525.Az

Magistrantın sənədli povesti ətrafında düşüncələr - Yazı


 

Magistrantın sənədli povesti ətrafında düşüncələr - <b style="color:red">Yazı</b>

Kənan Novruzovu oxucular məhsuldar və peşəkar jurnalist kimi tanıyırlar. Bu, o qədər də təəccüblü deyil: nə çoxdur imzası tanınan jurnalist! Amma burda başqa bir məqam var: Kənan Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin bakalavr pilləsini ötən yay bitirib və heç ləngimədən də həmin fakültənin Yeni media və kommunikasiya nəzəriyyələri kafedrasının magistrantı adını qazanıb.

Kənan hələ bakalavr pilləsinin lap birinci kursunda mətbuatda müntəzəm imzaları ilə tanındı, ikinci kursda müxtəlif qəzet redaksiyaları onu əməkdaşlığa cəlb etdilər. Kənan Novruzov tələbəykən iki qəzetdə çalışmaqdaydı. Onun yazıları geniş tematikalı oldu, mövzu seçimində milli və ictimai maraqları əsas tutdu. Əslən Şuşadan olan bu qarabağlı tələbə o gündən bu günə torpaqlarımızın azadlığı uğrunda mübarizəyə qoşulanlar barədə esselərin, oçerklərin, müsahibələrin müəllifi oldu. Tələbəykən iki kitab nəşr etdirdi. Belə bir istedad sahibinin müəllimləri onun kitablarına rəylər yazdılar, geniş təqdimatını təşkil etdilər. Və o zaman mən qəti qərara gəldim ki, Kənan jurnalistikaya təsadüfi gəlməyib. Bu peşənin çətinliklərini dəf edəcəyini orta məktəbin yuxarı siniflərindən qət edib...

İndi əlimdə Kənan Novruzovun bir müddət əvvəl çapdan çıxmış yeni bir kitabı var: "Yüzə bərabər əlli". Bu kitabın redaktoru Əməkdar jurnalist Oqtay Bayramovdur. Sən demə, hamımızın hələ "Kommunist" qəzetindən tanıdığımız bu Əməkdar jurnalist Kənanın dost-doğma babasıdır. Və mən bundan sonra Kənanın jurnalistikaya təsadüfən gəlmədiyinin bir daha təsdiqini tapdım...

Kənan Novruzovun yaradıcılıq qabiliyyətini, istedadını ilk qiymətləndirən "Olimpiya dünyası" qəzetinin baş redaktoru Murad Fərzəliyev, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid və "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı oldu. Rəşad Məcid və Akif Aşırlı həm ona auditoriyada dərs demişlər, həm də yazılarını xüsusi qayğı ilə dərc etmişlər. Bu gün "Şərq" qəzetinin fəal əməkdaşı olan Kənan Novruzov eyni fəallığı "525-ci qəzet"də də göstərməkdədir.

Kənan Novruzov 44 günlük Vətən müharibəsində mediamızın fəaliyyətini tədqiq edir. Şəhidlərimiz, qazilərimiz, döyüşçülərimiz haqqında qürur dolu yazılar qələmə alır. Onun bu anda əlimdəki kitabı da keçib getdiyi 50 illik ömür yolu hər kəsə ləyaqət nümunəsi olan bir iş adamı barədədir. Bu iş adamı Süleyman Məmmədov Kənanın atasının uşaqlıq dostudur. Kənan onu bir tərəfdən atasının xatirələrindən, digər tərəfdən özünün müşahidələrindən yaxşı tanıyır. Belə bir adamın keçdiyi qısa ömür yolunun hərtərəfli təsvirini təqdim edən, həm də bədii publisistikanın imkanlarından hərtərəfli istifadə edən müəllif əsərin janrını qeyd etmir. Əlbəttə, bu, bir təvazökarlıq işidir. Mənsə kitabı oxuyub bitirirəm və heç tərəddüd etmədən belə qənaətə gəlirəm ki, əsər sənədli povest janrındadır.

Cəmi 50 illik bir ömür yaşamış Süleyman Məmmədov uşaq çağlarından zəhmətə qatlaşmağı, həyatını özü qurmağı əsas tutmuşdur. Bu yolda çox sınaqlardan çıxmışdır: idmana meyl etmiş, bərbər peşəsinə yiyələnmiş, musiqi alətlərində ciddi səhnələrdə görünmüşdür... Lakin bunların heç birində axıradək dayanmamışdı. Hətta həmişə bir yerdə olub, bir yerdə böyüyən dostları bəzən onun bu axtarışlarının səmərə verməyəcəyinin narahatlığını da dilə gətirmişlər. Süleyman isə açıq şəkildə elan edirdi: insanlara kömək olmaq üçün gərək çox pul qazanasan!

Kənanın povestinin qəhrəmanı bütöv xarakterli və çox məsuliyyətli bir adam kimi böyüyür. Həyatını Türkiyəyə bağlayır, biznesdə uğurlar qazanır. O, biznes qazancını özünə deyil, ehtiyacı olan həmyerlilərinə xərcləyir. İmkan daxilində, hətta Rusiya, Ukrayna kimi ölkələrdə yaşayan Azərbaycan diaspor təşkilatlarına köməyini əsirgəmir, öz ölkələrindəki idmançıları da unutmur. Və bir də bu kitabın müəllifi Kənanı heç vaxt yaddan çıxarmır - onun universitet həyatı ilə maraqlanır, bu gəncin sabaha inamını möhkəmləndirir. Hər kəsə öz dəstəyini göstərən, vətənə, dostlarına sonsuz sevgi ilə yaşayan bu insan ömrünün çiçəklənən vaxtında - 2019-cu il iyulun 22-də dünyanı tərk edir. Bu itkinin təsviri Kənanın qələmində lirik-psixoloji üslubun duyğulu məqamını yaradır...

Əsərin maraqlı məqamlarından biri Kənanın sənədli obrazını tanıyanların - onun müəllimlərinin, dostlarının, problemlərinin həllinə kömək olan insanların xatirələridir. Bu xatirələr həm də ona xidmət edir ki, yaxşı insanı yaxşı insanlar heç vaxt unutmur. Kənan əsərin sonunu bu cümlələrlə bitirir: "Əmi sizə söz vermişdim ki, haqqınızda kitab yazacam. Yazdım. Bilirəm, bu kitabda adı çəkilən hər kəs sizə doğmadır. Yerinə yetirməli olacağım cəmi bir vəd qaldı: sizə layiq qardaşoğlu olmaq. Yerdə qalan ömrümün bütün dəqiqələrində bunun üçün çalışacağam, əmin olun". 

Kənan bu insanın ömür yolunu niyə qələmə aldı? Bu sualın belə bir cavabı var: Bizim hər birimizə nümunə ola biləcək insanların ömür yolu gedəcəyimiz, qət edəcəyimiz ünvanın yol xəritəsidir. Belə bir ideyanı magistrant yaşında qələmə almış Kənanımıza yaradıcılıq arzularımı bildirirəm!

 





06.01.2021    çap et  çap et