525.Az

Ruh elminin yüksəlişi - Psixoloq Vüsalə Əmiraslanova ilə müsahibə


 

PSİXOLOQ VÜSALƏ ƏMİRASLANOVA: "MÜHARİBƏDƏN ÇIXMIŞ AZƏRBAYCAN VƏTƏNDAŞI ÖZ DİLİNƏ DAHA ÇOX ÖNƏM VERMƏLİDİR"

Ruh elminin yüksəlişi - <b style="color:red">Psixoloq Vüsalə Əmiraslanova ilə müsahibə</b>

Bu gün istər dünyada, istərsə də ölkəmizdə psixologiya elmi yüksəliş mərhələsindədir. Artıq ailə problemləri, uşaqlarla bağlı məsələlər böyüklərin məsləhəti ilə yox, daha çox psixoloji konsultasiyalar vasitəsilə həll olunur.
 
Beləcə, psixologiya elmi artıq hamımızı əhatə edən, iş, təhsil, tərbiyə, ailə proseslərində tez-tez üz tutduğumuz önəmli bir sahəyə çevrilib. Psixologiya söz elmi, ruh elmi də deyirlər.

Təəccüblü deyil ki, dünyada ən çox maraq görən, oxunan kitablar da elə psixoloqların yazdıqları, insanların daxili ailəmləri ilə bağlı kitablardır. Bu da insanların özünü və qarşısındakını dərk etmək, anlamaq və bir növ özünü sağaltmaq mexanizmindən irəli gələn tələbatların artdığını göstərir.

Bəs ölkəmizdə necə, psixologiya sahəsinə olan tələbat nə qədər artıb? Ailədə, məktəblərdə psixoloqların rolu, münasibəti necə olmalıdır? Bu suallarla psixoloq konsultant Vüsalə Əmiraslanovaya müraciət etdik.

***

"İnsanlar görürlər ki, psixoloji baxımdan sağlam, güclü olmayanda, başqa problemlərin də öhdəsindən gəlmək çətinləşir"

- Vüsalə xanım, son dövrlər psixologiya elminə, bu sahəyə tələbatın artdığı müşahidə olunmaqdadır. Sizcə, bunun səbəbləri nədir?

- Son zamanlar psixologiya elminə maraq həqiqətən də artıb. Artıq insanlar görürlər ki, psixoloji baxımdan sağlam, güclü olmayanda, başqa problemlərin də öhdəsindən gəlmək çətinləşir - həm ailə problemlərinin, həm iş problemlərinin, həm də şəxsi məsələlərin. Ona görə də, son dövrlər psixologiyaya maraq get-gedə artmaqdadır. Psixologiya ilə bağlı kitablar daha çox oxunur, bu mövzuda çəkilən sənədli filmlər daha çox izlənilir. Hətta insanlar psixoloji təlimlərdə də iştirak edirlər. Buna əsasən deyə bilərik ki, psixologiya sahəsi bu gün insanların ən çox maraqlandığı sahələrdən biridir. Bu maraq, pandemiya ilə əlaqədar karantin dövrü başladıqdan sonra daha da çoxaldı. Bu tələbatın artmasına səbəb, dediyimiz kimi, psixoloji baxımdan sağlam olmaq, motivasiyalı olmaq, özünə inamlı olmaq istəyidir.

"Gənclər kütlə psixologiyası ilə hərəkət etməyə meyllidirlər"

- Sosial şəbəkədən müşahidə etdiyim qədəri ilə deyə bilərəm ki, sizin cəmiyyətimizdəki bir çox problemlərə bir psixoloq kimi xüsusi yanaşmanız var. Siz cəmiyyətdə, sosial baxımdan fərdlərdə, gənc nəsildə daha çox hansı problemləri görür, onların həllinin vacib olduğunu düşünürsünüz? Diqqətinizi çəkən belə nüanslar varmı?

- Mənim hər məsələyə fərqli yanaşmam var. Mən məsələlərə müxtəlif tərəflərdən baxmağa çalışıram və təvazökarlıqdan uzaq olmasın, bunu bacarıram. Gənclərdə gördüyüm problem də məhz bununla bağlıdır. Hansı mövzu, hansı yanaşma günün trendidirsə, onlar da həmin istiqamətdə yönəlməyə meyllidirlər. Psixologiya elmində buna kütlə psixologiyası deyilir. Problem ondan ibarətdir ki, onlar məhz bu psixologiyaya sahibdirlər. Yəni çoxluq bir fikri deyirsə, biz də onu deyək, yaxud bir kəs tənqid olunursa, biz də onu tənqid edək psixologiyasıdır bu. Bir növ trendləşmə gedir, hamı bugünün trendi ilə ayaqlaşaraq öndə olmaq istəyir. Fərdi yanaşma o zaman mümkündür ki, insanlar hadisələri müxtəlif tərəflərdən analiz edə bilirlər, baş verən hadisələrdə empatiya qura bilir, özlərini həmin situasiyanın içərisində görməyi bacarırlar. Yalnız bu zaman insanın hadisələrə hamı kimi yox, fərqli, doğru yanaşa bilməsi, axına qapılıb getməməsi mümkün olur.

"Yeni nəsil daha çox inteqrasiya olunmuş nəsildir"

- İldən-ilə tərbiyə prosesində də qaydalar, bir çox anlayışlar yeniləri ilə əvəzlənir. Ümumiyyətlə, yeni nəsillə öncəki nəsil arasında tərbiyə, anlayış, qavrayış və davranış məsələlərində fərqlər hiss olunurmu?

- Bəli, deyə bilərəm ki, yeni nəsil daha çox inteqrasiya olunmuş nəsildir. Onlar daha çox kompüter texnologiyalarından istifadə etdikləri üçün xəbəri daha tez qəbul edə bilir, müxtəlif informasiyaları daha tez və asan əldə edirlər. Ona görə də köhnə, qəlibləşmiş qaydalara əməl etmək bir qədər alınmır. İndiki halda hər ailənin, hər cəmiyyətin öz qayda-qanunları var. İstər ailədə, istərsə də cəmiyyətdə olsun, burada ən önəmli məqam nəticəyönümlü qaydaları tətbiq edə bilməkdir.

"Önəmli olan kəmiyyət yox, birlikdə keçirilən vaxtın keyfiyyətidir"

- Siz valideyn-övlad münasibətləri ilə bağlı seminarlar keçirir, bu mövzuya öz videolarınızda da yer ayırırsınız. Ümumiyyətlə, valideyn-övlad münasibətləri necə qurulmalıdır? Bunun təməl prinsipləri necə olmalıdır?

- Valideyn-övlad münasibətlərinin düzgün qurulması birinci növbədə ünsiyyətdən keçir. Əgər valideynlər işləyirlərsə, əlbəttə ki, övladları ilə ünsiyyətdə olmaq üçün zamanları da az olur. Hətta müəyyən dövrlərdə uşaqları ilə fərqli düşündüklərini də müşahidə edə bilərlər. Valideyn üçün önəmli olan övladına ayırdığı vaxt və həmin vaxtdan səmərəli istifadə etməkdir. Ola bilər ki, valideyn və övlad gün ərzində cəmi yarım saat danışarlar, amma düzgün ünsiyyət qurarlar və uşaq bu ünsiyyət prosesində valideyni tərəfindən başqaları ilə müqayisə olunmayacaq tərzdə qəbul olunduğunu hiss edər. Bu, münasibətlər baxımından daha uyğun davranışdır. Yəni burada önəmli olan kəmiyyət yox, birlikdə keçirilən vaxın keyfiyyətidir.



"Ailədə ana dili yoxdursa, başqa dillərin öyrənilməsi uşaqda natamamlıq kompleksi yaradır"

- Bəzən uşaqların tərbiyəsində diqqətdən kənarda qalan faktorlar olur. Bura milli mənlik şüurunun inkişaf etdirilməsi məsələsi də daxildir. Bu gün valideynlər xarici dillərin önəminə daha çox diqqət ayırır, bir çoxları övladlarını ingilis, rus, fransız təmayüllü məktəblərdə oxudurlar. Bəs bir gəncin həyatında ana dilinin, milli kimliyin önəmi nədir?

- Ümumiyyətlə, hər bir vətəndaş, ələlxüsus, müharibədən çıxmış Azərbaycan vətəndaşı öz dilinə daha çox önəm verməlidir. Uşaq müxtəlif fənlərdən güclü ola bilər, müxtəlif dil bilgisi baxımından da güclü biliyə sahib ola bilər. Amma öz ana dilini bilərək, onunla müqayisə edərək başqa dilləri öyrənmək daha doğru yoldur. Yəni bir ailədə ana dili yoxdursa, başqa dillərin öyrənilməsi həmin ailədə böyüyən uşaqda natamamlıq kompleksi yaradır. Bu isə sonrakı mərhələdə insan şəxsiyyətinin zəifləməsinə gətirib çıxarır. İnsan müəyyən bir yaşa çatanda, öz hisslərini, fikirlərini ana dilində ifadə edə bilmədiyini gördükdə, yaxud lazımlı yerdə öz dilindən düzgün istifadə edə biləməyəndə istər-istəməz utanır.

"Bir psixoloq hamıya eyni dərəcədə diqqət göstərə bilməz"

- Sizcə, uşaqlarda, yeniyetmələrdə milli kimlik anlayışını düzgün formalaşdırmaq üçün məktəblərin xüsusi psixoloq dəstəyinə ehtiyacı varmı? Biz düşməni olan ölkəyik, müharibələrdən keçmişik və tariximizdə bir çox proseslər baş verib. Bütün bunları müxtəlif yaş qrupundan olan uşaqlara olduğu kimi, yaxud necə gəldi diktə etmək düzgündürmü?

- Ümumiyyətlə, məktəb psixoloqları ilə bağlı mənim bir təklifim var. Məktəb psixoloqu daima şagirdlərin arasında olsa da, bir psixoloq bütün şagirdlərə çata, hamıya eyni dərəcədə diqqət göstərə bilməz. Çünki onun özünün də şəxsi dəyərlərini inkişaf etdirməsi üçün vaxtı çox azdır. Mənim təklifim ondan ibarətdir ki, aktiv, gənc psixoloqlar müəyyən müddətdə hərəsi bir məktəbə təyin olunsunlar və onlar milli-mənəvi dəyərlərin aşılanması, artırılması üstündə işləsinlər. Bunun üçün məktəblərdə davamlı müəyyən testlər aparıla, müəyyən təbliğatlar və seminarlar keçirilə bilər.

Natəvan ABDULLA

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur
 

 





30.12.2020    çap et  çap et