525.Az

Rəşad Məcid: "Bu ilin "Nizami Gəncəvi ili" elan olunmasının çox dərin siyasi mənaları var"


 

Rəşad Məcid: "Bu ilin "Nizami Gəncəvi ili" elan olunmasının çox dərin siyasi mənaları var"<b style="color:red"></b>

"2019-cu ilin "Nəsimi ili", bu ilin isə "Nizami Gəncəvi ili" elan olunması təkcə ədəbiyyatımıza, şair-yazıçılara verilən önəm deyil, həm də bunun dərin siyasi mənaları var".

Bu fikirləri Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2021-ci ilin "Nizami Gəncəvi ili" elan edilməsilə bağlı Azvision.az-a açıqlamasında bildirib.

R.Məcid bu qərarın onun üçün gözlənilməz olduğunu vurğulayıb:

"2021-ci ilin quruculuq ilinin olacağı ilə bağlı çoxsaylı fikirlər səslənirdi və fikirləşirdik ki, bu 2 il işğaldan azad edilmiş torpaqlarımızda həyata keçiriləcək quruculuq işlərini, Qarabağda qayıdışı ehtiva edən hansısa bir adla bağlı olacaq. Oxşar addım iki il əvvəl də atılmışdı, Prezident Nəsiminin 650 illiyi ilə bağlı sərəncam imzalamış, 2019-cu ili "Nəsimi ili" elan etmişdi. Həm o, həm də bu ilin "Nizami Gəncəvi ili" olması ilə bağlı qərar təkcə ədəbiyyatımıza, şair-yazıçılara verilən önəm deyil, həm də bunun dərin siyasi mənaları var. "Nəsimi ili" ilə bağlı fikirlərimi vaxtında demişdim. 650 il əvvəl bizim Azərbaycan dilində yazan belə bir şairimizin olması və bütün dünyanın onu tanıması çox vacib önəm daşıyırdı. Bunun siyasi anlamı da böyük idi. 2021-ci ilin Nizami Gəncəviyə həsr edilməsinin çox dərin mənası var. Bu il həm də Nizami Gəncəvinin yubileyidir. Bu, həm də ətrafımız, qonşular, ümumilikdə bütün dünya üçün bir mesajdır ki, Nizami Gəncəvi dahi Azərbaycan şairidir, Gəncədə doğulub, yaşayıb və burada dəfn edilib. Bu il dünyanın diqqəti Azərbaycan mədəniyyəti və ədəbiyyatına yönələcək. Həm Nizaminin irsi təbliğ ediləcək, həm də farsca yazmasına baxmayaraq, bütün dünyada onun dahi Azərbaycan şairi olması təlqin olunacaq. Bu mənada hesab edirəm ki, verilən qərar çox dərin və müdrik bir addımdır. Nəsimi ilində olduğu kimi, bu ildə də təkcə mədəniyyət müəssisələri, Yazıçılar Birliyi, Mədəniyyət Nazirliyi, Ədəbiyyat İnstitutu deyil, bütün strukturlar məhz Nizami irsinin təbliği, dünyada yayılması ideyası ilə bağlı tədbirlər həyata keçirəcəklər".

Rəşad Məcidin sözlərinə görə, vaxtilə Nizami sənətinin öyrənilməsi ilə bağlı ölkəmizdə bir çox işlər görülüb. Buna misal olaraq onun əsərlərinin tərcüməsi, çap olunması və digər məsələləri qeyd etmək olar:

"Nizami elə bir xəzinədir ki, hər zaman araşdırılmalı və bu iş ardıcıl şəkildə davam etdirilməlidir. Bu mənada ola bilsin ki, yarımçıq qalan işlər, tədqiqatlar bu il davam etdiriləcək və ya yekunlaşdırılacaq. Azərbaycan cəmiyyəti Nizami Gəncəvini yaxşı tanıyır, orta məktəbdən tutmuş, bütün səviyyələrdə tədris və təbliğ edilir. Amma dünyada, ola bilsin ki, bu mövzuda müəyyən mübahisəli fikirlər mövcud olsun. Bəzən onu fars şairi kimi təqdim edirlər. Bu gün Çingiz Abdullayevlə söhbət əsnasında onu da təbrik edib, dedim ki, siz də elə Nizami Gəncəvinin varisisiniz. O, zamanında fars dilində yazıb, siz isə rus dilində yazırsınız. Yəni yazıçının hansısa başqa dildə yazması onun millətinin və hansı xalqa mənsubluğunun əsas göstəricisi deyil. Nizami Gəncəvi türk düşüncəsi ilə yazıb, eyni zamanda, onun bugünkü varisləri də bir çox əsərlərində məhz Azərbaycan həyatını canlandırır. Qurban Səid alman dilində yazmasına baxmayaraq, "Əli və Nino" kimi məhz Azərbaycan həyatını təsvir edən əsərlər yaratdı. Bu mənada dediyim kimi, sərəncamın həm də çox böyük dərin siyasi mənası var".

 





06.01.2021    çap et  çap et