525.Az

Zəlimxan Yaqub dastanı (portret-oçerk)


 

Zəlimxan Yaqub dastanı <b style="color:red">(portret-oçerk)</b>

Xalq şairi Zəlimxan Yaqub 1950- ci il yanvarın 21- də qədim türk yurdu Borçalının Kəpənəkçi kəndində ziyalı- müəllim ailəsində dünyaya gəlib. Borçalının zəngin poetik mühiti, xüsusilə aşıq yaradıcılığı ənənələri hələ uşaqlıq illərindən Zəlimxanın tanrıdan gələn fitri istedadına elə bir təkan verib ki, gələcəyin böyük şairi öz taleyini, tərcümeyi-hal missiyasını ilk gənclik illərindən heç bir tərəddüd keçirmədən  müəyyən edib.

Orta təhsil aldığı illərdə doğma kəndlərində (və rayonda) artıq saz-  söz adamı, şair kimi tanınan Zəlimxan Yaqub istedadının cilalanmasında ədəbiyyat müəllimi Rəşid Acalovun,  atası Yusif Şamil oğlunun və anası Güllü xanımın xidmətlərini  həmişə minnətdarlıqla xatırlayır.

Orta məktəbi bitirdikdən sonra Bakıya gəlib Azərbaycan (indiki Bakı) Dövlət Universitetinin kitabxanaçılıq fakültəsinə daxil olan gənc şair dərhal paytaxtın qaynar ədəbi mühitinə düşür. Təhsil almaq həvəsi, parlaq ilhamı, qeyri- adi (və mütəvaze) zəhmətkeşliyi, ünsiyyətcilliyi Zəlimxanın həmin mühitdə sürətlə tanınmasına, nüfuz qazanmasına gətirib çıxarır. Sonralar xatırlayır ki, "kitabxanaçılıq fakültəsində təhsil almağım məni kitaba, kitabxanalara, mütaliə mədəniyyətinə daha sıx bağladı. Nədən başlamağın, nəyi oxumağın, necə oxumağın, hardan hara gəlməyin sirlərini öyrətdi".

Aşıq poeziyasından, ümumən xalq ədəbiyyatından qaynaqlanan, kökünü çox dərin qatlardan alan Zəlimxan Yaqub yaradıcılığı ona görə böyük ədəbi- mədəni hadisəyə çevrildi ki, şair mənsub olduğu  xalqın folklor təfəkkürünü mənimsəməklə  qalmadı, Azərbaycan (və dünya) yazılı  ədəbiyyatının ideya- məzmun  texnologiyalarını, estetik tipologiyalarını da öyrəndi. Gənclik illərindən başlanan ardıcıl, gərgin və məhsuldar üslub axtarışları Zəlimxanı tezliklə məşhurlaşdırdı. Və dövrün (eyni zamanda bütün dövrlərin!) Osman Sarıvəlli, Hüseyn Arif, Bəxtiyar Vahabzadə kimi görkəmli söz ustaları gənc şairin istedadını etiraf etdilər. Azərbaycan ədəbiyyatının nüfuzlu orqanları "Ədəbiyyat və incəsənət" qəzetində , "Azərbaycan" və "Ulduz" jurnallarında dərc olunan şeirləri ona şöhrət gətirdi. 1980-ci ildə "Gənclik" nəşriyyatında "Könlümün səsi" adlı ilk kitabı çap olunanda Zəlimxan Yaqub artıq kifayət qədər tanınmış şair idi. Hər şeydən əvvəl ona görə ki, öz yaradıcılıq poetexnologiyasını xalq ədəbiyyatından - folklordan  almış gənc sənətkar 70- ci  illərdə çox tez- tez keçirilən ədəbi məclislərdə yalnız ona məxsus ilham, emosiya və intonasiya  ilə dediyi şeirlərində də  həm ədəbi mühiti silkələyir, həm də geniş xalq kütləsinin ürəyinə yol tapırdı. Və onun könlünün səsi həmin adla çıxan ilk kitabından, demək olar ki, on il əvvəldən az qala bütün gurluğu, poetik gücü, daxildən (və mili tarixi yaddaşın dərinliklərindən!) gələn təbiiliyi, səmimiliyi ilə  eşidilməyə başlamışdı.
Şair Universiteti bitirdikdən sonra bir müddət Bakının mərkəzindəki məşhur kitab dükanında - "Pasaj"da çalışır. Və çox keçmir ki, "Pasaj" Azərbaycan yazıçılarının toplaşdığı, ədəbi müzakirələrin getdiyi yaradıcı bir məkana çevrilir. O illərdə  məşhur olan elə bir yazıçı təsəvvür etmək  mümkün deyil ki, "Pasaj"a - Zəlimxan Yaqubun "rəhbərlik" etdiyi qeyri- formal Yazıçılar İttifaqına baş çəkməmiş olsun...

Heç zaman yalnız fitri istedadına  qapılıb qalmayan, Azərbaycanın, ümumən türk dünyasının ədəbiyyatını,  mədəniyyətini, tarixini öyrənib mənimsəməyə, dünyagörüşünü zənginləşdirməyə,  elmi səviyyəsini, intellektini yüksəltməyə, yaradıcılığını get- gedə daha mükəmməl ideya- estetik əsaslar üzərində davam etdirməyə çalışan şairin qarşısında yeni imkanlar açılır:  onu o zamanlar çox qaynar bir həyat yaşayan Könüllü Kitabsevərlər Cəmiyyətinin təbliğat şöbəsinə işə dəvət edirlər. Şöbəyə rəhbərlik etdiyi illərdə Zəlimxan Yaqub Azərbaycanı  bölgə-bölgə, oba-oba, oymaq-oymaq gəzir,  mənsub olduğu xalqı daha dərindən tanıyır. Və sonralar özünün qeyd etdiyi kimi, xalqla nəfəs- nəfəsə dayanır, ünsiyyətə girir, dərdlinin həmdərdi, söhbətcilin həmsöhbəti olur.

Etiraf etmək lazımdır ki, şairin y aradıcılığının  miqyasına (və məzmununa) əhəmiyyətli təsir göstərən ən mühüm amillərdən biri həmişə xalqla, məşhur ifadə ilə desək, geniş xalq kütlələri ilə qırılmaz ünsiyyəti olmuşdur ki, fikrimizcə,  böyük Səməd  Vurğundan sonra həmin ünsiyyət  təcrübəsini (məktəbini!) bütöv bir həyat- yaradıcılıq missiyası (və mədəniyyəti!) səviyyəsinə qaldıran ikinci Azərbaycan şairi məhz Zəlimxan Yaqubdur.

Xalqına ürəkdən, canı-qanı ilə bağlı olan, onun ruhunun tərcümanına çevrilən şairə böyük ümumxalq məhəbbətinin sirrini də məhz burada axtarmaq lazım gəlir. Tarix dönə- dönə sübut edir ki, xalqın içərisindən çıxan, öz tərcümeyi- halını millətin tərcümeyi- halı olaraq yaşayan sənətkar- mütəfəkkirlər heç zaman unudulmur, onların  yaradıcılıq arxivi isə mühafizə olunan, heç də hamının müraciət etmədiyi qaranlıq hücrələr, fondlar deyil, əksinə,  hamıya açıq olan, xalqın geniş, işıqlı ruhu, ürəyidir...
"Könlümün səsi"ndən sonra 80-ci illərdə Zəlimxan Yaqubun "Yolum eldən başlayır" (1981), "Od aldığım ocaqlar" (1986) və "Biz bir eşqin butasıyıq" (1989) kitabları nəşr olunur ki, həmin kitablarda toplanmış şeirlər mövzu rəngarəngliyi, ideya- məzmun mükəmməlliyi, poetika- forma, üslub özünəməxsusluğu  ilə seçilir. Və hər şeydən əvvəl,  diqqəti o çəkir ki, Azərbaycan ədəbiyyatına həmişə tarixdə qalacaq vətənpərvər (və milli!) bir şair gəlir...
80-ci illərin ortalarında Zəlimxan Yaqub, demək olar ki, yeni yaradılan, çox keçmədən Azərbaycan yazıçılarının əsərlərini böyük tirajlarla geniş oxucu kütlələrinə çatdıran əsas mərkəzə çevrilən "Yazıçı" nəşriyyatına işə girir. Və poeziya şöbəsinə rəhbərlik etdiyi illər onun yaradıcılıq tərcümeyi- halının daha da zənginləşməsinə,  təkmilləşməsinə təsirsiz qalmır... Bunula belə vətənpərvər (və milli!) şairin ovqatına, dünyagörüşünə və nəticə etibarilə yaradıcılığına təsir göstərən ən böyük hadisə, heç şübhəsiz, Azərbaycan xalqının milli azadlıq, dövlət müstəqilliyi uğrunda apardığı mübarizə olur. 80- ci illərin sonu 90- cı illərin əvvəllərini əhatə edən bu gərgin, ağrı- acılarla dolu (ancaq şərəfli!) mübarizə Zəlimxan Yaqub  yaradıcılığında, demək olar ki, yeni mərhələ (hətta dövr!) müəyyənləşdirir. Xalqla,  onun tarixi arzuları, idealları ilə yaşayan şairin  milli azadlıq  uğrunda mübarizəyə qoşulması, dövlət müstəqilliyinin tərənnümçüsü olması tamamilə təbii idi. O, peşəkar siyasətçi olmasa da, bir şair- ziyalı, mütəfəkkir olaraq, ruhundan qopduğu xalqın nə istədiyini gözəl bilirdi. Ona görə də, tərəddüd etmədən, xalqı mürəkkəb tarixi şəraitdə  fəlakətlərə düçar olmaqdan xilas edəcək  idealları (və həmin idealları həyata keçirəcək ümummilli lideri!) tərənnüm edirdi.
Ümummilli lider Heydər Əliyevin öndərliyi ilə Azərbaycan xalqının müzəffər mücadiləsi (və müstəqilliyi!) nəticəsində Zəlimxan Yaqub 1995- ci ildə I çağırış Azərbaycan Milli Məclisinə üzv seçilir ki, bu, millətin, dövlətin və ümummilli liderin  şairə böyük etimadı idi. Həmin etimad 2000- ci il seçkilərində bir daha təkrar edildi.
90- cı illərdə Zəlimxan Yaqubun,  demək olar ki, hər biri ədəbi-ictimai hadisə olan "Ziyarətin qəbul olsun" (1991), "Şair harayı" (1995), "Bir əli torpaqda, bir əli haqda" (1997), sonrakı illərdə isə "Bu yaşıl ağıcın altı bizimdi" (2000), "Mən sənin qəlbinə necə yol tapım" (2004), Böyük ömrün dastanı" (2004), "Gözlərimin nurudu doğulduğum bu torpaq" (2005) kitabları kütləvi tirajlarla nəşr olunur.
Ümumiyyətlə, Zəlimxan Yaqubun yaradıcılığını üç dövrə bölmək mümkündür:
1) 60- cı illərin sonu 70- ci illərin əvvəllərindən 80- ci illərin sonu 90- cı illərin əvvəllərinə qədər;
2) 90- cı illərin əvvəllərindən 2000- ci illərin ortalarına (təxminən 2005- ci ilə) qədər;
3) 2000- ci illərin ortalarından sonra.
Üçüncü  dövr, fikrimizcə, daha çox ruhani- metafizik, fəlsəfi- mənəvi əsər- ideyalarla səciyyələnir. Və şair yaradıcılığının həm birinci, həm də ikinci dövründə müraciət etdiyi mövzulara da keyfiyyətcə yeni səviyyədə bir daha qayıtmağa ehtiyac hiss edir, kifayət qədər miqyaslı ümumiləşdirmələr aparır,  dastan təfəkkürü ilə düşünməyə başlayır. "Əbədiyyət dastanı", "Hüseyn Saraçlı dastanı", "Peyğəmbər" poeması və s., eləcə də silsilə şeirləri göstərir ki,  Zəlimxan Yaqub təbiəti etibarilə ilhamlı, coşqun, ehtiraslı, geniş milli  ictimai- ideoloji dünyagörüşlü şair olmaqla yanaşı, həm də mütəfəkkir şairdir.
Və bu mütəfəkkirlik Zəlimxan Yaqubun yalnız fərdi- şəxsi taleyindən irəli gəlmir, mənsub olduğu etnik- mədəni sistemin istedadır ki, daşıyır... Azərbaycan, ümumən türk ədəbiyyatının, bütövlükdə mədəniyyətinin əsasında dayanan ozan- aşıq sənətinin, heç də təsadüfi deyil ki, müasir dövrdə dirçəldilməsində ilk tarixi işi Hüseyn Arif gördüsə,ikinci xidmət Zəlimxan Yaqubun taleyinə düşdü; Azərbaycan Aşıqlarının qurultayı (2008) onu ustadı Hüseyn Arifdən sonra Aşıqlar  Birliyinin sədri seçdi. Eposdan Kitaba  (və Kitabdan Eposa) bütün tarixlər boyu  rahat keçən bir millətin yaradıcılıq təcrübəsini  öz taleyində əks etdirməyi bacaran şairin xalq şairi kimi mötəbər bir fəxri ada layiq görülməsi, müstəqil Azərbaycan dövlətinin “Şöhrət”, “Şərəf” ordenləri ilə təltif  olunması da tamamilə təbii idi.
Azərbaycan Prezidenti, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 50 illik yubileyi münasibətilə şairə ünvanladığı məktubda deyirdi: "Siz müasir ədəbiyyatımızda zəngin şeir ənənələrini yaşadan şairlər nəslinə mənsub olan sənətkarlarımızdansınız. Xalqımızın yüksək insani keyfiyyətlərini, əxlaqi dəyərlərini, mənəvi məziyyətlərini təcəssüm etdirən şifahi xalq yaradıcılığından ustalıqla bəhrələnməklə Siz Azərbaycan poeziyasının inciləri səviyyəsinə qalxa bilən nəzm əsərləri yaratmısınız".
"Müasir Azərbaycan ədəbiyyatının canlı klassiki" (İlham Əliyev) olan Zəlimxan Yaqub "Dədə Qorqud" eposundan başlayan Azərbaycan, öz köklərini çox- çox qədim dövrlərdən alan ümumtürk ədəbiyyatının övlad- simalarından biridir...
lll
İlk şeirlərini hələ çox gənc yaşlarında (əslində, uşaqkən) yazsa da (əslində, desə də), peşəkar ədəbiyyata 60- cı illərin sonu 70- ci illərin əvvəllərində gələn Zəlimxan Yaqub çox tez də gəncliyini başa vurub, əgər belə demək mümkünsə, ahıllaşdı ki, bu, onun yaradıcılıq taleyindən, ədəbi missiyasından  irəli gəlirdi... O zaman dəbdə olan, hər bir yeni ədəbiyyat adamının məmnuniyyətlə qəbul etdiyi "gənc şair" ünvanı Zəlimxan Yaqubu təmin etmirdi...
Zəlimxan Yaqub, təbiri caizsə, iddialı şairdir; ancaq bu iddia heç də "mənəmlik" deyil, yaradıcılıq psixologiyasının elə bir zəruri (və ənənəvi, universal) tərkib hissəsidir ki, hər bir istedadlı, böyük sənətkarın təbiətindən irəli gəlir.
Nizamidən Füzuliyə, Vaqifdən Səməd Vurğuna qədər bütün qüdrətli şairlər daxilən, ruhən özlərinin (və sözlərinin) təəssübünü çəkmiş, şəxsiyyətlərini həmişə uca tutmuşlar.
Şairlik missiyasının böyüklüyü ilə yanaşı çətinlikləri, əzab- iztirabları barədə Azərbaycan poeziyasında ən gözəl şeirlərdən biri də Zəlimxan Yaquba məxsusdur:

Şairi qoysalar şair olmağa,
Çeşməyə çevrilib axar doyunca,
Yağışa çevrilib yağar doyunca...
Dünyanın ilahi lövhələrini
Gözünə, könlünə yığar doyunca.
Bilər qiymətini vaxtın, zamanın,
Gecə yuxusundan, gündüz günündən,
Canından, qanından kəsər, yaradar!
Şairi qoysalar şair olmağa,
Tanrı qüdrətində əsər yaradar!

Şairin dərin inamına görə, onun şeiri dövrün, zamanın tələblərinə cavab verir. Və milli ictimai şüura əhəmiyyətli təsir göstərmək, hissləri, duyğuları coşdurmaq gücündədir:

Haqqın var baş olub başda durmağa,
Qaldır məmləkəti ayağa, şeirim!
Misralar meydanda mərmiyə dönsün,
Kəlmələr gülləyə, darağa, şeirim!

Yaxud:

Axmasın gözlərdən yaş, necə dözsün,
Yanıb qaralmasın, daş necə dözsün,
Can necə tablasın, baş necə dözsün
Bu qədər qaçqına, qaçağa, şeirim!

Yaxud da:

Sev güllü yazını, qarlı qışını,
Səslə kotanını, hayla xışını,
Qoru bu torpağın hər qarışını,
Baş əy bu müqəddəs torpağa, şeirim!

Gücünü torpaqdan, el- obadan alan şair vətəni, milli ənənəvi dəyərləri arxa- dayaq bildiyindən özünü həmişə qüdrətli, yenilməz sayır ki, buna onun haqqı vardır.
Zəlimxan Yaqub yaradıcılığının ən mühüm göstəricilərindən biri (demək olar ki, ən mühümü!) etnoqrafiklikdir... Mənsub olduğu xalqı bir peşəkar tədqiqatçı- etnoqraf səviyyəsində mükəmməl tanıyan (və  folklorun ruhunu daşıyan) şair yaradıcılığının məzmun- mündərəcəsindən başlamış forma-intonasiyasına qədər olduqca millidir. Və o dərəcədə millidir ki, Zəlimxan Yaqubun yaradıcılığını müasir ədəbi- ictimai mühit az qala şifahi  xalq ədəbiyyatı hadisəsi kimi qəbul edir.
Xalq ədəbiyyatını dərindən bilən, öz yaradıcılıq təcrübəsində ondan faydalanmağın klassik örnəklərindən birini nümayiş etdirmiş Osman Sarıvəlli hələ 70- ci illərdə yazırdı: "Zəlimxanın şeirləri, əsasən, xalqımızın həyat, məişət ənənələrindən, onun yaradıcılığından, şeir dilindən qidalanır. Yeri gəlmişkən demək lazımdır ki, müəllifin xalq  yaradıcılığına böyük məhəbbəti, dil, ifadə, ruh yaxınlığı, forma yaxınlığı folklorun, aşıq şeirinin kor- koranə təqlid və təkrarı deyildir. İstedadlı gənc şairin əsərləri- mövzuları, fikir və mülahizələri,  arzu və diləkləri etibarilə tamamilə  orijinaldır".
Osman Sarıvəlli kimi Bəxtiyar Vahabzadə, Hüseyn Arif, Nəriman Həsənzadə... də şairin yaradıcılığının çox- çox dərin milli, etnoqrafik mənbələrdən qaynaqlandığını dönə- dönə qeyd etmişlər.
Zəlimxan Yaqub, sözün geniş mənasında, məhəbbət şairidir. Onun yaradıcılığında, bir küll halında baxılarsa, bilavasitə məhəbbət şeirləri, bəlkə də, o qədər çox deyil, ancaq mükəmməldi, ədəb- ərkanlıdı, həyalıdı... Zəlimxan Yaqub aşiqdir, "eşq əri"dir, ancaq yaxşı bilir ki, "aşiq olub tərki- vətən olanın əzəl başdan pür kəmalı gərəkdir!" (Aşıq Ələsgər)...

İstanbul qızının teli darandı,
Dedi: - Gözəldimi?
Dedim: - Gözəldi!
Büllurdan töküldü, nurdan yarandı,
Dedi: - Gözəldimi?
Dedim: - Gözəldi!

... Baxışı söndürdü odlanan şamı,
Görüşlər həyatın ləzzəti, tamı,
Nurlu İstanbulun aylı axşamı
Dedi: - Gözəldimi?
Dedim: - Gözəldi!
...Qəlbimin qanını sızan eylədi,
Məni eşqə saldı, yazan eylədi,
Şair Zəlimxanı ozan eylədi,
Dedi: - Gözəldimi?
Dedim: - Gözəldi!

Zəlimxan Yaqub insan, cəmiyyət münasibətlərinin mürəkkəbləşdiyi, çox ciddi mənəvi- əxlaqi problemlər yaşandığı, milli- tarixi dəyərlərin əhəmiyyətli şəkildə zədələndiyi bir dövrdə insanlığı, humanizmi, böyük- kiçik yeri bilməyi təbliğ (və tərənnüm!)  etməkdən çəkinməyən şairlərdəndir...
Onun elə şeirləri var ki, Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Aşıq Ələsgər kimi klassiklərin yaratdıqları ustadnamələr səviyyəsindədir. Və  bununla belə orijinaldır, müasirdir:

Bəşər yaddaşına yazdı, yaşatdı
Dünyaya tək gəlib tək gedənləri.
Hər ocaq yetirməz, hər ana doğmaz
Dünyaya pak gəlib pak gedənləri.

Kim sürdü ömrünü, kim verdi bada,
Kimi doğmalaşdı, kim döndü yada?..
Ucalan görmədim heç vaxt dünyada
Tanrı varlığına şəkk edənləri.

Şöhrət min illəri keçdi haqladı,
Nə dağ silkələndi, nə das laxladı.
Allah öz qəlbində təmiz saxladı
Allahı qəlbinə həkk edənləri!

Zəlimxan Yaqub vətənpərvər şairdir...
Azərbaycanın tarixi (həm də müasir!) ərazilərinə, torpaqlarına, dədə- baba yurdlarına tarixi düşmənlər göz dikməyə başlayanda Zəlimxan Yaqub Vətən oğullarının mövqeyini, əhvali- ruhiyyəsini belə ifadə etmişdi:

Yağlı loxma saymasın heç kəs məni dünyada,
Nə quşa yem olası, nə qurda qalasıyam!
Gözlərimin nurudu doğulduğum bu torpaq,
Nur məndə qalasıdı, mən nurda qalasıyam!

Ey anamın göz yaşı, ey atamın baş daşı,
Ey mənim dağlarımın qəmdən çatılan qaşı,
Dar ayaqda dayanıb sizin ilə yanaşı
Bu obaya, bu elə, bu yurda qalasıyam!

Onsuz mənim ömrümün yaşılı, alı yoxdur,
Onsuz mənim baxtımın atı var, nalı yoxdur;
Borçalıdan savayı ayrı Borçalı yoxdur,
Dünya köç- köç olsa da, mən burda qalasıyam!

Şair "Borçalıdan savayı ayrı Borçalı yoxdur" deyəndə eyni zamanda Göyçədən savayı ayrı Göyçənin, Qarabağdan savayı ayrı Qarabağın... olmadığını da nəzərdə tutur... Və Göyçədə tənha qalmış Aşıq Ələsgərə müraciət edir:

Gözləri yol çəkən Ələsgər Dədə,
Dağlarda təklənən qəbrinə qurban!
Bəd gəldi bizlərə bu vaxt, bu vədə,
Döz, bu da zamandı, səbrinə qurban!

Heç xeyir taparmı sənə toxunan,
Ara qarışdıran, pəl vuran olub.
Deyirlər ruhuna dəyən, toxunan,
Deyirlər qəbrinə əl vuran olub.

Sənsən haqq vergisi, Allah adamı,
Gözünə baxdığın bulağa qurban!
Haqqın əllərindən içdiyin camı
Dastana döndərən torpağa qurban!

Zəlimxan Yaqub üçün Vətən yalnız təbiət və ya coğrafiya deyil, eyni zamanda (və daha çox) təbiətin və ya coğrafiyanın yetirdiyi milli mənəvi ruhdur ki, şair onun (milli ruhun!) həmişə canlı, mübariz və  güclü olmasını arzu edir. Xüsusilə Vətənin, millətin başının üstünü təhlükələr alanda...

Düşmən bilir bu torpağın altı nədir, üstü nə,
Onunçün də od yağdırır gecə- gündüz üstünə.
Qurban olum dumanına, qurban olum tüstünə;
Qılınca dön, həqiqətim, qalxana dön, qeyrətim,
Dur ayağa, məmləkətim, qalx ayağa, millətim!

Şuşa, Laçın, Xocalı qovrulur öz yağında,
Yetmiş yeddi yara var sinələrin dağında,
Vaqif, Şəmşir, Ələsgər düşmənin tapdağında;
Dağ yandırar intizarım, daş yandırar həsrətim,
Dur ayağa məmləkətim, qalx ayağa, millətim!

Məzarsızdı meşələrdə qaçqın olub ölənlər,
Kəfənsizdi son tikəni körpəsiylə bölənlər,
Qismətimiz uçurumlar, aşırımlar, bələnlər;
İçərimi yedi- tökdü hirsim, kinim, nifrətim,
Dur ayağa, məmləkətim, qalx ayağa, millətim!

Şairin bu həyəcanlı müraciəti tarix (və millət) qarşısındakı məsuliyyətdən  irəli gəlir. Və bu cür müraciətlər Azərbaycan poeziyası üçün xüsusilə son dövrlərdə səciyyəvi olmuşdur.
 Zəlimxan Yaqub bütöv türk dünyasının şairidir... O, mənsub olduğu türk etnosunun tarixini, mədəniyyətini nəinki yaxşı bilən, eyni zamanda bu tarixi, mədəniyyəti (və mentaliteti!) özünün yaradıcı varlığında təcəssüm etdirən bir sənətkar, düşüncə adamıdır.
Ayaz nədir, şaxta nədir, bürkü nə,
Nə qorxudar haqq yolunda türkü, nə?
Birə düşsün düşmənlərin kürkünə,
Dəniz kimi dalğalan, türk, çalxan, türk,
Döyüşən türk, oyanan türk, qalxan türk!

Silkələdin göyün yeddi qatını,
Qucaqladın Doğu ilə Batını,
Dur yəhərlə ərənlərin atını,
Dəniz kimi dalğalan, türk, çalxan türk,
Döyüşən türk, oyanan türk, qalxan türk!

Sabaha bax, əsr səni gözləyir,
Qala səni, qəsr səni gözləyir,
Məhkum səni, əsir səni gözləyir,
Dəniz kimi dalğalan, türk, çalxan türk,
Döyüşən türk, oyanan türk, qalxan türk!

Zəlimxan Yaqub türk islamının, onun zəngin sufi- təsəvvüf təzahürlərinin şairidir... Azərbaycan ədəbiyyatında böyük Hüseyn Caviddən (onilliklər keçdikdən) sonra Peyğəmbərimiz haqqında ən gözəl əsəri - "Peyğəmbər" poemasını məhz Zəlimxan Yaqub yaratmışdır...
Zəlimxan Yaqub şair- ideoloqdur...
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev (və onun tarixi mübarizəsi!)  haqqında ilk dəyərli əsərləri yaradan sənətkarlardan biri (bəlkə də, birincisi) Zəlimxan Yaqub olmuşdur. "Böyük ömrün dastanı"nda Heydər Əliyevin xilaskarlıq, milli dövlət (və millət!) quruculuğu missiyasını böyük Atatürkün inqilabları ilə müqayisə edən şair yazır:

...Hər ikisi bir sualın
min cavabı,
Hər ikisi əlifbanın
 inqilabı.
Hər ikisi öz xalqının
generalı,
Hər ikisi millətindən 
yaxşı halı.
Heyran qalıb bütün dünya,
bütün varlıq.
Bir ananın əkiz oğlu
belə olmaz.
Nədən olub,
 hardan gəlib bu oxşarlıq?
Təbiətin sehridirmi?..

Və ümummilli liderin tarixi obrazını belə canlandırır:

...O qorxmadı, çəkinmədi,
Qüvvət aldı bu millətdən.
Özünə bir heykəl qoydu
qətiyyətdən.
Ən müqəddəs arzularla
gözü dolu, qəlbi dolu.
Üfüqlərə qovuşdurdu
Atatürkdən gələn yolu.
Yüz əlləşsin, yüz vuruşsun,
tapa bilməz xata türkü.
Onu min il qoruyacaq
Azərbaycan torpağının
Heydər adlı Atatürkü!!!

Zəlimxan Yaqub ana dilinin şairidir... Onun zəngin söz ehtiyatı, mükəmməl poetik sintaksisi, folklor gücündəki bədii təyinləri, təşbehləri, mübaliğələri, təravətli intonasiyası böyük sənətin tələblərinə cavab verir. Şairin ana dili sevgisi deklorativ deyil, şüar kimi səslənmir, candan- qandan gələn bütün tarixi səmimiyyətilə meydana çıxır:

Füzuli zirvəli, Vaqif arxalı,
Mənim Qorqud dilim, Ələsgər dilim!
Ömrümün naxışı, bəxtimin xalı,
Dadda, şirinlikdə bal, şəkər dilim!

..."Ənəlhəq" bayraqlı, "heyrət" nidalı,
Misri qılıncım tək kəsərli dilim!
Məzəli, ləhcəli, səsli, sədalı,
Şeirli, nəğməli, əsərli dilim!

Ana dilinin - Azərbaycan  türkcəsinin  poeziyasını yaradan, poetik imkanlarını kəşf edən Xalq şairi Zəlimxan Yaqub haradan, hansı qaynaqlardan gəldiyini, onu hansı dəyərlərin şair elədiyini çox gənc yaşlarından dərk etmiş sənətkardır...

Ətəklərin genişi, zirvələrin ucası,
Çinarların nəhəngi, palıdların qocası,
Qartalların uçuşu, qayaların haçası
Yerin, göyün ləngəri məni şair eylədi!

Sözünü, söhbətini şirin dedi, xoş dedi,
Ömrün bircə anı da qoy keçməsin boş dedi,
Dəniz kimi dalğalan, çaylar kimi coş dedi,
Haqqın eşqi, əsəri məni şair eylədi!

Bir yaxşılıq görəndə yumşaldım, mehə döndüm,
Bir gözəllik görəndə duruldum, şehə döndüm,
Bir xəyanət görəndə polad zirehə döndüm,
Sözün hökmü, kəsəri məni şair eylədi!

Zəlimxan Yaqub yalnız müasir Azərbaycan poeziyasının ən enerjili, məhsuldar və ideyalı- məsləkli nümayəndələrindən biri olmaqla qalmır, müsahibələri, məqalələri, ümumən publisistikası ilə ədəbi- ictimai prosesdə, ölkənin mədəni, siyasi və ideoloji həyatında fəal iştirak edir.
Xalqının sevimlisi olan böyük şair on il, iyirmi il, otuz il bundan əvvəl olduğu kimi bu gün də istedadla, ilhamla, eşqlə yazıb-yaradır.

 





21.02.2014    çap et  çap et