|
|
|
|
Sosial şəbəkələrdə parlayanlar
Sosial şəbəkələr bəzən məşhurluq üçün televiziyadan, mətbuatdan daha çox təsir gücünə malik olur. Ekranlarda çox da diqqət etmədiyimiz istedadlar sosial şəbəkə, xüsusən də ölkəmizdə populyar olan İnstaqram vasitəsi ilə bir anda məşhurluq qazana bilirlər. Bunun ən bariz nümunələrindən biri kimi ifalarını sosial şəbəkədə yerləşdirən və bir neçə gün içində məşhurlaşan Aslan Abdullayevin adını qeyd etmək olar.
Rubrikamızın növbəti qonağı Aslan Abdullayevlə söhbəti təqdim edirik.
***
- Hazırda elə bir dövrdəyik ki, insanların əksəriyyəti artıq sosial media vasitəsilə böyük işlər görür. Hətta bəzi evlərdə televizoru izləyən belə yoxdur. Bu da sosial şəbəkənin üstünlüyünü bir daha ortaya qoyur. Özüm də işlərimin çoxunu sosial şəbəkə vasitəsilə həyata keçirdiyim üçün bu platformalardan çox razıyam.
- İzləyiciləriniz tərəfindən ifalarınıza daha çox müsbət, yoxsa mənfi rəylər gəlir?
- Mənfi rəylər demək olar ki, yoxdur. Çünki bizi izləyənlər, sevərək izləyənlərdir. Mən də onların hər birinə ayrı-ayrılıqda minnətdaram, izləyicilərim mənim üçün çox dəyərlidir.
- Əsasən, canlı məkanlarda çıxış edirsiniz. İştirak etdiyiniz verilişlərdə də fonoqram ifa etmirsiniz. Bəzi ifaçılar isə fonoqram ifalara üstünlük verir. Bunun səbəbi canlı ifanın çətinliyi ilə bağlıdır, ya necə?
- Bildiyimiz kimi, hazırda əlinə mikrafon alıb oxuyanların bir çoxu studiyada şeir də desələr, onsuz da kompüter vasitəsilə montaj edilir. Artıq üç ilə yaxındır ki, canlı səhnələr alıram və sonuncu dəfə fonoqram oxuduğum yadımda deyil, daha çox canlı ifalara üstünlük verirəm.
- İfa etdiyiniz türk mahnıları səsinizin rənginə olduqca uyğundur və gözəl səslənir. İfaları Türkiyədə sevilən bir çox ifaçılar sənətlərini orada davam etdirirlər. Siz bu barədə düşünmüsünüzmü?
- Açığı, mən muğam üzrə təhsil almışam, amma estrada və türk janrına da üstünlük verirəm. Çünki canlı səhnə aldığım zaman, bu musiqilər məndən çox istənilir. Həmin mahnıları mənim ifamda bəyənənlərə də təşəkkürümü bildirirəm.
Keçən il isə "O Səs Türkiyə" yarışmasının 4 turunu keçdim və iştirak üçün proqrama dəvət edildim, amma bəzi səbəblərdən iştirakım baş tutmadı.
- Musiqi sahəsində təhsil aldığınız zaman Zakir Əliyev və Gülyaz Məmmədovadan dərs almısınız. Yəqin ki, ifa tərzinizin rəngarəngliyində onların da rolu var...
- Zakir Əliyev mənim 6 yaşımda Sumqayıt şəhər 3 nömrəli musiqi məktəbində təhsil aldığım zamandan bəri müəlimim olub. Gülyaz Məmmədova isə Bakı Mədəni Maarif kollecinde oxuduğum zaman 4 il müəliməm olub. Çox xoşbəxtəm ki, o cür sənətkarlardan təhsil almışam. Onların üzərimdəki əməyi danılmazdır.
- Gənclərin zövqünə uyğun olaraq pop musiqilərə daha çox yer versəniz də, sizin ifanızda xalq mahnıları da gözəl alınır. Nə üçün xalq mahnılarını ifa etməyə üstünlük vermirsiniz?
- Xalq mahnılarına üstünlük verirəm, hər zaman da belə olacaq, sadəcə addım-addım irəliləməyə çalışıram. Özüm də gənc ifaçı olduğuma görə, gələcək nəslin zövqünü yeniləmək istəyirəm. Bu yeniliyə xalq mahnılarımız da daxildir, lakin bunlar bir qədər vaxt tələb edir. Düşünürəm ki, zamanla hər şey öz yolunu tapacaq.
- Müasir və retro sənətkarlardan kimlərin ifasını dinləyirsiniz?
- Əvvəlcə retro sənətkarlarımızdan başlamaq istəyirəm, çünki bizə miras qoyduqları musiqilər hər zaman yaşayacaq və nəsildən-nəslə ötürüləcək. Məsələn, Şövkət Ələkbərova, Oktay Ağayev, Akif İslamzadə, Xan Şuşinski, Sara Qədimova və s. Əslində, bu sənətkarların siyahısını saydıqca bitməz. Ancaq müasirlərdən ad çəkə bilməyəcəyəm, istedadlı gənclərimiz çoxdur, birini deyib, o birini deməsəm, haqsızlıq olar.
- Sizcə, bu gün gənclərin bayağı musiqilərə üstünlük verməsinin səbəbi nədir?
- Gənclərin bayağı musiqiyə üstünlük verməsinin əsas səbəbi əhatəsinin həmin mühitdə olmasıdır. Bu gün insanlar adi statusu belə bir-birindən köçürürlər. Gənclər gərək əhatəsini dəyişsin ki, zövqü və xarakteri də özü ilə birgə dəyişsin.
Açığı, bu bayağı musiqi nümunələri zəngin mədəniyyəti olan bir xalqın musiqisinə böyük zərbədir. Azərbaycan dövlətinin musiqi mədəniyyətinə verdiyi dəstək, göstərdiyi qayğı yetərincədir. Düşünürəm ki, vaxt gələcək, bayağı mahnılar itib-batacaq...
- Gələcəkdə musiqi ilə bağlı hansı planlarınız var?
- Bu yaşıma qədər hər şeyi öz zəhmətimlə əldə etmişəm və belə də davam edəcəyəm. Ümid edirəm ki, Tanrı bu əziyyətimi dəyərləndirəcək, bundan sonrakı işlərimin necə olacağını isə zaman özü göstərəcək.
Günel ABBAS