525.Az

Bəy kostyumu bayraqla əvəzlənən şəhid Rüfət Əliyev - Anım


 

Bəy kostyumu bayraqla əvəzlənən şəhid Rüfət Əliyev - <b style="color:red">Anım</b>

2020-ci il bütün dünyada uğursuz il hesab edilsə də,  Azərbaycanın ən uğurlu ili oldu deyə bilərik. İllərdir həsrətini çəkdiyimiz Qarabağı düşmən tapdağından azad etdik. Şəhilərimizin, qazilərimizin, güclü Azərbaycan Ordusunun sayəsində İkinci Qarabağ müharibəsi qələbə ilə başa çatdı. Hər bir şəhid qəhrəmanlığı ilə adını Azərbaycan xalqının qəlbinə yazaraq zəfər dastanına döndü. Biz isə onlara olan mənəvi borcumuzu az da olsa, ödəmək üçün torpaq uğrunda canından keçmiş qəhrəmanlarımızı bir-bir tanıdırıq.

Onlardan biri də şəhid Rüfət Əliyevdir.  Rüfət Füzuli oğlu Əliyev 1992-ci il dekabrın 6-da Bakıda anadan olub. Xətai rayonu 27 nömrəli orta məktəbi bitirən Rüfət, 2010-2014 ci illərdə ali təhsilini Azərbaycan Kooperasiya Universitetində  alıb. O, universiteti bitirdikdən sonra hərbi xidmətə yollanıb. Xidmət müddətində kəşfiyyatçı qrupunda olan Rüfət Əliyev əsgərliyi bitirdikdən sonra 2015-ci ildə fəxri fərmanla təltif olunub.

Rüfət Əliyevin ailə üzvləri qeyd edir ki, onun ən böyük arzusu elə hərbçi olmaq idi:

"Ailədə üç qardaş idilər, ən böyüyü Rüfət idi. Həmişə istiqanlı olmağı, mehribanlığı,  mərdliyi ilə seçilirdi. Nişanlı idi... Pandemiyaya görə toyu ləngimişdi, amma evinin hər  hazırlığı görülmüşdü. Müharibədən sonra qayıdıb ailə qurmaq, toy etmək arzusunda idi. DSX ÇHD giziri idi Rüfət.

O, Bakıda hava limanında işləyirdi. İş yerindən öz istəyi ilə ayrılıb Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarına yazıldı. Avqustun 26-da hazırlıq keçmək üçün Lənkəran, Ağstafa, Daşkəsən istiqamətinə yollandı. Müharibə başladıqdan sonra isə Füzuli, Hadrut, Cəbrayıl, Xudafərin, Zəngilan istiqamətlərində döyüşlərdə iştirak edib. Müharibə müddətində bizimlə 3-4 gündən bir əlaqə saxlayırdı. Əlaqə saxlayanda da üstüörtülü şəkildə harda olduğunu və vəziyyətinin necə olduğu haqqında deyirdi. Sonuncu dəfə noyabr ayının 6-sı bizimlə danışdı.Onda döyüş yoldaşları ilə birlikdə yüksəklik uğrunda əməliyyatdan qayıtmışdılar. Ayın 7-dən 8-nə keçən gecə saat 2-də Ağbənddə Rüfətin yanına minaatan düşüb və qəlpə yarasından şəhid olub".

Qeyd edək ki, Rüfət Əliyev şəhidlik zirvəsinə yüksəldikdən sonra “Vətən uğrunda” ordeni, “Döyüşdə fərqlənməyə görə” medalı və “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunub.

Ruhun şad olsun, şəhidim!

Aytac Aslan

 





08.01.2021    çap et  çap et