525.Az

Şəhid qızı, bu dünyaya xoş gəldin! - Məhsəti Musadan yeni yazı


 

Şəhid qızı, bu dünyaya xoş gəldin! - <b style="color:red">Məhsəti Musadan yeni yazı </b>

Ağcabədi rayonunun mətbu orqanı olan "Aran" qəzetinin 2020-ci il üçün son nömrəsini şəhidlərimizin əziz xatirəsinə həsr etmişik. Yeni təqvim ilinə zəfərlə keçməyimizə canları, qanları ilə nail olmuş şəhidlərin...

Çapa getməzdən öncə materialları yığıb evə gətirdim ki, şənbə-bazar günləri arxayın şəkildə baxım. Onların arasında mənim də bir-iki yazım var idi. Mətnlərə baxıb yerbəyer etdikdən sonra daimi izlədiyim bir sosial şəbəkədə xəbər lentinə ötəri nəzər saldım. Ardınca "525-ci qəzet" üçün yazı hazırlayacaqdım. Bu vaxt elə "525-ci qəzet"in əməkdaşı Şahanə Müşfiqin bir şəhid atasının dediklərindən misal gətirdiyi paylaşıma gözüm sataşdı: "Əhd eləmişəm, oğlumun adını tutub bir jurnalist maraqlansın, haqqında yazsın, qurban kəsəcəm..."

Təbii ki, jurnalist xanım dərhal reaksiya verib, ata ilə əlaqə saxlayıb. Amma bu sözləri sosial şəbəkədə paylaşmaqla həm də digər insanları silkələdi...

Övlad itirmiş bir atanın təsəllisinə bax, ilahi! Sadəcə oğlunun xatırlanması, yad edilməsi, haqqında yazılması...

Tez-tez eşitdiyimiz bir deyim var ki, "şəhid vurulanda ölmür, unudulanda ölür". Bu sözlər həm də şəhidin ailəsinə, əzizlərinə aid imiş. Şəhid unudulanda onun yaxınları da mənən ölür, məhv olur...

Əlbəttə, bu gün körpə uşaqlarımız da şəhid adı, qazi adı, əsgər adı çəkiləndə onu müqəddəs söz kimi qəbul edirlər. Vətən müharibəsi şəhid kəlməsini bizlər üçün daha da ucalara qaldırdı. Onları xatırlamaq da, xatırlatmaq da hər birimizin borcudur. "525-ci qəzet" bu işi uğurla həyata keçirir, şəhidlər silsiləsində qəhrəmanlarımız haqqında yazılar yer alır və layihə yetərincə rəğbət qazanıb. Bəlkə elə buna görə də, məhz bu qəzet üçün həmin mövzuda yazmağın təkrarçılıq olacağını düşünmüşəm. Amma o atanın sözlərini oxuyunca fikrimdəki bütün digər mövzular darmadağın oldu. Bir saata qədər gözlərimi monitora diksəm də, heç nə yaza bilmədim. Nəhayət, məhz rayon qəzetinə hazırladığım bayaqkı yazılarıma bir də baxdım. Şəhid Toğrul Abbasovun övladına həsr etdiyim kiçik yazının üzərində dayandım...

Öncə qeyd edim ki, 1990-cı ildə Ağcabədi rayonunun Hacıbədəlli kəndində dünyaya göz açmış Toğrul Bayram oğlu Abbasov 2008-2010-cu illərdə Naxçıvanda, Daxili Qoşun Komandanlığında hərbi xidmətdə olub. Hərbi xidmətdən sonra bir müddət müxtəlif sahələrdə çalışsa da, sonradan ordu sıralarında işləməyə başlayıb. Vətən müharibəsində Füzuli uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olub. Xatirəsi hər zaman ehtiramla anılan şəhidimiz daha bir arzusunu bizlərə əmanət edib getdi. Hansı arzu? Bax bu haqdadır həmin kiçik yazı:

Rahat uyu, şəhid

"O günü həvəslə, səbirsizliklə gözləyirdi. Döyüş bitəcək, o, qalib olaraq ailəsinə dönəcək, qələbə sevincinin üstünə daha bir sevinc gələcəkdi. Tezliklə ata olacaqdı - ata!

Çox az zaman qalmışdı buna. Bapbalaca yavrusunu qucağına alacaq, hənirini dinləyəcəkdi doyunca. Oyuncağa bənzəyən körpənin nəfəs almağını, üzündə qeyri-ixtiyari yaranan təbəssümünü, ağlamağını, onun barmağından yapışan bapbalaca əllərini heyrətlə izləyəcəkdi. Barıt qoxulu meydanda aslana dönən igid qundaqdakı qızcığazın süd qoxulu nəfəsini duyunca yumşalacaq, kövrələcək, özü də uşaqlaşacaqdı... Vaxtsız itirdiyi anasının bir nişanəsini gəzəcəkdi uşağın üzündə, gözündə, nəfəsində...

Sonra qızcığaz bir az böyüyəcək, iməkləyəcək, danışacaq, nağıl istəyəcəkdi atasından. Döyüş yolunu, Ordumuzun gücünü, igidlərimizin hünərini, birliyini, düşməni necə məhv etdiklərini nağıl edəcəkdi övladına. Həmin nağıl çox maraqlı gələcəkdi qızcığaza.Təkrar-təkrar dinləmək istəyəcəkdi. Bəs necə? Axı bu nağılda şəri məhv edən cəngavərlərdən biri onun atası olacaqdı. O, fəxr edəcəkdi atası ilə. Bapbalaca qollarını qəhrəmanının boynuna dolayıb düymə dodaqları ilə onun yanağından öpəcəkdi. "Mənim atam dünyanın ən güclü atasıdır" deyəcəkdi...

Döyüş bitdi. Ordumuz qalib oldu. Torpaqlarımız işğaldan azad edildi. Amma Toğrul gəlmədi. Gələ bilmədi. Lakin Vətən boyda sevgi göndərdi evinə, elinə obasına... Şərəf dolu xatirələrini hədiyyə etdi sevdiklərinə. Özü isə Vətən torpağına qarışdı, Vətən oldu... O vətən torpağından yeni bir nəfəs qalxdı, yeni bir ümid göyərdi, yeni bir həyat başladı. Bir qız göz açdı dünyaya: Yağmur Toğrul qızı Abbasova...

Xoş gəldin, körpə Yağmur!

Xoş gəldin, şəhid Toğrulun yadigarı!

Qalib ölkənin vətəndaşı olmağa, xoş gəldin!"

 





03.01.2021    çap et  çap et