525.Az

"Namus" sözü erməni dilində - Sosial şəbəkədə yazılanlar


 

"Namus" sözü erməni dilində - <b style="color:red">Sosial şəbəkədə yazılanlar</b>

Vilayət Quliyev, filologiya elmləri doktoru:

- Ərəb mənşəli "namus" sözü Azərbaycan türkcəsi vasitəsi ilə erməni dilinə də keçib. Şamaxıda doğulub böyüyən erməni yazıçısı Aleksandr Şirvanzadənin məşhur romanı "Namus" adlanır. Bu roman əsasında çəkilmiş ilk erməni bədii filminin adı da "Namus"dur.

Deyəsən, bir az uzaqdan başladım.

1987-ci ildə keçirilən sonuncu beynəlxalq tərkibli Vaqif poeziya günlərində (inşallah, bu ildən bərpa olunur) İrəvandan gələn iki erməni şairi də iştirak edirdi. Biri gənc qızını da özü ilə gətirmişdi.

Bakıya qayıtdığımız gün Göyçayda dayandıq. Anar müəllim əvvəlcədən zəng vurmuşdu. Yol kənarındakı restoranda lazımi hazırlıq görmüşdülər. Həmin axşam qonaqların bir qismi yola düşəcəyindən bu, həm də bir növ vida məclisi idi.

Hamı sağlıq deməyə, təəssüratını bölüşməyə çalışırdı.

Qızı ilə gələn erməni də (adını unutmuşam, hansısa jurnalın redaktoru idi) söz istədi və təxminən belə bir "nitq" söylədi.

"Arvadım biləndə ki, Anuş da (məsəl üçün!) mənimlə getmək istəyir, dəli oldu. Dedi ki, sənin başın xarab olub,  cavan qız uşağını hara aparırsan? Siz şairlər səhərdən axşama kimi araq şüşəsindən ayrılmırsınız, sonra da bilən olmur ki, kim harada gecələyib, kim kimnən yatıb. Yox, mən qızımı buraxa bilmərəm".

Dedim, "Axçi, əvvəl fikirləş, gör,  hara gedirik. Yaxşı yadında saxla - Azərbaycana gedirik. Azərbaycanlılarla bizim eyni anlayışımız var: namus! Lap tək də getsə, Azərbaycanda heç kəs sənin qızına əyri gözlə baxmaz, əksinə, əyri baxanın gözünü basıb çıxararlar. Düzlükdə, dostluqda, namus məsələsində azərbaycanlılar bütün dünyaya nümunədir" və s. və i.a. Uzun-uzadı bir dostluq nağılı...

Üstündən 3-4 ay keçəndən sonra bu "namus aşiqinin" öz jurnalını Azərbaycana qarşı mübarizə platformasına çevirərək namussuzların ön cərgəsində getdiyini eşidəndə əvvəlcə bir az təəccübləndim, amma erməni xislətinə bələd olandan sonra təəccübə yer qalmadı...

Elşən Mustafayev, sosial şəbəkə istifadəçisi:

- Füzuli hava limanı low-cost uçuşlar ilə həm də on minlərlə iranlı turistə xidmət göstərə biləcək. Türkiyədə Iğdır və Van hava limanlarında görmüşəm, iranlılar məhz Türkiyə sərhədini keçib uçurlar İstanbula, oradan da Avropa və Amerikaya. Necə ki içi mən qarışıq dostlar illərlə Gürcüstana gedib, ucuzdur deyə Gürcüstandan Fransaya uçurduq...

Üstəlik, Vanda sırf şoppinq üçün sərhədyani bölgələrdən gündəlik minlərlə iranlı gəlirdi, toy alverlərini edib, özlərində tapılmayan məhsulları alıb ölkələrinə geri qayıdırdılar.

Eyni ilə bir təbrizli və ya ərdəbilli xaricə getmək üçün vizasız rejimdə sərhədi keçib Füzuli hava limanından Avropaya uça bilər. Bu nəzəriyyə təəssüf ki, Zaqatala hava limanında gürcülər və Şimali qafqazlılar üçün, Lənkəran beynəlxalq aeroportunda  iranlılar üçün indiyə kimi lazımi nəticələr verməyib, ancaq indi zamanın ruhu başqadır. 

İradə Tuncay, jurnalist:

- Orta yaşlıların (sovet dövrünü görənlərin) yadına gələr, bizə lazım olan peyvəndlərin hamısını dövlət vururdu. Özü də məcburi. Bəzən olurdu ki, hansısa xəstəlik yayılanda adi peyvəndlərdən fərqli nəsə vururdular. Xatırlayıram, altıncı sinifdə oxuyanda belimizə iynə vurdular, çox da ağrılı idi. Dedilər, vəba xəstəliyinə qarşıdır.

Bir də xarici ölkələrə gedəndə məcburi iynələr vurulurdu. Amma o vaxt xaricə gedən az idi. Dövlətə güc düşmürdü. İndi isə xaric olub daxil. Avstraliyada nəsə olanda bir həftədən sonra qonaq bizə də gəlir. Niyə deyirəm? Belə bir fikir var ki, postsovet məkanında bu xəstəliyin çox yayılmaması, yüngül keçməsi elə o vaxt vurulan peyvəndlərin təsiridir. Mən də bu fikirlə razıyam...

Peyvənddən qorxmaq lazım deyil. Yəni hər kəsin öz işidir. Amma...

Vüqar Əliyev, sosial şəbəkə istifadəçisi:

- Xocalı aeroportu Azərbaycanın icazəsi olmadan fəaliyyət göstərə bilməz.

Rus mənbələrinin simicliklə paylaşdığı informasiyaya görə, rus ordusu aeroportun fəaliyyəti üçün Azərbaycana müraciət edib. Azərbaycan tərəfi aeroportun xidmətedici heyətinin razılaşdırılacağı, Azərbaycan sərhədçilərinin və gömrük orqanlarının aeroportda fəaliyyət göstərəcəyi halda aeroportun işləməsinə razı olub. Rus ordusu Azərbaycan tərəfinin təhlükəsizliyinə təminat verə bilməyəcəklərini bildirdiklərinə görə bizimkilər məsələni atıblar şkafın toz basmış gözünə.

Xocalı aeroportunun uçuş zolağı elə tikilib ki, təyyarə mütləq Ağdam istiqamətindən enib-qalxmalıdır. Və bundan asılı olmayaraq, aeroporta gəlib-gedən təyyarələrə beynəlxalq qanunvericiliyə əsasən aeronaviqasiya xidmətlərini Azərbaycan tərəfi göstərməlidir.

Dünyada uçuşların təhlükəsizliyi BMT-nin ICAO təşkilatının himayəsi altında keçirilir. Ağlınız BMT-yə getməsin, ICAO çox ciddi təşkilatdır. ICAO-nun standartlarına və tələbələrinə əməl edilməsə, havada aləm bir-birinə qarışar.

Müharibə vaxtı Gürcüstan şübhəli Rusiya təyyarələrinə naviqasiya xidməti göstərməkdən imtina etdiyi üçün ruslar hava məkanına daxil olub Yerevana uça bilmirdilər.

Qısası, biz istəməsək, bu məsələ əmələ gələn deyil. Qalanı boş şeylərdir.

P.S. Füzuli aeroportu xeyirli olsun. Mülkidən çox yəqin ki, hərbi sahədə əlimizi daha da gücləndirəcək. 

Vaqif Bəhmənli, şair:

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev haqlı olaraq 2021-ci ili "Nizami Gəncəvi ili" elan etdi. Bu münasibətlə bütün xalqımızı, üstəlik, bütün dünyanın ədəbi ictimaiyyətini, dünya oxucularını təbrik etməyə dəyər. Nizami Gəncəvi ZƏFƏR, BARIŞ, SÜLH, İNTİBAH, İDRAK şairidir. Bəşəriyyət onu dərk etdikcə daha asan və rahat yaşayır. Bu ilin Nizami Gəncəvinin adına layiq, mənalı keçməsi üçün hər bir qələm sahibi, hər bir ziyalı elə bu gündən ilahi sözün əsgəri olmalıdır.

Nə zamansa "İşartı" silsiləsindən olan yazıların birində belə söyləmişdim: "Elə də böyük fərq etməz ki, şahlar şairi və şairlər şahı Şeyx Nizami Gəncəvi bir fərd olaraq milli mənsubiyyətcə kimdir... Əsas olan budur ki, o, bütün bəşəriyyət üçün qənimət bir şəxsdir. Çünki böyük ustad, dərin düşüncəli Nizami Gəncəvi... DAHİDİR! Nizami Gəncəvi farsın olsa da, olmasa da, fars Nizami Gəncəvinindir... Nizami Gəncəvi türkün olsa da, olmasa da, türk Nizami Gəncəvinindir... Bu söz sıralamasını dünyada mövcud olan bütün xalqların sayı qədər artırmaq olar. Nizami Gəncəvi elə böyükdür ki, onun təfəkkürünün geniş miqyaslı aynasında əsasən fərasətli, elə o qədər də fərasətsiz hökmdarların müdaxiləsi ilə əmələ gələn çoxsaylı sınır təhrifləri, sərhədləri haşiyələyən girintilər, çıxıntılar, kəsintilər... nəinki dərhal ifşa olunur, həm də öz hökmünü, təsir gücünü itirir. Minlərlə səbəblər içində həm də buna görə nadir maddi, mədəni, mənəvi və əlbəttə ki, ədəbi hadisələr panoramasında Nizami Gəncəvi ayrıca və çox əhəmiyyətli bir hissədir.Və nəhayət, Nizami Gəncəvinin milli mənsubiyyətinin müəyyənləşdirilməsinə sərf olunan enerji və dartışmalar onun sənətinin fövqəladə qüdrətinin açılmasına, digər dillərdə, heç olmasa orijinala yaxın ifadəsinə sərf edilsəydi, onda biz zaman-zaman insanı ucaldan, kamilləşdirən söz sənətinə həqiqi xidmət etmiş olardıq. Nizami Gəncəvi elə böyükdür ki, onu təkbaşına hər hansı bir xalq çəkib apara bilməz. Nizami nə farsın, nə türkün övladıdır, Nizami Yer planetinin övladıdır. Elə buna görə də bu tükənməz xəzinədən küllü-aləmdə yaşayan hər bir kəsə pay düşür!" 

Azad Əliyev, jurnalist:

- Türkiyə ilə İsrail münasibətləri sürətlə istiləşməyə doğru gedir. Türkiyə tərəfi dekabrda iki illik fasilədən sonra İsrailə yenidən səfir təyin ediləcəyini açıqlamışdı. Oksford Universitetinin araşdırmaçıları müəyyənləşdiriblər ki, hər iki tərəf bu yaxınlaşmadan böyük xeyir götürəcək. İsrail və Türkiyə 10 illik siyasi böhrana son qoyduqdan sonra müdafiə, təhlükəsizlik, energetika, kənd təsərrüfatı və turizm sahəsində sıx əməkdaşlıq edəcək. Hər iki dost ölkə üçün xeyirli olsun!

Tale Heydərov, iş adamı:

- Hazırda yüzlərlə qazimiz və mülki əhalimiz döyüş və ya partlayış nəticəsində yaranan psixoloji pozuntulardan əziyyət çəkməkdədir. Qorxulu yuxular, neqativ fikirlər, aqressiv davranışlar, ümidsizlik, yuxusuzluq, həmin qorxulu anları göz qabağında görən şəxslər. Bu, müharibədən sonra yarana biləcək qorxulu psixoloji problemdir. Elmi dildə buna "travma sonrası sinir pozğunluğu" deyilir. Adətən, veteranların 20-30 fazi arasında müşahidə olunan bir haldır. Bu şəxslərin ailə üzvləri, yaxınları daima bundan əziyyət çəkənləri nəzarət altında saxlamalı, onları qətiyyən tək buraxmamalıdır.

Bu tip psixoloji problemləri yaşayan şəxslər dərhal 112 qaynar xəttə müraciət etsinlər. Onlara lazımi kömək göstəriləcək. Bundan əlavə, onu qeyd edim ki, yanvar ayının 20-si qardaş Türkiyədən 15 peşəkar həkim bu halı müalicə etmək üçün ölkəmizə səfər edəcək. Yüzlərlə qazimiz müalicə alacaq və bu çətin durumdan mütləq çıxacaqlar. Yaxın günlərdə bu haqda daha ətraflı məlumat veriləcək.

Bu haqda elan bütün hazırlıq işləri görüləndən sonra veriləcək, amma bəzi kədərli məlumatlar və qazilərin həyatına artan risklər bunu ən tez bir zamanda, bu şəkildə elan etməyi məcbur etdi. Hər bir saatın, dəqiqənin öz hökmu var.

Bu yöndə həkimlərimiz, psixoloqlarımız və jurnalistlərimiz tərəfindən çox ciddi iş aparmalıdır. Müharibə sonrası yarana biləcək psixoloji travma, depressiya və digər psixoloji pozuntular müalicə oluna bilən hallardır. Bu çətin halı yaşayanlara səbr diləyirəm və onların tezliklə düzələcəklərinə inanıram.

 





08.01.2021    çap et  çap et