525.Az

Teymurun göz yaşları - Kamal Abdulla Teymur Rəcəbovu təbrik edir


 

Teymurun göz yaşları - <b style="color:red">Kamal Abdulla Teymur Rəcəbovu təbrik edir</b>

Azərbaycan şahmatçısı, qrossmeyster Teymur Rəcəbov “Airthings Masters” şahmat turnirində qələbə qazanaraq xalqımıza qürur və sevinc hissləri yaşatdı. Şahmatçımızın bu parlaq qələbəsi, eyni zamanda, xalqımızın yüksək intellektual potensialını nümayiş etdirdi.

Xalq yazıçısı, akademik Kamal Abdulla qrossmeyster Teymur Rəcəbova təbrik ünvanlayıb. 525.az akademikin ürək sözlərini təqdim edir.

“Teymur Rəcəbovu Beynəlxalq şahmat turnirindəki bu möhtəşəm qələbəsi münasibətilə səmimi qəlbdən, böyük bir sevgi hissi ilə təbrik edirəm. Ona daha böyük uğurlar arzulayıram.

Sonuncu oyun başa çatdıqda o, göz yaşını saxlaya bilmədi. Bütün dünyanın gözü qarşısında o, əlləri ilə üzünü tutdu və gözləri doldu. Bu zaman biz - bu oyunu böyük gərginliklə izləyənlər hamımız qəhərləndik. Biz hamımız qəlbimizdə hönkürdük. Bu hönkürtü Prezidentimizin bizi inamla apardığı qələbə riqqətindən, qələbə sevincindən doğmuşdu.

Teymur bizim hamımızı qəhərləndirdi, ağlatdı. Bu, böyük və son dərəcə çətin bir qələbə idi. Bu, yalnız şahmat taxtası arxasında qazanılmış qələbə deyildi. Bu, şəhidlərimizin qələbəsi idi. Bu, əsgərimizin qələbəsi idi. Bu, qocalarımızın, qadınlarımızın, uşaqlarımızın qələbəsi idi. Mən idman yarışını siyasiləşdirmək istəməzdim. Ancaq Teymurun göz yaşları Vətən müharibəsinin bu göz yaşlarını tökməkdən utanmayan qazilərinin qələbəsi idi.

Bütün Azərbaycan Teymurun yaşla dolmuş gözlərindən öpsə yeri var. Bu göz yaşları təkcə Teymuru deyil, bizim hamımızı bir daha ucaltdı. Bizim hamımızı bir daha məğrur, bir daha yenilməz etdi.

Müzəffər Öndər, Prezident İlham Əliyevin zaman-zaman əkdiyi toxumlar bu cür cücərir. İnşallah, həyatımızın bütün istiqamətlərində millətimiz öz potensialını nəhayət ki, ortaya qoyar. Dünya öz lider xalqları sırasında məğrur, qalib, cəsur, yetənəkli, ədalətli Azərbaycanı əbədi olaraq qəbul edər.

Teymur Rəcəbov isə... öz qalib göz yaşları ilə bir azərbaycanlının böyük və sevgi ilə dolu qəlbini, millətinin üzünü ağ edən qəlbini bir daha hər kəsə nümayiş etdirdi.

Sağ ol, Teymur!”

 





04.01.2021    çap et  çap et