525.Az

"Ədəbiyyata, poeziyaya qəlbimdə həmişə bir həsrət olub" - Müsahibə


 

ƏHMƏD HÜSÜOĞLU: "NEFT VƏ KİMYA İNSTİTUTUNDA OXUDUĞUM İLLƏR ÇOX VAXT DƏRSLƏRƏ GİRMİRDİM, GEDİB UNİVERSİTETDƏ BƏXTİYAR VAHABZADƏNİN MÜHAZİRƏLƏRİNİ DİNLƏYİRDİM"

"Ədəbiyyata, poeziyaya qəlbimdə həmişə bir həsrət olub" - <b style="color:red">Müsahibə</b>

Hansı sahədə olur-olsun, istedaddan başqa şans da vacib amildir. Bu məsələ yaradıcı sahəyə də aiddir. Bədii yaradıcılıqla məşğul olan insanlar üçün də yol bu iki meyarın tənzimlənməsindən keçir.

Həmsöhbətimiz Əhməd Hüsüoğlu, belə demək mümkündürsə, yaradıcılıq aləmində şansı o qədər də gətirməyənlərdəndir.

1950-ci ildə Ağcabədi rayonunda anadan olan Əhməd Hüsüoğlu 1966-cı ildə orta məktəbi, 1973-cü ildə isə Azərbaycan Neft və Kimya İnstitutunu bitirib. İlk şeiri 1965-ci ildə Ağdam rayonunun "Lelin yolu" qəzetində çap olunub.

Sonralar "Azərbaycan gəncləri", "Ədəbiyyat və incəsənət", "Sovet kəndi" qəzetlərində və "Ulduz" jurnalında poetik nümunələri işıq üzü görüb. 70-ci illərin ortalarından sonra isə müxtəlif səbəblərdən ədəbi mühitdən uzaqlaşıb.

Əhməd Hüsüoğlu ilə söhbətimizi təqdim edirik.

***

- Əhməd müəllim, deyirlər, insan sonradan şair olmur, şair doğulur. İstərdim keçmişə səyahət edərək ədəbiyyata gəlişinizdən söhbət açasınız.

- Mən şeir yazmağa başlayanda lap balaca idim, hardasa 2-ci sinifdə oxuyurdum. Zaman keçdi, illər ötdükcə mütəmadi yazmağa davam elədim. Məktəbdə divar qəzetlərində çap olunardım. İlk dəfə Səməd Vurğuna ithaf olunmuş "Xəyalı getdi" adlı şeirim 1963-cü ildə Ağdamın "Lelin yolu" qəzetində  işıq üzü gördü. Sonralar Bakıya gələnə qədər Ağcabədinin "Sürət" qəzetində çap olunurdum. 1966-cı ildə Bakıya gəldim, Azərbaycan Neft və Kimya İnstitutunun Kimya texnologiyaları fakültəsinə qəbul olundum. Burada çox həvəssiz oxuyurdum, dərslərə girmirdim, əvəzində gedib universitetdə Bəxtiyar Vahabzadənin mühazirələrini dinləyirdim. Təhsil aldığım institutda "Neft kadrları uğrunda" adlı qəzet var idi, baş redaktoru İntiqam Babayev idi. Orada bir müddət korrektor işlədim. Həmin qəzetdə tez-tez şeirlərim çap olunurdu. O zamanlarda mənim "Novella" adında qısa bir şeirim var idi:

Nə tökmüsən qulac-qulac
hörüyünü sulara?
Yuyursansa xəlvət-xəlvət yu, dara.

Saç yumağı gecəyarı elə barı,
Utandırma saçıkəsik qızları,
a salxım söyüd... 

O vaxtı bu şeiri yaşıdlarımın əksəriyyəti əzbər bilirdi. Bizim institutda oxuyan qızların çoxunun dilindən düşmürdü. İllər sonra mən Daxili işlər orqanlarında işləyəndə bir kəlbəcərli polkovnik mənə yaxınlaşdı və bu şeiri əzbər dedi. Onda çox təəccübləndim. Neft və Kimya İnstitutunda ədəbi dərnək var idi, dərnəyə yazıçı Sabir Azəri rəhbərlik edirdi. O, məni M.Ə.Sabir adına kitabxanaya gətirdi. Orada bir ədəbiyyat dərnəyi var idi, Ağacavad Əlizadə rəhbərlik edirdi. Azərbaycanın o nəsil ən sevilən cavan şairləri ilə orada tanış oldum: Nüsrət Kəsəmənli, Vaqif Bayatlı Odər və digərləri. Burada əsl şeirin mahiyyətinə vardım. Bu dərnəkdə bəyənilən şeirlər "Azərbaycan gəncləri" qəzetinə, "Ulduz", "Azərbaycan" jurnalına göndərilirdi və şeirlərimiz çap olunurdu. O vaxtı Azərbaycanda  mətbuat o qədər də çox deyildi. "Azərbaycan gəncləri"ndə tez-tez şeirlərim çap olunardı. Həmin qəzetin poeziya bölməsinə Tofiq Mütəllibov rəhbərlik edirdi. Orada şair, publisist Əhməd Elbrusla tanış olmaq imkanı qazandım, o, mənə nəzəri biliklər baxımından bəzi göstərişlər verdi. Orada İntiqam Mehdizadə ilə tanış oldum. O, mənə dedi ki, sənin şeirlərindən Əli Kərimin qoxusu gəlir. O, məndə Əli Kərimə böyük məhəbbət yaratdı, onun kitabını tapıb mənə verdi. Əli Kərim yaradıcılığının təsiri mənim şeirlərimdə hiss olunur. Bir gün yazıçı Sabir Azəri məni "Ulduz" jurnalına gətirdi. Burada bir çox tanınmış şairlərlə tanış oldum: Tofiq Bayram, Məmməd Araz və başqaları... 1971-ci ildə "Ulduz" jurnalının 2-ci sayında "Kənd axşamı" şeirim çap olunub. Nüsrət Kəsəmənli o zaman hərbi xidmətdə idi. Onunla eyni səhifədə çap olunmuşdum. Nüsrət əsgərlikdə çəkilən hərbi geyimdə bir şəklini yollamışdı, elə o şəklini də jurnala yerləşdirmişdilər. Bir çox adamların yaradıcılığıma təsiri olub. Rəsul Rza ilə şəxsi münasibətlərimiz olub. İş yerim onlara yaxın idi deyə tez-tez evlərində qonaq olurdum. Tez-tez müsabiqələrə qatılırdım və şeirlərim bəyənilərdi. Bir dəfə məni Aşqabada ədəbi tədbirə də göndərmişdilər...

- Necə oldu ki, birdən-birə ədəbiyyatla yollarınızı ayırdınız?

- Ədəbiyyatdan ayrı düşməyimin səbəbi o oldu ki, mən atamı itirdim. Çox cavan idi. Anam və məndən başqa körpə uşaqlar başsız qaldı. Onda mənim içimdə nəsə qırıldı. O vaxt qələm əhli çox çətin yaşayırdı. 1973-cü ildə məsləhət görmüşdülər ki, mən Moskvadakı Maksim Qorki adına Dünya ədəbiyatı institutuna daxil olum. Hər il ora iki nəfər göndərirdilər. Həmin il də məndən başqa Məmməd İsmayılın da getməsi nəzərdə tutulmuşdu. Dostum Aleksandr Qureviç mənim şeirlərimi tərcümə elədi və onları həmin instituta yolladım. Həmin vaxtlar gəmiqayırma zavodunda çalışırdım. Aleksandr Qureviç də orda mənimlə birgə çalışırdı. Göndərilən şeirlərə Osman Sarıvəlli rəy yazmışdı. Bu, instituta daxil olmaq üçün, bir növ, imtahan idi. Sonradan Moskvadan müsbət cavab gəldi. Məmməd İsmayıl ssenari kursuna, mən də poeziya kursuna gedəcəkdik. Mən institutun sonuncu kursunda oxuyurdum, diplom müdafiəsi ərəfəsi idi. Cabir Novruzun kabinetində Osman Sarıvəlli ilə birlikdə əyləşmişdik. Yazıçı İsi Məlikzadə gəldi, söhbət əsnasında mənə dedi ki, Moskvaya niyə gedirsən, mən də Neft və Kimya İnstitutunu bitirmişəm, heç Moskvada da oxumamışam, nə olsun ki? Osman Sarıvəlli bir az dayanandan sonra İsi Məlikzadənin fikrinə qüvvət verdi. Onların dedikləri bir az məni yayındırdı. Elə bu vaxtlarda atam rəhmətə getdi. Zavodda da yaxşı maaş alırdım və şagirdlikdən artıq böyük mühəndisliyə qədər yüksəlmişdim. Artıq Moskvaya getməməyi qərara aldım. Günlərin bir günü zavoda xəbər gəldi ki, Daxili İşlər Nazirliyinə gənc kadr göndərmək lazımdır. Elə oldu ki, məni ora yolladılar. Artıq bu hadisələr məni ədəbiyyatdan tamam ayırdı. 30 ildən çox Daxili işlər orqanlarında işlədiyim müddətdə çox adam mənim bu şakərimdən xəbərsiz idi. Bacı-qardaşımı böyütdüm, oxutdum, çətinliklərim çox oldu. Daxili işlər orqanlarında işlədiyim dövrlərdə Qarabağa tez-tez ezamiyyətə gedərdim. Birinci Qarabağ savaşı iştirakçısı olmuşam. Bizim mübarizəmizə baxmayaraq, sistemləşdirilmiş hakimiyyətin olmaması səbəbindən biz o savaşda qalib gələ bilmədik. Amma şükürlər olsun ki, Ali Baş Komandanımızın qətiyyəti və Müzəffər Ordumuzun gücü sayəsində İkinci Qarabağ savaşında zəfər çalmağı bacardıq.

- Nə vaxtsa poeziyadan uzaq düşüb digər sahəyə yön almağınıza görə peşman oldunuzmu?

- Əlbəttə, həmişə peşmançılıq olub. Gedib Daxili işlər orqanları sistemində işlədim, ilk vaxtlardan rəhbər vəzifəyə təyin olundum. Mən hələ zavodda işləyən vaxtdan yaxşı qazanırdım, sonralar da həmçinin. Söhbət maddiyatda deyil. Həmişə poeziya mənim ruhumda olub. Mən həmişə şeir yazmışam, orqanda işləyəndə belə. Poeziyada da hamının bəxti gətirmirdi. Ürəyimdə həmişə bir nisgil yaşayıb. Sonralar da qələm adamları ilə mütəmadi görüşürdüm. Qəlbimdə həmişə ədəbiyyata, poeziyaya bir həsrət olub.

- Təxminən 30 ilə yaxın fasilədən sonra, 2003-cü ildə "Gecikmişəmmi?" adlı şeirlər kitabınız işıq üzü görüb. Sizi nə vadar elədi ki, yaradıcılıqla bütün bağlar qırılandan sonra bu kitabı çap etdirdiniz?

- Jurnalist Fəxrəddin Hacıbəyli "Könlüm keçir Qarabağdan" silsilə verilişlər hazırlayırdı. Məni İsmayıllıya apardı və haqqımda bir film hazırladı. Böyük şairimiz Məmməd Araz bu verilişə baxır və Aqil Abbasdan məni xəbər alır. Deyir ki, mən Əhmədi 40 ildir axtarıram, çağır gəlsin. Aqil Abbas zəng edib məni çağırdı. Məmməd Arazla görüşdük, xeyli dərdləşdik. Məni çox danladı, dedi ki, ölüb gedəcəksən, bir xatirə qalmayacaq, ancaq mən yaşda adamlar səni tanıyırlar, şeirlərini yığ çap elətdir. Bu kitabı çap elətdirməyə bir az ehtiyatlanırdım. Amma nəhayət, anamın, yaxınlarımın təkidi ilə şeirlər kitabım çap olundu. Elə ön sözü də Məmməd Araz yazdı. Kitabımız çap olunması rəhmətlik atamın da arzusu idi. "Gecikmişəmmi?" kimi çap ediləndən sonra marağa səbəb oldu, məni tanıyanlar həm təəccübləndilər, həm də çox sevindilər.

Öz təcrübəmdən çıxış edib, indi bədii yardıcılıqla məşğul olan gənclərə bir fikrimi çatdırmaq istərdim. Hər şey tam olanda yaxşı olur. Atalar demiş, dad yarımçıq əlindən. Ədəbiyyatla həvəskar kimi məşğul olanda bu sənətin ömrü də az olur. Ona görə də bu sənətlə ürəkdən, peşəkarcasına məşğul olmaq lazımdır.

Nadir RZALI

 





03.01.2021    çap et  çap et