525.Az

Azərbaycan ərəbşünaslığının 80 yaşlı korifeyi - Yubiley yazısı


 

Azərbaycan ərəbşünaslığının 80 yaşlı korifeyi - <b style="color:red">Yubiley yazısı </b>

Bu günlərdə 80 yaşı tamam olan dəyərli alimimiz, professor İmamverdi Həmidovun mənalı ömür yolu, zəngin tədqiqatçılıq irsi, pedaqoji fəaliyyəti, ölkəmizdə və ölkə xaricində müxtəlif çoxsaylı elmi-təşkilati tədbirlərdə iştirakına diqqət etdikdə ərəb ədəbiyyatı və ərəb qaynaqlarını araşdıran, Azərbaycan-ərəb ədəbi əlaqələrini inkişaf etdirən və yeni mərhələsini quran bir insan, Azərbaycan şərqşünaslığının görkəmli siması gözlərimiz qarşısında canlanır.

İmamverdi Həmidov dəyərini ərəbşünaslığımızın klassiklərindən alan və özü də orta və gənc nəsil ərəbşünasların, klassik Azərbaycan ədəbiyyatını tədqiq edən ədəbiyyatşünasların mühüm bir qisminin ustadı olan nadir şəxsiyyətlərimizdəndir. Vaxtilə görkəmli şərqşünas Ziya Bünyadov hörmətli professoru "İmamverdi Həmidov ərəb mənbələrinə yaxşı bələd olan, nadir qaynaqlarla bağlı tədqiqat aparmağı bacaran alim" kimi dəyərləndirmişdi. Bu gün isə İmamverdi müəllim elmimizin ağsaqqalarından biri kimi özündən sonrakı nəsli qiymətləndirmək haqqına sahib müəllimlərimizdəndir.

İmamverdi Həmidov yorulmaz alim-professorlarımızdan, yubiley yaşlarına yeni bir elmi töhfə qatan ustadlarımızdandır. Elə bu yaxınlarda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən hazırlanaraq nəşr edilən "Azərbaycan ədəbiyyatı tarixi" oncildliyinin ikinci cildinin məsul redaktoru olması, belə möhtərəm bir kitabın ortaya çıxmasında önəmli rolu da fikrimizi təsdiq etməkdədir. Eləcə də keçən ildə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun nəşr etdirdiyi, İmamverdi Həmidovun elmi redaktorluğu və başçılıq etdiyi şöbə əməkdaşlarının tədqiqatları sayəsində ərsəyə gələn "Xaqani Şirvani. Həyatı və yaradıcılığı" kitabı görkəmli şərqşünas alimin davamlı fəaliyyətinin bəhrələrindəndir.

İmamverdi Həmidov keçən əsrin 70-ci illərində ərəbşünaslığımızda önə çıxan yeni dalğanın nümayəndələrindəndir. Məlumdur ki, sözügedən illərdə ərəb ədəbiyyatının müxtəlif sahələrinin, ayrı-ayrı ərəb ölkələrində ədəbi-bədii yaradıcılığın araşdırılması, Azərbaycan-ərəb ədəbi əlaqələrinin genişlənməsi sferasında xüsusi canlanma müşahidə olunurdu. İ.Həmidov da 1970-ci ildə "İbn Quteybə Dinəvəri" mövzusundakı filologiya elmləri namizədi dissertasiyasını uğurla müdafiə etmişdir. 1963-1964-cü illərdə Yəmən Ərəb Respublikasında təcrübə keçmiş və ərəb dili tərcüməçisi kimi çalışmış İmamverdi müəllimin elmi tədqiqat əsəri də şərqşünaslıq elmimizdə böyük uğurla qəbul edilir. 1985-1989-cu illərdə İ.Həmidovun İraqda ərəb dili tərcüməçisi kimi çalışması tədqiqatçı alimin həm elmi, həm də təcrübi imkanlarını inkişaf etdirir, eyni zamanda, Azərbaycan və ərəb dünyası arasındakı əlaqələrin birbaşa təkanverici qüvvələrindən biri olur. Keçən əsrin 80-90-cı illərində İmamverdi müəllimin imzası şərqşünaslıq elmimizdə seçilirdi. Təsadüfi deyildir ki, 1999-cu ildə AMEA-nın müxbir üzvi Yaşar Qarayev yazırdı: "İmamverdi müəllimin apardığı elmi tədqiqatları Azərbaycan-ərəb ədəbi əlaqələrinin çoxsahəli yönlərini əhatə edir, yeni maraqlı nəticələri ilə son iki on ilin araşdırmaları sırasında nəzəri-tarixi və mətnşünaslıq dəyərləri ilə seçilir". Bu da ondan irəli gəlirdi ki, İmamverdi müəllimin fəaliyyət dairəsi çoxşaxəli olmaqla yanaşı, elmi problematikası da ərəb ədəbiyyatının çeşidli məsələlərini əhatə edirdi. 



İmamverdi Həmidovun elmi araşdırmalarının spesifik cəhəti onların çoxyönlü olması, orijinal qaynaqlara dayanması, nəzəri bilik və təcrübənin vəhdətindən ortaya çıxan araşdırmalara əsaslanmasıdır. Onun Azərbaycan və ərəb ədəbiyyatına dərindən bələdliyi, ərəb ölkələri ilə intensiv şəkildə elmi və mədəni əlaqələrin içində yer alması sözügedən cəhətə münbit zəmin yaratmışdır. Qədim və orta əsrlərə aid mənbələrin tədqiqi, ərəbdilli Azərbaycan ədəbiyyatının öyrənilməsi, islam mədəniyyətinin ədəbiyyatla bağlı məsələlərinin araşdırılması, Azərbaycan-ərəb ədəbi əlaqələrinin izlənilməsi və digər məsələlər görkəmli şərqşünas alimin tədqiqatlarında mühüm yer tutur. "İbn Quteybə Dinəvəri (həyatı, suubiyyə, "ədəb" və ədəbi tənqidə aid əsərləri)" (1998), "Əbu Bəkr əl-Valibi və onun "Əxbarul-Məcnun va əş`aruhu" (1999), "Azərbaycan-ərəb ədəbi əlaqələrindən səhifələr" (2002), "Azərbaycan ədəbiyyatı klassikləri ərəb ədəbiyyatşünaslığında" (2007) monoqrafiya və kitabları, çoxsaylı elmi məqalələri bunların bariz örnəkləridir. 2009-cu ildə İmamverdi müəllimin "Ərəb ədəbiyyatşünaslığında Azərbaycan ədəbiyyatı klassiklərinin öyrənilməsi problemləri" mövzusunda doktorluq dissertasiyası isə tədqiqatlardan müəyyən qədər kənarda qalan çox əhəmiyyətli və milli düşüncəmiz üçün önəmli bir sahəni elmi müstəviyə gətirmişdir. Bu baxımdan da İmamverdi müəllim hər zaman elmi mühitin dərin hörmət və rəğbətini qazanmışdır. Təsadüfi deyil ki, akademik Vasim Məmmədəliyev qeyd edirdi: "Hazırda Azərbaycan ərəbşünasları arasında İmamverdi Həmidov layiqli yer tutur. Onun tədqiqatları və beynəlxalq konfranslarda çıxışları həmişə maraqla qarşılanır". Qeyd olunan son tədqiqata isə akademik İsa Həbibbəyli çox yüksək qiymət verərək yazırdı: "Azərbaycan ədəbiyyatı klassikləri ərəb ədəbiyyatşünaslığında" tədqiqatı İmamverdi Həmidovun simasında geniş dünyagörüşə, yüksək elmi-nəzəri hazırlığa və aydın elmi mövqeyə malik olan mükəmməl bir ərəbşünas, yaxud kamil şərqşünas alimin yetişib formalaşdığını təsdiq edir". Bu tədqiqatda XX əsr ərəb ədəbiyyatşünasları - Məhəmməd Quneymi Hilal, Hüseyn Mucib əl-Misri, Əbdunueym Məhəmməd Həsəneyn, Bədi Məhəmməd Cumə tərəfindən dahi Azərbaycan ədibləri Xaqani Şirvani, Nizami Gəncəvi və Məhəmməd Füzulinin yaradıcılığının öyrənilməsi məsələləri araşdırılır ki, bunların nə qədər əhəmiyyətli olması da məlum faktdır.

İmamverdi Həmidovun ərəb mənbələri əsasında milli ədəbiyyatımızı öyrənməsi və bu sahədəki tədqiqatları elmi gündəmə gətirməsi hər zaman yenilik kimi qarşılanmış və daha əvvəlki nəslin görkəmli ədəbiyyatşünasları tərəfindən yüksək dəyərləndirilmişdir. Bu kontekstdə ərəbdilli Azərbaycan ədəbiyyatı nümunələrinə öz araşdırmalarında diqqət yetirməsi İmamverdi müəllimin hər zaman prioritetlərindən olmuşdur. Akademik Həmid Araslı, haqlı olaraq yazırdı ki,  "İmamverdi Həmidovun İbn Quteybə haqqında tədqiqatları, ümumiyyətlə ərəbdilli ədəbiyyatın, o cümlədən, Azərbaycan ərəbdilli ədəbiyyatının öyrənilməsini xeyli asanlaşdırır, bir sıra qaranlıq məsələləri aydınlaşdırmağa imkan verir". Çünki İmamverdi Həmidov sözügedən araşdırmasında İbn Quteybənin "Şeir və şairlər" toplusunu da tədqiqat obyektinə çevirmişdir ki, həmin əsər azərbaycanlı məvali şairlər İsmayıl İbn Yəsər, Musa Şəhavət və Əbül Abbas əl-Əma haqqında ilk dəfə məlumat verməsi baxımından əvəzsiz sayılır.

İ.Həmidovun qeyd olunan "Azərbaycan-ərəb ədəbi əlaqələrindən səhifələr" kitabı, "Ərəb-islam xəlifəliyində şüubilik", "Yətimətud-dəhr..." təzkirəsində "Azərbaycan şairlərinin poetik irsi", "Füzuli yaradıcılığı Misir aliminin tədqiqatlarında", "Azərbaycan ədəbiyyatı İraqda", "Azərbaycan ədəbiyyatının ərəb dilinə tərcüməsi məsələlərinə dair" və digər məqalələri isə Azərbaycan-ərəb ədəbi əlaqələrinin öyrənilməsində qiymətli mənbələr kimi elmimizə xidmət edir.

İmamverdi Həmidov Azərbaycan ədəbiyyatşünaslıq və şərqşünaslıq elminin təvəzökar simalarındandır. Elə buna görə də həmkarları, elmi mühitin görkəmli nümayəndələri ilə yanaşı, ardıcılları, yetişdirmələri, tələbələri də İmamverdi müəllimi çox sevir, bir ustad kimi ondan hər zaman hörmət və dəyərlə bəhs edirlər. Hörmətli professorumuza 80 illik yubiley günlərində can sağlığı və yeni elmi uğurlar arzulayırıq.

 





07.01.2021    çap et  çap et