vahid Zahidovu dostluq və səmərəli elmi əməkdaşlıq telləri bir-birinə bağlayıb. V.Zahidov “Bizim böyük dostumuz” məqaləsində M.Arifi Şərq rəvayətlərinin müdrik qəhrəmanları ilə müqayisə edir, onun iki ölkənin mədəni və ədəbi əlaqələrinin, əməkdaşlığının möhkəmlənməsində, Özbəkistan üçün elmi kadrların yetişdirilməsində böyük rolunu vurğulayırdı.
H.Alimcanla bağlı tədbirin məhz konservatoriyada keçirilməsi təsadüfi deyil. Şairin misralarına onlarla gözəl nəğmə bəstələnib, ən müxtəlif nəslin təmsilçiləri – Yunus Rəcəbi, Batır Zakirov, Nəsibə Abdullayeva, Sevara Nəzərxan həmin nəğmələri sevə-sevə oxuyublar. H.Alimcan və onun gözəl ömür-gün yoldaşı şairə Zülfiyyənin ülvi məhəbbəti isə “Sədaqət” adlı operada vəsf olunub. Müəllifi Rüstəm Abdullayev olan həmin operanı Nəvai adına Özbəkistan Dövlət Akademik Böyük teatrının səhnəsində Özbəkistan və Azərbaycanın xalq artisti Firudin Səfərov uğurla tamaşaya qoyub.
Onu da deyim ki, türk xalqlarının qarşılıqlı ədəbi əlaqələrinin öyrənilməsi müasir mərhələdə xüsusi dəyər və əhəmiyyət kəsb edir. Məmnuniyyətlə söyləməliyəm ki, Azərbaycan- özbək əlaqələri kifayət qədər müfəssəl tədqiq olunmuş mövzulardandır. Öz araşdırmalarında alimlərimiz H.Alimcanın yaradıcılığını da diqqətsiz qoymamışlar. Ancaq son bir neçə ildə ərsəyə gəlmiş elmi işlərdə - Almaz Ülvi Binnətova, Yaşar Qasımbəyli, Elman Quliyevin kitab və məqalələrində özbək şairinin yaradıcılığının özəlliklərindən də söz açılır. Yeri gəlmişkən, “Azərbaycan və özbək xalqlarının tarixi əlaqələri” tədqiqatının müəllifi, tarix üzrə fəlsəfə doktoru Məhfuzə Zeynalovaya dəyərli tövsiyələrinə görə öz dərin təşəkkürümü bildirmək istərdim.
Alimcanın adı Azərbaycan ədəbi dairələrində 1928-ci ildən bəlli olmuşdur. O zaman 19 yaşlı gənc şairin “Azər qızı” adlı şeiri Bakı mətbuatında dərc edilmişdi. İki il sonra “İnqilab və mədəniyyət” jurnalında Mir Cəlalın tərcüməsində onun məxsusi enerjisi, dinamik ritmi ilə seçilən “Dəmir qanun” şeiri işıq üzü gördü. Özbək şairinin Azərbaycanda tanınmasında Əhəd Muxtarın xidməti də nəzər-diqqətdən yayınmamalıdır. Məsələn, H.Alimcanın şeir və poemalarını ehtiva edən “Sən doğulan gün” toplusunu (1989, tərcümə: Ə.Muxtar) qeyd edim.
Əlbəttə, Özbəkistandakı Azərbaycan səfirliyi nəzdində Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin (direktor: Samir Abbasovdur) humanitar sahədə gerçəkləşdirdiyi miqyaslı fəaliyyət – külli miqdarda kitab nəşrləri, yaradıcılıq layihələri ölkələrimiz arasında ədəbi-mədəni əlaqələrin ardıcıl inkişafında misilsiz rol oynayr. Tanınmış jurnalist, AZƏRTAC-ın Orta Asiya və Pakistan üzrə xüsusi müxbiri Qulu Kəngərlinin Azərbaycan ədəbiyyatından özbək dilinə etdiyi tərcümələri, çağdaş tariximizə dair kitabları da xatırlanmalıdır.
Alimcan poeziyası ilə ünsiyyətin şəxsən mənə bəxş etdiyi duyğulardan da həvəslə söz açdım. Bu şairlə tanışlığım “Ərik çiçəklənəndə” kimi işarəvi şeirdən başlandı. “Budaqlara elə bil göylər ağlıq ələdi /Pəncərəmin önündə bir ərik çiçəklədi...” misralarının cazibəsi altına düşməmək qeyri-mümkün idi. Onu da deyim ki, 20-30-cu illərin poeziyasında bahar obrazı sovetlər ölkəsində yeniləşən həyatın simvolu kimi çıxış edirdi. Alimcan isə oyanan təbiət fonunda insanın duyğularından, ürək çırpıntıları və şübhələrindən yazaraq, oxucunu, o cümlədən məni də səmimiyyəti və müdrikliyi ilə ovsunlayır.
Özbək şairinin əsərlərini gərgin noyabr günlərində, Azərbaycanda Vətən müharibəsinin zirvə məqamında, ən müxtəlif ziddiyyətli emosiyalar yaşadığımız dövrdə mütaliə etməyə başladım. Şairin müharibə şeirləri azadlıq naminə ölüm-dirim mübarizəsinə qalxmış Azərbaycan xalqının yaşantıları ilə necə də səsləşirdi! “Şinel” şeirində hərbi forma bir tərəfdən böyük kədərin, digər tərəfdən polad iradənin, qətiyyətin rəmzi kimi təqdim olunur. Bu opusun elə ilk misraları “Səni mənim əynimə/ böyük bir qəm geydirdi/ atam, anam, qardaşım/ bacım, nənəm geydirdi...” oxuyarkən fiziki olaraq, bir ağırlıq hiss edib, vətən uğrunda vuruşanların çiyninə nə kimi çətin, məsuliyyətli vəzifələrin düşdüyünü daha dərindən duyub dərk etdim. Şeirin sonunda gənc nəslə ünvanlanan çağırış da əlamətdardır: “Vətənimin üstünü/ Əgər bir də alsa qəm/ Əsgər şinelim səni/ Oğluma geyindirərəm”...
Ümumiyyətlə, bu günlərdə İkinci Dünya müharibəsi illərində yaranmış və ya tarixin bu qanlı səhifələrinə həsr olunmuş ədəbi əsərlər, filmlər sanki günümüzə proyeksiya olunaraq yeni bir səslənmə əldə edir, sanki yenidən aktuallaşır, dirçəliş yaşayırdı.
“Simurq” poeması isə bənzərsiz temporitmi, təkrarlanan motivləri ilə sanki psixoterapevtik təsir bağışlayaraq, obrazlarının parlaqlığı baxımından miqyaslı çoxçalarlı simfonik lövhələrlə paralellər doğurdu. Təsadüfi deyil ki, müqtədir özbək simfonisti Mirsadıq Taciyev Alimcanın “Simurq”u kimi xalq rəvayətlərindən bəhrələnən “Aygül və Bəxtiyar” poemasından təkan alaraq öz əzəmətli İkinci simfoniyasını yaratmışdır.
H.Alimcan çox qısa həyat yaşadı – cəmi 35 il. Amma onun miqyaslı irsi - şeirləri, poemaları, dramatik teatr üçün əsərləri, elmi işləri, publisistik məqalələri nə az-nə-çox - on cildlik bir nəşr ərsəyə gətirmişdir. Şairin əsrarəngiz yaratmaları, ilk öncə məftunedici obrazlar, qəfil və valehedici metaforalarla zəngin, duyğuların səmimiyyəti və dərinliyi ilə seçilən musiqitək səslənən şeirləri indi də aktualdır: Alimcan bu gün də öyrədir, ürəkləri saflaşdırır, oxucularını həyəcanlandırır, heyrətləndirir və insanlara ilham bəxş edir.
CAVİD