525.Az

Reyno: həm xəstəlik, həm sindrom


 

Reyno: həm xəstəlik, həm sindrom<b style="color:red"></b>

Bu gün geniş yayılan xəstəlik və sindromlardan biri də reynodur. Həm xəstəlik, həm də sindrom olan reyno xüsusən qadınlarda daha çox rast gəlinir və 13-14 yaşdan etibarən özünü göstərməyə başlayır. Bəs bu xəstəliyin əlamətləri nədir və necə yaranır?

525.az xəbər verir ki, onun yaranma səbəbləri dəqiq məlum deyil. Reyno adətən qan-damar xəstəlikləri, dermatimozoid, sklerodermiya kimi xəstəliklərin fonunda inkişaf edir. Onu əmələ gətirən amillərə stress, temperaturun həddən artıq soyuması, müxtəlif növ infeksiyalar, endokrin pozulmalar aid edilə bilər.

Reyno sindromu xəstəliklə müqayisədə daha çətin müalicə olunur və təkbaşına bədənə təsir etmir. Əsasən, təzyiq, miqren, damar divarlarının müalicəsiylə bağlı qəbul edilən dərmanlar damarlarda reyno sindromunu yaradır. Xüsusən, əl-ayaq, burun, qulaqlardakı damarlara təsir edən sindrom bir növ astma kimi ataklarla müşayiət olunur. Sindrom yarandıqdan sonra damar divarlarında büzüşmələr, qurumalar başlayır, qıcolmalar isə sindromun dərəcəsindən asılı olaraq dəyişə bilir. Lakin bu, qısa müddət davam edir və sonra əl-ayaqlar normal vəziyyətinə qayıdır.

Eyni adlı xəstəlik isə 3 mərhələdə inkişaf edir: angiospastik, məhəlli asfiksiya və nekroz.

Angiospastik mərhələdə yuxarı ətraf damarlarının sıxılması nəticəsində barmaqların ucu ağarır, əl soyuyur, dəri solğunlaşır, hissiyat zəifləyir, ətraflarda ağrı və paresteziya olur. Damarlarda spazma keçdikdən sonra barmaqların solğunluğu sianozla əvəz olunur və nəhayət, onlarda hiperemiya baş verir. Bu zaman xəstə barmaqlarında istilik, yanğı hissi, bəzən də iynə-sancaq batma hissi keçirir. Belə vəziyyət müxtəlif xəstələrdə fərqli müddətdə davam edir.

Məhəlli asfiksiya mərhələsində isə ilk növbədə, venoz durğunluğu baş verir. Nəticədə dəri göyərir, yaxud mərmər şəklini alır. Bu dövrdə ağrı, paresteziya və hissiyat pozğunluğu kəskinləşir, dəri quruyur və ətraflar soyuyur.

Nekroz mərhələsi isə barmaqların ucunun, dərinin nekrozlaşması ilə nəticələnir. Reyno xəstəliyindən qorunmaq üçün mütləq şəkildə əlləri həddən artıq soyumaqdan qorumaq, eləcə də alkoqoldan, narkotikdən və kofein tərkibli içkilərdən uzaq durmaq lazımdır.

Afaq RZA

 





07.01.2021    çap et  çap et