525.Az

Naxçıvanın regional iqtisadi inkişafına dair yeni dərs vəsaiti işıq üzü gördü


 

Naxçıvanın regional iqtisadi inkişafına dair yeni dərs vəsaiti işıq üzü gördü<b style="color:red"></b>

Milli iqtisadiyyat üçün uzunmüddətli perspektivlərin müəyyən olunduğu hazırkı şəraitdə sosial-iqtisadi sahələr üzrə islahatların davam etdirilməsi özünün getdikcə artan aktuallığı ilə seçilməkdədir.

Güclü infrastruktur siyasətinin təkmil mexanizmlərinin təşəkkül tapması fonunda davam edən bu proseslər istehsal və sosial sahələrin yüksək məhsuldarlıq göstəricilərini təşkil etməkdədir. Makroiqtisadi səviyyədə dayanıqlılığın möhkəmləndirilməsi regional və milli iqtisadiyyat quruculuğu proseslərini sürətləndirmiş və qarşıya qoyulmuş hədəflərin reallaşması daha da əlçatan olmuşdur. Əldə olunan uğurlar mövcud və yeni yaranan müəssisələrin fəaliyyəti üçün səmərəli mühitin əsaslarını bərqərar etmiş və bu, etibarlı məşğulluq üçün perspektivlər açmışdır.

Bu bir həqiqətdir ki, artıq Naxçıvan Muxtar Respublikasında qeyd olunan amillərin hər biri özünün gerçək təşəkkülü ilə davam etməkdədir. Artıq muxtar respublikada iqtisadiyyatın sahə strukturu yüksək təşkilatlanma dövrünü yaşamaqdadır. Yerli istehsal imkanlarının genişləndiyi sağlam mühit əhalinin artan tələbatlarının etibarlı şəkildə qarşılanması üçün güclü bazaya çevrilmişdir. Bu isə bütün tərəfləri ilə birlikdə daxili bazarın qorunması və nəticə etibarı ilə bazar və iqtisadi tarazlığın təmin olunmasına yol açmaqdadır.

Bütün bu qeyd olunanlar iqtisadçı alimlər Cavadxan Qasımovun, Sədaqət Əhmədovanın, Flora Ələsgərovanın və Sevinc Zamanovanın həmmüəllifi olduqları "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi perspektivləri: reallıqlar və nəticələr" adlı dərs vəsaitinin fəsillərində əhatəli şəkildə olmaqla öz əksini tapmışdır. 5 fəsildən ibarət olan dərs vəsaitində təhlillər statistik məlumatlar əsasında peşəkarlıqla aparılmış muxtar respublikanın istehsal, məşğulluq və sosiallaşma sahəsindəki uğurları yüksək elmi əsaslandırma ilə ortaya qoyulmuşdur.

Dərs vəsaiti ilə tanış olarkən muxtar respublikada iqtisadiyyatın sənayeləşməsi, sosiallaşması və bunların fonunda çoxşaxəliliyi fonunda diversifikasiya olunması məsələlərinin yüksək qətiyyətlə reallaşması sahəsindəki dövlət tədbirlərini görmək olur. Təbii ki, bu isə hərtərəfli inkişafı hədəfləyən ölkəmizdə və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın dövlət tənzimlənməsi, təşkili və idarə olunması məsələlərini ifadə etməkdədir.

Xalqımızın Ümummilli lideri, böyük Heydər Əliyevin müəllifi olduğu ideya və təşəbbüslərin yaratdığı əlverişli mühit son 16 ildə regionların sosial-iqtisadi inkişafına etibarlı əsaslar formalaşdırmışdır. Məhz bunun da nəticəsində, Azərbaycan Respublikası artıq regional iqtisadi siyasətin güclü əsaslarını yaratmışdır. Keçən müddət ərzində ölkənin bütün regionları kimi, Naxçıvan Muxtar Respublikasının da davamlı iqtisadi inkişafında və sosial sahədəki proseslərinin gedişində öz dinamikliyi ilə seçilmişdir.

Dərs vəsaitində göstərilir ki, regional iqtisadi siyasətin uğrulu təşəkkülü Naxçıvan Muxtar Respublikasında da iqtisadi proseslərin səmərəliliyinin artırılmasında, makroiqtisadi səviyyədəki nəticələrin perspektivliyinin artırılmasında və nəticələrin daha da məhsuldar olmasında güclü vasitəyə çevrildi. Ərazisinin böyük hissəsinin aqrar bölgə olması, əhalisinin isə 70 faizdən artığının məhz kənd yerlərində yaşaması ilə yanaşı, iqtisadiyyatın sənaye əhəmiyyətliliyinin artırılmasına nail olan muxtar respublika ölkənin sənayeləşmə siyasətinə hərəkətverici təsirini göstərmiş oldu.

Eyni zamanda, dərs vəsaitində iqtisadi hadisə və proseslərin elmi izahı, mənalandırılması məsələlərinə müasir dövrlə səsləşməklə yanaşılmışdır. Muxtar respublika ərazisində yaradılmış Sənaye Məhəllələrinin artan səmərəsindən, şəhərləşmə və rayonlaşma perspektivlərindən, həmçinin, bu sahədə uzunmüddətli hədəflərin əlçatanlığından söz açılmışdır. İqtisadiyyatın milli mahiyyətinin yüksək təminatı və bunun yeni prioritetlərin müəyyən olunmasına gətirdiyi etibarlılıq dərs vəsaitinin aktuallığını və önəmliliyini daha da artırmaqdadır. Xüsusilə də, turizm sahəsində iqtisadi və hüquqi tənzimləmələrin həyata keçirilməsi, ticarət imkanlarının artırılması, o cümlədən, idxalın məhdudlaşdırılması və ixracyönümlü məhsul istehsalının stimullaşdırılması və s. məsələləri dərs vəsaitində elmi cəhətdən əsaslandırılmaqla təqdim olunmuşdur.

Beləliklə, uzunmüddətli prioritetlərini müəyyən edən ölkəmizin davamlı sosial-iqtisadi inkişafı regionların tarazlı və dayanıqlı potensialı ilə daha da əlçatan olmaqdadır. Dinamik və etibarlı perspektivləri ilə həmin proseslərə təkan olan Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatında regional inkişaf üzrə Dövlət proramlarının səmərəli icrası dövründə keyfiyyətcə yeni mərhələnin əsasları yaradılmışdır. Təbii ki, bunlar da yeni nəşr olunan dərs vəsaitində aparılan elmi cəhətdən əsaslandırılmış təhlillərlə ifadə olunmuşdur.

Laçın ABIŞLI
BDU-nun dosenti, iqtisad üzrə fəlsəfə doktoru

 





08.01.2021    çap et  çap et