525.Az

Baramaçıların təşkilatlanması bu sahədə problemlərin həllinə təkan verə bilər


 

YENİ YARADILAN ASSOSİASİYA BU SAHƏDƏKİ PƏRAKƏNDƏLİYİN ARADAN QALDIRILACAĞINA ÜMİD YARADIR

Baramaçıların təşkilatlanması bu sahədə problemlərin həllinə təkan verə bilər<b style="color:red"></b>

Ölkəmizdə ipəkçiliyin dirçəldilməsi sahəsində işlərin koordinasiya məsələlərinin həllinə təkan məqsədilə bu günlərdə "Azərbaycan Baramaçılar Assosiasiyası" İctimai Birliyinin təsis olunmasına həsr edilmiş toplantı keçirilib.

Onlayn formatda keçirilən toplantıda Kənd Təsərrrüfatı Nazirliyinin nümayəndələri, Aqrar Elm və İnnovasiya Mərkəzinin, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun, Baytarlıq Elmi-Tədqiqat İnstitutunun rəhbərləri, Qax Damazlıq İpəkçilik Stansiyasının təmsilçiləri, həmçinin, 28 rayondan 64 nəfər barama istehsalçısı - kümçü iştirak ediblər.

Onlayn görüşdə Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin müdiri Araz İsmayılov bildirib ki, barama istehsalçılarının vahid platformada birləşməsi onların daha səmərəli fəaliyyətinə müsbət təsir edəcək və nazirlik fermerlərin ixtisaslaşmış birliklər formatında təşkilatlanması təşəbbüslərini hər zaman dəstəkləyir. Qeyd olunub ki, yeni assosiasiya kümçülərə bir sıra üstünlüklər verəcək, onların mütəmadi bir araya gələrək təcrübə mübadiləsi aparmasına, ölkədə baramaçılığın inkişafına dair təkliflər hazırlamasına şərait yaradacaq.

Toplantıda yaş barama istehsalı və emalı, ipəkçilik məhsullarının ixracı, keyfiyyətli ipəkqurdu toxumu (qrena) istehsalı, aqrotexniki qulluq qaydalarına düzgün riayət etməklə barama istehsalının artırılması, xəstəliklərə qarşı effektiv mübarizənin təşkili, kümçülərə dövlət dəstəyinin mexanizmləri, barama istehsalı ilə bağlı maarifləndirmə prosesinin gücləndirilməsi və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, ölkəmizdə uzun illər ərzində ipəkçiliyin tədqiqat və istehsal işi paralel inkişaf etdirilib və bu baxımdan bizdə söykəniləcək nəzəri və praktik  baza da mövcuddur. Bu haqda fikirlərini bizimlə bölüşən, uzun illər ipəkçilik sahəsində geniş tədqiqatlar aparmış mütəxəssis, Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti Namiq Həsənov baramaçıların assosiasiya halında təşkilatlanmasının təqdirəlayiq hal olduğunu qeyd edərək, bu xüsusda, yaxın vaxtlarda bəzi məsələlərə diqqət yetirməyin vacibliyini vurğulayıb: "Azərbaycanda ipəkçilik istehsalı həm yerli, həm də xaricdən gətirilmə materialların hesabına paralel şəkildə inkişaf etdirilməlidir. Fikrimcə, yeni assosiasiya bu sahədə ilk növbədə əsaslı monitorinq işinə başlamalıdır. Bu, həm də yerli və xarici barama və tut-yem sortlarının bu sahədəki istehsalda xüsusi çəkilərinin aydınlaşdırılması baxımından vacibdir. Baramaçılığın inkişafına təkan məqsədilə ölkəmizə 2016-cı ildən etibarən Çin Xalq Respublikasından tut tingləri gətirilir. İndiyədək istehsalçılara 6-7 milyon ədəd bu cür ting paylanılıb. Becərilmənin beşinci ilində onlar tam məhsuldar hala düşməli idi. Amma bu yöndə dəqiq məlumatlar yoxdur. Odur ki, Assosiasiya monitorinq yolu ilə Çindən gətirilmiş tinglərin becərilmə və məhsuldarlığın yüksəldilməsinə təsir məsələlərini ciddi araşdırmalı, nəticələr çıxarmalıdır".

Mütəxəssis Azərbaycanda baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illəri əhatə edən Dövlət Proqramının tələblərinə də diqqət çəkib: "Dövlət proqramını əhatə edən dövrün son ilində ölkədə barama istehsalı həcminin 6000 (altı min) tona çatdırılması məqsədi qoyulub. Düzdür, bu sahədə artım gedir, amma inkişaf həmin rəqəmin miqyasına hələ uyğun deyil. 2019-cu ildə 600 (altı yüz) ton barama tədarük edilib. 2020-ci ildə isə pandemiya ilə əlaqədar bu rəqəm bir qədər də düşüb".

N.Həsənov baramaçılıq və ipəkçilik sahəsinin dirçəldilməsi üçün yeni, qabaqcıl texnologiyaların öyrənilməsi və tətbiqini də vacib amil kimi diqqətə çatdırıb. O, həmçinin, ölkəmizdə bu sahədə uzun illər sanballı tədqiqatlar aparıldığını və zəngin təcrübə qazanıldığını da vurğulayıb: "Ölkəmizdə bu sahədə tədqiqat işlərinin əsas istiqamətləri yerli şəraitə uyğunlaşan, dözümlü ipəkqurdu cinslərinin alınması, eləcə də onların yem bazası olan, xüsusən yarpaqları daha zəngin inkişaf sürətinə malik yerli tut ağacları növlərinin yaradılması və onların istehsalatda çoxaldılması məsələlərini əhatə edib. Azərbaycan mütəxəssisləri xüsusən məhsuldar barama cinsləri alınması istiqamətində tədqiqatları ilə ipəkçiliyə öz töfhələrini veriblər və 50-dən çox yeni cinclər alıblar. Onlar həmçinin, ipəkçiliyin əsaslarından olan tut ağacı növlərinin təkmilləşdirilməsi üzrə də böyük zəhmət sərf ediblər. Odur ki,  istehsalın bu yöndə söykənəcəyi elmi baza da mövcuddur".

Mütəxəssis qeyd edib ki, yeni yaradılan assosiasiyanın fəaliyyətə başlaması baramaçılıq və ipəkçilik sahəsində sistemli işlərin qurulmasına təkan verəcəyinə ümid yaradır.

Zakir Muradov
Gəncə

 





07.01.2021    çap et  çap et