525.Az

İlahəlikdən ifritəliyə - Natəvan Abdullanın araşdırması


 

İlahəlikdən ifritəliyə - <b style="color:red">Natəvan Abdullanın araşdırması </b>

Bəşəriyyət əsrlərdən bəri olmazın xəstəliklərlə, epidemiyalarla savaşıb, milyonlarla itki verib, amma sonda yenə öz varlığını qoruyub saxlaya bilib. Bunun səbəbi isə yer üzündəki tək şüurlu canlının - insanın daima üzləşdiyi çətinliklərin, qarşılaşdığı problemlərin çarəsinin axtarışında olmasıdır. Axtarışda olmaq insana xas olan təməl xüsusiyyətlərindəndir. Yəqin dünya yaranandan bəri bütün keşməkeşlərə baxmayaraq, insanı yaşadan, bütün canlılara hökm etmək məqamına çatdıran başlıca səbəb də məhz elə bu xüsusiyyətlə bağlıdır.

İnsanın yaşamaq uğrunda mücadiləsində ən əsas ehtiyaclarından biri də xəstəliklərdən qorunmaq və şəfa tapmaq istəyidir. Əlacı bəlli olmayan xəstəliklər daima insan övladını dərman, məlhəm tapmağa, fərqli müalicə üsullarının axtarışına sövq edib. Bu, bəşəriyyət yaranandan belə olub və indi də belədir.

Təxminən bir ildir ki, bütün dünya COVİD-19 virusu ilə mübarizə aparır, yüz illər, min illər əvvəl olduğu kimi, bu gün də insan övladı üzləşdiyi bəladan xilas olmaq üçün çarə tapmağa çalışır. Bütün dövrlərdə olduğu kimi, insan zəkası və gücü yenə də təbiətlə burun-buruna mübarizədə qalib gəlmək əzmi ilə baş sındırır.

Milyon illərdir, insanların anladığı bir şey var: gücün və xoşbəxtliyin təməlində sağlamlıq durur. Bugünün özündə də xalq təbabətində istifadə olunan məlhəmlərin, müalicə üsullarının bir çoxu qədim dövrlərin həkimləri tərəfindən kəşf olunub. Burada diqqət çəkən ən mühüm məqam isə ilk həkimlərin, yəni şəfa verənlərin qadınlar olmasıdır. Ölümcül xəstəliklərə çarə tapmaq bir dönəmlər qadınların ən ümdə vəzifəsi olub. Bu gün düyanın qabaqcıl həkimləri arasında qadınlar da, kişilər də bərabər şəkildə öz yerlərini tuta bilirlər. Bir vaxtlar isə tibbin yaranması qadınların adı ilə bağlı olub. Hələ lap qədimlərdən fərqli sivilizasiya və mədəniyyətlərdə qadınlar dünyaya uşaq gətirdikləri üçün ilahə, yaxud şahzadə kimi qəbul ediblər. Bu səbəbdən də xəstəliklərin, hətta ölümün çarəsini də məhz qadınların tapmalı olduqları təsəvvürü formalaşıb.



Bu kortəbii inanc qadınların təbabət sahəsində irəliləmələrinə, önə keçmələrinə yol açıb. Təsadüfi deyil ki, ilk qadın təbiblər də həmin dönəmlərə aid mədəniyyətlərdən birində - Şumerlər dövründə ortaya çıxıb. Şumerlərdə təbib qadınlar ilahələr kimi qəbul olunurdular. Böyük hörmət sahibi olan bu qadınların vəzifələri xəstəliklərə çarə tapmaq, dualar ilə insanları dərd-bəladan, fəlakətlərdən qorumaq idi. Müxtəlif xəstəliklərin dərmanının tapan, həblər, məlhəmlər, fitillər, losyonlar hazırlayan, dualarla insanları sağaldan bu qadınlar həm də dini təmsil edirdilər. Elə Şumerlərin bərəkət tanrısı Kibele də bu qadınlardan biri olub.

Qadınların bu statusu zaman keçdikcə zəifləməyə başladı. Tarixdə bu qırılma kişilərin üstün imtiyazlara malik olduğu avropalıların işğalları dövrünə təsadüf edir. Bir neçə əsr sonra isə cəmiyyət insanlara şəfa verən bu qadınları cadugər, ifritə adlandıracaq həddə gəlib çatdı. Həmin mərhələyə qədər  qadınların statusları artıq yavaş-yavaş əllərindən alınmağa başlamışdı. Zaman-zaman kişilərin cəmiyyətdə üstün mövqelərə sahiblənmələri qadınları kölgədə qoyurdu. Hippokrat dövründə artıq yunan qadınlar kişi həkimlərin köməkçiləri, tibb bacıları vəzifəsini tuturdular. Buna rəğmən bir çox probemlərin, xəstəliklərin həlli hələ də qadınların əlində idi. Hətta deyilənə görə, bu dövrdə kişi həkimlər qadın təbiblərin fəaliyyətini məhdudlaşdırmağa çalışsalar da, bir çox dərmanların hazırlanması qaydalarını və cərrahi əməliyyat üsullarını həmin qadınlardan öyrənirmişlər. Amma dualar oxumaq, məlhəmlər hazırlamaq, mamaçalıq və bir çox qadın xəstəliklərinin müalicəsini hələ də qadınlar özləri edirdilər.

Sonrakı dövrlərdə - Assuriya (Aşşur şəhər dövləti) və Misir mədəniyyətlərinin zamanında kişi həkimlərin yüksəlişi mərhələsi başlayır. Vəziyyət o yerə gəlir ki, bir vaxtlar Şumerlərdə sevgi, şəfa və doğum üçlüyünün təmsilçisi sayılan ilahə İanna Assuriya dönəminin ilk dövrlərində İştar adı ilə tanınmağa başlayır və sonrakı mərhələdə şəhvət və əxlaqsızıq simvolu kimi tarixə keçir (Heredot öz əsərlərində Qədim Mesopotamiyada İştar adının əxlaqsızlıqla bərabər  tutulduğundan yazıb).

Beləcə, qadın təbiblərin bu coğrafidakı nüfuzu tamamilə sarsılıb və onlar həkimlikdən köməkçiliyə, oradan da tibb bacısı statusuna qədər geriləyiblər. Buna baxmayaraq, qadınlar evdə, kasıb təbəqə arasında yenə təbiblik edib, müxtəlif bitkilərdən hazırladıqları məlhəmlərlə, gizli də olsa, bu sahədə fəaliyyətlərini davam etdirərək öz bilgilərini nəsildən-nəsilə ötürməyi bacarıblar.



Bu müalicələr zamanı oxuduqları dualar insanlar arasında o qadınlara olan inancı artırıb, onların mistik gücə sahib olduqları düşüncəsini formalaşdırıb. Amma XVI əsrin əvvəllərindən etibarən Avropada, xüsusilə də İngiltərədə türkəçarə yolu ilə insanları müalicə etməyə çalışan bu qadınların öz əməlləri ilə guya tanrının qəzəbinə gəldikləri iddiası ortaya atılmağa, bu üsulların insanlara şəfa vermədiyi, əksinə, tanrının yanında bu əməllərin günah sayıldığı idda olunmağa başlayıb. Beləcə, bir vaxtlar ilahələr səviyyəsində qəbul olunan bu qadınar cadugər, ifritə, tanrının qəzəbinə tuş gələn kafirlər ayamaları ilə damğalanıblar.

Çağdaş dövrümüzdə isə biz gender bərabərliyini ən çox tibb sahəsində görə bilirik. İstər tibb sahəsi olsun, istərsə də xalq təbabəti, hər iki müstəvidə biz qadınların kişilərlə bərabər çiyin-çiyinə insanlıq üçün savaşdığının şahidi oluruq.

Tarix boyu davam edən bu keşməkəşlərə baxmayaraq, qadınların tibbə olan sonsuz marağı onların bu sahədən birdəfəlik təcridinə imkan verməyib. Xəstələrlə münasibətdə qadınların daha həssas, daha duyğusal davranması, güclü emosiyalara sahib olması onlara həm həkim, həm tibb bacısı kimi tələbatı daha da artırır. Hətta deyə bilərik ki, bu günün mühafizəkar cəmiyyətlərində qadın həkimlərə ehtiyac Avropada olduğundan daha çoxdur.

 





08.01.2021    çap et  çap et