525.Az

Ən vacib məsələ burada şəffaflığın təmin edilməsidir


 

Ən vacib məsələ burada şəffaflığın təmin edilməsidir<b style="color:red"></b>

Torpaqlarımız işğal olunan ilk vaxtlardan başlayaraq Respublikanın hər yerində məcburi köçkünlərə geniş qucaq açıldı. Daha sonra onlar üçün yeni yaşayış məskənləri salındı. Təsərrüfatlar yaratdıldı. Hətta bəzi məcburi köçkünlər əvvəlkindən də üstün həyat səviyyəsinə sahib oldular. Bəzi ərazilərdə məxsusi onlar üçün iş yerləri yaradıldı, təhsil haqlarından azad edildi, aylıq müavinətlər və s. güzəştlər əldə etdilər. Bu gün artıq məlum qələbədən sonra onların böyük əksəriyyəti məcburi köşkün statusundan və bu güzəştlərdən imtina edib, döğma torpaqlara qayıtmağı səbirsizliklə gözləyirlər. Amma qeyd etmək istərdim ki, böyük qayıdış bir-iki ilin işi deyil. Onun işartıları bu ildən başlasada hələ uzun illər davam edəcək. 1-4-cü illər bu qayıdışın həcmi tədricən artacaq. 5-7 illər isə məcburi köçkünlərin stabil təkrarlanan qayıdış həcmi olacaq. VIII ildən sonra isə qayıdış həcmi azalan xəttə keçəcək. Hökümət bu məsələdə fərqli yanaşma tətbiq etməklə prosesi bir neçə il ləngidə və ya sürətlədirə bilər. Amma ortalama zaman müddəti təxminən bu illərə uyğun olması daha realdır. Bütün hallarda isə dəyişməyən bir məsələ olacaq. Bu məcburi köçkünlərinin qayıdış həcmi ilə bağlıdır. Belə ki, bu 3 mərhələdən ibarət olacaq. Bir neçə ili əhatə edən birinci mərhələdə qayıdış sürəti hər il getdikcə artacaq. İkinci mərhələ də bir neçə il davam edəcək və bu mərhələda hər il demək olar ki, eyni sayda məcburi köçkün ailəsi geri dönüş edəcək. Məhz bu mərhələ böyük qayıdışın 50-55%-ni təşkil edəcək. Bunun ardından isə üçüncü mərhələ başlayacaq. Bu mərhələdə isə köçkünlərin qayıdış həcmi ildən ilə azalacaq. Amma bu əvvəlki mərhələlərlə müqayisədə daha uzun, məsələn 10, hətta 15 ilə qədər davam edə bilər. Deməli, böyük qayıdış artan, stabil və azalan olmaqla 3 mərhələni əhatə edəcək. Son nəticədə isə o torpaqlarda 2 milyona yaxın insanın məskən salacağı gözlənilir.

Böyük qayıdışla parallel öz həllini tələb edən vacib məsələlərdən biri dövlət tərəfindən məcburi köçkün ailələrinə verilmiş mənzillərin idarə edilməsi ilə bağlıdır. Düşünürəm ki, bu mənzillərin optimal istifadəsi üçün rəsmi qaydada boşalan mənzillərdən və digər yaşayış sahələrindən ibarət mənzil fondu yaradılmalıdır. Və bu fond aidiyyatı üzrə səlahiyyətli qurumun tabeliyinə verilməlidir. Hazırkı stuasiyaya görə Əmək və Əhalinin Sosial Müdafisəsi nazirliyi bu fondun idarəçiliyi üçün ən münasib qurumdur. Çünki, məcburi köçkümlərin qayıdışı nəticəsində boşalmış mənzilərə ilk növbədə mənəvi haqqı çatan əhali kateqoriyyası şəhid ailələri və müharibə əlilləridir. Bu kateqoriyadan olan insanlara sosial dəstəyin həyata keçirilməsində əsas rol oynayan ƏƏSMN olduğu üçün sözü gedən mənzil fonduda bu nazirliyinin idarəçiliyinə verilməlidir.

Ən vacib məsələ burada şəffaflığın təmin edilməsi və üst səviyyədə dövlət nəzarətinin olmasıdır. Təcrübə onu göstərir ki belə vəziyyətlərdən sui-istifadə halları həmişə olmuşdur. İcra səlahiyyətinə malik bəzi məmurlar bu mənzilləri qeyri-rəsmi müəyyən ödəniş qarşılığında verməyi əvvəlcədən razılaşdırırdılar. Bu isə nəinki qanunsuzdur, hətta həqiqətən bu mənzilə gercək ehtiyacı olan, amma qeyri-rəsmi ödəniş etmək gücündə olmayan ailənin mənzilsiz qalmasına gətirib çıxarırdı. Buna görə də şəffaflıq, aydın icra alqoritmi və ədalətli növbəlilik gözlənilməklə əvvəlcə şəhid ailələri, daha sonra qazilərinin mənzillə təmin edilməsinə yönəldilməlidir. Əlillərin mənzil təminatında isə əlillik dərəcəsi əsas meyar götürülərək sıralanmalıdır. Daha sonra əlil olmayan vətən müharibəsi iştirakçılarının mənzil təminatın həyata keçirilməsi üçün istifadə edilə bilər.

Həmçinin bu mənzilərdən müharibə zamanı yaşayış sahəsi yararsız hala düşmüş və ya dağılmış ailələrin mənzil təminatında istifadə etmək olar. Bunun üçün yerli icra hakimiyyəti orqanının müraciəti əsasında sözügedən mənzil fondundan mənzil ayrıla bilər. Sonda daha bir vacib məsələni vurğulamq istərdim. Artıq bir neçə ildir ki, müşahidə edilən çox pis bir tendensiya var. Hansı fərd sosial mediada və ənənəvi mətbuatda daha çox reklam olunursa, imkanlı şəxslər, dövlət qurumları, özəl təşkilatlar ona kömək etməkdə sanki bir-birilə bəhsə girirlər. Əvəzində isə sosial media və mətbuat reklamından kənar qalan şəhid ailəsi, müharibə qazisi həmin münasibətin heç yarısını da görə bilmir. Ayrı-ayrı imkanlı şəxsləri və özəl təşkilatları başa düşmək olar. Gündəmdə olan şəhid ailənin və qazinin yanında olmaqla onlar öz reklamlarını təşkil etmiş olurlar. Amma dövlət qurumları belə davranmamalıdır. Bu çox həssas məsələdir. Rəsmi qurumlar daha çox ictimaiyətin gözündən uzaq qalmış, imkanlı şəxslərdən və özəl təşkilatlardan kömək görməyən insanların qayğısına daha çox önəm verməlidirlər. Məcburi köçkünlərin qayıdışından sonra boşalacaq mənzillərin istifadəsi zamanı da bu məqam mütləq nəzərə alınmalıdır.

Eldəniz ƏMİROV

SOCAR əməkdaşı, iqtisadçı ekspert

 





08.01.2021    çap et  çap et