Qış gecəsi, soyuğun ilk əvvəl avazı gəlir, sonra mehi. Gecələr uzanır, gündüzlər qısalır. Havalar tez qaralır, sanki qaçanı var, qovanı var. Tələsir zülmətə çatmaq üçün. Hadisələr çox sürətlə baş verir. Bir göz qırpımında. Bütün hadisələrdən agah olan təbiətin sakinləri bir-birinə qışın gəlişindən xəbər göndərir. Hər il belə olur. Səs salır dağ düzə, dərə təpəyə, çay meşəyə. Qış da xəz dərisini geyinib yol alır qədim Nuh diyarının, Əcəmi yurdunun gözoxşayan, dillərə dastan olan ünvanına. Keçdiyi hər yerə misilsiz sərvətini bəxş edir. Soyuqluğunu bölə-bölə xərcləyir. Necə də səxavətlidir bu qış. Heç yerdən əsirgəmir soyuğunu, çovğununu, tufanını. Həm də ədalətlidir. Bərabər bölür şaxtasını, buz parçalarını. Təpədən dırnağa kimi soyuqlar başlayır. Ətrafdakı ağacların gövdəsindən başlayan soyuq budaqlarına qədər gəlib çıxır. Donan ağacların boynunu bükməsi, üzərindən əsən şaxtalı, çovğunlu meh əzablı qışın görüntüsü kimi təqdim olunsa da, təbiətin ağ örpəyinin ecazkar tablosundan bir qaleriya salonu yaradır. Əlamətlərini sərgiləyir ətrafına. Qış üçhərfli bir hecalı olsa da, məzmunca çox dərindir. Məqsədcə çox kəskindir. Sərtdir.İnamlıdır, qərarlıdır. Məqsədlidir, iddiallıdır. Necə də prinsipaldır. Heç bir hadisənin haqqını başqasıyla əvəz etməz. Ədalətli bölgüsü var, qoynundankı balası tək təsbkeşdir. Qoruyur öz fəslinin etibarını. Amma illərdir yorğun idi. Biraz narahat, biraz da qəmgin idi....Ta ki, bu qışa qədər...