525.Az

Mənalı ziyalı ömrü - Yubiley yazısı


 

ƏMƏKDAR MƏDƏNİYYƏT İŞÇİSİ, PROFESSOR TOFİQ ƏBDÜLHƏSƏNLİNİN 65 YAŞI TAMAM OLUR

Mənalı ziyalı ömrü - <b style="color:red">Yubiley yazısı </b>

Dekabrın 30-da ömrünün yarı hissəsini jurnalistikaya həsr edən, "Qızıl Qələm", "Həsən Bəy Zərdabi" və "Araz Ali Ədəbi" mükafatları laureatı, "Əməkdar Mədəniyyət İşçisi", Filologiya elmləri doktoru, professor Tofiq Əbdülhəsənlinin 65 yaşı tamam olur.
 
T.Əbdülhəsənli 1955-ci ildə Neftçala rayonunun  Pirəbbə kəndində doğulub. Orta təhsilini Neftçala rayonunun Yuxarı Qaraymanlı kənd məktəbində alıb. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirərən filoloq, Azərbaycan dili və ədəbiyyatı müəllimi

ixtisasına yiyələnib.

İRADƏLİ İNSAN 

Hər bir insan istənilən məqsədə çatmaq üçün kifayət qədər iradə sahibi olmalıdır. İradə elə bir keyfiyyətdir ki, o, istedaddan da güclüdür. İstedad insana təbii şəkildə verilən qabiliyyətdirsə, iradə - dözümlülük, əziyyətlərə qatlaşmaq və lazımsız istəklər üzərində qələbədir. Hətta zəif iradəsi olan istedadlı adam heç nəyə nail ola bilməz. Odur ki, iradəli insan ilk növbədə çatacağı məqsədə özünü inandırmalı, istədiyi məqama nail olaraq başqalarına örnək olmalıdır. Məhz Tofiq müəllim də iradəsi sayəsində öz yolunu tapan, arzu və istəyinə qovuşan ziyalımızdır.

Universitet illərindən fəal, daim axtarışda olan, yazmağa daha çox meylli tələbələrdən olub Tofiq müəllim. Jurnalist fəaliyyətinə tələbəlik illərindən başlayan T.Əbdülhəsənli o illərdə müxtəlif mətbu orqanlarda məqalələrlə çıxış edib.

JURNALİSTİKA FƏALİYYƏTİ 

1980-ci ildən isə T.Əbdülhəsənli peşəkar jurnalist kimi bir müddət Azərbaycan Respublikasının Televiziya və Radio Verilişləri Komitəsində iqtisadi və ekoloji mövzularda verilişlər hazırlayıb. O, həmin dövrlərdə tələbələrin həyatlarından bəhs edən silsilə reportajların müəllifi olub. Bu layihə onun tez bir zamanda tanınmasına və jurnalist kimi təcrübə qazanmasına kömək edib.

Tofiq müəllim deyir ki, onun jurnalistikaya gəlişi 80-ci illərin əvvəllərinə təsadüf edir: "Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin bitirən kimi mənə elmi iş verdilər. Çox sevdiyim və hörmət etdiyim mərhum professor Cəlal Abdullayev də elmi rəhbərim idi. Elə həmin vaxtlar "Gənclik"  Nəşriyyatına da işə düzəldim. Sonradan isə fəaliyyət sahəm genişlənməyə başladı. Bir müddət radio, televiziya sahəsində işlədim. Sonra isə Milli Məclisin orqanı olan "Azərbaycan" qəzetinə şöbə müdiri vəzifəsinə təyinat aldım".

Yazılı mətbuata daim üstünlük verən T.Əbdülhəsənli 1985-1990-cı illərdə "Gənclik" nəşriyyatının redaktoru işləyib. 1990-1992-ci illərdə Azərbaycan Ali Sovetinin orqanı - "Həyat" qəzetində şöbə müdiri olub. 1992-2002-ci illərdə Milli Məclisin rəsmi nəşri "Azərbaycan" qəzetinin şöbə müdiri vəzifəsində çalışıb. Azərbaycanın bu təlatümlü illərində peşəkarlığı, insanların qəlbinə yol tapmaq bacarığı ilə seçilən, yazılarındakı mövqeyi ilə tanınan Tofiq müəllim 10 il bu mətbu orqanda çalışıb.

2003-cü ildə öz arzusu ilə "Respublika" qəzetinə keçən T.Əbülhəsənli fəaliyyətini burada davam etdirib. Əsasən ölkə iqtisadiyyatı, maşınqayırma və energetika kompleksi barədə silsilə məqalələr yazaraq bu sahələrin inkişafını və tərəqqisini işıqlandırıb. Onun neft strategiyası, iqtisadi islahatlar mövzusunda yazdığı analitik-iqtisadi məqalələr, mütəxəssislər, həm də geniş oxucu kütləsi tərəfində maraqla oxunub. Neçə-neçə şərhləri, məqalələri, təhlili və publisistik yazıları dərc olunub.

35 İLLİK TƏCRÜBƏ 

T.Əbülhəsənli deyir ki, ömrünün 35 ilini jurnalistikaya həsr etdiyi üçün peşman deyil: "Əksinə, çox xoşbəxtəm. Jurnalistika arzularıma çatmaqda, fikirlərimi, düşüncələrimi qələmə almaqda mənə yardımçı olub. Televiziyada çalışdığım dövrdə hazırladığım maraqlı proqramlar və reportajlarla, yazılı mətbuatda isə qələmə aldığım çoxsaylı müsahibələr, araşdırma və yazılarla yaddaşlarda qaldım. Qələmə aldığım bütün yazılar hər kəs tərəfindən böyük maraqla oxunur və bəyənilirdi. Azərbaycanın müxtəlif bölgələrindən olan oxucularımdan məktublar alırdım. Böyük məktəb keçmişəm, jurnalistikanın dahiləri ilə ünsiyyətdə olub, görkəmli şəxsiyyətlər görmüşəm. Jurnalistikada olduğum bu 35 il ərzində müəyyən işlər görmüşəm. Ancaq fikrimcə, mənim əsas missiyam bu illər ərzində jurnalist kimi ilmə-ilmə qazandığım təcrübəni, dəyərli bilgiləri gələcək nəslə ötürməkdir. Bu istiqamətdə də hazırda fəaliyyətimi davam etdirirəm".

Həyatın mütləq həqiqətlərini dərk edən, dünyanın hər üzünü görmüş, yaxşını-pisdən, ağı-qaradan ayırmağı bacaran, zəngin mənəviyyata malik  T.Əbülhəsənlinin sözlərinə görə, 65 il onun üçün məsuliyyətdir, geriyə baxanda bir hesabat dövrüdür: "İllər insana çox şey öyrədir. İnsan formalaşır, püxtələşir və nəhayət müdrikləşir. 65 il mənim üçün müəllifi olduğum publisistik məqalələrim, kitablarım, monoqrafiyalarımdır. 65 il mənim üçün jurnalistikaya gəlməzdən, elmi fəaliyyətə başlamazdan əvvəl Azərbaycan televiziya və radiosu üçün məqalələr, oçerklər yazmağım, veriliş aparmağımdır. 65 il tələbəlik illərində qan tər içində ağır avadanlıqlar çiynimdə zavodları, fabrikləri gəzdirdiyim illərdir. Düzdür, 65 yaş az deyil, amma mən özümü o yaşda hiss etmirəm. Həmişə tələbələr, gənclər arasında olan insanam. Belə bir həyat yaşayan insan özünü necə hiss edər? Əsas insanın ruh halıdır. Özümü gənclərlə bərabər tuturam. Ruhən nikbin insanam. İnsan o vaxt qocalır ki, onun ruhu ölür. Mənim ruhum çox cavandır. Çünki müəllimlərimiz, ustadlarımız hər zaman bizə ruhumuzu cavan tutmağı, işıqlı düşüncələrə sahib olmağı, işıqlı ideyalar ətrafında birləşməyi öyrədiblər. Xəlil Rza Ulutürk, Məmməd Araz, Bəxtiyar Vahabzadə kimi böyük insanlar bizim müəllimlərimiz olub və bizə daim nikbin olmağı aşılayıblar. Güclü, qüdrətli Azərbaycan quruculuğuna səsləyiblər. Bu yolda səfərbər olmağı tövsiyə ediblər.  Əslində, 65 yaşda mənim üçün heç bir qəribəlik yoxdu. Bu illər mənim üçün bir göz qırpımında keçib". 

LƏYAQƏTLİ MÜƏLLİM ÖMRÜ 

İnsan ömrü bir yola bənzəyir. İstər-istəməz müəyyən bir mənzildə ayaq saxlayıb arxaya boylanmalı, irəliyə nəzər salmalı olursan. Bu, bir növ insanın özünə hesabatı olsa da, əslində, cəmiyyət qarşısında hesabatdır. Tofiq müəllim yaşadığı bu 65 illik ömür yolunda şəxsiyyətinə, adına yaraşan ləyaqətli bir ömür yaşayıb, ad qazanıb.

T.Əbdülhəsənli pedaqoji fəaliyyəti ilə yanaşı, Azərbaycan Yazıçılar Birliyinin  (AYB) üzvüdür. Yubilyara doğum günün münasibətilə Azərbaycan Yazıçılar Birliyi  tərəfindən də təbrik ünvanlanıb.

Tofiq müəllim həmçinin, Jurnalistlər Birliyinin və Respublika İqtisadçılar İttifaqının üzvüdür. Mütəmadi olaraq görüşlərdə, tədbirlərdə, mühüm əhəmiyyyət kəsb edən mövzuların müzakirəsində fəal iştirak edir. "Cəmiyyətin iqtisadi təkamül mərhələsi, ədəbi proses və söz yaradıcılığı", "İqtisadiyyat da poeziyadır", "İstiqlal işığında", "Müasir Azərbaycan poeziyası: mövzu, janr və üslub problemləri", "Vətəndaş yanğısı" kitablarının müəllifidir.

UNEC-ə BAĞLILIQ 

Tofiq müəllim 1993-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) "Azərbaycan dili" kafedrasında  müəllim, baş müəllim, dosent vəzifəsində çalışıb. Hazırda UNEC-in "Azərbaycan dili" kafedrasının müdiridir. T.Əbdülhəsənli Prezident İlham Əliyevin 24 sentyabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib.

Tofiq müəllim uzun illərdir ki, tələbələrə yazı mədəniyyətimizin, dilimizin incəliklərini öyrədərək gənc nəslin inkişafında kadr potensialının formalaşmasında da töhfəsini verərək, biliklərini, təcrübəsini onlarla bölüşür: "Tələbələrimə hər zaman Azərbaycanı sevməyi və onu qorumağı aşılayıram. Hər birimiz ölkəmizin pərvanəsinə çevrilməliyik. Milləti sevirəm demək azdır, millət yolunda fədəkarlıq etməliyik.  Bir müəllim kimi özümü çox xoşbəxt  hiss edirəm. Tələbələrim məni çox istəyir. Çünki mən onlarla ünsiyyət qurmağı bacarıram. Tələbələrimi öz balam kimi istəyirəm. Bizim aramızda müəllim-tələbə münasibətlərindən əlavə, bir səmimiyyət də mövcuddur. Tələbələr hər zaman doğmalığa qarşı həssas olurlar".

4 MONOQRAFİYA, 5 DƏRSLİK, 100-dən ARTIQ ELMİ MƏQALƏ

T.Əbdülhəsənli 4 monoqrafiyanın, 5 dərslik, dərs vəsaiti, habelə müasir  Azərbaycan dilinin və ədəbiyyatının problemlərinə həsr olunan onlarla kitabın və monoqrafiyanın, ölkədə və xaricdə çap olunan 100-dən artıq elmi məqalənin, həmçinin, "Azərbaycan dili" və "İşgüzar Azərbaycan dili" dərsliklərinin müəllifidir. Tofiq müəllimin beynəlxalq konfranslarda 8 çıxışı nüfuzlu elmi jurnallarda çap olunub.

Hazırda T.Əbdülhəsənovun rəhbərliyi altında UNEC-in "Azərbaycan dili" kafedrasında mühüm işlər görülür, bir birindən maraqlı tədbirlər təşkil olunur. Bugünədək kafedra tərəfindən UNEC-də akademik Məmməd Cəfər Cəfərovun 110 illik, akademik Həmid Araslının 110 illik yubileyi yüksək səviyyədə qeyd olunub. Əsərləri və şəxsiyyəti ilə əbədiyaşar ədib - Xalq yazıçısı İsmayıl Şıxlının, Nəsimi yaradıcılığına, fəlsəfi ideyalarına həsr olunan konfrans keçirilib. Həmçinin, Hüseyn Cavidin 135 illik yubileyi təntənəli şəkildə qeyd edilib.

Xeyirxahlıq, alicənablıq, insanpərvərlik, səmimiyyət kimi ali insani keyfiyyətlərə malik olan Tofiq Əbdülhəsənli şərəfli ömür yaşayanlardandır. Sayılıb-seçilən pedaqoq, qabaqcıl təhsil işçisini 65 illik yubileyi münasibəti ilə təbrik edirik.

S.QARAYEVA

 





04.01.2021    çap et  çap et