525.Az

Dost-düşmən seçilər, Vətən seçilməz! - Təranə Paşayevanın yazısı


 

Dost-düşmən seçilər, Vətən seçilməz! - <b style="color:red">Təranə Paşayevanın yazısı</b>

Nəticə, yaxud yekunlar hərəkətin məzmununu ifadə edir. Adətən biz onu hesabat adlandırır və heç olmasa ildə bir dəfə özümüzü sual yağışına tuturuq. Kamil, intizamlı, psixoloji baxımdan möhkəm xarakterli insanlar az qala hər günün sonunda hesabat verməyi özlərinə borc bilirlər...
Bəlkə də, təqvimlər həm də ona görə yaradılıb ki, insan bəlli bir vaxt aralığındakı fəaliyyətinin, hərəkətlərinin nəticəsini dəqiqliklə hesablaya bilsin.

Budur, iki 20 rəqəminin yan-yana durduğu 2020-ci il tarixə qovuşur. Hamı kimi mən də tezliklə həyatımı tərk edəcək vaxtı dəyərləndirmək istəyirəm. Bu dəyərləndirmə iki aspektdən olacaq. Niyə? Əvvəla ona görə ki, ilboyu bir fərd olaraq məsuliyyətli psixoloq missiyasını yerinə yetirib, ayrı-ayrı insan taleləri fonunda, ən əsası geniş ictimaiyyəti əhatəyə alacaq miqyasda nələrisə eləməyə cəhd göstərmiş, bu və ya digər taleyüklü, Vətən amallı məsələlərə dair rəylərimi bildirmiş və bütün bunların hamısını vətəndaşdaşlıq borcu saymışam.

İkinci aspekt qismində nəzərdə tutduğum yanaşma respublikamızın Bakı, Gəncə, Bərdə, Lənkəran, Xaçmaz, Abşeron kimi iri yaşayış məskənlərini əhatə edən, 9 filialı birləşdirən bir quruma, əhaliyə psixoloji yardımın təşkili ilə məşğul olan "Loqos" PNİM-nə və Psixoloji Xidmət və Tədqiqat Mərkəzi kimi fəaliyyətdə olan qeyri-hökumət təşkilatına rəhbərliyimlə bağlıdır. Söhbətimizi məhz bu iki müstəvidə - fərdi və kollektiv faktorları nəzərə alaraq davam etdirək.

Psixoloqlar da digər insanlar kimi ovqat dəyişikliyindən, müxtəlif çalarlı hiss və həyəcan axınlarından xali deyillər. Xalqımızın tarixi həqiqətlərlə üzbəüz olduğu 2020-ci ili yenidən xəyalımda canlandırır və düşünürəm ki, ömrümdən ötüb keçən illərin heç biri və hətta o illərin mütləq cəmi mənə son günlərini yaşadığımız 2020-ci il qədər güclü təsir göstərməyib. Ötüb keçməkdə olan ili psixoloji sınaq ili də adlandırardım. Nələr yaşamadıq? Qorxu, təlaş, həyəcan, sevinc, qürur... İnsana məxsus olan adlı-adsız duyğuların çələngi! Vaxt panoramı belə idi!

Mənə elə gəlir ki, gələcəkdə sosioloqlar, politoloqlar, tarixçilər, psixoloqlar 2020-ci ilin yekunlarını təhlil etməli olsalar, mütləq xalqın, insanların yaşadığı psixoloji durumu da nəzərdən keçirib mülahizələr söyləyəcəklər. Bax bu zaman meydana çıxarılan nəticə və yekunlar ekstremal vəziyyətlərdə fərdi və kütləvi davranışları nizamlamaq üçün bir örnək olacaq.

Dünyanın əksər hissəsindən fərqli olaraq Azərbaycan dövləti və xalqımız ilin elə ilk günlərindən iki düşmənlə üz-üzə qaldı və bu vəziyyət nəinki ölkəmizin siyasi, iqtisadi, sosial mənzərəsini yaratdı, eyni zamanda, cəmiyyətimizin psixoloji durumunu da şəkilləndirdi.

"İki düşmən" deyəndə söhbətin kimdən və nədən getdiyi, zənnimcə, hər kəsə gün kimi aydındır və bu aşkar olan rəy cəmiyyətimizin yekdil fikridir. Bu iki düşmən barədə irəlidə, bir qədər ətraflı bəhs edəcəyik... Daha bir düşmən də var idi: Korrupsiya! 2019-cu ildə Azərbaycanın dövlət başçısının həyata keçirdiyi sərt tədbirlər nəticəsində xalqın malını talayan, insanların əlində-ovcunda olanları, dövlətə məxsus əmlakı mənimsəyən məmurların ifşa olunması, yəqin ki, hər kəsin yadındadır. Dövlətin və xalqın mənafeyini hər şeydən üstün tutan rəhbər qərarlar və göstərişlər vəzifə sahiblərinin kimliyinə, "əziz-xələfliyinə" fərq qoymadan korrupsiyaya bulaşan çinli şəxsləri kreslosundan aşırdı, indi həbsdə olan o insanlar əməllərinə görə qanun qarşısında cavab verəcəklər. İndi bizdə tez-tez yeni düşüncəli, təmiz kadrların irəli çəkilməsi haqqında fikirlərin səslənməsi heç də təsadüfi deyil. Yeni Azərbaycanı yalnız yeni düşüncəyə sahib, dövlətə, ölkə rəhbərinə sadiq insanlar idarə edə bilər və etməlidirlər. Hələ ki, gətirdiyim bu yeganə misal sübut edir ki, Azərbaycanın mənəvi-psixoloji mühitinin saflaşması üçün vaxtında atılan cəsarətli addım, insanların düşüncəsinə xas inam hissini daha da möhkəmləndirmiş, insanlarda optimist ruh, xeyirin sonadək qələbə çalacağına əminlik yaratmışdır.

Sözümün əvvəlinə qayıdır, xəyali reytinq cədvəlində "ilin iki düşməni"ni bir daha xatırlatmaq istəyirəm.
Ötən ilin sonunda Çinin Uhan şəhərində peyda olan qlobal düşmənin - yəni COVİD-19 koronovirus pandemiyasının cəmi bir yaşı ola, ya olmaya. Amma yaş etibarı ilə bu "körpə" xəstəlik bir il ərzində 1,5 milyondan artıq can almış və insanlar arasında dəhşətli bir əndişə, qorxu, vahimə yaratmışdır.

Əhalinin fiziki sağlamlıq vəziyyətini, psixoloji durumunu izləyərkən görünən bu idi ki, qorxunc düşmənin peyda olduğu birinci mərhələnin başlanğıcında Azərbaycan dövləti qəti şəkildə həyəcan təbili çaldı. Pandemiya ilə sərt mübarizə aparmaq məqsədiylə dövlətimizin gördüyü tədbirlər göz önündədir. Bu bəladan yaxa qurtarmaq üçün mübarizə aparan dünyanın nəzərində Azərbaycan fədakarlıq örnəyidir. Deməliyəm ki, xəstəliyə qarşı ən ali səviyyədə göstərilən müqavimət fərdi olaraq hər bir vətəndaşa ciddi psixoloji təsir göstərir, psixoloji-mənəvi stimul bədənin xəstəliyə qarşı dözümünü artırır, eyni zamanda, indi insanlarımızda belə bir düşüncə, şüuraltı hiss var ki, deyilənlərə, qoyulan qaydalara ciddi şəkildə əməl edib çalışmaq lazımdır ki, amansız virusa tutulmayasan. İlk vaxtlar COVİD-19-a kütləvi qırğın, kütləvi bəla mənbəyi kimi baxan əhali hazırda əhəmiyyətli dərəcədə psixoloji dözümə sahibdir, çünki yoluxma hələ ölüm deyil, xəstəliyə qarşı kompleks müdaxilə, yubanmadan yan xəstəlikləri neytrallaşdırmaq, ciddi təcridolma, ciddi təmizlik və mən deyərdim ki, ən əsası psixoloji müqavimət bəladan xilasın çıxış yollarıdır.
Dövlətimiz koronavirusu - bu təhlükəli virusu ölkədən qovmaq üçün milyardlarla vəsait xərcləyir. Belə bir qayğı dünyanın hansı ölkəsinə məxsus olmasına baxmayaraq, hər bir insan üçün ümidvericidir. Lakin insan orqanizmi və zaman-zaman bizi təqib edən xəstəliklər elə mürəkkəb xarakterə malikdir ki, çox zaman onları vəsaitlərlə aradan qaldırmaq olmur. Məncə, ən optimal və etibarlı üstünlük, ortaq məxrəcə gəlmək, daha dəqiq desək, cəmiyyət və dövlətlə hər bir fərdin məsuliyyət balansına nail olmaqdır. Bu gün bizdən tələb olunan üç şey var: onun biri məsuliyyətdir, yerdə qalan ikisi də məsuliyyətdir!

Düşünürəm ki, hardasa məşəqqətli dərəcədə ağır keçən ildən sonra - yəni 2021-ci ildə dünyanın, eləcə də Azərbaycan dövlətinin və hər bir Vətən övladının həmrəyliyi sayəsində biz koronavirusla mübarizəni qətiyyətlə aparacaq, yer kürəsində yaşayan bütün insanların sağlamlığı kimi müqəddəs işə öz töhfələrimizi verəcəyik.

Zaman o zaman, vaxt o vaxt oldu ki, 2020-ci ilin ikinci yarısında, il payıza dönəndə biz, yəni xalqımız daha bir düşmənin qəfil həmləsi, xain basqını ilə qarşılaşdı. Bu, mənfur Ermənistan dövlətinin məkri idi, xəyanətkar hücumu idi. Koronavirusdan fərqli olaraq bu düşmən dünyanı yox, yalnız Azərbaycanı hədəf seçmişdi. Bir yaşlı koronavirusdan fərqli olartaq köhnə-yeni düşmənin 30 yaşı vardı. Burada otuz yaş müddəti şərtidir, tarixçilərin dəlil-sübutlarına görə ermənilərin işğalçılıq siyasətinin gizli və namərd minaları 150 il bundan öncə basdırılıb, özü də qədim türk torpaqlarında. Söz bunda deyil, söz ondadır ki, 2020-ci ilin iyul ayında otuz ildən bəri Azərbaycan ərazilərini, qədim yurdumuzu, aranlı-dağlı Qarabağı işğal edən, bir milyondan çox azərbaycanlı türkünü doğma ocağından, 200 mindən çox insanımızı Zəngəzurdan, İrəvan xanlığının tarixi ərazilərindən didərgin salan ermənilər yeni torpaq iştahasına düşdülər. Sonrası - yəni 44 günlük Vətən müharibəsinin təfsilatı və yekunları hər kəsə bəllidir. Azərbaycan xalqının həmrəyliyi, Milli Ordumuzun rəşadəti və hər günü qızıl tarixə dönən zəfər yürüşləri, Azərbaycanın Ali Baş Komandanı, Müzəffər Prezidentimiz İlham Əliyevin qətiyyəti, mən deyərdim ki, dahiyanə dövləti idarə etmək məharəti sayəsində vətənimiz qələbə çalmış, Azərbaycan bayrağı qəhrəman əsgərlərimizin əli ilə Füzuliyə, Cəbrayıla, Ağdama, Qubadlıya, Zəngilana, Kəlbəcərə, Laçına, Şuşaya sancılmışdır. İşğaldan azad edilmiş yaşayış məntəqələrimizin, kənd və şəhərlərimizin erməni vandalları tərəfindən xarabazarlığa çevrildiyini görən bütün dünya dəhşətə gəlsə də, nəhayət ki, xalqımızın 30 illik möhlətinə məhz öz gücümüzlə son qoyulmuşdur.

Aparılan haqq-ədalət müharibəsi, qazanılan qələbələr silsiləsi barədə ən dəqiq fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünya mediasına verdiyi müsahibələrdə, hər bir yaşayış məntəqəsi, xüsusən rayon mərkəzləri azad olunduqca xalqa etdiyi müraciətlərində söyləmişdir. 17 illik hakimiyyəti ərzində heç zaman sərt ifadələr işlətməyən Prezidentimiz vaxtın tələbi, situasiyanın diktəsi ilə ən sərt kəlmələri də nitqinin lüğət tərkibinə daxil etdi. O, düşmənin başını dəmir yumruqla əzdik, dedi! O, düşməni iti qovan kimi qovduq, dedi! Sonda isə Qarabağ bizimdir, Qarabağ Azərbaycandır, dedi!

İnsanın bütün hərəkət və davranışlarının psixoloji mənbəyi var. Psixoloji amil olmasa, barmaqlar bükülərək dəmir yumruq əmələ gətirə bilməz. Nəyə işarə etdiyim bəllidir. 44 günlük Vətən müharibəsində xalqımızın, ordumuzun, dövlətimizin, Ali Baş Komandanımızın ruh yüksəkliyi, qələbə əzmi, dəyanəti, Vətən sevgisi həqiqətən də dərindən təhlil edilməyə layiq psixoloji fenomendir! Ən fərəhli yekun isə budur ki, Vətən müharibəsi müstəvisində meydana çıxan psixoloji panoram ötəri daxili emosional hisslər axını deyil, məhz şüur, əqidə predmetinə çevrilən qalıcı bir yaddaşdır. Bu yaddaş zaman-zaman bizə, yeni nəsillərə deyəcək ki, el gücü sel gücüdür. Bütün qələbələrin səbəbi yalnız top-tüfəng, tank-PUA deyil, xalqın birliyidir. Düşmən nə qədər zalım, qaniçən olsa da, sonda həmişə ədalət zəfər çalır!

Budur, 2020-ci ilin psixoloji rezümesi: heç kim Azərbaycan torpağını qəsb edə bilməz. Öz qüdrətli ölkəsində hər zaman firavan, rahat və hürr yaşamaq hər bir azərbaycanlının halal haqqıdır. Düşmənlər az və ya çox, həmişə var. Fəqət hər hansı xain niyyətlərin qarşısını kəsən vahid cəbhə, xalq müqavimətindən ibarət etibarlı istinad nöqtəsi varsa, qələbə həmişə bizim olacaq!

İlin düşmənlərini dedik - COVİD-19 və erməni məkri!

Əgər günü bu gün ilin xalqını seçmək lazım gəlsəydi, o zaman mən Azərbaycan xalqını İLİN XALQI seçərdim!

Azərbaycan əsgərini İLİN ƏSGƏRI seçərdim!

Vətən uğrunda canından keçən igidləri İLİN ŞƏHİDİ seçərdim!

İlham Əliyevi İLİN ƏN CƏSUR VƏ ZƏKALI DÖVLƏT RƏHBƏRİ seçərdim!

Türkiyə Cümhuriyyətini İLİN ƏN ETİBARLI DOSTU VƏ QARDAŞI seçərdim!

Qarabağ uğrunda savaşda qazanılan qələbəni İLİN ƏN PARLAQ ZƏFƏRİ seçərdim!

Əminəm ki, milyonlarla insan mənim bu seçimimlə həmrəydir...

 





30.12.2020    çap et  çap et