525.Az

Erməni işğalçılarının viran qoyduğu tarixi abidələrimiz - Müsahibə


 

Erməni işğalçılarının viran qoyduğu tarixi abidələrimiz - <b style="color:red">Müsahibə  </b>

Qarabağ abidələr diyarıdır. Buradakı abidələrin hər daşı tarixin nişanəsidir. Təəssüf ki, torpaqlarımızın işğal altında olduğu dövrdə burdakı tarixi-memarlıq abidələri də böyük zərər gördü.

Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılovla Qarabağdakı abidələrin bugünkü vəziyyəti və bundan sonrakı taleyi barədə söhbətimizi təqdim edirik. 

- Faiq müəllim, erməni işğalı nəticəsində zərər görən, məhv edilən abidələrin dəqiq sayı barədə məlumat varmı?

- Ermənistan işğalçı siyasəti ilə Azərbaycan ərazilərində müxtəlif əsrlərə aid daşınmaz tarix və mədəniyyət abidələrini və digər kateqoriyadan olan daşınan mədəni irs nümunələrini dağıtmaq, yox etmək kimi qanunsuz və qeyri-insanı fəaliyyət həyata keçirib.  Cəbhə xəttində tətbiq edilən atəşkəs dövründa Ermənistanın Azərbaycana qarşı yeritdiyi təcavüzkar siyasət nəticəsində 10 mindən çox yer adları, daşınmaz tarixi və mədəniyyət abidələrinin adları və yüzlərlə toponimlər erməni adları ilə əvəzlənib. Ermənistan işğal altında saxladığı Azərbaycan ərazilərində azərbaycanlıların yaşadıqları kənd və şəhərlərin xarabalıqlarında çoxlu sayda erməni kilsələri inşa ediblər. Eləcə də, Azərbaycanın işğal altındakı bütün əraziləri boyu yüzlərlə erməni xaç nişanlarını daş üzərində yaradaraq yayıb, beynəlxalq terrorçulara momerial komplekslər tikiblər.

Aparılan tədqiqatların yekunu olaraq gəldiyimiz nəticəyə görə, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycana məxsus bir çox sənəd abidələri, memarlıq abidələri, tarixi abidələr, arxeoloji abidələr, incəsənət abidələri, muzeylər, kitablar, əlyazmalar, arxiv fondları talan və dağıntılara məruz qalıb. Daha dəqiq desək,  Ermənistanın silahlı təcavüzü nəticəsində Azərbaycana məxsus 2645 tarix və mədəniyyət abidəsi, eləcə də 1814 memarlıq abidəsi, 747 arxeoloji abidə, 64 bağ-park monumental və xatirə abidələri, 23 muzey, 102757 muzey eksponatları, 4 Dövlət rəsm qalareyası, 376 rəsm əsəri, şəxsi kolleksiyalarda saxlanan 50 mindən çox tarixi əhəmiyyətli ov və məişət əşyaları (xalı, fərməş, palaz, xurcun, tikmə, kəmər, məişət əşyaları və s.), mədəni-irs nümunələri dağıdılıb, məhv edilib və ya mənimsənilib. Məsələn, 1993-cü ildə Laçın rayonunun Tarix və diyarşunaslıq muzeyindən aparılan gümüş əl çantası ermənilər tərəfindən Londondakı "Sothebychr("39")s" auksionunda 80000 ABŞ dollarına satılıb. 1993-2016-cı illər ərzində ABŞ, Almaniya, Fransa, İngiltərə, Səudiyyə Ərəbistanı və digər ölkələrdə erməni brendi altında Azərbaycandan qarət edilib aparılan xalçalar satışa çıxarılıb.

Ermənistan işğal altında saxladığı ərazilərdə 63 məscidi tamamilə dağıdıb, 4 məscidi isə sökərək tanınmaz hala salıb. Tarixi əhəmiyyətli 71 türbə, 150 qəbiristanlıq tamamilə, 250 qəbiristanlıq isə qismən dağıdılıb. 50 daşınmaz tarixi və mədəniyyət abidəsi qeyri-qanuni təmir edilərək formaları dəyişdirilib, divar yazıları silinib. 200-dən çox arxeoloji abidələr üzərində ABŞ, Rusiya, İngiltərə, Fransa, İspaniya və digər xarici ölkələrin vətəndaşlarının iştirakı ilə qeyri-qanuni arxeoloji qazıntı işləri aparılıb.        

- Bildiyimizə görə, ermənilər təkcə tarixi abidələri dağıtmaqla kifayətlənməyiblər, həm də arxeoloji qazıntılar adı altında bəzi abidələrimizə xeyli zərər vurublar. Bu barədə nə deyə bilərsiniz?



- Heç kimə sirr deyildir ki, işğaldan azad olunmuş Azərbaycan ərazilərində mədəni irs potensialının əsasını arxeoloji abidələr təşkil edir. İşğal altındakı ərazilərdə arxeoloji abidələrin çoxluğu ermənilərin bu ərazilərdə qeyri-qanuni arxeoloji qazıntılar aparmalarına səbəb olub. Nəzərə almaq lazımdır ki, arxeoloji abidələr ermənilər tərəfindən xüsusi qəddarlıqla istismara məruz qaldığından, onların böyük əksəriyyəti tamamilə məhv edilərək artıq coğrafi xəritədən silinib. Buna misal olaraq Xocalı rayonundakı Xocalı, Əsgəran, Xankəndi kurqanlarını, Ağdam rayonunun Kültəpə kurqanlarını, keçmiş Hadrut rayonu, eləcə də Şuşa rayonu ərazilərindəki Qarqarçayı hövzəsində onlarla kurqan tamamilə dağıdılıb.  Bu qanunsuz arxeoloji qazıntılar zamanı ermənilərin məqsədi yer altındakı qiymətli maddi-mədəniyyət nümunələrini əldə edərək Ermənistana daşımaq olub. Belə qazıntılar zamanı kurqanlardan tapılan bir çox məişət əşyaları, qızıl bəzəklər, sikkələr və ov alətləri Azərbaycan ərazilərindən çıxarılaraq Ermənistana daşınıb. Ermənilər tərəfindən Azərbaycandan çıxarılaraq daşınan tarix və mədəniyyət abidələrinin ümumilikdə dəyəri yüz milyardlarla manat vəsaitlə ölçülür. Dağıdılan arxeoloji abidələrin sayı isə hələlik tam dəqiqləşdirilməyib. Nümunə olaraq bunları deyə bilərik: qədim qəbiristanlıqlar, dini xatirə abidələri, digər dəfn yerləri, o cümlədən, kurqanlar və torpaq qəbirlər kompleksləri, küp qəbirlər, qədim təsərrüfat yerlərinin qalıqları, eləcə də müxtəlif növ qədim əşyalar, qaya və daş üzərində təsvirlər və yazılar, ovçuluqla bağlı yerlər, ərazilərin qalıqları, heyvandarlıq, əkincilik və sənətkarlıqla bağlı ərazilər, qədim mədənlərin istismar izləri, əmək alətləri, istehsalat kürələri, tikinti qalıqları, hidrotexniki qurğuların qalıqları (nohurlar, arxlar ovdan və kəhrizlər, su kəmərləri, kürəbəndlər və s.), nəqliyyat xətləri, tikintiləri və yaşayış məskənləri.

- Ermənilər bir çox abidələrimiz üzərində erməniləşdirilmə işləri də aparıblar.

- Albaniya dövründə bu ərazilərdə xristianlıq memarlığı üslubunda dairəvi məbədlər deyilən xüsusi memarlıq daha geniş yayılmışdı və bu memarlıq üslubu yalnız albanlara aiddir. Dünyada bir çox tədqiqatçılar da təsdiq edirlər ki, bu üslub Cənubi Qafqazda yalnız albanlara məxsus olub. Çünki xristianlığa qədərki dövrdə Alban memarlıq abidələrinin daş və divarları üzərindəki elementlərə başqa millət və xalqların daş kitabələrində rast gəlinmir. İndiki dövrdə ermənilər bu abidələrin guya onlara məxsus olduğunu iddia etsələr də, abidələrin memarlıq quruluşu, forma və ornamentlərin düzülüşü ermənilərin yalan danışdıqlarını üzə çıxarır.

Albaniya dövründə dairəvi məbədlərin tikilməsi erkən xristianlıq dövrünə aiddir və tədqiqatçıların fikrincə, bu məbədlər Günəşə ibadət edən albanlar tərəfindən hələ xristianlığın tam mənimsənilmədiyi və səma cisimlərinə ibadət olunduğu zamanlarda tikilib. Bu dövr memarlıq üslubunun bütün ornamentlərində atəşpərəstliyin təzahürləri, göy cisimlərinə ibadətin motivləri öz əksini tapır. Bu cəhət erkən xristianlıq dövrü alban xaçlarında da özünü göstərir.

Təqribən min illik tarixi olan Alban dövlətinin mövcud olduğu dövrlərdə Şimali Azərbaycanın bütün bölgələrində, o cümlədən, Dağlıq Qarabağda öz spesifik quruluşuna görə tamam fərqli alban-xristian dininə aid məbədlər, bazilikalar və sovmələr meydana gəlməyə başlamışdı. Öz dövrü üçün xarakterik olan bu cür memarlıq üslubundan aydın olur ki, o dövrdə Albaniyada şərq xristianlığına məxsus memarlığın bütün növləri inkişaf etmişdi. Bütün bu tarixi həqiqətləri inkar edən ermənilər xristianlıq amilindən istifadə edərək bu tipli abidələrin divar yazılarını və bəzi bədii ornamentlərini dəyişdirərək bu abidələri erməniləşdiriblər. Xocavənd, Xocalı, Qubadlı, Laçın, Kəlbəcər rayonları ərazilərində ermənilər 50-dən çox abidənin memarlıq quruluşunu dəyişdiriblər.

Artıq torpaqlarımız işğaldan azad edilib və bundan sonra bu ərazilərdə tarix və mədəniyyət abidələrinin bərpası, konservasiyası işləri ilə məşğul olacağıq.

Aytac SAHƏD

 





06.01.2021    çap et  çap et