“Amerika daha Viktor Yanukoviçi Ukrayna prezidenti saymır” – ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Süzan Rayts belə açıqlama verib.
“Media forum” saytının məlumatına görə, fevralın 23-də NBC televiziyasına danışan müşavir qeyd edib ki, Viktor Yanukoviç demokratik yolla prezident seçilsə də, legitimliyini xeyli itirib. Süzan Rayts Viktor Yanukoviçin öz xalqına qarşı silah tətbiq etdiyini vurğulayıb və onun paytaxt Kiyevdən tələm-tələsik qaçdığını xatırladıb.
ABŞ prezidentinin müşaviri Rusiyanın Ukraynadakı proseslərə müdaxiləsi ehtimalına toxunaraq “Bu, çox ciddi səhv olardı” deyib.
Ötən ilin noyabrından Ukraynada inqilabi proses başlayıb və bu ilin fevralında kəskin qarşıdurmalarla müşayiət olunub. Fevralın 18-dən 20-dək paytaxt Kiyevdə 80-ə yaxın adam həlak olub. Ötən həftənin şənbə günü dövlət başçısı Viktor Yanukoviç hakimiyyətdən kənarlaşdırılıb, növbədənkənar prezident seçkisi təyin olunub. Hazırda prezident səlahiyyətlərini parlament sədri Aleksandr Turçinov icra edir.
çap et