525.Az

Vətən sizə oğul dedi... - Günel Abbas Ağcabədi şəhidlərindən yazır


 

Vətən sizə oğul dedi... - <b style="color:red">Günel Abbas Ağcabədi şəhidlərindən yazır</b>

Qəhrəmanlığı şərtləndirən başlıca amillərdən biri də vətənpərvərlik hissidir. 44 günlük Vətən müharibəsi zamanı neçə-neçə igidlərin, qəhrəmanların şəxsi rəşadəti sayəsində, canı-qanı bahasına neçə illlərdən bəri əsarət altında olan torpaqlarımız işqaldan azad edildi.

Şəhidlik zirvəsinə yüksələn o qəhrəman oğullarımızı torpaqlarımızın azadlığı uğrunda mücadiləyə sövq edən Vətən sevgisi, vətənpərvərlik hissi idi. Onları tanımaq hər birimizin borcumuzdur.

Vətən müharibəsində canını fəda edən igidlərimizdən biri də döyüşlərdə əsgərlərin həyatını xilas edərkən şəhid olan həkim Tariyel Salmanovdur.



Salmanov Tariyel Allahverdi oğlu 1988-ci il fevralın 7-si Ağcabədi rayonunun Kəhrizli kəndində anadan olub. 1994-2005-ci illərdə Kəhrizli kənd orta məktəbində təhsil alıb. Orta məktəbi bitirdikdən sonra 2006-cı ildə Azərbaycan Dövlət Tibbi Universitetinin stomatologiya ixtisasına qəbul olunub, 2011-ci ildə Universiteti müvəffəqiyyətlə bitirib. Həmin ilin oktyabr ayından 2013-cü ilin aprel ayına qədər Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində hərbi xidmət keçib və tibb xidməti leytenantı rütbəsi ilə hərbi xidmətini tamamlayıb. Hərbi xidməti bitirdikdən sonra Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında həkim-stomatoloq ixtisası üzrə əmək fəaliyyətinə başlayıb. Ayrı-ayrı illərdə ölkəmizdə və xaricdə (Türkiyə və BƏƏ) keçirilən ixtisas artırma kurslarında, seminarlarda və konfranslarda iştirak edib. 2020-ci il sentyabrın 29-da qismən səfərbərlik elan olunarkən yenidən Hərbi xidmətə çağırılıb. Tariyel həkim hər işində vicdanlı olduğu kimi, müharibə dövründə həkimlik işinə də sadiq qalaraq düşmənin silahlı hücumu zamanı yaralanmış əsgərlərə yerində ilkin tibb yardım göstərərib. Atası Allahverdi Salmanovun dediyinə görə, Tariyel 100 nəfərdən artıq yaralı asgəri qucağında və çiynində tibb məntəqələrinə təxliyə edib. 2020-ci il oktyabr ayının 7-dən 8-nə keçən gecə Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə hərbi andına sadiq qalaraq, mətinlik və mərdlik nümayiş etdirərək qəhrəmancasına şəhid olub.

Tariyel həkimin Ləman adlı bir qızı var. Ən böyük arzusu qızı Ləmanın da həkim olması imiş. Həyat yoldaşı Ayna xanımın dediyinə görə, qızına "Ləman həkim" deyə səslənərmiş. Qeyd edək ki, Tariyel həkim hələ uşaq yaşlarında anasını itirmiş və bibisinin himayəsində böyümüşdü.

Atası deyir ki, Tariyel hələ Tovuz döyüşləri zamanı hərbi komissarlığa müraciət edərək cəbhəyə getmək istədiyini bildirsə də, səfərbərlik olmadığından müraciətinə mənfi cavab almışdı.

Tariyel həkim doğulduğu Kəhrizli kəndinin qəbiristanlığında dəfn edilib.

***

Tapdıqov Azad Azər oğlu 1 yanvar 1997-ci ildə Ağcabədi rayonunun Avşar kəndində anadan olub. O, 2004-cü ildə Nizami adına 1 saylı tam orta məktəbin 1-ci sinfinə gedib, 2015-ci ildə orta təhsilini başa vurub. Elə həmin il Milli Ordu sıralarına çağırılıb. 2017-ci ilin yanvarında ordudan tərxis olunub. Vətən müharibəsi başlanana qədər müxtəlif işlərdə çalışıb. Vətənin bir çox oğlu kimi, o da könüllü olaraq döyüşlərə atılıb. Vətəni canı qədər sevən Azad oktyabrın 9-da Füzuli istiqamətində gedən şiddətli döyüşlərdə şəhid olub.

***



Əliyev Mirağa Musa oğlu 2000-ci il avqustun 29-da Ağcabədi rayonunun Xocavənd kəndində anadan olub. 2018-ci il avqustun 25-dən Hərbi Dəniz Qüvvələrində xidmətə başlayıb. Hərbi xidməti 2020-ci il aprelin 22-də fərqlənməylə bitirib. Sentyabrın 21-dən isə döyüş təlimlərində iştirak edib.

Ailəsinin dediyinə görə, hələ uşaq yaşlarından hərbi verilişləri sevə-sevə izləyir, torpaqların azad olunacağı günü səbirsizliklə gözləyirmiş. Bəlkə də bu sevgi ona Birinci Qarabağ döyüşlərinin veteranı olan atası tərəfindən aşılanıb.
 
Atası Əliyev Musa deyir ki, iki bacının bir qardaşı olan Mirağa çox təvazökar və fədakar idi. Elə bunun nəticəsidir ki, o, Füzuli uğrunda döyüşlərdə öndə gedənlərdən, kəşfiyyat komandasında iştirak edənlərdən biri olub. Əsgər yoldaşlarına "Siz evlisiniz, ailəniz, uşaqlarınız var, mən öndə gedəcəyəm" deyərək özünü fəda edib. Döyüşlər zamanı raket atəşi nəticəsində ürəyindən qəlpə yarası alaraq şəhid olub. Əliyev Mirağa Musa oğlu 30 oktyabr 2020-ci ildə Xocavənd kəndində torpağa tapşırılıb.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

***



Əsədov Murad Rüstəm oğlu 1999-cu dekabrın 15-də Ağcəbədi rayonunun Şərəfxanlı kəndində anadan olub. Murad ailənin 9 ildən sonra doğulan tək övladı olub. Həqiqi hərbi xidmətini Naxçıvanda keçib və hərbi xidmətdən keçən ilin iyulunda qayıdıb. Bu il sentyabrın 29-da Vətən müharibəsi başlayan zaman könüllü olaraq hərbi xidmətə yollanıb.

Murad onlarla düşmən əsgərini təkbaşına məhv edən cəsur döyüşçü olub. 2020-ci il oktyabrın 10-da Füzuli uğrunda gedən gərgin döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhid olmazdan bir neçə saat öncə evə zəng edərək halallıq almaq istədiyini deyib.

***



Gizir Məmmədov Sahil Ədalət oğlu 1996-cı il iyul ayının 12-də Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində anadan olub. Orta təhsilini Alı Mustafayev adına məktəbdə alıb. Həqiqi hərbi xidmət zamanı taqım komandiri olub.

Sentyabr 27-də döyüşlər başlayan gündən Vətənin igid oğlu özünü cəbhəyə yetirib. Füzuli, Cəbrayıl, Hadrud və Xocavənd rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Ailəsinin dediyinə görə, baş nahiyəsindən ağır travma alaraq yaralanan Sahil bir neçə günün içində yenidən cəbhəyə, döyüş yoldaşlarının yanına yollanıb. Qardaşının dediyi kimi, Sahil qəhrəman kimi döyüşüb, qəhrəmancasına şəhid olub.

Oktyabrın 25-də Xocavənd istiqamətində gedən şiddətli döyüşlərdə şəhid olan Sahil Məmmədov Ağcabədi rayonundakı Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə müxtəlif - Vətən uğrunda, eləcə də Cəbrayıl və Füzuli rayonlarının azad olunmasına görə - medallarla təltif olunub.

***



Hüseynov Ceyhun Möhübbət oğlu 1991-ci il oktyabrın 5-də Ağcabədi rayonunun Arasbar kəndində anadan olub. Orta təhsilini Cavanşir Həsənov adına məktəbdə alıb. Həqiqi hərbi xidmətini top komandiri kimi başa vuran Ceyhun 4 il sonra müddətdən artıq hərbi xidmətə başlayıb. 

C.Hüseynov 2016-cı ilin Aprel döyüşlərinin də iştirakçı olub. Vətən müharibəsi başlayan zaman cəbhəyə yollanan Ceyhun minaatan qurğularından məharətlə istifadə edərək Xocavənd rayonunda düşmənin məhv edilməsində böyük şücaət göstərib. Hərbçi yoldaşlarının dediyinə görə, düşmənin çox sayda canlı qüvvəsini və texnikasını sıradan çıxaran Ceyhun döyüşlərdə cəbhə yoldaşlarının həyatını dəfələrlə xilas edib.
 
Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "İgidliyə görə" və "Xocavənd rayonunun azad olunmasına görə" medalları ilə təltif olunub.

***



Xüsusi Təyinatlı Qüvvələrinin çavuşu Piriyev Elsevər Mahir oğlu 1995-ci il iyunun 12-də Ağcabədi rayonu Arasbar kəndində anadan olub. Həqiqi hərbi xidmətini Bakıda başa vuran Elsevər sonradan XTQ-də çavuş olaraq çalışmağa başlayıb. Vətən müharibəsinin ilk günlərindən cəbhəyə yollanan Elsevər Murovdağ, Füzuli, Cəbrayıl və Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərərək döyüşüb.

XTQ-nin qəhrəman əsgəri Elsevər Piriyev Hadrut istiqamətində gedən şiddətli döyüşlərdə şəhadətə yetişib.

Elsevər Piriyev doğulduğu Arasbar kəndində torpağa tapşırılıb. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Vətən uğrunda,  Füzuli və Cəbrayıl rayonlarının azad olunmasına görə medalları ilə təltif olunub.

Qeyd edək ki, şəhidimizin Vətənə əmanət iki oğlan övladı qalıb.

Allahdan torpaqlarımızın azadlığı uğrunda şəhid olan bütün Vətən oğullarına rəhmət, ailələrinə isə səbir diləyirik.

Günel ABBAS

 





07.01.2021    çap et  çap et