525.Az

Gözləntiləri alt-üst edən 2020-ci il - Xaqani Cəfərlinin yazısı


 

Gözləntiləri alt-üst edən 2020-ci il - <b style="color:red">Xaqani Cəfərlinin yazısı </b>

Koronavirus pandemiyası növbəti il üçün proqnozlar verməyin faydasız olduğunu bir daha təsdiqlədi. Bir il öncə, dekabrın sonunda COVİD-19 virusu ilə bağlı pandemiya elan olunanda heç kim Uzaq Şərqdə meydana çıxan virusun bəşəriyyət üçün qorxunc təhlükəyə çevriləcəyini, bəşəriyyətin son 20 ildə əldə etdiyi iqtisadi uğurları məhv edərək dünyanın iqtisadi vəziyyətini əsrin başlanğıcına qaytaracağını təsəvvürünə gətirməzdi. 

Koronavirus pandemiyası ağır iqtisadi nəticələrə səbəb olmaqla yanaşı, bir il öncə proqnozlaşdırılmayan siyasi dəyişikliklərə də rəvac verdi. Bir il öncə Donald Trampın növbəti dəfə prezident seçiləcəyi, demək olar ki, heç kimdə şübhə doğurmurdu. ABŞ iqtisadiyyatının artım sürəti və işsizliyin səviyyəsinin nəzərəçarpacaq şəkildə azalması Trampın qələbəsinin qaçılmaz olduğu görüntüsü yaradırdı. Ancaq gözlənilməz olaylar baş verdi. Trampın COVİD-19 virusunu ciddiyə almaması sonda ağır nəticələr doğurdu. Koronavirus qurbanlarının sayının qorxunc statistikası və ümumdaxili məhsulun kəskin azalması, bunun nəticəsi olaraq işsizliyin və yoxsulluğun səviyyəsinin artması Trampın siyasi karyerasını ciddi zədələdi. Sosial-iqtisadi problemlər siyasi, bəzən isə kriminal qalmaqalların böyüyərək Trampa qarşı çevrilməsinə səbəb oldu. Buna görə tam əminliklə demək olar ki, noyabr ayının 3-də keçirilən prezident seçkisində Trampın məğlubiyyəti koronavirus pandemiyasının doğurduğu ən böyük siyasi nəticədir. 

Belarus və Moldovada baş verənlər də koronavirus pandemiyasından doğan siyasi nəticələrindən sayıla bilər. Bu iki postsovet ölkəsində Rusiya ilə münasibətlərə önəm verən iqtidarlar mövcud idi. Lakin koronavirus pandemiyasının təsiri ilə neft və qazın kəskin ucuzlaşması Moskvanın bu respublikalara iqtisadi dəstəyinin azalmasına səbəb olmaqla yanaşı, Moldova və Belarusun da Rusiyanın enerji daşıyıcılarından asılılığının azalmasına yol açdı. Rusiyanın iqtisadi tərəfdaş kimi cəlbediciliyinin azalması, Belarus prezidenti Aleksandr Lukaşenkonun Tramp kimi koronavirus pandemiyasını ciddiyə almaması postsovet məkanının ən dinc respublikası sayılan Belarusda tamamilə yeni və fərqli siyasi proseslərə səbəb oldu.

Moskvanın iqtisadi dəstəyinin azalması Moldovada rusiyayönümlü prezident İqor Dodonun məğlubiyyəti, qərbyönümlü Mayya Sandunun qələbəsi ilə nəticələndi.

Koronavirus pandemiyasının təsiri ilə enerji daşıyıcılarının qiymətinin kəskin ucuzlaşması postsovet məkanında Rusiyanın yön verdiyi birliklərin, xüsusən Avrasiya İqtisadi Birliyinin önəminin kəskin azalmasına səbəb oldu. Əvəzində isə Çinin öncüllük etdiyi əməkdaşlıq formatlarının önəmi artdı. COVİD-19 virusu bütün dünyaya Çindən yayılaraq hər bir ölkə üçün ciddi problemlər doğursa da, Pekin yaranmış vəziyyətdən bəhrələnərək mövqelərini möhkəmləndirən ilk ölkə hesab oluna bilər. Hətta bir çox ölkələr üzləşdikləri problem qarşısında dəstək üçün müraciət etdikləri Çindən pandemiyadan öncəki zamana nisbətdə indi daha çox asılı vəziyyətə düşüblər. Çin Avrasiyada baş verən proseslərin müəyyənedicisi rolunu ələ keçirməklə yanaşı, rəqabətə davamlı iqtisadi əməkdaşlıq formatları yarada biləcək güc və imkan əldə edib.

COVİD-19 virusu özündən əvvəlki pandemiyalar kimi ağır siyasi, iqtisadi və humanitar nəticələr doğursa da, elm və texnologiyanın inkişafına səbəb olub. Xüsusilə İnformasiya Texnologiyalarının tətbiqi ilə ilə bağlı bir il əvvəllə müqayisədə təsəvvüredilməz uğurlar əldə edilib. Bir çox böyük şirkətlər pandemiya səbəbindən bütövlükdə "evdən iş" sisteminə keçiblər. Rəqəmsallaşma bir il ərzində elə bir mərhələ qət edib ki, bu, az qala, bütöv bir onillik ərzində əldə edilən uğurlara bərabərdir.

COVİD-19 nəğd pulların sonunu yaxınlaşdıraraq, kriptovalyutaların çəkisini də artırıb. Kriptovalyutaların arasında ən məşhuru olan Bitkoinin kəskin bahalaşması nəğd pulların sonunun çox da uzaqda olmadığını göstərir. Əgər nəğd pullar virusun yayılmasına səbəb olursa, bəşəriyyətin alternativlərə önəm verəcəyini gözləmək məntiqə uyğun olardı. Ümumiyyətə, iqtisadiyyatın rəqəmsallaşması sürətləndikcə nəğd pullar arabanın beşinci təkərinə bənzəməyə başlayır.



Oxucuları xatırlayırsa, bir neçə ay öncə yazılarımızda İnformasiya Texnologiyaları ilə yanaşı, kosmos sənayesinin də sürətlə inkişaf edəcəyi məsələsinə toxunmuşduq. ABŞ, Çin və Yaponiyanın bu sahədəki uğurlarını bir il öncə təsəvvür etmək çox çətin idi. Bu ölkələrin əldə etdiyi uğurlar kosmosun tükənməz sərvətlərinin ən yaxın zamanda Yer planetinin inkişafı üçün istismar olunacağını söyləməyə imkan verir. Aydın görünür ki, kosmosun sərvətləri uğrunda ciddi rəqabət başlayıb ki, bu da qarşıdan gələn il kosmosun fəhtində yeni mərhələ olacağını deməyə əsas verir. 

İnformasiya Texnologiyaları və kosmos sənayesinin inkişafı tədricən yeni siyasi və iqtisadi reallıqlar yaratmağa başlayacaq. Məsələn, kosmosdan yayılan kabelsiz internetin çox ciddi siyasi və iqtisadi təsirləri olacaq.

Bir il öncə təsəvvür edilməyən hadisələrin daha aşkar şəkildə baş verdiyi regionların sırasında Cənubi Qafqaz da heç şübhəsiz, ön sırada yer alır. Bir il öncə Ermənistan Azərbayanın torpaqlarının təxminən 20 faizini işğal altında saxlayırdı və heç kim 2020-ci ilin sonunda bu vəziyyətin aradan qalxacağını proqnozlaşdıra bilməzdi. Hətta bir çox "beyin mərkəzləri"ndə belə qənaət vardı ki, koronavirus pandemiyasının yaratdığı vəziyyət Azərbaycan-Ermənistan cəbhəsində hansısa kəskin dəyişiklikləri istisna edir. Enerji daşıyıcılarının qiymətlərinin kəskin ucuzlaşaması nəticəsində Azərbaycanın, ümumiyyətlə, işğal altındakı torpaqlarını azad etmək üçün hərbi əməliyyatlardan vaz keçəcəyi ilə bağlı fikirlər də mövcud idi. Ermənistan cəmiyyətində belə fikirlər tez-tez səslənirdi ki, neft və qazın qiymətinin kəskin ucuzlaşması Azərbaycanı hərbi əməliyyatlardan çəkindərəcək və beynəlxalq aləmdə mövqelərini zəiflədəcək. Ermənistanda belə ümidlər vardı ki, Azərbaycanın mövqelərinin zəifləməsi ilə yanaşı, Ermənistanın mövqelərinin güclənməsi prosesi də baş verəcək. Bu məntiqdən çıxış edən erməni siyasətçilərin mövqelərində sərtləşmə, daha da güzəştsiz mövqe seçildiyi mşahidə olunurdu. Erməniləri daha "cəsarətli" edən əsas səbəblərdən biri məhz Azərbaycanın gəlirlərinin əsasını təşkil edən neft və qaz gəlirlərinin azalması idi. Ermənistanda eyforiyaya qapılan siyasətçilər Azərbayanın yeni torpaqlarını işğal edə biləcəklərini çəkinmədən dilə gətirirdilər. Ermənilərlə yanaşı, bir çox əcnəbi ekspertlər bu fikirdə idilər ki, Azərbaycan torpaqlarının azad olunması üçün ən əlverişli zamanı əldən qaçırıb. Ekspertlər ən əlverişli zaman kimi neft qiymətlərinin ən baha olduğu və bu səbəbdən Bakının gəlirlərinin ən çox olduğu zamanı nəzərdə tuturdular. Ermənilərin bu fikirlərə aludə olması onların məğlubiyyətlərinin əsas səbəblərindən biri sayıla bilər.

Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində ərazi bütövlüyünü təmin etməsi, parallel olaraq, ölkənin 97 faizi üzərində suverinliyini tam təmin etməsi Cənubi Qafqazda tamamilə yeni siyasi reallıqlar doğurub. Hərbi əməliyyatların başlandığı 27 sentyabra kimi Cənubi Qafqazda mövcud olan qüvvələr nisbəti də kəskin dəyişib. Bu isə regionda marağı olan bəzi dövlətlərin mövqeyinin güclənməsinə səbəb olduğu kimi, bəzi ölkələrin də mövqeyinin zəifləməsilə nəticələnib. Məsələn, Rusiya və Türkiyənin mövqeləri gücləndiyi halda, Fransa və İranın mövqeləri zəifləyib. Cənubi Qafqaz Şərqlə Qərb arasında çox önəmli bölgələrdən biri olduğu üçün qarşıdakı ildə mövqelərini gücləndirmiş ölkələr qazandıqları mövqeni qoruyub saxlamağa çalışacaqlar. Mövqelərini itirmiş ölkələrin isə yeni cəhdlər edəcəklərini ehtimal etmək olar. Bu ehtimal olunan cəhdlər bölgədə gərginliyi artıra bilər.

Bütövlükdə isə qarşıdan gələn 2021-ci ilin başa çatmaqda olan 2020-ci ildən çox ciddi şəkildə fərqlənəcəyini söyləmək mümkündür. Bu proses koronavirus pandemiyasının ən ağır mərhələsinin tədricən arxada qalması, COVİD-19-a qarşı peyvəndlərin icadının təsiri ilə baş verəcək. Baxmayaraq ki, koronavirus pandemiyası növbəti il üçün proqnozlar verməyin faydasız olduğunu təsdiq etməsi kimi reallıq mövcuddur, bununla belə, yeni ilin təməlinin də başa çatmaqda olan ildə qoyulduğunu da unutmaq olmaz. 2021-ci ildə baş verəcək bir çox hadisələri 2020-ci ildə baş vermiş hadisələr müyyənləşdirəcək. ABŞ-da hakimiyyətə alternativ fikir təmsilçisinin gəlməsi öz təsirlərini bütün dünyada göstərəcək. Bu təsirlərin ən çox hiss olunacağı bölgələrdən biri də postsovet məkanı olacaq. Postsovet məkanına təsir uğrunda ABŞ-la Rusiya arasında rəqabət gələn il çox ciddi xarakter alacaq. Postsovet ölkələrin hər birinin taleyi də müəyyən qədər bu prosesə münasibətdə tutacaqları mövqedən asılı olacaq.

 





04.01.2021    çap et  çap et