525.Az

Zəfərin və təltiflərin mübarək, cəsur komandir! - Yazı


 

VƏTƏN MÜHARİBƏSİNDƏKİ PARLAQ QƏLƏBƏMİZDƏ "AZƏRBAYCAN BAYRAĞI" ORDENLİ QAZİ ELVİN MƏMMƏDOVUN DA XÜSUSİ XİDMƏTLƏRİ VAR

Zəfərin və təltiflərin mübarək, cəsur komandir! - <b style="color:red">Yazı</b>

Zəfərlə bitən 44 günlük Vətən müharibəmizin zirvə məqamını, Azərbaycan Ordusunun qalib ruhunun təntənəsini müqəddəs şəhərimiz Şuşada zəfər bayrağımızın dalğalanması ilə yaşadıq.

Ali Baş Komandan cənab İlham Əliyevin "Əziz Şuşa, Sən azadsan!" - nidası hər bir soydaşımızın yaddaşına, qəlbinə ömürlük nəğmə kimi həkk olundu. Bu haqq savaşımızın qalib döyüşçülərindən biri - Xüsusi Təyinatlı igidimiz, Şuşa fatehlərindən olan Elvin Məmmədov da parlaq zəfərimizdə adını tarixə yazan qəhrəmanlar sırasındadır.  

Vətən müharibəsi başlanan gündən müharibədə iştirak edən Xüsusi Təyinatlı igidimiz Elvin Məmmədov Goranboy, Cəbrayıl, Füzuli, Hadrut, Laçın koridoru və Şuşa uğrunda gedən döyüşlərdə öndə gedən komandirlərdən olmuş, Füzuliyə qurtuluş bayrağı sancmışdır. Qəhrəman komandir Elvin Məmmədov deyir ki, "dəliyə dönən ermənilər bayrağa minaatanlardan, snayperlərdən atəş açırdılar. Amma bayrağımız sanki düşmənə inad, acıq verərcəsinə dalğalanır, erməniləri qorxuya salırdı". Ağır döyüşlərdə iştirak edən qəhrəmanımız, Elvin, iki dəfə yaralansa da, döyüşməyə davam etmişdi. Növbəti döyüşdə ağzından yaralanan Elvinin çənəsi qırılmış, ağır vəziyyətdə olmasına baxmayaraq, tabeçiliyində olan əsgərləri bir yerə yığmış, bu vəziyyətdə bir neçə kilometr yol qət edərək irəliləmiş, özüylə bərabər 40 yaralını 10 km dağlıq ərazidən çıxarmağı bacarmışdı. Elvinin vəziyyətinin yaxşı olmadığını görən yoldaşları onu təxliyə etsələr də, döyüşün davam etməsi və yolların açıq olmaması səbəbindən Elvin 5 gün yaralı halda Laçın koridorunda özünə tibbi yardım göstərərək həyatda qalıb. Dostları ondan döyüşü dayandırmağı xahiş etsələr də, Elvin "Şuşaya çatana qədər döyüşəcəm, dayanmaq yoxdur", - deyə cavab verir. Yaralı olmasına baxmayaraq, komandir Elvin Məmmədov döyüşə-döyüşə özünü Şuşaya çatdırır. Elvin haqqında bu cümlələri yazarkən həm qürur hissi keçirir, həm də həyəcanlanıram. Çünki qəhrəman komandir Elvin Məmmədov tanıdığım, bir məktəbdə oxuduğum, bir məhəllədə böyüdüyüm, ziyalı bir ailənin -  Almaz və  Qadir Məmmədovların övladıdır. Ailənin bir qız, iki oğul övladı var: Amal və Elvin. Hər iki qardaş hərbçidir və Vətən müharibəsində iştirak ediblər.

Bu, Elvinin ilk savaşı deyildi, o, 2016-cı ilin Aprel döyüşlərində də iştirak etmişdi. Bütün Azərbaycan xalqı kimi, Şuşanın alınması xəbəri Məmmədovlar ailəsini də çox sevindirib. Lakin günlərlə oğlanlarından xəbər ala bilməmələrinin nigarançılığı da vardı valideynlərdə. Ailə üzvləri nəhayət, Elvinin DSX əməkdaşı olan qardaşı vasitəsilə məlumat əldə edə bilmişdi. Bəhs etdiyimiz kimi, ailənin digər oğul övladı Amil Məmmədov də hərbçidir. Ailə Amilin vasitəsilə Elvin yaralandığını, indi yaxşı olduğunu öyrənib. 10 gündən sonra bir zəng gəlib Elvindən. Bircə cümlə deyib: "Yaxşıyam, narahat olmayın". Çənəsindən yaralandığı üçün artıq danışa bilməyib. Onu əməliyyat edən qəhrəman həkim, üz-çənə cərrahı Vüqar Qurbanov deyir:  "Hər kəsin yaralı halda döyüşməsinə görə mətbuatdan və sosial şəbəkələrdən tanıdığı Şuşa fatehlərindən olan Elvin Məmmədov mənim də yaxından tanıdığım qəhrəmanımdır. Xüsusi Təyinatlı Qüvvələrin cəsur hərbçisi olan qəhrəmanımız Şuşada 3 gün yaralı halda qalsa da, ağır döyüşlərə davam edib. Mən özümü xoşbəxt bilirəm ki, belə oğullara xidmət etmişəm".

V.Qurbanov Elvin Məmmədova göstərdiyi tibbi yardımdan danışarkən qəhrəman həkimlərimizin də əvəzsiz xidmətləri göz önündə canlanır: "Xatırlayıram ki, noyabrın 8-i idi. Füzulidə ağır bir gecə keçirmişdik. Səhərəyaxın yuxuya getmişdim və saat 9-a 10 dəqiqə işləmiş zəng etdilər ki, ağır xəstə var, gəlməyiniz məsləhətdir. Yorğunluq və sözün həqiqi mənasında bitkinlikdən, zəng edən həkimə dedim ki, xahiş edirəm, ağır yaralını Bakıya göndərin, artıq mənim gücüm qalmayıb. 10 dəqiqə keçmişdi ki, həkim Bəhruz Rüstəmov zəng etdi. Dedi, doktor, çox xahiş edirəm, gəl bu xəstəni də əməliyyat elə. Qeyd edim ki, Bəhruz həkimin Xüsusi Təyinatlı Qüvvələrə xüsusi qayğısı var idi. Hətta dedi ki, bu, elə-belə oğlan deyil, mütləq gəl. Çox keçmədi ki, komandirimiz Oktay Mehdiyev də təcili zəng etdi. O da bildirdi ki, imkanın varsa, gəl, burada hər cürə şərait hazırlanıb, dərhal əməliyyata başlaya bilərsən. Onu da deyim, həqiqətən Oktay Mehdiyev heç vaxt qəti əmr vermirdi ki, bu iş həll olunmalıdır, vəssalam. O, hər zaman "imkanın varsa, yorğun deyilsənsə" deyirdi. Qısası, hədsiz dərəcədə əzgin və yorğun halda Kompüter Tomoqrafiyası otağına getdim. KT-nin nəticələrinə baxdıqda çənə sümüyünün hər iki bucaq nahiyəsində qəlpəli sınıq, açıq yaralar gördüm. Xəstəni görmədən də travmanın ağır olduğunu anladım, hardasa tək olduğum üçün yenə də yaralını Bakıya göndərmək qərarında idim. Daha sonra xəstəni şok otağında görəndə özüm də şoka düşdüm. Çox rahat şəkildə danışırdı ki, artıq 3 gündür, bu vəziyyətdə döyüşür. "Çənəm sallanır, qanaxmayla gəzirəm. Yemək yemirəm", - dedi. Amma təsəvvür edin ki, çənəsi qopub sallanan bu igid döyüşçümüz heç "of" da demirdi. Qəhrəmanım üçün çox adam gəlib oxşar sözlər deyirdi, hər kəs bir ağızdan "həkim, bu, elə-belə döyüşçü deyil a, əsl qəhrəmandır", - söyləyirdi... Elvinin şücaətlərindən elə danışırdılar ki, "yorğunam, taqətim qalmayıb" deyə düşünməyə də utandım artıq. Yorulmaz insan, əməliyyat tibb bacısı Günay xanım "Həkim, mən hazıram" dedi. Anestezioloqlar Rəşad Nuri və Ərəstun bəy isə xəstənin durumunu dəyərləndirdilər. Sağtərəfli çənə rekonstruksiyası əməliyyatı icra etdim və dişlər tam bərpa olundu. Beləcə, xəstə tam stabil halda Bakıya təxliyə edildi".



Elvinin atası Qadir Məmmədov da oğlunun döyüşlərdə iştirakından qürurla danışır: "Elvin komandir kimi əsgərləri ilə birgə qəhrəmancasına döyüşüb. Goranboy, Cəbrayıl, Füzuli, Laçın koridoru və Şuşa istiqamətlərindəki döyüşlərdə öndə gedənlərdən olub. Füzuliyə də bayrağı o sancıb. Laçın dəhlizinin bağlanmasında böyük əməyi olub. Orada döyüşərkən ağır yaralanıb, çənəsi qırılıb. Buna baxmayaraq, Elvin yenə də öz tabeçiliyində olan döyüşçüləri tək qoymayıb. Qeyd edim ki, oğlum bundan əvvəl də 3 dəfə başından zədə alıb".

Ordumuzu böyük zəfərə aparan yolda Elvin Məmmədovun adı topraqlarımızın işğaldan azad edilməsi uğrunda gedən bir sıra amansız döyüşlərdə - Cəbrayılın azad olunmasında, Füzuliyə Azərbaycan bayrağının sancılmasında, Laçın dəhlizinin bağlanmasında, Şuşa şəhərinin işğaldan azad olunmasında qəhrəmanlıqla iştirakı sayəsində parlaq hərflərlə keçir. 

Qəhrəman komandirin evində 2 oğlan övladı böyüyür. Sözsüz ki, onun övladlarının gələcəkdə dinləyəcəyi ən gözəl Zəfər dastanımızın yazılmasında qəhrəman atanın göstərdiyi igidliklərin xüsusi önəmi var. Bu, onların qürur mənbəyinə çevriləcək, ataları kimi qorxmaz, cəsur olmağa həvəsləndirəcək.

Axı Elvin Məmmədov da uşaq vaxtlarından hərb sənətinə könül veribmiş. Özündən böyük qardaşı Amal Məmmədovun hərbi məktəbə daxil olmasından sonra Elvinin hərbçi olmaq arzusu daha da alovlanıb. Hətta ailəsinə xəbər vermədən sənədlərini hazırlayaraq Naxçıvandakı Heydər Əliyev adına hərbi liseyə verib. Anası Almaz xanım deyir: "Elvin hərbi liseyə sənədlərini verəndə bizə bildirməmişdi. Özü tibbi baxışdan keçmiş, işlərini qaydaya qoymuşdu". Hərbi liseyə daxil olması ilə Elvinin həyatında yeni səhifə açılır. Oranı bitirdikdən (2008) sonra Elvin təhsilini Bakıda, Ali Hərbi Məktəbdə davam edir. Hələ burada kursant ikən qəlbi vətən sevgisi ilə aşıb-daşan, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda vuruşmaq istəyən Elvin deyirmiş: "İnşallah, müharibə bizim vaxtımıza düşər". İstədiyi də olur. Elvin, onun vaxtına düşən Aprel döyüşlərinin və Vətən müharibəsinin iştirakçısı kimi rəşadətlə vuruşur. Hərbi akademiyanı bitirib (2008-2012) Qazax postunda xidmətini davam etdirən Elvin, 2014-cü ildə Xüsusi Təyinatlı Qoşunların kursunu fərqlənmə ilə bitirir. Kəşfiyyatçı olmaq həvəsi ilə alışıb-yanan cəsur döyüşçümüz 2016-cı ildə Aprel döyüşlərində iştirak edəndə də ailəsi 5 gün ondan məlumat ala bilməyib. Elvinin vətənpərvər olmağına, torpaqlarımızın azad edilməsində göstərdiyi igidliyə görə Məmmədovlar ailəsi onunla hər zaman fəxr etmiş, qürur duymuşdur. Biz də Qarabağ savaşının qəhrəman komandiri Elvin Məmmədovla qürur duyuruq.

Qazanılan zəfər bütövlükdə müstəqil Azərbaycan dövlətinin, Ali Baş Komandan İlham Əliyevin əzminin, iradəsinin, qətiyyətli praqmatik siyasətinin, hərbi-sərkərdəlik məharətinin qanunauyğun nəticəsi, xalq-iqtidar birliyinin uğuru və qəhrəman Azərbaycan Ordusunun zəfəridir. Vətən müharibəsində qazandığımız qələbə təkcə müasir texnologiyalara görə deyil, Azərbaycan əsgərində olan qeyri-adi ruh yüksəkliyi, qələbə əzmi ilə də tarixə düşdü. Deyirlər ki, heç kim anadan qəhrəman olaraq doğulmur, qəhrəmanlar döyüşdə yaranır. Həqiqətən də, qəhrəman olmağa meydan gərəkdir. 44 günlük Vətən müharibəmiz qəhrəman olmaq üçün əvəzsiz bir meydan oldu.

Vətən müharibəsində torpaqlarımız uğrunda gedən döyüşlərdə çox  qəhrəmanlar doğuldu. Azərbaycan Ordusunun Vətən müharibəsində iştirak edən hər bir fərdi bizim qəhrəmanımıza çevrildi. Komandir Elvin Məmmədov da bu qəhrəmanlardan biridir. Azərbaycan xalqı torpaqlarımızın işğaldan azad eilməsində qəhrəmanlıq göstərən igidləri, torpaq uğrundan canından keçərək Şəhidlik şərbətini içənləri (məkanları Peyğəmbər ağuşu olsun), qazilərimizi heç zaman unutmayacaq. Əminik ki, ordumuzun hər bir əsgəri haqqında kitablar, məqalələr yazılacaq, nəğmələr qoşulacaq. Bu, onların haqqıdır.

Böyük Zəfərimizlə Azərbaycan xalqının qəlbində özünə taxt quraraq abidələşən Ali Baş Komandan cənab İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş hərbi qulluqçuları fəxri adlar, orden və medallarla təltif etməklə onların şücaətini yüksək dəyərləndirib.  Təltif edilənlər arasında igid komandir Elvin Məmmədov da var və o, "Azərbaycan bayrağı" ordeni,  "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Qalib ölkənin vətəndaşları olmaq bizi şərəfləndirir. Azərbaycan xalqı bizə bu şərəfi yaşadan Ali Baş Komandanı və qəhrəman oğulları ilə fəxr edir! Zəfərimiz mübarək, Azərbaycan!

"Azərbaycan bayrağı" ordenin, "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalların mübarəkdir, cəsur və dəyanətli Şuşa fədaisi Elvin Məmmədov!

 





07.01.2021    çap et  çap et