|
|
|
|
AQIL P.ƏHMƏDOV
Dosent, tarix üzrə fəlsəfə doktoru
[email protected]
Bu sözlər haqq yolunu hər şeydən əziz tutan Vətən oğlu, kəşfiyyatçı, baş gizir Şahinin ailəsinə ünvanladığı hüzün və həyəcan dolu son kəlimələr oldu, həm də sonsuzluğa qədər uzanan şəhadət yolu...Bilmirəm, təsadüfdür ya zərurət – Şahin, Şuşa və Şəhadət hər üçü başlanğıcını Ş hərfi ilə başlamaqla bir-biri ilə vəhdət təşkil edir və ahəng yaradır. Adı kimi mərd, Şahin kimi düşmənin üzərinə hücüm çəkən, Azərbaycanın alınmaz qalası Şuşa uğrunda Şəhadət şərbətini dadaraq zirvəyə yol alan Şahinin rəşadətlə zəngin ömür və döyüş yolu beləcə başlayıb, şərəflə əbədiyyətə qədər uzanır...
Mübarək şəhadəti həyatı qədər dəyərli olan igid Azərbaycan oğlu Allahyarov Şahin Hüseynbala oğlu 29 yanvar 1993-cü ildə Qubanın cənnət məkanlarından biri, səfalı və şəfalı təbiəti, ziyalıları ilə respublikada, eləcə də postsovet məkanında tanınan Zizik kəndində anadan olub. 28 illik ömür yolu ilə döyüş yolu Şahini cəsur və vətən sevgisi ilə qəlbi çırpınan qəhrəman kimi yetişdirmiş, valideynlərinin, həyatını uğrunda qurban verdiyi ailəsinin, indi isə xalqının fəxrinə çevirmişdir. Şahinin vətənə sevgi hissləri, ailə dəyərlərini yüksək tutan qayğıkeş ailə başçısı kimi ali keyfiyyətləri, qohumları və dostları arasında sədaqəti, ona valideynlərindən mənəvi miqras qalmışdır. “Ot kökü üstündə bitər” demiş böyüklərimiz, Şahin də soy-kökündən gələn əsil duruşu, mərdliyi, Vətən torpağına bağlılığı ilə hərb yolunu üstün tutan II Qarabağ müharibəsi qəhrəmanlarındandır. Bu, şücaətlərlə dolu yol, elə bir uzun yoldur ki, uğrunda canından keçənləri hər daim yaşadır və gələcək nəsillərə, yetişməkdə olan gənclərə nümunə göstərir.
Doğma Zizik kəndində 11 illik orta təhsilini başa vurduqdan sonra, Şahin Silahlı Qüvvələrin Tədris Təlim Mərkəzində gizir hazırlığı üzrə təhsil alır, ardından hərbi kəşfiyyat sirrlərinə yiyələnir və Azərbaycan hərbçisi olaraq tarixdə şərəfli iz qoyur. Daha sonra həyat, qəhrəman Azərbaycan oğlunu Dövlət Sərhəd Xidmətinin Qazax, bir müddət sonra Zaqatala, Balakən rayonlarının “N” saylı hərbi hissələrinə xidmətə gətirir.
İllər ötür, vətənin üzərini qara buludlar alır. Ardından mürəkkəb döyüşlərin aparıldığı ön cəbhələrədə, düşmənlə üz-üzə duran kəşfiyyatçı Şahin Vətəni sevməyin az olduğunu, onu qorumaq gərəkdiyini rasional dərk etdiyi kimi, ruhən də yaşayır, hissi edir və “Vətəni sevmək imandadndır” şərəfli peyqəmbər kəlamını əldə rəhbər tutur. Elə hər şey də o gündən başlanır və Şahin bismillah deyib, özünün də ailəsinə ünvanladığı son müraciətində qeyd etdiyi kimi – qaçıb gizlənmir, əksinə Vətən müharibəsi dövründə Cəbrayıl, Füzuli, Zəngilan, Şuşa, Murovdağ zirvəsi uğrunda gedən döyüşlərdə yaxından iştirak edir. Bu keşməkeşli yollar rəşadəti ilə respublikaya səs salan Azərbaycan oğlunu ən uca zirvəyə – Şəhadətə aparır və Şahin onun üçün son olan, Şuşa uğrunda gedən qızğın döyüşlərdə qəlbi və bütün varlığı ilə sevdiyi Vətən yolunda, quduz düşmənin açdığı güllə nəticəsində, ürəyindən aldığı yara ilə əbədiyyətə qovuşur. Şahinin şəhadətə yetişdiyi tarix, 1 noyabr 2020-ci il idi, yəni qələbəyə 10 gün qala, cənnət qapılarını açmış Şahini öz sonsuz, əsrarəngiz gözəlliklərlə dolu qoynuna qəbul edir.
İndi döyüş yoldaşları Şahinlə bağlı cəbhə xatirələrini canlandırır, dostları arasında “Qara pantera” ləqəbi ilə tanınan Vətən oğlunun şücaətindən bəhs edirlər. Məlum olur ki, son Şuşa döyüşlərində Şahin neytral zonada 6 nəfər şəhid olmuş və yaralanmış əsgərlərimizi 100 metr məsafə aralığında, yerə uzanaraq bir-bir öz ərazimizə keçirmişdir. Onunla çiyin-çiyinə vururşmuş dostlarından biri, Şahinin vətənpərvərliyini və Vətən uğrunda apardığı müqəddəs mübarizəsini belə xarakterizə eədərk deyir:
“Anasına, atasına ...deyərsən ki, Quba uşağı var Elçin Əmirbəyov ...onunla bir yerdə xidmət edib, yəni, ...otursunlar, dursunlar, dua eləsinlər ki, ...elə oğul böyüdüb boya-başa çatdırıblar, ...Allah yolunda şəhid olub, torpağ uğrunda şəhid olub da öz ailəsi uğrunda. Amma konkret Allah canlarını sağ eləsin, oğul kimi oğul böyütmüşdülər də namərd oğul olmayıb, dala qaçmayıb, kiminsə kürəyindən vurmayıb. Yəni, o uşaqla çox xidmətimiz olub, çox bir yerdə olmuşuq, ...Şahin həqiqi Qubada fəxr ediləsi oğlanlardan, barmaqla göstərilən oğlanlardan biri idi, Allah rəhmət eləsin. Yəni, onun gözündə ermənidir, güllədir, ölümdür heç vaxt elə şeylərin qorxusu olmayıb”. Döyüş yoldaşının Şahin haqqında söylədiyi səmimi, bir qədər də həyəcanlı, kövrək xatirələr, adını müasir Azərbaycanın zəfər tarixinə yazmış şəhidimiz üçün Vətən anlayışının nə qədər yüksəkdə durduğunu göstərən sadəcə bir nümunədir.
Yazının müəllifi dosent, tarix üzrə fəlsəfə doktoru Aqil Əhmədovdur.
* * *
Qəhrəman Azərbaycan oğlunun şərəfli döyüş yolu və döyüş ruhu dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamında qeyd olunduğu kimi: “Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ...hərbi qulluqçularına “Vətən Müharibəsi Qəhrəmanı” adı verilsin” (https://president.az/articles/48679). Ali Baş Komandanın imzaladığı Sərəncamda qeyd olunan yüksək vətənpərvər və mənəvi keyfiyyətlərə malik olduğu üçün, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə əsasən baş gizir Allahyarov Şahin Hüseynbala oğluna (şəhadətindən sonra) “Vətən Müharibəsi Qəhrəmanı” adı verilir. Şəhidimiz bu yüksək ada 83 nəfər Vətən igidləri ilə birlikdə layiq görülür. Həmçinin, Şahin respublika konstitusiyasının eyni maddəsi və bəndi əsasında dövlət başçısının 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə növbəti yüksək təltifə, “Vətən uğrunda” medalına layiq görülüb.
* * *
Qəhrəman şəhidimiz şəhadətə qovuşacağı günü hiss edərək ailəsindən halallıq istəmiş, valideynlərinə, həyat yoldaşına səslənərək – müqəddəs Vətən torpağının yağı düşməndən azad olunmasının uzun illər, belə davam etməyəcəyinə və şanlı Azərbaycan ordusunun zəfər yürüşünə əzizlərini inandırmışdı. Üzərindən çox keçmədən, Şahinin arzusu digər döyüş yoldaşlarının diləkləri ilə birlikdə gün kimi aydınlığa qovuşur. Yüksək hərbi hazırlıqlı ordumuz düşməni torpaqlarımızdan “iti qovan kimi” qovub çıxarır. 44 günlük II Qarabağ müharibəsi (27 sentyabr 2020 – 10 noyabr 2020) Azərbaycan dövlətinin müdrik siyasəti və onun müzəffər ordusunun operativ hərbi əməliyyatları nəticəsində, işğal altında qalan Vətən torpaqları üzərində tam qələbə ilə başa çatır. Böyük qürur və şərəf hissi ilə deyə bilərik ki, rəşadətli Azərbaycan ordusunun qazandığı tarixi qələbədə kəşfiyyatçı Şahinin də əməyi, döyüş əməliyyatlarında ayıq-sayıq iştirakı danılmaz həqiqətdir. Məhz bu həqiqət onun haqqa doğru yol almasında həlledici rol oynayır. Şahinin qəhrəmanlıqlarla dolu döyüş yolu və fədakarlığı isə dövlət tərəfindən ali dərəcəyə layiq görülür.
* * *
İgid Vətən oğlu Şahin qələbə xəbərini cismən yox, əbədiyyətə qovuşduğu ruhaniyyət aləmində alır. Eləcə də düşmən üzərində tam qələbəni tərənnüm edən 2020-ci ilin 10 dekabr Zəfər Paradı Şahin kimi yüzlərlə vətənpərvər Azərbaycan oğullarının tarixi qələbə günü olaraq böyük ruh yüksəkliyi ilə keçirilir. İndi Şahinin cənnətdən boylanan pak ruhu rahat uyuyan məzarında sevinir, ağlamayın, başınızı dik tutun deyərək, sanki sevənlərinə təskinlik verərək deyir:
“...30 ildir gözləyirik, mütləq alınmalıdır, mütləq olunmalıdır bu söhbətlər... İnşaallah Allahın köməkliyi ilə, yəni nəsə olsa, eləsə, heç vaxt ağlamayın... qoyun, imkan verin rahat yatım mən, oldumu ? Əsas da Kəmalə, səndən istədiyim bir şey var ki, əgər nəsə olsa, eləsə mənə, həyatın boyu ağlama, oldu ? Bir dənə səndən ən axırıncı dəfə bir şey xahiş edirəm – demişdim, söz atmışdım elə-belə sənə, amma nəsə olsa, eləsə mənə, oğlumuzun adına mənim adımı qoyarsan, oldu ? Birdə onlara deyərsən ki, atanız sizi çox istəyirdi oldumu ?... canından keçə biləcək qədər çox istəyirdi. İnşaallah, bəlkə heç belə olmadı, mən deyənlər olmadı. Allahın köməkliyi ilə alnı açıq gəldim evə, yəni onları da fikirləşin. Yox əgər gələ bilməsəm, Allahın köməkliyi ilə yəni bilin ki, gələcəkdə oğlumuz olacaq, oğlumuz mən düşən əziyyətə düşməsin deyə, qardaşımızın uşaqları, bacımızın uşaqları biz düşən əziyyətə düşməsinlər deyə, başı kölgəli yaşamasınlar deyə... bu işə məcburam getməyə, mən əgər ora getməsəm... qeyrətim buna razı olmaz. Yəni bu videonu atdığım vaxtı, həmin vaxt ki, son məqamdır, sonun sonudur, həddindən artıq sonun sonudur, bunu bilin...”
Otuz illik həsrətə son qoyan Vətən şəhidləri və onların arasında adı, qəhrəmanlığı daima xatırlanacaq Şahin də var. Vətəni və ailəsi uğrunda, düşünmədən canını verməyə hazır olan və bunu mübarək əməli ilə reallaşdıraraq cənnəti özünə əbədi məkan seçən Şahin haqq yolunu tuttu və Allahın dərgahına qovuşdu. Ən əsası, illər ötəcək yolunu gözlədiyi oğlu onun adını qürurla daşıyacaq, vətənə layiqli övlad olacaq, qızı Oksana – mənim atam qəhrəmandır deyib Şahinin arzularını yaşadacaq.
* * *
Vətən sevgisini, onu sadəcə sevməklə yetinməyərək qorumağın nə qədər vacib, namus məsələsi olduğunu yaxşı dərk edən Şahinin azğın düşmənlə mübarizədə yaratdığı qəhrəmanlıq dastanı, onun timsalında neçə-neçə igidlərimizin elinə obasına sıx bağlılığından xəbər verir. Bu ali dəyəri, xalq şairi Cabr Novruzun qələmindən süzülən misralar necə də gözəl ifadə edir:
Vətəni sevmək azdır, onu qoruman gərək.
Vətənim demək azdır, Vətənin olmaq gərək.
Onun adi torpağı, ruhdan, candan irəli
O, anandan qabaqdır, o, atandan irəli.
Şəhadət kimi yüksək mərtəbəyə yüksələn Şahin də digər şəhid yoldaşları kimi “Vətənin olmaq gərək” deyib irəli atılır və Vətənin bir ovuc torpağı olub üzərində xalqını, elni-obasını yaşadır. Ən adi Vətən torpağının belə, cismindən, ruhundan, anadan və atadan irəli olduğunu şücaəti ilə təsdiq edir.
Məşhərə qədər uyuyacağı qalib Vətən torpağı, şəhadətini qəbul edən Şahin, dünya durduqca cənnəti Aladan sevənlərini seyr edəcək !