525.Az

İndi öz dünyandasan - Anım


 

TELMAN QURBANOVUN ƏZİZ XATİRƏSİNƏ

İndi öz dünyandasan - <b style="color:red">Anım</b>

İndi öz dünyandasan

Təsəvvür edək ki, heç ölməmisən, hələ də yaşayırsan. Əvvəlki kimisən. Yüngül idman kostyumunda kubarcasına ayağını ayağının üstünə aşırıb divanda əyləşibsən. Qabağında da armudu stəkanda çay. İçində bir dilim limon da var. Yenə söhbət edirik.

- Eeyy,  məşədi, niyə görünmürsən, vallah, belə getsə, bacanaq olub gedəcəyik, - deyə əvvəlki haqlı iradlarını təkrarlayacaqsan. Səsinin tonunu bir az da qaldırıb,  - O nədi elə yazmısan, lazım idi? (bu yazını nəzərdə tutursan).

- Nəyi deyirsən, lələ?

- Məndən yazdığını. Kimə lazımdı axı. Var idim, indi də yoxam. Bu qədər şəhid vermişik, adam ölməyindən də utanır. Hələ bir haqqında yazsınlar da… Pah atonnan…

Bu minvalla çox şeylərdən danışacağıq. Keçmişi gələcəyə daşıyacayıq, gələcəyi indiyə. Qurduğun planları təftiş edib ən mükəmməl görünənində indilik dayanırsan…  Şakərin idi, içindəkini saxlamazdın, axıra qədər deməliydin:

- Çox nahaq yazmısan! İmkanım olsaydı, qoymazdım yazmağa.

Məncə, Lermontovun sözüdür,  hər insan bir dünyadır. O dünyanın da ağı-qarası var,  mənfisi-müsbəti var. Gecə-gündüzlə əkizdir, xeyir də şərlə. Yaxşılıq da pisliklə. Kimin bəxtinə peyğəmbərlik yazılır, kiminsə bəxtinə qul olmaq.  Məncə, Lermontovun nəzərdə tutduğu dünya bu deyil. Axı bir də insanın özünün öz dünyası var, iç dünyası, mənəvi dünyası. Axşam başını yasdığa qoyanda da o səninlə olur, səhərlər başını yasdıqdan qaldıranda da. Fərqi yoxdur kim olursan ol, fatehlər  kimi dünyanın yarısının hakimi olanda da, ucsuz-bucaqsız çölllərdə çobanlıq edəndə də sən öz dünyanın yeganə sakinisən, yeganə sahibisən. Əsas odur ki, həmin dünyan sənə dar gəlməsin, öz dünyanda özünün qarşında başını dik saxlaya biləsən, əzab girəvəyə salıb olub-qalan vicdanını da gəmirməsin.

Mənəvi dünya o biri dünyanı da, - indi sən olduğun dünyanı da əhatə edir. Gördünmü, var imiş o biri dünya, amma inanmırdın.  Söylə, görüm necədi oralar? Əminəm ki, məlum ifadəni işlətməyəcəksən, amma darıxdığını ifadə edəcəksən, bu sənin özünəməxsus baxışlarından, özünəməxsus hərəkətlərindən, şakərindın hiss olunur.  Çox darıxırsan eləmi?…  Şeytanın felinə uyub cəhənnəm tərəfə baxıb-eləmə, sənlik deyil, oranın sakinləri tamam başqa tip adamlardır. Səni içlərinə buraxmazlar. Bu dünyada hər gün onları görürdük, indi də görürük. Gedəcəkləri ünvan elə niyyətlərinə, əməllərinə, alınlarına yazılıb. Bu dünyadan heç nə də aparmırlar, hətta bir quru ad belə… Onların da öz dünyaları, mənəvi dünyaları elədir.

Əminəm ki, Uca Tanrı sənin dünyana Cənnəti yazıb. İndicə dedim axı, sən elə adamsan ki, orada da darıxacaqsan. “Buralar mənlik deyil, işlərim tökülüb qalıb”, - deyirsən yəqin ki. Bilmirəm indi olduğun o cənnətdə kimlər qabağında süzəcək, kimlər qulluğunda duracaq, sənin pak, həmişə narahat olan Ruhun bir yerdə duruş gətirə biləcəkmi?  Nə edəsən ki, bu da sənin öz dünyandır. Şərəfli dünyadır. Xeyirxahlıqlarının, yaxşılıqlarının bəhrəsidir. Allah-təala paxıllıq, xəbislik, acgözlük, satqınlıq  hisslərini insanlara paylayanda sən harda qalıbmışsan görəsən? Nə qədər yaşadın, nə qədər nanəcibliklərlə qarşılaşdın, ədalərsizliklər gördün,  həmin hissləri özünüküləşdirə bilmədin. Saf qaldın, uşaq saflığı ilə xeyiri şərdən ayırdın, həmişə xeyrin yanında durdun.

Hamının əlindən tutmusan, yaxşılıq etmisən. Yaxşılığını da itirmərəm. Mənim özümü də Bakıya sən bağlamısan desəm, bəlkə də haqlıyam. Bakıya oxumağa sənin yanına gəlmişdim.  Onda sonralar bitirdiyin 3 ali məktəbin birincisinin  - Politextikin tələbəsi idin. Əsgərlikdən qayıtmışdın, qüruruna sığışdırmamışdın ki, atanın hesabına gündüz oxuyasan. Zim Qurban da kasıb deyildi, rəhmətliyin  pulunu balta kəsməzdi o vaxtlar... Səni tapdım. Faxralıdan Bakıya gələn bir gəncin bundan böyük sevinci ola bilərdimi? Axşam müvəqqəti yaşadığın yataqxanaya getdik. Qapıçının səni gülərüz qarşılaması və kef-əhval tutması içimdəki narahatlığı aradan qaldırdı. Səhər məni komendata təqdim edib burada qalacağımı, imtahan verəcəyimi dedin.  Elə o vaxtdan səni nəinki 5 mərtəbəli bir yataqxananın, yolların, hündür-hündür binalarının, elə bütün Bakının sahibi hesab etdim. Mənə elə gəldi ki, dünyanın ən güclü adamısan, həll edə bilmədiyin iş yoxdur. Həmişə elə düşünmüşəm. Görəsən cənnətdə də bu keyfiyyətlər kara gəlirmi?!

İndi öz dünyandasan. Haqq dünyanda. Heç ağlıma da gəlməzdi  adın gələndə “Allah rəhmət eləsin” deyilsin. Qətiyyən! Özümə yaxın bildiyim adamlar arasında tək tanıdıqlarımdansan ki,  “Allah rəhmət eləsin” ifadəsini sənin adınla yanaşı təsəvvür edə bilmirəm. Cünki həmişə canlı idin sözün əsl mənasında. Həmişə danışmağı, dostlarla kef-əhval tutmağı sevirdin. Yeri gələndə mübahisədən də çəkinmirdin. Çünki o qədər ədalətli idin ki, nəinki özünlə, hətta göydə uçan quşun lələyi ilə bağlı yanında səslənən yanlış fikri belə qəbul etməzdin.

İndi öz dünyandasan, Ədalət dünyanda!

Ruhun şad olsun, Lələ! Yerin yaman görünür.

 





04.01.2021    çap et  çap et