525.Az

"Bu dərdin təsəllisi yox..." - Şahanə Müşfiqdən elegiya


 

YAZIÇI AYSEL NƏSİRZADƏNİN ÖVLAD İTKİSİNƏ - TOĞRUL BALASINA ELEGİYA ƏVƏZİ

"Bu dərdin təsəllisi yox..." - <b style="color:red">Şahanə Müşfiqdən elegiya</b>

Həyat sirlərlə, müəmmalarla doludur. Açılan hər sabahın bizə hansı sürprizlər gətirəcəyini nə əvvəldən bilə, nə də görə bilərik. Bütün bu müəmmaların içərisində bizim payımıza düşən isə bacardığımız qədər yaşamaq və həyatın bizə gətirdiklərini ya qəbul etmək, ya da sadəcə öyrəşməkdir.

Ən çıxılmaz durumlara, ən çarəsiz vəziyyətlərə belə alışır, ən sağalmaz yarayla belə yaşamağı öyrənir insan oğlu.

Sevdiklərimiz əlimizdən bir quş kimi uçub gedərkən arxasıyca nə qədər göz yaşı töksək, nə qədər ah-nalə çəksək də, yaşayırıq, yaşamağa davam edirik. Ya geridə qalanların, ya da elə o gedənin xatirələrinin xətrinə. Qəlbimizdə və varlığımızda itirdiklərimizi yaşatmaq missiyasına bürünürük acı çəkə-çəkə.

Övlad itkisi isə hər bir valideyn üçün ən çətini, ən dözülməzidir yəqin ki. Amma yenə həmin övladın xətrinə, onu bu dünyada yaşatmaq naminə yaşayır analar, atalar.

İllərdir müharibə şəraitində yaşayan xalq kimi aramızda bala dağıyla sınanan çox şəhid anaları, ataları var. Azərbaycanın ərazi bütövlüyü uğrunda 2020-ci ilin sentyabrında başlanan və 44 gün davam edən II Qarabağ müharibəmiz də üç minə yaxın vətən övladının şəhidliyi ilə nəticələndi. Onlardan geriyə yenə sinəsi dağlı, gözləri yaşlı, amma başı dik, qəlbi qürurlu analar, atalar qaldı. Bu günlərdə hər birimiz o şəhid analarının dərdini az da olsa yüngülləşdirmək, onlara kiçik də olsa təsəlli ola bilmək üçün əlimizdən gələni etməyə çalışdıq. Xüsusən yazıçılar, jurnalistlər öz qələmləri vasitəsiylə şəhidlərimizi xalqa tanıtmağa, heç olmasa bununla şəhid analarının dərdinə şərik olmağa çalışırlar. Onlardan biri də yazıçı Aysel Nəsirzadədir. Aysel xanım bir neçə dəfə "525-ci qəzet"in səhifələrində də şəhidlərimizdən bəhs edib, onların həyatını, ailəsini, keçdiyi döyüş yolunu qələmə alaraq, bizə tanıdıb. Onunla söhbətlərimizdə hər dəfə bu yazıların belə şəhidlərin valideynləri üçün necə önəmli olduğunu ürək ağrısı ilə qeyd edirdi. Onda yəqin nə mənim, nə də Aysel xanımın özünün ağlına gələrdi ki, çox keçmədən onun öz balası üçün də xatirə yazısı yazılacaq.

Təəssüf ki, bu gün Aysel xanım da övlad itkisi ilə sınanan analar sırasındadır. İki oğul anası olan Aysel Nəsirzadə 2021-ci il girər-girməz böyük bir itkiylə üz-üzə qaldı. Onun on yaşlı oğlu Toğrul Bağırzadə bu dünyada qərar tuta bilmədi, yanvarın 2-si günü bir mələyə dönüb ruhlar dünyasının sakininə çevrildi. 2010-cu il noyabrın 4-də anadan olan Toğrul balamız amansız xəstəliyin qurbanına çevrildi, kiçik bədəni bu mübarizəyə tab gətirə bilmədi.

Hər zaman qəlbi Allahla döyünən, Tanrıdan gələnə "şükür" deyib qəbul etməyi bilən Aysel xanım bu dərdin qarşısında da mətin və dözümlü dayanıb. Toğruldan balaca digər oğlunu yaşatmaq üçün həyatdan var gücüylə yapışıb. Amma əlbəttə, onun missiyası bununla tamamlanmır. Bundan sonrakı həyatında bu dünyada on il ömür sürmüş Toğrulunun on illik əziz xatirəsini əbədi qəlbində, ruhunda və varlığında yaşadacaq. Bu yolda ona və bütün ailəsinə sonsuz səbr diləyir, mələklərin arasında qərar tutmuş Toğrul balamızı sevgiylə anırıq.

Şair Xəyalə Sevil, hələ körpə ikən bu dünyayla vidalaşan Toğrulu bu misralarla yad edib:

Daha səhərlər açılmaz
Balanın yatdığı yerə.
Orda torpaq sığal çəkir
Həyat qanatdığı yerə.

Bu dərdin təsəllisi yox,
Ömürdü də, bəllisi yox,
Sözün düz-əməllisi yox,
Deyəsən çatdığı yerə.

Sağ gedirik, sol gedirik,
Üzü ona yol gedirik,
Tanrı deyir - gəl, gedirik
Günəşin batdığı yerə.

Allah rəhmət eləsin!

 





07.01.2021    çap et  çap et