525.Az

Davud Nəsibin Özünü və Sözünü xatırlayanda...


 

Davud Nəsibin Özünü və Sözünü xatırlayanda...<b style="color:red"></b>

Uzun müddət idi ki, Davud Nəsib haqqında nəsə yazmaq istəyirdim. Ancaq qərara gələ bilmirdim. Düşünürdüm ki, onun ruhunu birdən narahat edərəm. Nəhayət qərara gəldim. Bəlkə yazmağım yaxşıdır...

...Davudla bizi ayıran vaxtdan 10 il keçir. 10 il bundan öncə əzrayıl maşın donuna girərək alıb apardı əlimizdən Davud Nəsibi...

Yadımdadır! O müdhiş mart günlərində Bakı Dövlət Universitetinin müəllimi Şəlalə xanım yazmışdı: "Yüzlərlə insana dağ çəkdi onun faciəli ölümü... Dost-tanışlarını, qohumlarını, ailəsini, can-ciyərlərini sarsıtdı bu gedişi ilə ürəkləri, sinələri dağladı, yandırıb-yaxdı..."

Artıq 10 ildir ki, biz onun yeni-yeni şeirlərini, publisist yazılarını oxumuruq, onun duzlu şirin söhbətlərini eşitmirik, 10 ildir görmürük onun bir az kədər qarışıq nurlu simasını...

10 il keçsə , biz unuda bilmirik Davud Nəsibi...

Kimin yaddaşında necə qalıbsa, elə o boyda, o biçimdə, o görkəmdə, o simada da ilişib qalıb Davud Nəsib hələ yaşayacaq onu sevənlərin yaddaşında. Ən azı biz köç edənədək...

2002-ci ilin oktyabr ayı idi. Mənim dəvətimlə Mingəçevirə gəlmişdi yenicə çapdan çıxmış "Cavanşirsiz məmləkət" romanının sevincini bölüşmək üçün.

Onu bir şair kimi, ədəbiyyat adamı kimi, bir eloğlu kimi qiyabi tanısam da, elə bir əlaqələrimiz olmamışdı.

Davud Nəsib ilə ilk tanışlığım telefon vasitəsilə olmuşdu.  2001-ci ilin sentyabr ayı idi. İş telefonum zəng çaldı. Uzun zəng idi. Dəstəyi götürdüm. Xəttin o başında tanımadığım bir səs...

Şirin qazax ləhcəsində mənimlə hal-əhval tutdu. Sonra isə ərklə özünü təqdim etdi: "Davud Nəsibdi danışan, Eloğlun". Bildirdi ki, mənimlə əlaqə yaratmağı ona Mingəçevirdə yaşayan, mehriban insan, duzlu hekayələr maraqlı romanlar müəllifi, ümumi tanışımız Nəsib Bayramoğlu məsləhət bilib.

Bir qədər mehriban söhbətdən sonra "Cavanşir" romanının vətənpərvərlik tərbiyəsində mühüm rol oynayacağını, hazırda Qarabağ savaşının hələ davam etdiyi bir zamanda aktual mövzu olduğunu nəzərə alaraq, onun Mingəçevirdə yayılmasına köməklik göstərməyimi xahiş etdi.  Eyni zamanda öz avtoqrafı ilə mənə "Cavanşir" romanının bir nüsxəsini göndərdiyini bildirdi. Avtoqrafda yazmışdı: "El oğlu! Oxu gör Qazağın (Kasak)  iyini duya bilsən, mənə işarə elə".

Bundan sonra bizim telefon danışıqlarımız müntəzəm davamlı xarakter almağa başladı. 2002-ci ilin mart ayında "Cavanşir" romanının ikinci hissəsi "Cavanşirsiz məmləkət" romanı nəşr edildi.

Romanın nəşrindən bir müddət keçəndən sonra ona zəng edib hal-əhval tutdum, çox yüksək əhvalı var idi. Sanki uzun illər içində cücərib göyərən arzuları öz bəhrəsini vermişdi.

Mən onu Mingəçevirə dəvət elədim. O, dəvəti məmnuniyyətlə qəbul etdi bir neçə gündən sonra artıq Mingəçevirdə idi. İstedadlı jurnalist dəyərli eloğlumuz Amil Aveylə gəlmişdi. 3 gün Mingəçevirdə olduğu müddətdə demək olar ki, bir yerdə olduq.

Davudun Mingəçevirdə ilk görmək istədiyi yer Mingəçevir su anbarı idi biz elə birinci gün su anbarının sahilinə getdik. O bir tərəfə çəkilərək xeyli müddət sulara tamaşa etdi. Mənə elə gəlirdi ki, o öz-özündə nəsə danışır, nəyi isə təhlil edir, nəyinsə haqq-hesabını aparır.

Sonradan bildim ki, niyə o "Cavanşirsiz Məmləkət" romanının son hissəsində son vərəqində "Özümüz qənim kəsildik özümüzə: İçərişəhərin, Ordubadın, Şəkinin, Gəncənin, Qəbələnin, Bərdənin, Kasakın (Qazax), Dərbəndin, saymaqla qurtaran deyil, yatmış yeraltı abidələrinin altını üstünə çevirdik. Bəli, bəli, biz! - Mən, sən, o! Sularda qərq elədik daş dilli naxışları, izləri, Mingəçevirdə" sözlərini niyə yana-yana yazmışdı.

Davud Mingəçevir su anbarının sularına qərq olmuş qədim Samux dərəsi, onun yerüstü, yeraltı abidələri haqqında ürək ağrısı ilə danışır, Samux vadisini Qafqazın Mesapotomiyası adlandırırdı...

Üç gün çox sürətlə keçdi. Bir tərəfdən o yeni nəşr etdirdiyi "Cavanşir" "Cavanşirsiz Məmləkət" romanlarının bədii dəyərindən, onun aktuallığından, gələcək nəsillər üçün əhəmiyyətindən ürəklə danışır, arada duzlu-məzəli söhbətlərə keçir. Xalq şairi Hüseyn Arifin dillər əzbəri olan lətifələrindən söhbət açır, şeir söyləyir, bəzən bir tərəfə çəkilərək xəyallara dalırdı.

Davud xalq qəhrəmanı Cavanşir haqqında elə maraqla danışdırdı, sanki onunla bir zamanda yaşamış, qəhrəmanlıqlarının şahidi olmuşdu. Mənə elə gəlirdi ki, Davud öz içində bir Cavanşir obrazı yaratmışdı tarixi şəxsiyyət olan Cavanşirdən başqa bir Davudun yaratdığı Cavanşir...

... Cavanşir barədə gələcək planlarından danışır,  böyük Vətəninin bir hissəsi olan Qazaxda at belində abidə ucaldılmasının zəruri olduğunu bildirir, gələcəkdə yazdığı romanlar əsasında bir kinossenari yazacağını Cavanşir barədə tarixi bədii film çəkəcəyi barədə həvəslə danışırdı.

Üç gün çox sürətlə keçdi biz ayrılmalı olduq. Sən demə, bu görüş mənim Davud Nəsiblə ilk son görüşüm imiş...

Davud Nəsib ömrünün 40 ilini poeziyaya həsr edib. Şeir yaradıcılığı ilə yanaşı o uzun illər "Ədəbiyyat incəsənət" qəzetində poeziya şöbəsinə rəhbərlik etmişdi. O dövrdə Azərbaycan ədəbi mühitində nəhəng poeziya nümayəndələrinin meydan suladığı bir vaxtda "Ədəbiyyat incəsənət" qəzetinin poeziya şöbəsinin müdiri işləmək  elə-belə məsələ deyildi.

Bununla yanaşı, ömrünün çox hissəsini poeziyaya xidmətə həsr etmiş bir yaradıcı insanın öz  yaradıcılığının belə az araşdırılması bir təəssüf doğurur. Əlbəttə, bu məsələ ədəbiyyatşünasların işidir. Bununla yanaşı, Davud Nəsib şəxsiyyətinə yaradıcılığına məhəbbətdən yaranan bu yazını yazmaq qərarına gəldim əgər qüsurlar olarsa, ilk növbədə Davud Nəsibin ruhundan, sonra isə oxuculardan üzr istəyirəm.

Ədəbiyyat aləminə məlumdur ki, Davud Nəsib yaradıcılığa şeirlə başlayıb o, şair kimi tanınıb. O da məlumdur ki, Davud poeziyaya hələ çox gənc yaşlarında - 14 yaşı olanda yazdığı Qazax rayonunda çıxan "Qalibiyyət bayrağı" qəzetində çap olunan "Mənim doğma çayım, mənim Kür çayım" şeiri ilə gəlib. Lakin onun yaradıcılığına diqqət yetirərkən "ata" mövzusunda yazdığı şeirlər poemalar istisna olmaqla, adama elə gəlir ki, Davud Nəsib heç uşaq olmayıb ya uşaqlıq dövrünü yaşamayıb, o elə birdən-birə böyük olub. Bu baxımdan Davud Nəsib poeziyası sanki yaşa dolmuş, püxtələşmiş bir şairin poeziyasıdır:

 

Mən odla, ocaqla alışmamışam,
Qəlbimin odundan alışıram mən.
Dərdimi heç kimə danışmamışam,
Dərdi dərd bilənə danışıram mən.

Davudun şeirlərində Vətənə, elə, obaya, doğma insanlara bağlılıq çox güclüdür. Bu bağlılığı onun yaradıcılığında çox tez-tez duyulur. Belə olmasaydı: 

Vətən məhəbbətli, Vətən ünvanlı,
Bir ürək döyünür, köksümün altda 

kimi gözəl misralar yaranmazdı.

Doğma insanlara, ataya, anaya, qardaşa, övlada, qohumlara münasibət, böyük, kiçik yerini, insanların, xüsusən doğma insanların qədir-qiymətini bilmək Davudun genetik yaddaşından, onun tərbiyəsindən, xarakterindən irəli gəlir bu hisslər onun yaradıcılığından qabarıq keçir.

nəhayət bir neçə cümlə Davudun ata mövzusuna həsr etdiyi şeirlər barədə fikirlərimi bölüşmək istərdim. Davudun həyatı haqqında bir qədər məlumatlı olanlar bilirlər ki, o atasını görməyib. Davud hələ dünyaya gəlməmiş atası müharibəyə getmişdi.

Ata həsrətini dünyaya göz açdığı gündən hiss edən Davud böyüdükcə bu nisgili onun bərabər böyümüş sonradan onun yaradıcılığında bir mövzuya çevrilmişdir. Fikrimcə, Davudun yaradıcılığında mövzu baxımından ən çox müraciət olunan mövzudur. Mənim qənaətimcə, Ata həsrətli şeirləri ilə Davud Nəsib poeziyamıza bir "Ata"  mövzusu gətirmişdir:

Bilməyənlər qoy bilsin...
...Qoy hamıya deyilsin.
Ata dəlisiyəm mən,
Ata vurğunuyam mən.
Bu dərddən Davud xəstə,
Eşitsin, bilsin hamı.
Mən ölsəm, qəbrim üstə,
Salın yada laylamı:
Çalın mənim mahnımı,
Çalın ata laylamı.
                        "Ata laylası" 

Davud Nəsib yaradıcılığından söhbət açarkən onun ömrünün son dövrlərində yazdığı "Cavanşir" "Cavanşirsiz məmləkət" romanlarından danışmamaq mümkün deyil. Uzun illərin gərgin axtarışlarının yaradıcılıq istedadının nəticəsi olaraq, onun qələmindən çox maraqlı romanlar çıxıb.

Mənim fikrimcə, Davud Nəsib elə bu romanları yazmaqla özünü Azərbaycan ədəbiyyatı tarixinə yazmış oldu. Davud Nəsibin hər iki romanı bir çağırışdır, həyəcan təbilidir, gələcək nəsillərə xitabdır fikrimcə, o hər iki əsəri yaratmaqla məqsədinə nail olub.

Ruhun şad olsun, Davud!

Ramiz GÖYÜŞOV

 

 





22.02.2014    çap et  çap et