525.Az

Gürcüstanın NATO israrı


 

Gürcüstanın NATO israrı<b style="color:red"></b>

Cənubi Qafqazın Qərbə açılan qapısı olan Gürcüstan qərbyönümlü siyasətinə davam etməkdə qərarlıdır.

Ötən ay Gürcüstan parlamenti "Xarici siyasət haqqında" qətnamə qəbul edib. Həmin qətnamə Gürcüstanın NATO və Avropa Birliyinə inteqrasiyasının əsas hədəflər olaraq təsdiqləyib. Avroatlantik məkana inteqrasiyanın alternativinin olmadığı kimi, ABŞ, Almaniya, Fransa və Böyük Britaniya əsas strateji tərəfdaşlar kimi qeyd edilib. Qətnamədə Mərkəzi və Şərqi Avropa ölkələri ilə əməkdaşlığa önəm verilməsi də öz əksini tapıb. Beynəlxalq təşkilatlar arasında isə Tbilisinin əsas əməkdaşlığının BMT, ATƏT, Avropa Şurası, QUAM və Qara dəniz Əməkdaşlıq Təşkilatı olacağı qeyd edilib. Gürcüstanın Qara dəniz hövzəsi ölkələri ilə əməkdşalığa önəm verəcəyi də vurğulanıb.

Qətnamədə Türkiyə və Azərbaycanla strateji əməkdaşlığın Gürcüstan üçün prioritet olduğu, Ermənistanla dostluq və mehriban qonşuluq əlaqələrinin gücləndirilməsi də əksini tapıb.

Qara dəniz hövzəsi ölkələri, Türkiyə, Rumıniya, Bolqarıstan və Ukrayna ilə əməkdaşlıq heç şübhəsiz, bu bölgədə Rusiyanın təhdidlərinə qarşı durmağa yönəlib. Məlum olduğu kimi, Rusiya Krımı ilhaq etdikdən sonra Qara dənizdə vəziyyət kəskin dəyişib. Buna görə Qara dəniz ölkələri arasında fəal əməkdaşlıq müşahidə olunur. Gürcüstan da eyni yolla gedir.

Rusiyaya gəlincə, qətnamədə bu dövlət "şərti və hibrid təhdidlərin" qaynaqlandığı bir ölkə adlandırılır. Eyni zamanda, "Gürcüstanın Rusiya Federasiyası ilə dövlət maraqlarına və beynəlxalq hüququn əsas normalarına əsaslanan praktik və prinsipial siyasətini davam etdirəcəyi" qeyd olunur.

Gürcüstan parlamentinin qəbul etdiyi "Xarici siyasət haqqında" qətnamədə Rusiya ilə bağlı məqamlar da var. Qətnamədə Rusiya təhlükə və təhdidlərin mənbəyi kimi qeyd olunur. Eyni zamanda, Gürcüstanın Rusiya Federasiyası ilə münasibətlərinin beynəlxalq hüququn normalarına əsaslanancağı, bu zamana kimi bu istiqamətdə yürüdülən prinsipial siyasətin bundan sonra da davam etdiriləcəyi vurğulanır.

Siyasi-coğrafi mövqe baxımından xüsusi önəmə malik olduğu üçün Gürcüstanın xarici siyasətdə seçimi Cənubi Qafqazın digər ölkələri üçün də önəmlidir. Azərbaycanın enerji daşıyıcıları Gürcüstan üzərindən Türkiyəyə və Avropaya nəql olunur. Ona görə Gürcüstanda sabitlik Azərbaycan üçün xüsusi önəm kəsb edir. Gürcüstanın NATO və Avropa Birliyinə inteqrasiyası isə Azərbaycan üçün heç bir problem yaratmır. Çünki Azərbaycanın enerji daşıyıcıları əsasən NATO və Avropa Birliyi ölkələrinə nəql olunur. Hətta Gürcüstanın Avroatlantik strukturlara inteqrasiyası Azərbaycanın maraqlarına daha uyğun olar. Çünki bu zaman Azərbaycanın enerji daşıyıcılarını daşıyan kəmərlərin təhlükəsizliyi daha təminatlı hal ala bilər. Azərbaycanın strateji müttəfiqi Türkiyənin də NATO üzvü olduğunu nəzərə alanda, Gürcüstanın NATO-ya inteqrasiyası Bakı üçün heç bir problem yarada bilməz.

Azərbaycandan fərqli olaraq Gürcüstanın NATO və Avropa Birliyinə inteqrasiyasının Ermənistan üçün ciddi problemlər yaratması ehtimalı çoxdur. Xüsusilə də Ermənistanın bütün sərhədlərini Rusiya sərhədçilərinin nəzarətinə verməsi ciddi problemlər doğura bilər. Əgər Ermənistan Rusiya ilə birgə ittifaq dövləti yaradarsa, vəziyyət tamamilə dəyişə bilər.

Göründüüyü kimi, Gürcüstan parlamentinin qəbul etdiyi "Xarici siyasət haqqında" qətnamədəki hədəflər həyata keçdikdən sonra Cənubi Qafqazda yeni vəziyyət yaranacaq. Onu da unutmaq olmaz ki, Rusiyada Gürcüstanın NATO və Avropa Birliyinə inteqrasiyasına dözülməzlik var. Ona görə də Tbilisinin yürüdəcəyi xarici siyasət bütün regiona təsir göstərəcək.

 





06.01.2021    çap et  çap et