525.Az

Ötən ilin davamı - Xaqani Cəfərlinin şərhi


 

Ötən ilin davamı - <b style="color:red">Xaqani Cəfərlinin şərhi</b>

Artıq yoluxucu xəstəlik üzrə mütəxəssislərin xəbərdarlıq etdiyinə görə, ilk günlərini yaşadığımız 2021-ci il də kororanvirus pandemiyasının diktəsi altında keçəcək. Hətta bəzi mütəxəssislər 2023-cü ilə kimi COVİD-19 virusunun diktəsi altında keçəcəyini proqnozlaşdırırlar. Bu proqnozlar isə əsassız deyil.
 
Ötən ilin sonlarında Böyük Britaniyada virusun mutasiyaya uğradığı, yeni genetik növünün meydana çıxdığı məlum oldu. Yeni növ virusun əvvəlki ilə müqayisədə 70 faiz sürətlə yoluxmaq xasiyyətinə malik olması narahatlıqları artırır. Eyni zamanda, COVİD-19-a qarşı hazırlanmış peyvəndlərin virusun yeni çeşidinə qarşı nə qədər effektli olacağı da mütəxəssisləri narahat edən məqamlardandır. Mütəxəssisləri narahat edən digər məqam peyvəndlənmənin nə qədər sürətli və əhatəli aparılacağı ilə bağlıdır. Belə fikirlər mövcuddur ki, əgər bu il bəşəriyyətin yarısı peyvəndlənsə, o zaman pandemiya təhlükəsi aradan qalxa bilər. Rəsmi səhiyyə qurumları isə pandemiya təhlükəsinin aradan qalxması üçün bəşəriyyətin 75 faizinin peyvəndlənməsinin zəruriliyini bildirirlər. Əks təqdirdə, pandemiyanın müntəzəm alovlanma riskinin qalacağını və təkrar-təkrar yaşana biləcəyi haqqında xəbərdarlıq edilir. Üstəlik, peyvəndlərin effektiyinin nə qədər yüksək olacağı da hələlik sual altınaddır. Son məlumatlara görə, dünyada COVİD-19 virusuna yoluxanların sayı 90 milyona yaxınlaşıb. Narahatedici məqam son bir ay ərzində təxminən 20 milyon nəfər insanın virusa yoluxmasıdır. Virusun belə sürətlə yayılması əksər dövlətlərdə fövqəladə tədbirlərə əl atmağa vadar etdi. Bəşəriyyətin böyük hissəsinin təntənə ilə qeyd etdiyi yeni il şənliklərinin qadağan edilməsi, bəzi ölkələrdə hətta yeni il günlərində küçəyə çıxma qadağasının tətbiq olunması da virusun yoluxma miqyasının təhlükəli miqyas alması ilə bağlı idi. Hələlik bu tədbirlərin effektli olduğu görünür. Demək olar ki, bütün dünyada virusun yoluxma miqyasında azalma müşahidə olunur. Lakin hər kəs anlayır ki, bu qadağalar daima ola bilməz. Mütəxəssisləri narahat edən məqam da qadağaların götürüləcəyi halda pandemiyanın yenidən alovlanma ehtimalının yüksək olmasıdır.

Mütəxəssislər virusun yoluxma miqyasının artacağından narahat olduqları kimi, siyasətçilər və iqtisadçılar da pandemiyanın doğuracağı nəticədən narahatdırlar. Çünki pandemiyanın təsiri ilə bəşəriyyət iqtisadi sahədə qazandığı iyirmi illik nailiyyəti bir ilin içərisində itirdi. Əgər pandemiya yenə eyni nəticə doğuracaqsa, bu, çox böyük coğrafiyada siyasi stabilliyi poza bilər. Məlum olduğu kimi, ötən il COVİD-19-un ən ağır nəticələri ABŞ, Fransa, Braziliya, Hindistan, Rusiya, Meksika, İtaliya və Böyük Britaniyada müşahidə olundu. Bu, həm COVİD-19-a yoluxanların, həm virusun qurbanlarının sayında müşahidə olunmaqla yanaşı, bu ölkələrin iqtisadiyyatında da ciddi geriləmələr müşahidə olundu. Bu ölkələr isə dünya iqtisadiyyatının lokomotivi hesab olunurlar.

Koronavirus pandemiyasının təsirləri altında ötən ilin sonunda humanitar yardıma möhtac olanların sayında 40 faiz artım müşahidə olunub. BMT-nin hesabatına görə, humanitar yardıma ehtiyacı olanların sayı 235 milyona çatıb. Humanitar yardıma ehtiyacı olan bu insanların ehtiyatlarını qarşılamaq üçün BMT-nin bir neçə on milyard dollara ehtiyacı var. İlkin hesablamalara görə, aclıq həddində olan 160 milyon insana humanitar yardım göstərmək üçün BMT-yə 35 milyard dollar lazımdır. BMT baş katibinin humanitar məsələlər üzrə müavini Mark Loukok hesab edir ki, zəngin ölkələr yardımı öz üzərlərinə götürməlidirlər. Əks halda 2021-ci ildə yoxsulluğun artması, humanitar vəziyyətin daha da pisləşməsi müşahidə olunacaq. Bu isə dünyadakı münaqişələrin həllinə mənfi təsir edəcək və yeni münaqişələr doğuracaq. BMT rəsmisi hesab edir ki, koronavirus pandemiyasının yoxsul ölkələrə təsiri zəngin ölkələrdən daha ağır olub. Mark Loukokun qənaətincə, əgər ciddi tədbirlər görülməsə, bəşəriyyət son 50 il ərzində qazandığı nailiyyətləri itirəcək: "Yaşadığımız qaranlıq dövr dünyanı keçmişə sürətli bir dönüşlə təhdid edir".



Mark Loukok zəngin ölkələri yoxsul ölkələrə yardım etməyə çağırmaqda haqlı olsa da, inkişaf etmiş ölkələrdə də vəziyyət ağırdır. Ötən il zəngin ölkələr koronavirus pandemiyasının təsirlərini azaltmaq üçün 20 trilyon dollar həcmində vəsait xərcləyiblər. Bu pullar əsasən insanların ehtiyaclarının qarşılanmasına və maliyyə dəstəyinə, biznesə yardıma xərclənib. Əgər eyni hal təkrarlanacaqsa, bu, zəngin dövlətlərin özündə də maliyyə stabilliyinin pozulmasına səbəb ola bilər.

Bütün bunlar ilk günlərini yaşadığımız 2021-ci ilin ötən ilin davamı olmaq ehtimalını artırmaqla yanaşı, yeni tərəddüd və qorxular da doğurur. Əməkdaşlığın təcridlə əvəzləndiyi zaman isə bu qorxulu xəbərdarlıqların gerçəkləşmə ehtimalı da artır.

Eyni zamanda, koronavirus pandemiyasının, ötən il olduğu kimi, bu il də texnologiya sahəsində yeni kəşf və ixtiralara təkan verəcəyini də proqnozlaşdırmaq olar. Digər tərəfdən, COVİD-19 virusunun yaratdığı təsirlər nəticəsində yeni iqtisadi münasibətlərə keçid də sürətlənəcək. Son günlər "Bitcoin"in dəyərinin yüksəlişində müşahidə olunan sürətli artım da koronavirus pandemiyasının təsiri ilə sürətlənən yeni iqtisadi sistemə keçidin əlamətlərindəndir. Yeni iqtisadi və əmək münasibətləri sisteminə keçid bu il də davam edərək önəmli bir mərhələyə qədəm qoyacaq.

 





06.01.2021    çap et  çap et