"Qazi Qarabağ" azanı cəbhə xəttində yenidən səslənməkdədir
"Yeniufuq.org"-un verdiyi məlumata görə bu gün “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Xocalı faciəsinin ildönümü münasibətilə Tərtərin cəbhə xəttində yerləşən Şıxarx kəndində tədbir keçirib. Tədbirdə ilk olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Haqqın və Haqqımızın səsi ilə” layihəsinə dəstək məqsədilə “Qazi Qarabağ” azanı səsləndirilib.
Cəbhə xəttində müxtəlif çətinliklərə qəhrəmancasına müqavimət göstərən yerli əhali ilə görüşən “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Əzimbəyli bildirib ki, hər bir zaman buradakı insanlarla qürur duyurlar. Birlik sədri Azərbaycan dövlətinin tez bir zamanda doğma Qarabağın işğaldan azad edəcəyinə əminliyini bildirib. Birliyin təmsilçiləri cəbhə xəttində yerləşən Sarvan Quliyev adına 2 saylı tam orta məktəbdə şagirdləri də ziyarət ediblər.
Görüşdə iştirak edən Qarabağ Seyid Ocaqlarının təmsilçisi Seyid Camal Əzimbəyli cəbhə xəttindəki məktəbdə təhsil alan şagirdləri dövrün qəhrəmanları adlandırıb. O, Qarabağ məktəblilərini Vətən və millət sevgisində bütün ölkəyə nümunə olmağa səsləyib. Tədbirdə “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin gənclər üzrə təmsilçisi Elvin Süleymanov da çıxış edərək bildirib ki, Qarabağa gedən yollar heç də uzaqda deyil.
Tədbirdə Bakı Atatürk liseyinin 9-cu sinif şagirdi Mirrəsil Əzimbəylinin duyğulu çıxışı həmyaşıdları tərəfindən sevgiylə qarşılanıb. Tərtər şəhəri, Şıxarx kənd icra nümayəndəsi Mübariz Cabbarov və 2 saylı tam orta məktəbin direktoru Tofiq Hacıyev ”Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinə öz dərin təşəkkürlərini bildiriblər. Sonda “Yeni Üfüq”çülər 2 saylı məktəbin şagirdlərinə öz hədiyyələrini təqdim ediblər.


çap et