525.Az

Ömrə bərabər gün... - Zahid Şahsuvarovun Bağdad qeydləri


 

Ömrə bərabər gün... - <b style="color:red">Zahid Şahsuvarovun Bağdad qeydləri </b>

(Əvvəli ötən saylarımızda)

Sərhəd məntəqəsində gördüklərim

Saat on radələrində İraq-İran sərhədinə çatdıq. Sərhəd xidməti bir neçə köhnə binadan ibarət idi. Hər tərəf istidən od tutub yanırdı. Ətrafdakı ağacların kölgəsində istidən gizlənən adamların nəzərləri bizə yönəlmişdi. Görünür, bura gələn hər bir kəsi belə maraqla izləyirdilər. Haccı Ğassanla pasport qeydiyyatı üçün üstündə "Əl- muğadirun" - (Ölkədən çıxanlar)  yazılmış binaya girdik. Orada bizə söylədilər ki, cümə günləri İran sərhədi bağlı olur. Əlbəttə, buna olduqca təəccübləndik və "Bəs biz indi nə edək?" - deyə soruşduq. Dedilər ki, sabaha qədər gözləməli olacaqsınız. Bizim: "Burda gecələməyə bir yer varmı?" - sualımıza: "Yox, avtomobilinizdə gecələyin", - dedilər. Bu, bizi heç cür qane etmirdi. Həm burda gecələmək olduqca çətin idi, həm də istəmirdim ki, Haccı Ğassana belə əziyyət verim. Binadan bayıra çıxdıq. Haccı Ğassan bir az fikirləşəndən sonra sərhəd mərkəzi müdirinin oturduğu yeri soruşdu. Onun oturduğu binanı bizə göstərdilər və Haccı Ğassan mənə müdirlə görüşməyi təklif etdi. Cavab gözləmədən qapısını döyüb içəri girdi. Mən isə bayırda qaldım. Çox qısa bir vaxtdan sonra Haccı Ğassan çıxıb məni içəri dəvət etdi. Mərkəzin müdiri məni gülər üzlə qarşıladı. Davranışından başa düşdüm ki, Haccı Ğassanın kim olduğunu artıq bilir. Bayırdan hərbi formada olan bir nəfəri çağırıb bizə çay, qəhvə gətirməsinə göstəriş verdi. Sonra bizə kömək etməyə çalışacağını dedi və  əlavə etdi ki, o, İran tərəfi ilə əlaqə saxlayacaq və xahiş edəcək ki, mənə istisna olaraq, İrana keçməyə icazə versinlər. Harasa zəng edib, iranlı həmkarı ilə telefon əlaqəsi yaratmasını xahiş etdi. Bu ara o, Haccı Ğassana buradakı ağır vəziyyətdən, iranlıların onları həmişə belə incitməklərindən uzun-uzadı danışdı. Özlərinin isə əksinə, Nəcəfə və Kərbəlaya gedən iranlı zəvvərlara həmişə kömək etmələrindən ürəkdolusu söz açdı. Sözünü gələn telefon zəngi kəsdi. Onu İran tərəfi ilə çalaşdırdılar. Onlar kürd dilində danışırdılar. Əvvəl elə bildim ki, fars dilində danışırlar (Mənim azdan-çoxdan fars dilindən xəbərim var idi. Bir il universitetdə fars dili öyrənmişdim). Sonra diqqətlə qulaq asandan sonra başa düşdüm ki, danışdıqları fars dili deyil. Haccı Ğassan elə bil fikrimdən keçənləri oxuyurdu: "Kürd dilidir" - dedi. Buralarda - o tay-bu tayda yaşayanların hamısı kürdlərdir. İraqlı kürd iranlı həmkarına "rusi-rusi" (məni nəzərdə tuturdu),  deyə-deyə nəsə sübut etməyə çalışırdı. Nəhayət, uzun sürən telefon danışığı sona çatdı və mərkəzin müdiri dərindən nəfəs alıb: "İran sərhəd məntəqəsinin müdiri yaxınlıqdakı Kirmanşah şəhərinə gedib. Onunla əlaqə saxlayıb, xəbər edəcəklər. İnşallah, yaxşı olar, - dedi. - Bizdə hərdən belə təsadüflər olur və iranlılar sərhədi cümə günü olmasına baxmayaraq, açırlar".

Təxminən yarım saatdan sonra xəbər gəldi ki, İran tərəfi məni qəbul etməyə razıdır. Sərhəd məntəqəsinin müdirinə çoxlu təşəkkür etdik və otaqdan çıxıb, keçid məntəqəsinə yaxınlaşdıq. Keçid məntəqəsi deyəndə, bura adət etdiyimiz sərhəd-keçid məntəqələrindən tamamilə fərqlənən - nizam-intizamlı məntəqədən uzaq idi. Sadəcə iki ölkəni bir-birindən ayıran dəmir təkərlər üzərində lehimlənmiş, bir metr hündürlüyündə olan dəmir çağlı qapı idi. Onu sağa-sola hərəkət etdirərək, bir ölkədən o birisinə yolu açırdılar. Bizim keçidə üz tutduğumuzu görən adamlar, oturduqları ağacların altından durub bizə sarı qaçdılar. Haccı Ğassanın ətəyindən tutub (hətta biri onun əlindən də öpdü) ona yalvardılar ki, onlara da kömək etsin. Təbii ki, Haccı Ğassan da onları boş geri qaytarmaq istəmədi və məntəqənin müdirindən xahiş etdi ki, onları da buraxsın. Məntəqənin müdiri də Haccı Ğassanın sözünü yerə salmayıb onlara icazə verdi. Amma bir şərtlə ki, burdan keçməyə icazə verir, amma İran tərəfinin onları buraxıb-buraxmayacağına zamin deyil. Ümumi sayımız on nəfər olardı. Bu ara bir araba tapıb, çantalarımızı onun üstünə yığdılar və itələyə-itələyə İran sərhədi tərəfə aparmağa başladılar. Biz də artıq üzümüzə açılmış dəmir çağlı qapıya tərəf yönəlmişdik. Qapıdan içəri keçməmiş, Haccı Ğassanla halallaşıb ayrıldıq. Onun gözlərinin dolduğunu gördüm. "Allah amanında! Sağ-salamat get!" - dedi, sonra məni qucaqlayıb "Bizi unutma!" - dedi və əlini adəti üzrə kürəyimə çəkdi. Mən isə heç nə deyə bilmədim. Qəhər məni boğmuşdu. Təkcə onu dedim ki, hər şeyə görə sağ ol!

Haccı Ğassandan ayrılıb neytral məntəqəyə (adətən, ölkələr arasındakı keçid məntəqələrində neytral bir məsafə olur) keçdim və Haccı Ğassana: "Gedin siz daha", - dedim. Haccı Ğassan arxamca: "Biz burda bir saat gözləyəcəyik, sonra gedəcəyik", - dedi. Neytral məntəqəyə təxminən beş yüz metr yol getdim. Yolboyu mənə qoşulub İrana gedənlərin pasportlarını yığıb, bir yerdə sərhəd pasport qeydiyyat xidmətinə verməyimizi təklif etdim. Bu, onlara bir növ kömək etməyim idi. İran sərhəd məntəqəsinə daxil olduq. Bizi İran sərhəd xidməti işçiləri qarşıladılar. Özü də hamısı qara çadralı qadınlar idilər.

- Rus kimdir? - deyə soruşdular (onu da deyim ki, buralarda hamını mənsub olduğu pasportla çağırırlar və mən buna çoxdan öyrənmişdim):

- Mənəm, - dedim.

Pasportumu istədilər. Mən də hamının pasportunu özümünkü ilə bərabər sərhədçi xanıma verdim. O da pasportlarımızı götürüb harasa getdi. Biz isə oturub onun qayıtmasını gözləməyə başladıq. Onu da deyim ki, İrana məxsus bu sərhəd məntəqəsi olduqca təmiz idi və bütün avadanlıqlar, cihazlar və s. hər şey burda yeni və müasir tələblərə uyğun idi. Oturduğumuz zalda hər cür şərait vardı. Mənimlə gələn iraqlılar mənim azdan-çoxdan fars dilində danışdığımı görüb, onlara kömək etməyimi xahiş edirdilər. Mən də onları sakitləşdirib, "Narahat olmayın, hər şey yaxşı olar, inşallah" - deyirdim. Hamısı narahatlıq içində idilər, qorxurdular ki, onları buraxmasınlar, geri qaytarsınlar. Amma xoşbəxtçilikdən belə olmadı. Hamıya İrana keçməyə icazə verdilər.



Hərə öz çantasını götürüb bayıra çıxdı. Bayırda müştəriləri gözləyən taksi sürücüləri, sözün əsl mənasında, üstümüzə hücum etdilər. Burada onlardan başqa bəni-insan yox idi, necə deyərlər, bura çölü-biyaban, isti günəş şüalarından yanmış boz bir çöl idi. Yaxınlıqda heç bir yaşayış məskəni gözə dəymirdi. İraqlılar  hərəsi bir yerə getmək istəyirdilər. Məndən xahiş edirdilər ki, taksi sürücüləri ilə danışıb onları getmək istədikləri yerə yola salım. Hətta soruşurdular ki, bu və ya digər sürücüyə inanmaq olarmı? Onu da deyim ki, iraqlıların çoxu qadın idi. Təbii ki, onlar daha çox narahatlıq hissi keçirirlər. Bir sözlə, gücüm çatdığı qədər hamıya kömək etməyə, və hamını razı salmağa çalışırdım. Bir də ayıldım ki, bu çölü-biyabanda necə deyərlər, bir mənəm, bir də Məmmədnəsir. Baxdım ki, yöndəmsiz bir adam gözlərini mənə zilləyib. Onun xarici görünüşü adamda vahimə yaradırdı. Durmadan mənə baxır və elə bil məndən nəsə gözləyirdi. Mən isə ürəyimdə "Bununla heç hara gedən deyiləm", - deyə fikirləşirdim.

Doğrusu, bir qədər özümü itirmişdim. Bir az da peşman olmuşdum. Axı, o biri sürücülərlə danışa bilərdim... Ürəyimdə götür-qoy edir və özümü danlayırdım. Bu adam heç sürücüyə də oxşamırdı. Görünür, kənarda dayanan sürücülər bir-birini tanıyır və öz aralarında gedəcəyi yolları müzakirə edirdilər. Bu isə qeyri-adi şəkildə kənarda dayanıb, sanki taksi bazarına tamaşa edirdi. Mən onu sərhəd məntəqəsindən bayıra çıxan kimi gördüm. Özü də ilk nəzərimə çarpan onun qulaqlarınadək uzanan lopa bığları idi.

Nəhəng və əcaib adam sükutu pozdu:

- Hara gedirsən? - deyə soruşdu.

- Heç hara! - dedim.

- Necə heç hara? Burda qalacaqsan?

- Bəli, - deyə cavab verdim.

- Burada gecələr heç kim qalmır, ancaq qurdlar ulayır.

Fikirləşdim ki, yəqin bunları məni qorxutmaq üçün deyir. Bir az fikirləşdikdən sonra qərara gəldim ki, onu bir az da danışdırım və hansı məzhəbə qulluq etdiyini öyrənim. Onunla fars dilində ünsiyyət qurmağa çalışırdım, amma alınmırdı. Çünki yarıfars, yarıtürk, yarıərəbcə rabitəsiz cümlələr qursaq da, bir-birimizi tam anlaya bilmir, ya da yarımçıq başa düşürdük.

- Burdan Təbrizə neçə kilometrdir? - deyə soruşdum.

- Min əlli kilometrdir.

Bir az ara verib, sonra yenə soruşdum:

- Neçəyə apararsan?

- Səksən dollara, - dedi.

Məni fikir götürdi. Axı, kim min kilometrlik yolu səksən dollara aparar? Görünür, bu, məni şirnikləşdirmək üçün qiymət oxuyur.

- Nədi, çoxdu? - istəyirsən beş dollar da düşüm, - dedi və bununla məni daha da şübhələndirdi.

Buna baxmayaraq, başa düşürdüm kü, burada da qalmaq olmaz. Nə isə qərar vermək lazım idi. Artıq saat on üç radələri olardı. Gün düz təpəmizə vururdu. Taksi sürücüsü günəşin altında çox qaldığından qapqara qaralmışdı. Bu, onun ümumi görünüşünə daha bir qorxunc çalar verirdi. Doğrusu, qərar verməkdə çətinlik çəkirdim. Burda qalmaq daha da təhlükəli ola bilərdi. Burada nəinki bir yer tapıb daldalanıb gecələmək, hətta oturmağa belə bir yer yox idi...

- Adın nədir? - deyə nəsə danışmaq xatirinə ondan soruşdum.

- Adım Firudindir - dedi

- Firudin, bura hansı şəhərə yaxındır?

- Kirmanşah şəhəri.

- Neçə kilometrdir?

- İyirmi beş kilometr.

- Ora neçəyə apararsan?

- Ora? - təəccüblə məni süzüb: - Pulsuz, - dedi.

Mən də ürəyimdə: "Bu, nə danışır! - deyə fikirləşdim. Doğrudan, bunun nəsə başqa fikri var. Ağlımda cürbəcür, müxtəlif  pis fikirlər dolaşırdı.

Firudin mənə: 

- Qulaq as, - dedi. Görürəm, nədənsə çəkinirsən. Amma onu da bil, mən getsəm, sən burda tək qalacaqsan. Özün də buradakı vəziyyəti görürsən. Gəl, səni Kirmanşahadək aparım, sonra özün bilərsən.

(Ardı var)

 





08.01.2021    çap et  çap et