525.Az

"Gənclər daha çox uydurma xəbərləri tirajlamağa meyillidirlər" - Müsahibə


 

GƏNC YUTUBER VÜSAL MƏMMƏDZADƏ: "VƏTƏNPƏRVƏR OLUB-OLMADIĞIMI DEYƏ BİLMƏRƏM. TƏKCƏ ONU DEYƏ BİLƏRƏM Kİ, HƏMİŞƏ ÖLKƏMƏ FAYDALI OLMAĞA ÇALIŞMIŞAM"

"Gənclər daha çox uydurma xəbərləri tirajlamağa meyillidirlər" - <b style="color:red">Müsahibə</b>

Sosial şəbəkələrdə parlayanlar

Həmsöhbətimiz çoxlarının Yutub üzərindən tanıdığı gənc yutuber Vüsal Məmmədzadədir. Əsasən Azərbaycanın tarixi və Qarabağ məsələləri ilə bağlı araşdırmalar edən videobloqer həmin videoları Yutub kanalında paylaşır. Müsahibimizin videolarını izləyicilər böyük maraqla qarşılayırlar.

- Xoş sözlər, dəstək ifadə edən şərhlər kifayət qədərdir. Əslində, bu işi davam etdirməyimin də əsas səbəbi göstərilən diqqətdir. Amma hər şərhdə məni tərifləmirlər, tənqidlər də kifayət qədərdir. Siyasi mövzular həmişə müzakirəyə səbəb olur və burada hər kəsin öz həqiqəti var. Təqdim etdiyim məsələlərdə neytrallığımı qorumağa çalışsam da, bəzən mövzu və ya təqdimat kimlərinsə ürəyincə olmur. Bunu da başa düşürəm və haqlı tənqidlərdən nəticə çıxarmağa çalışıram.
"Ziyalı" kimi dəyəri yüksək anlayışı mənə yaraşdıran hər kəsə təşəkkür edirəm. Bilmirəm, buna layiqəm, ya yox. Fəaliyyətimi yaxından izləyən, dəyər verən, insanlardan aldığım xoş fikirlər məsuliyyət hissini artırır. Bu obraz illərdir auditoriyanın tələbi ilə formalaşıb və məni auditoriyanın istəklərini yerinə yetirməyə məcbur edir. Hansısa müsbət rəyi qazanmaq üçün illər tələb olunur, amma o rəyi bir hərəkətlə məhv etmək mümkündür. Mənim seçdiyim istiqamət vəziyyəti bir qədər də qəlizləşdirir: yarımçıq məlumat vermək, neytrallığı pozmaq, hadisələrə münasibətdə şəxsi fikri sırımaq, məntiqdən kənara çıxmaq olmaz, həmçinin, hərəkətlərinə, seçdiyin mövzulara fikir veməlisən. Deyə bilərəm ki, mənim auditoriyam mənə nə qədər xoş söz desə də, çox tələbkardır. Bu isə bir çox hallarda məni saatlarla işləməyə, bəzən bir video üzərində günlərlə, hətta həftələrlə çalışmağa, gecələr yuxusuz qalmağa məcbur edir. Amma bu, mənim üçün xoşdur. Çünki auditoriyam həm də zəhmətə qiymət verməyi bacarır.

- Sosial şəbəkələrin yaratdığı imkanlardan nə dərəcə razısınız?

- Sosial media söz azadlığı üçün geniş imkanlar yaradır. Burada siz istədiyiniz fikri öz auditoriyanızla bölüşə bilirsiniz. 15 il öncə insanların belə imkanı yox idi. Bu gün isə onlayn məkanda fasiləsiz informasiya mübadiləsi gedir. Nəticədə, virtual məkanda sonsuz informasiya buludu əmələ gəlir və bu datadan müxtəlif məqsədlərlə istifadə olunur. Məsələn, mənim peşəkar təhsilim sırf sosial media və multimedia jurnalistikası ilə bağlıdır. Buna görə də, sosial media istifadəçilərinin fəaliyyəti nəticəsində toplanan informasiyadan daha çox öz tədqiqatlarım üçün istifadə edirəm: auditoriyanın xarakterini, maraqlarını və s. öyrənirəm. Bununla birlikdə özüm də mütəmadi informasiyalar paylaşıram. Yəni sosial medianın yaratdığı imkanları saymaqla bitməz. Bu, istifadəçilərə öz fikrini demək, tədqiqatçılara isə cəmiyyətin istəklərini müəyyənləşdirmək fürsətidir.

- 2017-ci ildən mütəmadi olaraq videolar paylaşırsınız. 3 il əvvəl qarşınıza qoyduğunuz məqsədə bu gün çata bilmisinizmi?

- Yutub platformasında fəaliyyətim təsadüf nəticəsində başlayıb. 2017-ci ilin yanvarından doktorantura pilləsində təhsilə başlamışam. Həmin vaxt peşəkar jurnalist fəaliyyətindən uzaq düşdüm. Bildiyiniz kimi, jurnalist fəaliyyəti vərdişə bağlıdır və bir müddət bu fəaliyyətdən uzaq düşəndə yaradıcılıqla bağlı problemlər yaşanır: sanki bacarığın "koralır". Buna görə, həmin vaxt qərar verdim, müxtəlif mövzularda tədqiqat materialları hazırlayıb təqdim edim. Qarşıma abunə toplamaq kimi bir vəzifə qoymamışdım və videolarımı dostlarımla paylaşırdım. Amma bir müddət sonra hazırladığım videoları fərqli səhifələrdə gördüm. Fikirləşdim ki, bu fəaliyyət məndə alınırsa, işi təkmilləşdirməyə ehtiyac var. İlk növbədə mövzunu konkretləşdirməli idim. Demək olar, tələbə vaxtımdan Ermənistan gündəmini və tarixə qovuşan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafındakı siyasi məsələləri diqqətlə izləyirdim və bu sahədə özümü daha məlumatlı hesab edirdim. Buna görə, növbəti videoların mövzusunu da buna uyğunlaşdırdım. Məqsədim hansısa statistik göstəriciyə çatmaq yox, bacardığım qədər daha çox insanı bu mövzuda məlumatlandırmaq idi. Sevindirici məqam ondan ibarətdir ki, bu müddətdə 100 mindən çox insan kanalın daimi izləyicisinə çevrilib və videolara 12 milyondan çox baxış var. Deməli, məqsədə çatmışam.

- İlin ən yaxşı Yutuberi kimi "Milli internet mükafatı"na layiq görülmüsünüz. Başqa hansı uğurlarınız var bu sahədə?

- "Milli internet mükafatı" kanala təqdim edilən yeganə mükafatdır. Amma kanal ətrafında cəmləşən auditoriya, buradakı fəaliyyətimlə qazandığım tanışlıqlar, qurduğum əlaqələr diplom və mükafatlardan daha dəyərlidir. Ona görə, artıq müsabiqələrə maraq göstərmirəm.

- Videolarınız azərbaycanca olduğu üçün auditoriyanızın da əsasını azərbaycanlılar təşkil edir. Nə üçün xarici dillərdə subtitrlar verməklə bu auditoriyanı genişləndirmirsiniz?

- Hələ ki videoları hobbi olaraq hazırlayıram və bunu peşəkar iş səviyyəsinə çatdıra bilməmişəm. Buna görə, videolara çox vaxt sərf edə bilmirəm. Mətnlərin tərcüməsi və subtitrların əlavə edilməsi kifayət qədər vaxt tələb edir. Bununla belə, bəzi videolarda ingilis, rus və türk dillərində subtitrlar var. Həftəlik "Ermənistan xəbərləri" rubrikamızdan olan sonuncu videolara isə ermənicə subtitrlar yerləşdirilib. Hazırda bu rubrikaya fasilə vermişik və yanvar ayından qaldığımız yerdən davam edəcəyik. Yəqin ki, həmin rubrikadan olan videolar yenə ermənicə subtitrlarla təqdim olunacaq.

- Qeyd etdiyimiz kimi, Azərbaycanda böyük auditoriyanız var. Sizə hər hansı məhsulun reklamı ilə bağlı təkliflər olurmu? 

- Təəssüf ki, Azərbaycanda ənənəvi reklam bazarı hələ də üstünlüyünü qoruyur. Sosial mediada reklam bazarı isə çox ləng inkişaf edir. Buna görə, sosial media sahəsində fəaliyyət göstərən şəxslərin bu məsələdə elə də çox imkanları olmur. Bu gün daha çox mərc şirkətləri və enerji içkisi istehsalçıları sosial mediada reklam verməyə maraqlıdırlar. Mənə də hər iki kateqoriyadan təkliflər olub, amma kanalın mövzusunu, məqsədini və auditoriyasının xarakterini nəzərə alaraq həmin təklifləri qəbul edə bilməmişəm. Təqribən iki il öncə kiçik bir layihəyə beynəlxalq birja platformalarından biri dəstək olub.

- Mövzularınızın əsasını siyasi və tarixi məsələlər təşkil edir. Bir qədər fərqli aspektdən yanaşmağı düşünmüsünüzmü? Məsələn, mədəniyyət, idman və s.

- Yutub platformasının öz qaydaları var. Mənim kimi bloqerlik fəaliyyəti ilə məşğul olan şəxslər mütləq öz istiqamətlərini müəyyən etməlidirlər. İstifadəçi də bilməlidir ki, bu bloqer bu mövzularda kontent hazırlayır. Digər tərəfdən, bir insanın hər mövzuda ixtisaslaşması çətindir. Bu, keyfiyyətin aşağı düşməsi ilə nəticələnəcək. Bir istiqamətdə fəaliyyət göstərəndə həmin istiqamətə köklənirsən və tədricən bilik və bacarıqların artır.

- Sosial şəbəkələrdə çox vaxt keçirirsiniz, yəqin ki, bu vaxtlarda analiz etməyə də zamanınız qalır. Gənclərin mövzulara yanaşma tərzi, hadisələri dərketmə potensialı barədə nə deyə bilərsiniz?

- Belə bir ifadə var, "Söz ağızdan çıxdı, sənin deyil". Bu deyim sosial mediada daha aktualdır. Paylaşdığın fikri, xəbəri bir neçə saniyə ərzində onlarla, yüzlərlə, bəzən, minlərlə insan görür. Buna görə, istifadəçilər məsələyə həssas yanaşmalıdırlar. Təəssüf, bizim gənc auditoriya tələskəndir və sensasiya həvəskarıdır. Həqiqət əksər hallarda sadə olduğu üçün maraqsız görünür. Buna görə, gənclər uydurmaları tirajlamağa meyillidirlər. Bu gün gənc sosial media istifadəçilərinin ən çox diqqətçəkən səhvi başqalarının təsirinə tez düşmələridir. Sosial mediada etibarsız mənbələrdə çıxış edən ayrı-ayrı şəxslərin fikirləri gənc istifadəçilər tərəfindən sorğulanmadan paylaşılır və yalan məlumatın auditoriyası genişlənir.

- Vüsal bəy, siz özünüzü patriot hesab edirsiniz?

- "Vətənpərvərlik" məfhumu mücərrəddir. Yəni mənə görə, bunun dəqiq müəyyən edilmiş meyarları yoxdur. Ona görə, deyə bilmərəm ki, mən vətənpərvərəm, ya yox. Onu deyə bilərəm ki, azərbaycanlı olmağımla fəxr edirəm və gördüyüm bütün işlərdə ölkəyə və azərbaycanlılara faydalı olmağa çalışmışam. Ola bilsin, bu, bir az pafoslu səslənir, amma məni tanıyanlar təsdiqləyə bilərlər ki, bunlar həqiqətdir. Bilmirəm, indiyə kimi nə qədər faydam dəyib, hər halda, həmişə nəsə etməyə çalışmışam, bundan sonra da, bu, belə olacaq.

- Bu sahə üzrə gələcəklə bağlı hansı planlarınız var?

- Yutub kanalı vasitədir. Bu işin arxasında dayanan ideya var. Bu ideyanın inkişafı və həyata keçməsi üçün çalışıram. İdeyamın məqsədi ölkəmə və azərbaycanlılara faydalı olmaqdır. Hazırda müraciət etdiyim mövzular Azərbaycan üçün kifayət qədər aktualdır və auditoriyanın bu mövzulara ehtiyacı olduğunu hiss edirəm. Bu işi təkmilləşdirməyi, təhlillərin və araşdırmaların keyfiyyətini artırmağı, fərqli platformalardan istifadə etməklə daha geniş auditoriyaya çıxış əldə etməyi planlaşdırıram. Məqsədim isə, xüsusilə, internetdən məlumat almağa vərdiş edən istifadəçilərin yerləşdiyimiz regionda baş verən və birbaşa bizə təsiri olan hadisələrlə bağlı məlumatlılığını artırmaqdır. Bilmirəm, bu, nə dərəcədə alınacaq, hər halda, bunun üçün çalışıram.

Günel ABBAS

 





30.12.2020    çap et  çap et