Azərbaycan sovet mətbuatında "Kommunist"in xüsusi müxbiri kimi tanınan Tofiq Həsənov haqqında ilk və həm də xoş sözləri Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində oxuyanda müəllimlərimizdən eşitmişdim.
Jurnalistika nəzəriyyəsi və təcrübəsindən danışan müəllimlərin hamısı, professor Nurəddin Babayev, Nəsir İmanquliyev, Seyfulla Əliyev tez-tez onun adını çəkib yazılarını nümunə göstərirdilər. Onun məqalələrinin hekayə kimi sujeti, kompozisiyası olduğunu deyən müəllimlər yazılarında artıq söz işlətmədiyini, təkrarlara yol vermədiyini dönə-dönə vurğulayırdılar.
1931-ci ildə Ağdam şəhərində ziyalı ailəsində dünyaya gələn Tofiq Həsənov 1954-cü ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin jurnalistika şöbəsini əla qiymətlərlə bitirdikdən sonra təyinatla o vaxt respublikanın ən nüfuzlu qəzeti olan "Kommunist"ə göndərilir. Bir müddət ədəbi işçi kimi fəaliyyət göstərdikdən sonra onu Şirvan zonasına xüsusi müxbir təyin edirlər.
Xüsusi müxbir kimi ilk yazılarını kəndlərin problemlərinə həsr edən Tofiq Həsənov "kənddə məktəb var, amma kino yoxdur", "suvarma suyu var, içməli su yoxdur" deyə qəzetdə haray qaldırır. "Pambıq yaxşıdır, amma nar ondan da yaxşıdır" yazan jurnalist Göyçayda narçılığın, Şamaxıda üzümçülüyün, Kürdəmirdə bostançılığın inkişafına şərait yaradılmasının vacibliyi haqqında silsilə məqalələr yazır. Bununla da, o, adamlar arasında özünü də sevdirir, qəzetin də hörmətini qaldırır.
Jurnalistikada ən çətin və həm də vacib olan iş oxucunun hörmətini qazanmaqdır. Amma ondan da çətini qazandığın o hörməti qoruyub saxlamaqdır. Tofiq müəllim lap gənc yaşlarından oxucular arasında qazandığı hörməti axıra kimi qoruyub saxlaya bildi. O, acı həqiqəti hamının gözünün içinə şax deyib, məmurları iti qələmi ilə tənqid edən jurnalist idi. Haqsızlığa, ədalətsizliyə, rüşvətxorluğa və xalqın malını talayanlara qarşı qaldırdığı haraylara görə o vaxtlar rayonun "balaca allahları" adlanan raykomun birinci katibləri onu məqalələrinə dəxli olmayan, həm də əsassız bəhanələrlə çarmıxa çəkib, başına olmazın müsibətlər gətirirdilər. Təkcə Azərbaycanda deyil, bəlkə də bütün SSRİ-də yeganə qəzet işçisidir ki, tənqidi yazılarına görə üstünə şər, böhtan atılıb iki dəfə partiya sıralarından xaric edilmişdir. Yaxşı ki, hər dəfə də onun köməyinə (1964-cü ildə) Moskva, sonra isə Heydər Əliyev çatmışdır.
Aydınlıq üçün yada salıram ki, keçən əsrin altmışıncı illərinin əvvəllərində o vaxt Sov.İKP MK-nın birinci katibi olan N.S.Xruşşovun düşünülməmiş bir addımı ilə bütün ölkədə, eləcə də Azərbaycanda dörd-beş rayon bir növ birləşdirilib Ərazi İstehsalat İdarələri yaradılmışdı. Birləşmiş bu rayonlar üçün Mərkəzi Komitənin bir qəzeti buraxılırdı. Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı rayonlarının da Lənkəranda "Leninçi" adlı qəzeti çıxırdı. MK bürosunun qərarı ilə "Kommunist" qəzetinin xüsusi müxbiri Tofiq Həsənov "Leninçi" qəzetinin redaktoru təsdiq olunmuşdu.
Tofiq müəllim oxucuların dərin hörmət bəsləyib, sevdiyi, hər məqaləsi səbirsizliklə gözlənilən istedadlı jurnalist, hərsahəli yaradıcılıq diapazonu olan redaktor idi. O, partiyanın qəzetlərin qarşısına qoyduğu vəzifələrlə yanaşı, dövrün tələblərinə, oxucuların arzu və istəklərinə uyğun qəzet çıxarmaq üçün bir sıra addımlar atdı. Əvvəlcə, necə deyərlər, regionda əli qələm tutub yazmağı bacaranların hamısını qəzetin ətrafına yığdı. Bədii, publisistik yazılara qəzetdə yaşıl işıq yandırdı. O dövrün tələblərinə uyğun olaraq qəzetdə təsərrüfat işləri ilə yanaşı, rayonlardakı tarixi abidələr, rayonların tarixi, el ağsaqqalları haqqında məqalələr dərc etmək üçün bir növ çağırış elədi. Uzun ömürlülər diyarında uzun ömür yaşamağın sirləri haqqındakı yazılar qəzetin əsas mövzularından birinə çevrildi. Bu mövzuda qəzetdə Lerikdən, Yardımlıdan dərc olunan yazıların səsi Azərbaycandan kənarlarda da eşidildi.
"Leninçi"də işləyəndən az sonra qəzetdə dərc olunan ciddi tənqidi yazılara görə Tofiq Həsənovla Lənkəran rayon partiya Komitəsinin birinci katibi M.Məmmədovun münasibətləri pisləşdi. El arasında "Bala Lenin" adlanan bu adam savadlı çıxışları ilə yanaşı, onun haqqında o vaxtlar yazılmış bir şeirdə deyildiyi kimi, kiməsə böhtan atıb, şər-hiylə qurmaqda da əhli-hünər idi.
Dövlətin malını talayıb xalqın nifrətini qazanan bəzi vəzifə sahiblərinin kəsgin tənqid edilib ifşa olunması qəzetin nüfuzunu qaldırsa da, raykomun (Lənkəran) birinci katibində qəzetə, onun rəhbərliyinə qarşı qısqanclıq yaradırdı. Birinci katib qəzeti hörmətdən salmaq üçün qəzetdə tənqid olunan adamlar haqqında tədbir görmək əvəzinə onları yığıncaqlarda tərifləyir, daha yüksək vəzifələrə irəli çəkirdi. Məhz birinci katibin ədası və hikkəsi üzündən redaksiya ilə rayon partiya komitəsi arasında böyük gərginlik yarandı. Yazmaqla, yaratmaqla məşğul olan jurnalistlərin rahat yollarda şütüyən maşınları daşlı, kəsəkli yola çıxdı. Qanadlı ilan kimi gah uçan, gah da sürünən şayiələr, böhtanlar hər tərəfə yayıldı. Jurnalistlərin hər addımı təqib olunur, onların şərlənib həbs olunması üçün hüquq mühafizə orqanlarına göstərişlər verilmişdi. Bu barədə uzun illər Lənkəran şəhər partiya komitəsinin şöbə müdiri işləyən Ramiz Hüseynov "Qızıl ömrün əlvan sətirləri" adlı kitabında daha ətraflı yazır.
... İnsanın həyatı avtomobil sürücüsünün həyatı kimidir. Nə qədər diqqətli və təcrübəli olsan da, gözlənilməz qəzaya rast gələ bilərsən. Tofiq müəllim də gözlənilməz bir qəzaya rast gəldi. Adi bir unutqanlıq edib, bəlkə də partiya təşkilatı katibinin bilərəkdən yada salıb tələb etməməsi üzündən (o vaxt redaksiyada ilk partiya təşkilatı olmadığına görə qəzetdə işləyən kommunistlər üzvlük haqlarını raykomun ilk partiya təşkilatında ödəyirdilər) partiya üzvlük haqqının ödənilməsini gecikdirmişdi. Əslində, buna görə kommunistə adi xəbərdarlıq etməklə kifayətlənmək olardı. İlk partiya təşkilatında da bu məsələ müzakirə olunub, üzvlük haqqının qəbuluna razılıq verilmişdi. Amma... Amması budur ki, "Leninçi" qəzetində dərc olunan məqalələrə, eləcə də mənim "Kommunist" qəzetində dərc olunmuş "Mənə töhmət verin", "Azərbaycan gəncləri" qəzetində dərc olunmuş "Estafet ağacı" adlı felyetonlarıma cavab vermədiyinə görə raykomun birinci katibinə açıq məktub yazıb "Cidanı çuvalda gizlətmək olmaz" başlığı altında dərc etdik. İki gündən sonra, necə deyərlər, saman çöpünə əl atan "Bala Lenin" bu məsələni şişirdib, milçəkdən fil düzəltdi. Raykomun büro iclaslarında, plenumlarında, MK-nın müşavirələrində iştirak etmiş, MK-nın qəzetinə redaktorluq etmiş bir adamı "partiyadan ayrı düşmüşdür" deyə Sov.İKP sıralarından xaric elədi.
Məsələnin obyektiv həllinin Azərbaycanda aylarla uzanacağını bilən redaktor məzuniyyətə çıxıb Moskvaya uçdu. Partiya qəzetinin redaktoru kimi onu Sov. İKP MK-da qəbul etdilər. Hər şey aydınlaşdırıldı. Tofiq Həsənov haqqında qərəzli qərar qəbul etdirməklə partiya nizamnaməsinin tələblərini kobudcasına pozduğu "Bala Lenin"in nəzərinə çatdırıldı, haqqında lazımi tədbir görülməsi Azərbaycan KP MK-ya tapşırıldı...

Cəmi bir ildən sonra Mərkəzi Komitənin zona qəzetlərinin fəaliyyəti dayandırıldı. Tofiq Həsənov yenidən "Kommunist" qəzetinə xüsusi müxbir vəzifəsinə qaytarıldı. Moskvanın tapşırığı ilə partiya cəzası almalı olan M.Məmmədov isə havadarlarının köməyi ilə Azərbaycan KP MK-nın kənd təsərrüfatı şöbəsinin müdiri oldu.
Tofiq Həsənov yenidən xüsusi müxbir kimi fəaliyyətə başlayandan bir neçə il sonra respublika partiya təşkilatının rəhbərliyi də dəyişdirildi. Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçildi. Yeni rəhbərlik qəzetlərin qarşısında daha ciddi tələblər qoydu. Elə həmin ərəfədə Tofiq Həsənovun yazdığı bir çox tənqidi-publisistik məqalələr MK-da müzakirə olunub lazımi qərarlar qəbul edildi, felyetonlarında göstərilən faktlarla əlaqədar Respublika Prokurorluğu böyük cinayətlərin üstünü açdı...
Hərtərəfli biliyə, xüsusi musiqi istedadına, yaddaşa, məntiqli yazı qabiliyyəti ilə yanaşı, həm də insanlarla tez dil tapıb ünsiyyət yaratmaq qabiliyyətinə malik olan Tofiq Həsənov jurnalist üçün lazım olan sahələrin hamısından məlumatlı adam idi. O, həkimlə həkim kimi, aqronomla aqronom kimi danışırdı. Ədəbiyyatçı alimlə, dünya ədəbiyyatındakı cərəyanlardan, tarixçi ilə tarixi həqiqətlərdən elə danışırdı ki, qarşısındakı onu öz sahəsinin dərin bilicisi kimi qəbul edirdi. Onun bu istedadı bir jurnalist kimi yazılarında da aydın hiss olunurdu. Azərbaycanda hamı - yazıçı da, alim də, həkim də, kolxozçu da onu "Kommunist"in xüsusi müxbiri kimi tanıyırdı. O, bu hörmətə, bu ada qəzetdə dərc etdirdiyi biri-birindən maraqlı yazıları, oçerkləri hər dəfə "bomba kimi partlayan" felyetonları ilə nail olmuşdu.
Tofiq müəllim tanrının dünyaya bəxş etdiyi nəcib insanlardan biri idi. Qamətli boyu-buxunu, nurlu sifəti, geniş qəlbi var idi. Gənclərə əl tutub kömək etməkdən həzz alıb, qürur duyan bir şəxsiyyət idi. İstedadlı gənclərin inkişafı üçün əlindən gələni əsirgəməzdi. O, redaksiyanın nəzdində yaradılmış ədəbi dərnəklərin bütün toplantılarında iştirak edər, oxunan hər şeir, hekayə haqqında öz fikrini bildirər, tövsiyələrini verərdi. Yadımdadır, bir dəfə indi nəinki Azərbaycanda, respublikadan kənarlarda da romanları, həyat hadisələrindən bəhs edən sənədli povestləri və publisistik yazılar ilə yaxşı tanınan, elmlər doktoru, professor, yazıçı, ictimai xadim Hüseynbala Mirələmovun hələ yeddinci sinifdə oxuyanda redaksiyaya gətirdiyi hekayəsini redaktora göstərdim. Dəftər vərəqinə iri hərflərlə yazılmış hekayəni oxuyan Tofiq müəllim cüzi redaktədən sonra məsul katibi çağırıb:
- Dördüncü səhifədə Tolstoy haqqında olan yazının yerində Hüseynbalanın hekayəsini ver, bu da Lənkəranın Tolstoyudur - dedi. Bununla da balaca Hüseynbalanın yazılarına qəzetdə yaşıl işıq yandırıldı.
Bir jurnalist kimi uzaqgörən, tədbirli adam olan Tofiq Həsənov bildiklərini öyrətməyi, işçilərə çatdırmağı özünə borc bilirdi. O vaxt "Leninçi" qəzeti redaksiyasında işləyənlərin əksəriyyətinin yazmaq qabiliyyəti olsa da, bir çoxlarının jurnalist təhsilləri yox idi. Bəlkə elə buna görə də "letuçka"larda jurnalistikada sənətkarlıq məsələlərindən, jurnalistikanın yazılmamış qanunlarından, istər müsbət, istərsə də tənqidi mövzularda hazırlanan məqalələr üçün istifadə olunan faktların toplanması və saxlanılması haqqında dönə-dönə danışardı. Tofiq Həsənovun redaktorluğu əslində, bir məktəb idi. Onun məktəbindən dərs almış Vaqif Hüseynov sonralar Masallıda çıxan "Çağırış" qəzetinin, Nəcəf Şıxəliyev, Şəkər Aslan müxtəlif illərdə "Leninçi" qəzetinin, Asif Quliyev Azərbaycan KP MK-nın "Sovet kəndi" qəzetinin baş redaktoru oldular.
Tofiq müəllim məmurların xoşlamadığı, amma xalqın sevdiyi böyük jurnalist idi. O, öz böyüklüyünü axıra kimi qoruyub saxladı. Cəmi 52 il yaşadı. Onun bu qısa ömrü jurnalistlər üçün yazmaq, yaratmaq, həm də dostluqda sədaqət məktəbidir. O, qəzet işçilərinə məqalə yazmaqla yanaşı, həm də məngənəyə salınıb sıxılanda necə dözümlü olub mübarizə aparmağı da öyrədirdi.
Neçə dəfə Azərbaycan jurnalistlərinin, SSRİ jurnalistlərinin qurultayına nümayəndə seçilən Tofiq Həsənov SSRİ jurnalistlər ittifaqının Qızıl Qələm mükafatı laureatı idi. Azərbaycan Respublikası Ali Sovetinin fəxri fərmanı ilə təltif olunmuşdu. Tofiq müəllim "Leninçi"nin timsalında Partiyanın hegemonluq etdiyi bir zamanda da azad və sərbəst qəzet çıxarmağın mümkünlüyünü ortaya qoydu. O, özü özündən Leninin adını daşıyan qəzetə azadlıq, sərbəstlik şəhadətnaməsi vermişdi. Hər kəs nədən istəyirdi, necə istəyirdi yazırdı, ancaq bir şərtlə: nə yazırsan düz yaz, xalqın istədiyini yaz. Tərifi şişirtmə, tənqidi azaltma...
Tofiq müəllim mövzu seçməkdə, məqaləyə ad verməkdə də olduqca səriştəli redaktor idi. "Məqaləni adı oxudur" deyən redaktor sərlövhənin çağırış xarakterli olmasını xoşlayırdı. "Literaturnaya qazeta"nın xüsusi müxbiri bir həftəyə qədər Lənkəranda gəzib dolandıqdan sonra elə Lənkəranda da yazdığı məqalənin əl yazmasını Tofiq müəllimə verdi. O, məqalənin axırına iki cümlə ilə Xəzərin Lənkərana, Lənkəranın da Xəzərə yaraşdığını əlavə edib məqalənin adını "Xəzərin incisi" qoydu.
... O vaxtlar dünyanın ən yaşlı adamı olan lerikli Şirəli Müslümov haqqında yazdığım məqaləyə "Babaların babası" adını da o vermişdi. Məqaləni müxtəlif dillərə tərcümə elətdirib göndərdiyim dünyanın dünyaca məşhur olan qəzetlərinin hamısı həvəslə dərc etdilər. İskəndəriyyədə çıxan qəzetlərin biri qəzetlə birlikdə göndərdiyi məktubda "Babalarımızın babasına salam çatdırın" yazmışdı. Mən də o salamları Tofiq müəllimə çatdırdım. Bu, onun xidməti idi.
Regionda Tofiqin qəzeti kimi tanınan "Leninçi" o dövrün güzgüsü idi. O güzgünü təmiz saxlayıb hərtərəfli aydın göstərməsinə şərait yaradan Tofiq Həsənov idi. Publisistlər qəzeti tarixin ilk cızmaqarası adlandırırlar. Mənim aləmimdə "Leninçi" o dövrün əsl tarixini yazdı. O tarixi yazanlar sırasında Tofiq müəllimlə yanaşı, onun qələm yoldaşları Əyyub Rzayevin, Vaqif Hüseynovun, Nəcəf Şıxəliyevin, Şəkər Aslanın, Ramiz Hüseynovun, İsmayıl Şükürovun, Yusif Abıyevin, Mirhafiz Bahadırın, Həzi Əliyevin, bu sətirlərin müəllifinin də əməyi əvəzsizdir.
... Xəstə yatanda Tofiq müəllimə baş çəkmək üçün Göyçaya getmişdim. Gəlişimdən həm şadlandı, həm də kədərləndi. Birlikdə işlədiyimiz o çətin günləri yada saldıq. Jurnalist peşəsinin çətinliklərindən danışanda Tofiq müəllim yastığa dirsəklənib "əgər dünyaya yenidən gəlsəm, yenə də jurnalist peşəsini seçərdim. Çətin də olsa, maraqlıdır, yadda qalandır, unudulmazdır" - dedi.
Son görüşümüzdən az sonra, 1983-cü il aprelin 21-də amansız ölüm Tofiq müəllimi əlimizdən aldı. Acılı, şirinli yaşadığı 52 ildən sonra, dünyasını dəyişdi. Bu dünyada Tofiq müəllimin təmiz adı, çoxlarına nümunə olan məqalələri, bir də biri-birindən ağıllı üç övladı qaldı. Əlibəy, Təranə, Elxan atalarının peşəsini seçməsələr də gözü, könlü toxluqda, nəfsi təmizlikdə eynən atalarına oxşayıblar. O vaxtdan neçə onilliklər keçsə də, o dövrün ziyalıları da, neçə yüz min tirajla çıxan "Kommunist"in, Lənkəranda, Astarada, Lerikdə, Yardımlıda, Masallıda hətta qonşu rayonlarda gəzən "Leninçi"nin o illərdəki oxucuları, dostları, qələm yoldaşları onu indi də cəsarətli və istedadlı jurnalist kimi, sədaqətli dost kimi xatırlayırlar. Hansı qəzetdəsə sanballı bir yazı oxuyanda "lap Tofiq Həsənov kimi yazıb" deyirlər.
... Tofiq Həsənov istedadlı jurnalist, iradəli və qətiyyətli insan idi. Onun bütün nailiyyətləri tanrının ona bəxş etdiyi istedadla, özünün özü üçün yaratdığı dəmir iradənin birliyindən su içdiyi kimi, başına gətirilən problemlər, üzləşdiyi haqsızlıqlar ədalətsizliklər də cəsarətinin, qorxmazlığının odundan alovlanırdı. Açıq-aydın, çılpaqlığı ilə yazdığı məqalələrdəki sətiraltı ifadələrdə müstəqil, azad respublikada, mətbuatın azad olduğu bir dövrdə yaşamağı arzulayırdı. Budur onun arzuları həyata keçib, Azərbaycan heç kimdən asılı olmayan müstəqil dövlətdir, bu ölkədə mətbuat da azaddır, qəzetlər də onun istədiyi kimi çıxarılır, daha o illərdəki kimi təqiblər yoxdur. Heyif, çox heyif ki, Tofiq müəllim də yoxdur.
Asif QULİYEV
çap et