525.Az

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu uşaqları mükafatlandırdı


 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu uşaqları mükafatlandırdı<b style="color:red"></b>

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkil etdiyi “Dünyamızı qoruyaq: Türk Dünyasının adət-ənənələri” mövzusu üzrə beynəlxalq onlayn rəsm müsabiqəsinin qaliblərinin bir qisminin təltifetmə mərasimi 29 dekabr 2020-ci il tarixində keçirilib.

525.az xəbər verir ki, münsiflər heyəti tərəfindən, eləcə də onlayn səsvermə yolu ilə Azərbaycandan seçilən qaliblərin bir qisminə Fondun prezidenti Günay Əfəndiyeva sertifikat və mükafatları təqdim edib.
 
Fondun prezidenti uşaqları təbrik edərək, Türk Dünyasının zəngin tarixinin, mədəniyyətinin daha da dərindən öyrənilməsinin vacibliyini vurğulayıb. Eyni zamanda Günay Əfəndiyeva rəhbərlik etdiyi təşkilat tərəfindən uşaqların çəkdikləri rəsm əsərləri əsasında türkdilli xalqların adət-ənənələrini əks etdirən kitabın hazırlandığını və gələn il kitabın təqdimat mərasiminin keçirilməsinin planlaşdırıldığını qeyd edib.

İştirakçılardan Məryəm Quluzadə “Gran - Pri “ , Kövsər Qurban “Dostluq”, Aytac Talışinski “Bilgi” nominasiyalarına layiq görülmüşdür. Eyni zamanda, Cəlil Kərimli 6-9 yaş üzrə 1-ci yer, Arif Quliyev 6-9 yaş üzrə 3-cü yer, Surə Dadaşzadə 14-16 yaş üzrə 2-ci yer tutmuşdur. Məryəm Quluzadə “Novruz”, Təhminə Kərimova “Səmazənlər”,  Səməndər Qurbanzadə “Xalçalar”, Zarina Şıxaliyeva “Musiqi” kateqoriyaları üzrə birincilik qazanmışdır.  Ölkədə və dünyada mövcud olan pandemiya səbəbindən Azərbaycanın rayonlarından, eləcə də türkdilli və digər ölkələrdən müsabiqəyə qatılan uşaqların sertifikatları elektron poçt vasitəsilə aidiyyatı üzrə çatdırılacaqdır.

Qeyd edilməlidir ki, müsabiqənin keçirilməsində məqsəd gəncləri Türk Dünyasının qədim adət-ənənələrinin, milli-mənəvi dəyərlərinin öyrənilməsinə və qorunmasına təşviq etmək, onların bacarıqlarını ictimaiyyətə nümayiş etdirmək idi. Beynəlxalq  layihə olan “Dünyamızı qoruyaq: Türk Dünyasının adət-ənənələri” adlı rəsm müsabiqəsinə təşkilata üzv və müşahidəçi ölkələrlə, o cümlədən Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Macarıstanla yanaşı, Türkmənistan, Bolqarıstan və Ukraynadan olan 5-17 yaşarası məktəblilər qatılmışdır. Rəsmlər 12 mövzu üzrə “Dədə Qorqud”, “İrsimiz”, “Adət-ənənələr”, “Səmazənlər”, “Türk dünyasının qadını”, “Novruz”, “Xalçalar”, “Milli Mətbəx”, “Musiqi”, “Oyunlar”, “Dünyamızı qoruyaq” və “Türk birliyi” kateqoriyalarına bölünmüşdür.

 





30.12.2020    çap et  çap et