525.Az

Həmid Alimcanın musiqili poeziyası həmişəyaşardır - Fotolar


 

Həmid Alimcanın musiqili poeziyası həmişəyaşardır - <b style="color:red">Fotolar</b>

Bu yaxınlarda Daşkənddə,  Özbəkistan Dövlət Konservatoriyasında “Həmid Alimcanın mirası”  adlı beynəlxalq  elmi-praktiki  konfrans keçirildi.

Qüdrətli söz ustasının   111-ci doğum günü münasibətilə keçirilən  bu toplantının təşkilatçıları qismində  konservatoriya ilə yanaşı, Özbəkistanın  Ali və Orta İxtisas Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyi çıxış edirdi.  Həmid Alimcan (1909-1944) – şair, alim, publisist, mütərcim, ictimai xadim -  XX əsr özbək ədəbiyyatının ən görkəmli və sevilən simalarından biridir.  O,  özbək klassik ədəbiyyatı və yeni dövr poeziyası arasında  körpü yaratmış,  özbək ədəbiyyatına yeni mövzular gətirərək, onu forma və poetika baxımından da zənginləşdirməyə müvəffəq olmuşdur.   Türk dünyasının böyük mütəfəkkiri, dahi şairi  – Əlişir Nəvainin  özbək ədəbiyyatı tarixində  müstəsna rolunun təsbit olunmasında və irsinin geniş intişar tapmasında Alimcanın böyük xidmətləri də xatırlanmalıdır.

Ədibin çoxçeşidli fəaliyyəti – musiqi, incəsənət ilə əlaqədar şəkildə - sözügedən  konfransda əsas müzakirə mövzusu oldu.  Konfransı konservatoriyanın rektoru, Əməkdar artist Kamoliddin Urinbayev giriş sözü ilə açdı.  Fəxri qonaqlar arasında adıçəkilən nazirliklərin nümayəndələrini, universitet rektorlarını, Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyevi də görmək olardı.   Tanınmış tacik alimi, sənətşünaslıq doktoru Əsliddin Nizamovun, Özbəkistan  Bəstəkarlar İttifaqının sədri, Dövlət mükafatı laureatı Rüstəm Abdullayevin, fəlsəfə elmləri namizədi  Tatyana Rəsulovanın,  sənətşünaslıq doktoru, professor Rüstəm Abdullayevin məruzələri  xüsusi maraq doğurdu.  Konfransı Konservatoriyanın elm və innovasiyalar üzrə prorektoru, Əməkdar artist, professor Səyyora Qafurova məharətlə idarə edirdi.  Azərbaycanı bu toplantıda AMEA-nın  Nizami Gəncəvi adına  Ədəbiyyat institutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aqşin Dadaşzadə (“Türkdilli xalqların müqayisəli ədəbiyyatşünaslığı tarixindən (Məmməd Arifin  yaradıcılığı timsalında)”),  “Mədəniyyət” jurnalının baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru, Əməkdar Mədəniyyət işçisi Zöhrə Əliyeva (“H.Alimcan ədəbiyyatşünas Qulamhüseyn Əliyevin tədqiqatlarında”), habelə musiqişünas, professor, Əməkdar İncəsənət xadimi Zümrüd Dadaşzadə (“Həmid Alimcan və Azərbaycan ədəbiyyatı”) təmsil etdilər. Məruzələr dinlədildikdən sonra “Həmid və Zülfiyyə” sənədli filmi (rej.: Ruslan Səlimov) sərgiləndi.  

Z.Dadaşzadə konfransda  təqdim etdiyi məruzənin əsas müddəalarını bizimlə paylaşıb.

Görkəmli şair H.Alimcana həsr olunmuş konfransda  çıxış etmək  barədə Özbəkistan Dövlət Konservatoriyasından aldığım təklif mənim üçün, doğrusu, gözlənilməz idi. Dəfələrlə müxtəlif elmi toplantılarda bahəm iştirak etdiyim alim, Özbəkistan konservatoriyasının “Beynəlxalq əlaqələr” şöbəsinin müdiri, sənətşünaslıq namizədi, dosent Elnora xanım Mamacanovanın gətirdiyi dəlillər mənim  konfransa qatılmaq qərarıma əsaslı təsir göstərdi. Həm də mən ədəbiyyatdan o qədər də uzaq adam deyiləm. Babam Məmməd Arif elmi araşdırmalarında müxtəlif xalqların ədəbi əlaqələrinin tədqiqinə də diqqət yetirmiş, öz tələbələrini, məsələn, Q.Əliyevi, bu tipli tədqiqatların aparılmasına sövq etmişdir.  Məmməd Arif və ünlü özbək ədəbiyyatşünası  akademik Vahid Zahidovu  dostluq və  səmərəli elmi  əməkdaşlıq telləri bir-birinə bağlayıb. V.Zahidov “Bizim böyük dostumuz” məqaləsində M.Arifi  Şərq rəvayətlərinin müdrik qəhrəmanları ilə müqayisə edir, onun iki ölkənin mədəni və ədəbi əlaqələrinin, əməkdaşlığının möhkəmlənməsində, Özbəkistan üçün elmi kadrların yetişdirilməsində böyük rolunu vurğulayırdı.

H.Alimcanla bağlı tədbirin məhz konservatoriyada keçirilməsi  təsadüfi deyil.  Şairin misralarına onlarla gözəl nəğmə bəstələnib, ən müxtəlif nəslin təmsilçiləri – Yunus Rəcəbi,  Batır Zakirov, Nəsibə Abdullayeva, Sevara Nəzərxan  həmin nəğmələri sevə-sevə oxuyublar. H.Alimcan və  onun gözəl ömür-gün yoldaşı  şairə Zülfiyyənin ülvi məhəbbəti isə  “Sədaqət” adlı operada vəsf olunub.  Müəllifi Rüstəm Abdullayev olan həmin operanı Nəvai adına  Özbəkistan Dövlət Akademik Böyük teatrının səhnəsində Özbəkistan və Azərbaycanın xalq artisti Firudin Səfərov  uğurla tamaşaya qoyub.

Onu da deyim ki,  türk xalqlarının qarşılıqlı ədəbi əlaqələrinin öyrənilməsi müasir mərhələdə xüsusi  dəyər və əhəmiyyət  kəsb edir. Məmnuniyyətlə söyləməliyəm ki,  Azərbaycan- özbək əlaqələri  kifayət qədər müfəssəl tədqiq olunmuş mövzulardandır. Öz araşdırmalarında alimlərimiz H.Alimcanın yaradıcılığını da diqqətsiz qoymamışlar. Ancaq son bir neçə ildə ərsəyə gəlmiş elmi işlərdə -  Almaz Ülvi Binnətova, Yaşar Qasımbəyli,  Elman Quliyevin kitab və məqalələrində özbək şairinin yaradıcılığının özəlliklərindən də söz açılır. Yeri gəlmişkən,  “Azərbaycan və özbək xalqlarının tarixi əlaqələri”  tədqiqatının müəllifi,  tarix üzrə fəlsəfə doktoru Məhfuzə Zeynalovaya dəyərli tövsiyələrinə görə  öz dərin təşəkkürümü bildirmək istərdim.

Alimcanın  adı Azərbaycan ədəbi dairələrində  1928-ci ildən bəlli olmuşdur. O zaman  19 yaşlı gənc şairin  “Azər qızı” adlı şeiri Bakı mətbuatında dərc edilmişdi. İki il sonra “İnqilab və mədəniyyət” jurnalında  Mir Cəlalın tərcüməsində onun məxsusi enerjisi, dinamik ritmi ilə seçilən  “Dəmir qanun”  şeiri işıq üzü gördü. Özbək şairinin Azərbaycanda tanınmasında Əhəd Muxtarın   xidməti də nəzər-diqqətdən yayınmamalıdır. Məsələn,  H.Alimcanın  şeir və poemalarını ehtiva edən “Sən doğulan gün” toplusunu (1989, tərcümə: Ə.Muxtar) qeyd edim. 

Əlbəttə, Özbəkistandakı Azərbaycan səfirliyi nəzdində Heydər Əliyev  adına  Mədəniyyət  Mərkəzinin (direktor: Samir Abbasovdur)  humanitar sahədə gerçəkləşdirdiyi miqyaslı fəaliyyət – külli miqdarda kitab nəşrləri, yaradıcılıq layihələri ölkələrimiz arasında ədəbi-mədəni əlaqələrin ardıcıl inkişafında misilsiz rol oynayr.  Tanınmış jurnalist, AZƏRTAC-ın Orta Asiya və Pakistan üzrə xüsusi müxbiri Qulu Kəngərlinin Azərbaycan  ədəbiyyatından  özbək dilinə etdiyi tərcümələri, çağdaş tariximizə dair kitabları da  xatırlanmalıdır.

Alimcan poeziyası ilə ünsiyyətin  şəxsən mənə bəxş etdiyi duyğulardan da  həvəslə söz açdım. Bu şairlə tanışlığım “Ərik çiçəklənəndə” kimi işarəvi şeirdən başlandı. “Budaqlara elə bil göylər ağlıq ələdi /Pəncərəmin önündə bir ərik çiçəklədi...” misralarının  cazibəsi altına düşməmək qeyri-mümkün idi.  Onu da deyim ki, 20-30-cu illərin poeziyasında bahar obrazı sovetlər ölkəsində yeniləşən həyatın  simvolu kimi çıxış edirdi. Alimcan isə oyanan təbiət fonunda insanın  duyğularından,  ürək çırpıntıları və  şübhələrindən yazaraq, oxucunu, o cümlədən məni də  səmimiyyəti və  müdrikliyi ilə ovsunlayır.

Özbək şairinin əsərlərini gərgin noyabr günlərində, Azərbaycanda Vətən müharibəsinin zirvə məqamında, ən müxtəlif ziddiyyətli emosiyalar yaşadığımız  dövrdə  mütaliə etməyə başladım. Şairin müharibə şeirləri  azadlıq naminə  ölüm-dirim mübarizəsinə qalxmış Azərbaycan xalqının  yaşantıları ilə necə də səsləşirdi! “Şinel” şeirində  hərbi forma bir tərəfdən böyük kədərin, digər tərəfdən  polad iradənin, qətiyyətin  rəmzi kimi təqdim olunur.  Bu opusun elə ilk misraları “Səni mənim əynimə/ böyük bir qəm geydirdi/ atam, anam, qardaşım/ bacım, nənəm geydirdi...” oxuyarkən   fiziki olaraq, bir ağırlıq hiss edib, vətən uğrunda  vuruşanların  çiyninə nə kimi çətin, məsuliyyətli vəzifələrin düşdüyünü daha dərindən duyub dərk etdim. Şeirin sonunda gənc nəslə ünvanlanan çağırış da əlamətdardır: “Vətənimin üstünü/ Əgər bir də alsa qəm/ Əsgər şinelim səni/ Oğluma geyindirərəm”...

Ümumiyyətlə, bu günlərdə İkinci Dünya müharibəsi illərində yaranmış və ya tarixin bu qanlı səhifələrinə həsr olunmuş  ədəbi əsərlər, filmlər  sanki  günümüzə proyeksiya olunaraq  yeni bir səslənmə əldə edir, sanki yenidən aktuallaşır, dirçəliş yaşayırdı.

“Simurq” poeması isə  bənzərsiz temporitmi, təkrarlanan  motivləri ilə  sanki psixoterapevtik təsir bağışlayaraq, obrazlarının  parlaqlığı baxımından miqyaslı çoxçalarlı simfonik  lövhələrlə  paralellər  doğurdu. Təsadüfi deyil ki, müqtədir özbək simfonisti Mirsadıq Taciyev Alimcanın  “Simurq”u kimi xalq rəvayətlərindən bəhrələnən “Aygül və Bəxtiyar” poemasından təkan alaraq öz əzəmətli İkinci simfoniyasını yaratmışdır.

H.Alimcan çox qısa həyat yaşadı – cəmi 35 il. Amma onun miqyaslı irsi -  şeirləri, poemaları, dramatik teatr üçün əsərləri, elmi işləri, publisistik məqalələri nə az-nə-çox - on cildlik  bir nəşr ərsəyə gətirmişdir. Şairin əsrarəngiz yaratmaları, ilk öncə məftunedici obrazlar, qəfil və valehedici  metaforalarla zəngin, duyğuların səmimiyyəti və dərinliyi ilə seçilən  musiqitək səslənən şeirləri indi də aktualdır: Alimcan bu gün də  öyrədir, ürəkləri saflaşdırır,  oxucularını  həyəcanlandırır, heyrətləndirir və insanlara ilham bəxş edir.

CAVİD

 





29.12.2020    çap et  çap et