525.Az

Səndən bir məktub qaldımı, şəhid Cuvarov? - Şəfa Vəlinin essesi


 

Səndən bir məktub qaldımı, şəhid Cuvarov? - <b style="color:red">Şəfa Vəlinin essesi </b>

1930-cu illərin bozumtul rənglərinə hopmuş bir uşaqlıqda, Heydərpaşa səmtinin daşlı səkilərində kim olduğunun axtarışındaydı Əthəm Ruhi Üngör...

Belə bir axtarışın sonunda nə tapacağından əmin də deyildi. Bəlkə buna görəydi atası Ahmet Halit bəydən israrla pul istəyib küçədən keçən nimdaşçının üstünə yüyürməyi... Bəlkə buna görəydi Yaradanın "ol" deyişiylə həmin nimdaşçının köhnə "Məktəbli" dərgiləri satmağı... Bəlkə buna görəydi o dərgilərdən birində "Müəllim Əthəm necə öldü?" yazısını oxumağı... Və kim bilə bilərdi ki, balaca bir uşağın bütün həyatı məhz o yazıdan sonra dəyişəcək; nənəsi Zeynəbin üstünə qaçıb adını daşıdığı əmisinin məktubunu sinəsindən çıxarıb ona verməyini tələb edəcək, Şövkət əmisinin qolundan tutub yerə oturdacaq, məktubu oxumasını istəyəcək?! Kimsə bilmirdi... Köhnə qara damın bacasından çıxan qaramtıl tüstünün səmaya ucaldıqca aydınlığa uzanan yol işarəsinə bənzədiyi kimi, bir şəhid məktubunun taleyi də getdikcə bir nəslin, bir ölkənin, nəhayətində, bütün türk dünyasının üfüqlərinə doğru uzanan "Vətən!" duasına çevrilir...

***

... 2003-cü ilin sentyabrında bir səhər Cuvarovların balaca evindən küçəyə axan sevincli səslərə oyandı kəndimiz. Təbii, mən də bir həftə əvvəldən məktəbə hazırlaşmışdım, yay uzunu oxuduğum bədii kitabların siyahısını tutmuşdum, yetinməyib, bu kitablar haqqında qısa inşalar da yazmışdım; müəllimlərimi bu il də nəyləsə təəccübləndirməliydim, ya yox?! Amma Cuvarovların biz səmtə baxan pəncərəsindən eşiyə daşan, quşların qanadında pərvazlanan, ağacdan ayrılıb özünü küləyin qucağına atan sarı-boz yarpaqların kənd boyu səpələdiyi səslər məktəb sevincinin bir ayrı rəngiydi: ailənin böyük uşağı Tural birinci sinfə başlayacaqdı... Həmin gün bəlkə də, o kənddə daha çox şey baş vermişdi, bəlkə çox valideynlər axşamdan əzizləyib, sığallayıb uşağına geyindirdiyi paltarların bir saatın içində məktəbin tozlu həyətində nimdaşladığını görmüşdü, məktəbimizin bir-birindən küsmüş kimi üzləri ayrı səmtlərə baxan əlavə sinif otaqlarının neçəsindən neçə gülüş, neçə sevinc nidası yüksəlmişdi, bilmirəm... O sentyabrdan mənə qalan, nimdaşlamayan yeganə xatirəm Turalın atasının evlərindən məktəbə qədər gülməsi, əl çalması, qarşısına çıxana, aynasından baxana gülə-gülə: "Tural məktəbə gedir ey, Tural, Tural! Mənim oğlum!" - deməsidi...

***

... 1913-1914-cü illərdə Bəyazit Nümunə Məktəbində müəllim olan Əthəm Həsən Fəhmioğlu işini və davam edən təhsilini yarımçıq qoyub könüllü olaraq Çanaqqala savaşına yollanır. 1915-ci ilin aprelində əsgər Əthəmin anasına yazdığı son məktub belə başlayırdı: "Dörd əsgər dünyaya gətirərək qürurlanan şanlı Türk anası!"

Oğlundan gələn məktubun son olduğunu bilmirdi Zeynəb ana... Oğlunun hər kəlməsi ürəyindəki nigarançılığın üstünə su səpir, dodaqlarının kənarlarındakı təbəssümü bu dəfə həsrətin bəbəklərindən itələdiyi yaşlar yox, qürurunun bulaq kimi qaynatdığı göz yaşları sığallayırdı...



Sonra Əthəm anasının ona yazdığı məktubu oxuduqca gözündə daha da gözəlləşən, qutsallaşan Vətən torpağını anladır: "Məktubunu bir daha oxudum. Belə gözəl və müqəddəs bir vəzifəm olduğuna sevindim. Gözlərimi açdım, uzaqlara doğru baxdım. Yaşıl-yaşıl əkinlərin rüzgarlara müqavimət göstərmədən əyilməsi, anamdan gələn məktubu salamlayırlar kimi gəldi mənə... Hamısı başını mən tərəfə əyib-qaldırırdı, sanki, anamdan gələn məktub səbəbilə məni təbrik edirdilər..."

***

... 2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsinin könüllüləri sırasında bir ad vardı: Cuvarov Tural Zahid oğlu. Sonra bu ad "Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı"nda yer aldı, ölümündən sonra "Vətən uğrunda" medalı alanların siyahısında, "Döyüşdə fərqlənməyə görə" medalı alanların, daha sonra da "Füzulinin azad olunmasına görə" medalı alanların siyahısında yazıldı... Hər dəfə adını siyahıda görən həmkəndlilərinin - Ələsgərlilərin yanaqlarını da qürur göz yaşı sığalladı, şəhid Cuvarov... Bircə mən səninçün ağlaya bilmədim... Hər dəfə adını xatırlayanda, hər dəfə rəsminə baxanda Əthəmin şəhid olmamışdan qabaq yazdığı son məktubu açıb oxudum.  Nə çox oldu, imza yerində "Əthəm" yerinə "Cuvarov Tural" oxuduğum... Nə çox oldu...

... Və bütün bu "çox"ların hansısa birində xəyalən qayıtdım yenə kəndimizə, evinizin yanından keçdim, çəpərinizin əyrisindən içəri boylanmaqda da gecikmədim;  bir ağız "Samirə xala" desəm, anan səsimdən tanıyarmı deyə də çox maraqlandım... Xəyalımda belə cəsarətim çatmadı... Yüyürdüm məktəbin bulağına, dikdə durub üzüaşağı boylandım da... Yaşıl yamacın bağrında bəzək kimi düzülmüş qaya çıxıntılarında şəhid Əthəmin səsi vardı: "Ey türklərin Ulu Tanrısı! Ey bu ötən quşun, bu gəzən və mələyən qoyunun, bu səcdə edən yaşıl otların, bu heybətli dağların Xaliqi! Sən bütün bunları türklərə verdin. Yenə türklərə burax... Ey mənim Rəbbim! Sənə dua edən əsgərlərin süngülərini kəskin, düşmənlərini məhv etdin, yenə eylə..."

... "Yenə eylə..." Sən də vardın bu duada, sən də, 2823 şəhidimizin hər biri də vardı burda... Hər şəhiddən yarınisgil-yarıqürur bir xatirə qaldı Azərbaycanın yaddaşında, azərbaycanlıların "ömür kitabı"nda. Elə səndən də... Necə ki, şəhid Əthəmdən türk dünyasına dua kimi bir son məktub qaldı...

... Bu arada, bu gün dəfn videona baxdım: 2003-cü ildə evdən məktəbəcən qol qaldırıb oynayan atanın 2020-ci ildə məzarından bir ovuc torpaq götürüb öpdüyünü gördüm... "Gücü buna çatdı..." - deyə təsəlli etdim özümü... Anan neynədi, görən? Şəhid olduğun o gündən - 26 oktyabrdan əvvəl anana nə söyləmişdin? Səndən də bir məktub qaldımı, şəhid Cuvarov?

***

Şəhid Cuvarovun valideynlərinin hər ikisi II qrup əlildir. Uşaqdıq, görmə qabiliyyəti zəif olan Samirə xala bir topa səsin içindən bizi seçirdi, kimin uşağı olduğumuzu deyirdi...

 





07.01.2021    çap et  çap et