525.Az

Əsgər qonaqlığı - Fidan Malikdən daha bir esse


 

Əsgər qonaqlığı - <b style="color:red">Fidan Malikdən daha bir esse </b>

Söz vaxtına çəkər, deyiblər. Təxminən iyirmi altı il əvvəl, ilin bu vaxtı, fəsillərdən yenə də qış. Şəhərdən fərqli olaraq, yalan olmasın, bəlkə də, düz dizə qədər yerə oturan qar.

Yeridikcə xırçıldayan qar qatı, topa-topa yağan qar dənələri, ətrafın göz qamaşdıran ağappaq örtüyü, bir sözlə, əsl qış abu-havası. Əslində, hər fəslin, hər havanın öz gözəlliyi olduğunu yaxşı bilsək də, bunun əsl mənasını, yəqin ki, bu gün daha yaxşı başa düşürük. Məsələn, aylardır təmiz havaya həsrət qaldığımızda, hətta qışın çovğununda belə küçəni uzun-uzadı yeriməyə razıyıq. O havanı doya-doya sinəmizə çəkməyin həsrətindəyik. Təəssüf ki, insan ona lütf edilən nemətlərin dəyərini yalnız onları itirəndə və ya həsrət qalanda başa düşür.

O gün qarın ağ örtüyünün üstündə yeriyən iki nəfərin isə hava qıtlığı barədə heç bir dərdi-tasası yox idi. Bəlkə o an onlara desəydilər ki, uzun illər sonra hava, hətta "təmiz hava" qızıla bərabər olacaq, yəqin ki, sadəcə gülərdilər.

Beləcə, məmnun halda hər yeridikcə özlərindən sonra ayaq izləri yox, sanki çalalar açırdılar. O iki nəfərdən biri, balaca qızcığaz isə hər çalaya, üzünə düşən hər pambıq kimi qar topalarına təəccüb və sevinclə baxırdı. Necə də baxmasın, axı şəhərdə bu mənzərəni görə bilməzdi. Uzaq başı məktəb həyəti, parkların ayaq dəyməyən hissələrində və ya skamyalarının üstündə bir neçə santimetrlik qar qatı olardı ki, o da bir-iki günə azacıq hava isinən kimi əriyər, ya da uşaqlar o "gizli" yerləri tapıb, qarın son yerə düşən dənəsinə qədər oynayıb, ayaq altında suya döndərərdilər.

Bu iki nəfər el dilində desək, "əsgər gördüsü"nə gedirdilər. O yaşda qız üçün "əsgər gördüsü"nün adi bir qonaqlıqdan heç bir fərqi yox idi. Onun dərin mənasını yalnız əsgər ailəsi bilə bilərdi. O ailə ki, övladı sağ-salamat gələnə qədər saatlı bombanın üstündə oturub gözləyirdi. Çünki bilirdi ki, erməni heç vaxt dinc oturmur və xainliyindən əl çəkmir. Odur ki, vaxt-vaxt sərhəd ərazilərdə əsgəri xidmət edən gənclərdən yaralanıb qazi kimi qayıdanı da olurdu, şəhidlik məqamına ucalıb, nəşi gətiriləni də. Bunu bilən hər əsgər ailəsi də balaları yalnız öz ayaqları üstdə evinin qapısından girəndən sonra, onu yenidən görə bilmək xoşbəxtliyinin sevincini yaşayırdı.

Bir az yeridikdən sonra köhnə dam örtüyü olan balaca, kürsülü evə çatdılar. "Kasıb koması" olduğu hər halından bəlli idi. Darvaza qapısı da açıq idi. Ya əsgər qapısı olduğu üçün, ya da sadəcə şəhərdən fərqli olaraq rayonda çox evlərin darvaza qapılarının axşamacan açıq qaldığı üçün belə idi. Bu, ya hamının bir-birinə etibarından, ya da qəfil gələ biləcək qonağa qarşı qonaqpərvərliklərindən irəli gəlirdi.

Bir saat olardı ki, evin şüşəbənd hissəsində oturmuşdular. Şüşəbəndin baş tərəfində düzbucaqlı döş stolu və stulları var idi. Bir də kənarda balaca soba - "odun peçi". Sobanın yanında isə pişik xumarlanaraq mışıl-mışıl yatır, arada balaca pəncəsilə gözünü sanki ovxalayır, sonra yenə mürgüləyirdi. Lap başda isə balaca tumbanın üstündə köhnə, ağ-qara göstərən "qutu" kimi televizor var idi. Televizorda Azərbaycan televiziya kanalında Nailə İslamzadə özünəməxsus sakit və təmkinli səsilə ölkədə və dünyada baş verən xəbərləri deyirdi. Ətrafda divan-kreslo gözə dəymirdi. Bəlkə yoxları idi?.. Bəlkə də bura sadəcə şüşəbənd olduğu üçün içəri otaqda idi. Həm hava çox soyuq olduğu, həm də qızğın iş getdiyi üçün hamı bura toplaşmışdı. Sabaha hazırlıq işləri aparılırdı. Çünki əsgər qonaqlığı əslində, sabah olacaqdı. Şüşəbənddəki qadınların hərəsi bir işlə məşğul idi. Biri dovğa bulayır, biri sabahkı aş üçün düyü arıtlayır, biri şirin omalar, kətələr bişirir, biri çolpaları doğrayır, biri apar-gətir işlərinə baxır, bir sözlə, hərə özünə aid işlə məşğul olurdu. Təkcə stolun baş tərəfində oturan çalsaç, yumrusifət Məmmədiyyə dayı demək olar ki, heç nə etmirdi. Yox-yox, əslində edirdi. O tompuş barmaqları ilə stolun kənarına nağara cubuqları kimi döyəcləyərək şuluq uşaqlar təki mızıldanırdı:

- Dovğa doqqaza, yayma yaylağa. Dovğa doqqaza, yayma yaylağa.

Məmmədiyyə dayı çox baməzə adam idi. Bu yerlərin ayaq üstdə gəzən lətifə kitabı idi. Maraqlısı odur ki, o, lətifə danışanda ətrafdakılar gülməkdən uğunub gedir, onun isə üz cizgiləri qətiyyən dəyişmirdi. Sanki ciddi söhbət edirdi. Özü də xasiyyətcə çox həlim insan idi. Balacadan böyüyə hamının sevimlisi idi. O gün isə həm də əsgər atası idi. Sevincdən göy gözləri ulduzlar kimi parlayırdı. Necə sevinməsin? Sonbeşiyi Tovuz rayonunun düşmənlə sərhəd ərazisində əsgəri xidmət etmiş və sağ-salamat evinə  qayıtmışdı.



O gün ya hamının başı qarışıq olduğundan, ya da Məmmədiyyə dayının zarafatlarını bildikləri üçün heç kəs ona məhəl qoymurdu. Təkcə qonaq gələn qızcığaz təəccübünü saxlaya bilməyib nəhayət ki, soruşdu: - Məmmədiyyə dayı o nə deməkdi ki?

Aha, deyəsən, Məmmədiyyə dayıya həmsöhbət tapılmışdı. O, gülümsəyən gözlərilə qızcığaza baxıb, amma cox ciddi şəkildə izah etməyə başladı.

- Ay oğul (o yerlərdə oğul bala mənasında deyilirdi. Əslən Məmmədiyyə dayı Şəkidən olsa da, uşaqlıqdan ailəsilə birlikdə Qaxa köç etmişdilər. Odur ki, hər iki rayonun ləhcəsinə bələd idi. Özü də demək olar ki, bütün ömrünü tibb sahəsində xidmət etmişdi. Daha dəqiq desək, feldşer idi), deyirəm ki, dovğa adamın mədəsində doqqaza qədər qalar, yayma (südlü sıyıq) yaylağa qədər. Yəni dovğa doyumluq döyül, yayma isə bir az tutumludu.

Qızcığaz təəccüblə ona baxıb:

- Ay dayı, məndə yayma da doqqaza qədər qalır, - demişdi ki, Məmmədiyyə dayı yenə çox ciddi şəkildə başını bulayaraq qayıtdı ki:

- Can oğul, onda sənin dədənin, ananın işi fırıxdır.

O an başları qarışıq olsa da, hamı gülüşdü. Demək ki, qulaqları bu iki nəfərdə idi. Çünki bilirdilər ki, Məmmədiyyə dayı olan yerdə xoş əhval var. Utandığından yanaqları qızarsa da, elə qızcığazı da gülmək tutdu.

İşlər yekunlaşmaq üzrə idi. Birdən bu baməzə adam üzünü bayaqdan ortalıqda, iş başında o baş-bu başa gedən yoldaşına tutub:

- Ay Firəngiz, o qırmızı çaxırı dimədimmi sobanın qırağına qoy, isinsin.

Çaxır adını eşidən qadın əsəblə:

- A kişi, nə çaxırdı axşam-axşam?! Qoy süfrəni düzəldim. Hamı yorulub, bir loxma çörək yeyək.

Məmmədiyyə dayı israrla:

- Ay qız, qoy diyirəm, qoy! Sən bilməzsən!

Yoldaşı əllərini yelləyərək, şüşəbənddən çıxdı və hirslə əlində balaca çaxır şüşəsi ilə qayıtdı. Dodağının altında deyinə-deyinə onu gətirib sobanın aşağı tərəfinə qoydu. Elə bu anda bayaqdan xəbərləri oxuyan aparıcı, verilişin sonunda şəhərdə yayılan "Sidney qripi" ilə bağlı vətəndaşlara bacardıqları qədər bu soyuq havalarda evlərindən çıxmamağı və alimlərin təcrübələrinə istinadən azacıq isidilmiş qırmızı şərabdan istifadə etməyi məsləhət gördü.

Bir söz ancaq bu qədər yerinə düşə bilərdi. Bunu eşidən Məmmədiyyə dayının yoldaşı təəccüblə sağollaşan aparıcıya, bir də razılıqla gülümsəyən yoldaşına baxaraq, - "A kişi, ta bu günnən sonra sənə bir söz də diyən döyüləm" - dedi. O gün hamı bu olanlara bir xeyli ürəkdən gülmüşdü. O gün bu şirin zarafatlar, əslində, o ailənin ən böyük sevincinin sadəcə azacıq duzu-istiotu idi.

Bax beləcə, illər bir göz qırpımında gəldi keçdi. Bu gün artıq illərdən 2021-ci ilin ilk günləridir. Keçən 2020-ci il yazılışı çox rahat, özü isə olduqca ağır, çətin bir il idi. 2020-ci il qədər acılı ilimiz olmuşdumu? Əlbəttə, olmuşdu! Torpaqlarımızın parça-parça hər tikəsinin anadan övladının, ağacdan budağının qoparıldığı kimi qoparıldığı, dinc insanlarımız qanına qəltan edildiyi, ard-arda Şəhidlər Xiyabanları salındığı hər il ağrı, acı dolu olmuşdu.

Keçmişə dönüb baxsaq, görərik ki, bu xalqın əslində, heç uzun illər üzü gülməyibmiş. Amma 2020-ci ildə güldü! Həm ağladı, həm güldü. 2020-ci il, daha doğrusu,  ilin son bir neçə ayı tərəzidə bütün illərdən ağır gəldi. Çünki zəfər çaldıq! İllərcə həsrət qaldığımız torpaqlarımıza qovuşduq. O torpaqlarda doğulmasaq da, yurduna, torpağına, daşına, suyuna, havasına həsrət qalan insanlarımızla illərcə acılarını bölüşdüyümüz kimi, bu il də sevinclərini bölüşdük. Bir Vətənin, bir ananın övladları olaraq, hətta aylardır ilan kimi boynumuza sarmaşan epidemiya xəstəliyinə rəğmən hamımız bir yumruqda birləşdik! Həmrəy olduq! Bəlkə də heç bu qədər həmrəy olmamışdıq. Şəhidlərimizin qanı bahasına, qazilərimizin canı bahasına, ata-analarımızın göz yaşları bahasına qalib olduq! Bir gözümüzlə ağladıq, bir gözümüzlə güldük. Demək ki, üzünü danladığımız il o qədər də pis il deyilmiş. Çünki bizə ən son anda nağıl bildiyimizin gerçək sevincini yaşatdı.

İndi isə 2021-ci il gəldi-gələli hər iki evdən birində əsgər sevinci yaşanır. İndi artıq əsgər ata-anasıyla bərabər, balacadan böyüyə, hər kəs çox yaxşı bilir ki, "əsgər gördüsü" bütün qonaqlıqlardan ən qiymətlisidir, ən şanlısıdır! O sevinci yaşaya bilməyən şəhid ailələri qarşısında isə ödəyə bilməyəcəyimiz bir can borcumuz var... Onların hər biri yaz gələndə lalələr olub, şəhid olduqları torpaqların çəmənlərindən boylanacaq, xarıbülbülə yoldaş olub göz oxşayacaq. Sonra ömrü bitəndə yenə torpağa qarışacaq, sonra yenə bitəcək, amma heç vaxt unudulmayacaqlar!

Bu qədər ağrının, sevincin arasında bir də epidemiya təlaşı var. Onu da unuda bilmərik. Çünki ölümü urvatsız edən, qohum-qardaşı bir-birindən ürküdən bu bəla, bizə ötən ildə az çəkdirmədi. Bir zaman qədrini bilmədiyimiz hava, sağlamlıq, vaxt kimi dəyərli nemətlərin qiymətini bilməmiz üçün bizə az dərs vermədi. Təəssüf ki, bu təzə ilə də öz çirkin ayaqları ilə adladı. Amma onun da öhdəsindən gələcəyimizə inanırıq! Mənfur düşmənin öhdəsindən gəldiyimiz kimi! Bəlkə onun çarəsi "Məmmədiyyə dayının qırmızı şərabı" qədər sadə deyil, amma onunla da baş edəcəyimiz günlərin də uzaqda olmadığına bütün qəlbimizlə ümid edirik. Çünki yaşadıqlarımız bizə yaradanın bir imtahanı olub, birliklə, səbirlə, sevgilə olmazların mümkün ola biləcəyini göstərdi.

 





08.01.2021    çap et  çap et