525.Az

Dərsliklərin tərtibində yeni istiqamətlər: müasir təcrübə və beynəlxalq əməkdaşlıq


 

Dərsliklərin tərtibində yeni istiqamətlər: <b style="color:red">müasir təcrübə və beynəlxalq əməkdaşlıq</b>

2020-ci ildə ölkənin dövlət ümumi təhsil müəssisələrinin I-XI sinifləri üçün 339 adda 7233214 nüsxə dərslik və metodik vəsait çap edilib.

2020-2021-ci tədris ilindən bütün dövlət ümumi təhsil müəssisələrində yeni dərsliklər istifadəyə verilib. Dərsliklər sırasında I sinif  "Azərbaycan dili (tədris dili)", I sinif  "Riyaziyyat", I sinif "Azərbaycan dili (dövlət dili)" fənni üzrə dərsliklər yer alır. Y2020-2021-ci tədris ilindən istifadəyə verilən yeni dərsliklər sırasında "Macmillan" Nəşriyyatının "İngilis dili" fənni üzrə 1-ci siniflər üçün hazırladığı "Happy Campers" dərsliyi də yer alır.

"Edumedia-Azərbaycan" şirkəti tərəfindən yerli kontekstə və müvafiq təhsil proqramına uyğunlaşdırılan bu dərslik komplektinin məzmunu ibtidai sinif şagirdlərinin yaş psixologiyası xüsusiyyətləri nəzərə alınaraq, çoxlu sayda musiqi və didaktik oyunlardan ibarət dərs materialları ilə təchiz edilib.

2020-2021-ci tədris ilindən istifadəyə verilən I sinif Azərbaycan dili (dövlət dili) üzrə dərslik yeni nəsil dərsliklərin sırasındadır.

Bu ildən etibarən təlim digər dillərdə aparılan məktəblərdə Azərbaycan dili dövlət dili kimi yeni dərslik əsasında tədris olunur. Bu dərslik təlim digər dillərdə aparılan ibtidai siniflərdə Azərbaycan dilinin dövlət dili kimi tədrisi resursu olub, məzmun, quruluş və tərtibat konsepsiyası baxımından qabaqcıl beynəlxalq təcrübəyə əsaslanır.

Yeni dərsliklərin hazırlanmasında dünya ölkələrinin kurikulumları araşdırılıb, beynəlxalq qiymətləndirmə tədqiqatları öyrənilib.

Təhsil Nazirliyi tərəfindən riyaziyyat fənni üzrə təhsil proqramının və ümumi təhsil müəssisələrində istifadə edilən dərsliklərin müasirliyini, həmçinin, rəqabətliliyini təmin etmək məqsədilə yeni layihəyə start verilir. Belə ki, bununla bağlı dünyanın bir çox ölkələrinin riyaziyyat fənni üzrə standartlarını və dərsliklərini uğurla təkmilləşdirmiş Sinqapurun Marşal Kavendiş İnstitutu ilə Marşal Kavendiş İnstitutu və Təhsil İnstitutu tərəfindən birgə icra olunacaq layihənin birinci mərhələsində azərbaycanlı fənn mütəxəssisləri sinqapurlu mütəxəssislərin riyaziyyat fənni üzrə təhsil proqramının nəzərdən keçirilməsi və təhlili üçün distant təlimlərdə iştirak edəcəklər. Əlavə olaraq, yerli mütəxəssislər riyaziyyat fənni üzrə ölkədə tətbiq olunan təlim və tədris materiallarının təhlili istiqamətində də təlimləndiriləcəklər. Növbəti mərhələlərdə sinqapurlu mütəxəssislərin tövsiyəsi əsasında yerli mütəxəssislər riyaziyyat fənninin tədrisi üzrə cari vəziyyəti təhlil etdikdən sonra müasir dövrün tələblərini və beynəlxalq təcrübələri nəzərə alaraq, riyaziyyat fənni üzrə təhsil proqramında və dərsliklərdə təkmilləşdirmə işləri aparacaqlar. Sonda sözügedən layihə çərçivəsində riyaziyyat kurikulumunun və I-IX sinif riyaziyyat təlim və tədris materiallarının təhlilinə dair iki hesabat və tövsiyə sənədi hazırlanaraq Təhsil Nazirliyinə təqdim olunacaq.

Professor Rafiq Əliyev deyir ki, PISA, TIMSS və PIRLS kimi ümumi təhsil üzrə aparılan tədqiqatların nəticəsindən yola çıxan Təhsil İnstitutu artıq ötən ildən təşəbbüsü ələ alaraq beynəlxalq standartlara cavab verən təhsil proqramları və dərsliklər hazırlamağa başlayıb. O,  təhsildə nailiyyətləri ilə fərqlənən Sinqapurla əməkdaşlıq çərçivəsində hazırlanacaq "Təbiət" dərsliyinin də ictimaiyyət və təhsil icması tərəfindən müsbət qarşılanacağına əminliyini ifadə edir.

Xəzər Universitetinin təsisçisi, təhsil ocağının Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı bildirib ki, Təhsil institutunun təbiət elmləri və riyaziyyat üzrə təkmilləşdirəcəyi dərsliklər bu fənlərin tədrisinə yeni yanaşma gətirməklə bərabər, şagirdlərimizin də PISA və TIMSS kimi beynəlxalq qiymətləndirmə tədqiqatlarında daha yüksək nəticə göstərmələrinə səbəb olacaq: "Bu gün həmin tədqiqatlara texnologiya və sənayedə öz sözünü demiş Sinqapur, Koreya kimi ölkələr liderlik edir. Təhsil və iqtisadiyyat arasındakı korelasiyaya baxsaq, burada güclü təhsil ilə silahlanmış insan kapitalının əməyini rahatlıqla görmək olur".

Bakı Mühəndislik Universitetinin dosenti Elçin Süleymanovun fikrincə, Sinqapur təhsil sistemi dünya reallıqlarına və hədəflərinə ən çevik reaksiya sərgiləmiş, Asiya regionunun ən təşəbbüskar, yenilikçi ölkəsidir: "Sinqapurlu şagirdlərin son illərdə beynəlxalq qiymətləndirmələrdə uğurlar qazanmasının bir amili də məktəb dərsliklərinin keyfiyyətli, müasir çağırışları tam ehtiva etməsidir. Bu mənada Təhsil Nazirliyinin dərsliklərin modernləşdirilməsi sahəsində təşəbbüsünü çox yüksək qiymətləndirirəm".



Azərbaycan Milli Elmlər Akademiyasının dosenti Əfsun Suçayev qeyd edib ki, son illərdə ümumtəhsil şagirdlərinin təbiət elmləri sahəsində biliklərinin inkişaf etdirilməsi zərurəti dünya təhsil sistemində bir trend halını alıb: "Məhz elmi nailiyyətlər ölkələrin rəqabət qabiliyyətliliyinin güclənməsinə xidmət edən güclü faktora çevrilib. Bu faktor Sinqapurun təhsil sistemində gördüyümüz uğurların əsasında dayanır. Bu uğurlar Sinqapuru dünya ölkələrinə liderlik edən ən yaxşı təhsil sistemlərindən birinə sahiblik edib. Buna görə də Təhsil Nazirliyinin təşəbbüsünü çox vacib və uğurlu hesab edirəm".

Təhsil eksperti Kamran Əsədov deyir ki, dünyanın sürətlə inkişaf edən təhsil sistemlərində keyfiyyət dəyişikliklərinin əsasında dövrün reallıqlarına cavab verməyən tədris vəsaitləri və resurlarının yenilənməsi durur. Son illərdə dünyanın ən yaxşı təhsil sisteminə malik olan Sinqapurun bu sahədə əldə etdiyi nailiyyətlər də ciddi maraq doğurur. Təhsil Nazirliyi də belə bir zəmində dərsliklərin təkmilləşdirilməsi istiqamətində Sinqapurla əməkdaşlığa geniş önəm verir: "Bu sahədə artıq ilkin addım atılıb. Məqsəd təcrübə mübadiləsi etmək, təbiət fənləri üzrə təhsil proqramlarını, habelə dərslik komplektlərini təkmilləşdirməkdir".

Ekspert qeyd edib ki, bu gün artıq dünyanın bir sıra ölkələrində riyaziyyatın, fizika və kimyanın tədrisi zamanı sinqapurlu metodistlərin də iştirakı ilə "Sinqapur metodu"ndan istifadə edilərək nailiyyət əldə olunur. Rusiya Federasiyası Tatarıstan vilayəti Aznakayevo şəhər 2 nömrəli məktəb də Sinqapur metodu ilə işləyir.

K.Əsədov vurğulayıb ki, Nazirlər Kabinetinin Qərarı ilə "Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları" təsdiq olunub. Sənədə əsasən V sinifdə "Təbiət" fənninin tədrisi planlaşdırılır. Bu məqsədlə Sinqapur nəşriyyatı ilə birgə layihənin ilkin mərhələsində xarici mütəxəssislərin konsultasiyası əsasında ibtidai təhsil səviyyəsində təbiət elmlərinin tədrisi üzrə kurikulum, təlim və tədris materialları təhlil olunacaq. Həmçinin, beynəlxalq təcrübə və 21-ci əsrin tələbləri araşdırılacaq, müvafiq tövsiyələrə əsasən yenilənmə işləri aparılacaq. Təbiət elmləri üzrə təhsil proqramlarının təkmilləşdirilməsi və dərsliklərin hazırlanması məqsədilə azərbaycanlı fənn mütəxəssislərinə distant təlimlər keçiriləcək: "Layihə çərçivəsində I-IV sinif "Həyat bilgisi" fənni üzrə təhsil proqramındakı təbiət elmlərinə dair məzmun standartları yenilənəcək və yeni V sinif "Təbiət" fənni üzrə məzmun standartları yazılacaq. Bununla yanaşı, V sinif "Təbiət" fənni üzrə dərslik konsepsiyası və bu konsepsiya əsasında yeni dərslik komplekti hazırlanacaq".

Ekspertin sözlərinə görə, ümumi təhsil sahəsində aparılan beynəlxalq qiymətləndirmə tədqiqatlarına əsasən, Sinqapur dünya ölkələrinə liderlik edən ən yaxşı təhsil sistemlərindən birinə sahibdir: "14 yaşlı sinqapurlu şagirdlər ortalama 621 bal toplayaraq Riyaziyyat və Təbiət elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Proqramının (TIMSS - Trends in International Mathematics and Science Study) 2015-ci il nəticələrinə əsasən riyaziyyat fənni üzrə 57 ölkədən olan 600 000 şagird arasında I yeri tutublar. Həmçinin, Şagird Nailiyyətlərinin Beynəlxalq Qiymətləndirilməsi Proqramının (PISA - Programme for International Student Assessment) 2018-ci il hesabatına əsasən riyaziyyat fənni üzrə blokda Sinqapurun 15 yaşlı şagirdləri ortalama 569 ballıq uğurlu nəticə göstərərək İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələri arasında 2-ci yerə sahib olublar".

Sevinc QARAYEVA

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

 





06.01.2021    çap et  çap et