525.Az

"Bir sevdiyinin o biri sevdiyini əlindən almasına izn vermə" - Müsahibə


 

GƏNC AKTRİSA VƏ YAZAR GÜLAY HÜSEYNOVA: "CƏMİYYƏTİMİZƏ "FEMİNİZM"' SÖZÜNDƏN QORXMAYAN KOMPLEKSSİZ KİŞİLƏR VƏ HÜQUQLARINI BİLƏN, SAVADLI QADINLAR LAZIMDIR Kİ, ALİCƏNAB NƏSİL YETİŞSİN"

"Bir sevdiyinin o biri sevdiyini əlindən almasına izn vermə" - <b style="color:red">Müsahibə  </b>

Planetin əhalisinin ən azından yarısını qadınlar təşkil etdiyindən onun potensialının yarısı da elə qadın deməkdir. Buna görə də, gender bərabərsizliyini sosial inkişafda durğunluq yaradan əsas faktor hesab etmək olar.

Bu gün Azərbaycan qanunları ilə qadınlar və kişilər bərabərhüquqlu olsalar da, bir çox ailələr qadınlara qarşı həddən artıq mühafizəkar mövqe tutur, özünü inkişaf etdirmək, potensialını reallaşdırmaq kimi vacib məsələlərdə gənc qızların qarşısında süni əngəllər yaradırlar. Bir sıra sənət və peşə sahələri var ki, qadınların, qızların həmin sahələrdə çalışması bu və ya digər səbəblərdən ailələri tərəfindən uyğun hesab olunmur, onların ixtisas seçiminə müəyyən məhdudiyyətlər qoyulur. İllərdir, qız uşağı üçün ən yaxşı sənət müəllimlikdir düşüncəsində olan valideynlər, bəlkə də, neçə-neçə aktrisanın, mühəndisin, iqtisadçının, hüquqşünasın, idmançının yolunu kəsir, onların hansı sahəyə daha uyğun olmalarına, daxili potensiallarına məhəl qoymurlar.

Azərbaycanda bu kimi sosial problemlərin aradan qaldırılması, insanların bərabər şəkildə, azad formada istədikləri peşə və ixtisaslara yiyələnə bilmələri istiqamətində bir çox sosial tədbirlər həyata keçirilir. Buna baxmayaraq, ailələr tərəfindən qız uşaqlarına qarşı yaradılan süni maneələri aşmaq əslində, bu uşaqların, gənclərin həyata güclü mübarizə əzmi ilə başlamalarına səbəb olur.

Müsahibimiz, gənc yazıçı, aktrisa Gülay Hüseynova öz həyatında, çalışmaq istədiyi sənət uğrunda bu mübarizə yolundan keçmiş insanlardandır. Gülay xanımın aktrisa olmaq yolunda verdiyi mücadilə əslində, bir çox qızlarımız üçün həm örnək, həm də motivasiya qaynağıdır. Onun türk dilində yazdığı romantik komediya janrındakı "P.S.Zaten boyun da küçüktü..." kitabı qısa vaxtda Azərbaycanda satış rekordu qazandı və elə ilk kitabı ilə "Qızıl qələm" mükafatına layiq görüldü. O, həm Azərbaycanda, həm də Türkiyədə bir sıra rollarda oynayıb, bundan əlavə, ssenarist kimi də fəaliyyət göstərib. Bax, öz potensialını üzə çıxarmaq, üzləşdiyin əngəllərə rəğmən, onu bütün enerjinlə ortaya qoymağı bacarmaq əzmi budur.

Öz həyat hekayəsini özü yazmaq cəsarətini göstərən gənc yazıçı, aktrisa, ssenarist Gülay Hüseynova ilə müsahibəni təqdim edirik.  

***

- Gülay xanım, sizin fəaliyyətinizi çoxdan izləyirəm. Təxminən deyə bilərəm ki, universitetdən radioya, radiodan müəllimliyə, oradan aparıcılığa, daha sonra isə aktrisalığa, yazarlığa, ssenaristliyə qədər uzun bir karyera yolu keçmisiniz. Bunlar sizin üçün təbii proses idi, yoxsa bir axtarış dövrü?

- Bu suala bir az ətraflı cavab vermək istərdim. Çünki karyeramın çoxşaxəli olmasında həm fərdi, həm də genetik, hətta bəlkə də, psixoloji faktorlar da var.

Universiteti bitirdiyim il özəl dil kurslarında müəllimlik və tərcüməçiliklə məşğul olsam da, bunun keçici bir müddət olduğunu bilirdim. Elə həmin vaxtlarda "Ləkə" serialı ilə ilk ekran işi təklifini aldım. Səhərlər dərslərimi keçib gündüzlər çəkilişə gedirdim.

Radio fəaliyyətim universitetdaxili radiomuzda başlasa da, professional aparıcılıq karyeram, aktrisa olaraq efirdə səsimi bəyənməməklə başladı. Qərar verdim ki, səsimlə işləmək üçün ən yaxşı vasitə və ən maraqlı hobbi radiodur. Çox keçmədi ki, ölkənin ən reytinqli səhər efirindən aparıcılıq təklifi gəldi, gündəlik efirə başladım. Hər səhər 3 saat canlı veriliş aparırdım, ordan da çəkilişlərə gedirdim.

Yazarlığa gəlincə, ixtisasca rus filologiyası üzrə təhsil aldığım üçün yazar olmağım da təsadüfi olmadı. Yazmağa başlayandan sonra şeir, hekayə, povest, roman, ssenari, reklam mətnləri və digər bu yönlü yaradıcı işlərin ardı gəlir artıq.

Genetik faktor isə babamla əlaqəlidir. Babam Məmməd Kazım da şair, yazıçı və publisist olmaqla yanaşı, zamanında Azərbaycan Dövlət Televiziyasında "Hünər" hərbi vətənpərvərlik redaksiyasını quraraq uzun illər eyniadlı verilişin aparıcısı olub. Hətta Masallıda yaşadığı dövrlər ərzində rayonun radiosunda ədəbi verilişlər hazırlayaraq radio aparıcılığı fəaliyyəti ilə də məşğul olub. O, həm də zamanında "Qala" qəzetinin naşiri idi.

Babam həm insani, həm də yaradıcı yönləriylə mənim üçün hər zaman mükəmməl insan portreti olduğu üçün bəlkə də, şüuraltı olaraq, ona bənzəməyə, onun kimi bacarıqlı və daim yenilənən olmağa çalışmışam.



Əsas sirli və sehrli olan isə budur ki, mən həmişə nəyəsə qərar verəndə önümdə o qərarıma dair böyük fürsətlər yaranıb.

- Bilirəm ki, aktrisa olmağı çox istəmisiniz, ailədə isə bu, yaxşı qarşılanmayıb. Hədəflərin, məqsədlərin üçün öz doğmalarına qarşı getmək o hədəflərə çata bilmək hissini daha da gücləndirir, yoxsa bu maneələr adamı yorur, getdiyi yolu daha da çətinləşdirir?

- Həmin vaxtlar mənim 17-18 yaşım olduğu üçün əzmimi daha çox artırırdı. Çünki o yaşın enerjisi ilə insan öz gücünü, potensialını təsdiqləməyə daha çox ehtiyacı hiss edir. Zamanla isə ailəmə haqq verməyə başladım. Çünki aktyorluq qarantiyası olmayan bir məsləkdir. 3 il dayanmadan ekranda olursansa, 5 il işsiz qala bilirsən. Hər valideyn də təbii olaraq, övladının gələcəyi üçün qayğılanır.

- Bəzi şeyləri yazanda, yaxud istədiyiniz rolları oynamaq istəyəndə cəmiyyətin basqısı, qınaq, ayıb anlayışları, süni maneələr ilə qarşı-qarşıya qaldığınızı hiss edirsiniz, yoxsa yazanda da, oynayanda da sərhədlərinizi özünüz müəyyənləşdirirsiniz?

- Yazanda, həqiqətən yazmaq istədiklərimi, oynayanda da oynamaq istədiklərimi seçməyə çalışıram deyə, məcburiyyət hiss etməmişəm heç vaxt. Sadəcə, bəzi mövzulara qarşı böyük həssasiyətim var, məsələn, uşaqlar. Yəqin ki, bir milyonluq təklif də gəlsə, uşaq qatili rolunu oynamaram.

- Siz Azərbaycan cəmiyyətindən çıxan, özünü reallaşdıran, hədəflərinə çatan ən rəngli, cəsarətli qadınlardan birisiniz. Bu gün yüzlərlə gənc qızımız var ki, onlar da öz yollarını tapmaqda ya çətinlik çəkirlər, ya da ailə tərəfindən onlara qarşı süni maneələr yaradılır. Onları tipikləşdirib balaca bir Gülay kimi düşünsək, o balaca qızcığaza indiki Gülay nə deyərdi, nə demək istəyərdi?

- Bir əlinlə ailəndən, o biri əlinlə də sevdiyin işdən bərk-bərk yapış və bu sevgi balansını daima qoru. Bir sevdiyinin o biri sevdiyini əlindən almasına əsla izn vermə. Tam xoşbəxtlik üçün ikisini də sevgiylə qucaqlamaq lazımdır.

- Sizinlə söhbətimizin əsasında gender bərabərliyi məsələsinin önəmi dayanır. Gənc qızlarımızın sizi, sizin kimi mübariz qadınları görərək böyüməsi həqiqətən vacibdir. Çünki onların hər birinin hədəfləri, arzuları olmalı, qorxub öz içlərinə qaçıb orda gizlənmədən, özlərini reallaşdıra bilməlidirlər. Eynən sizin kimi. Sonda, elə bu məsələ ilə bağlı fikrinizi almaq istəyirəm. Cəmiyyətdə bərabərliyi təmin etmək üçün ən təməl addımlar haradan başlamalıdır və sizcə, onlar hansı addımlar olmalıdır?

- Əvvəla, haqqımda dediyiniz xoş sözlərə gərə təşəkkür edirəm, şərəf duydum. O ki qaldı sualınıza, nəzərə alsaq ki, övlad tərbiyəsində ən mühüm rol anadadır, ilkin vəzifə yenə anaların üzərinə düşür, daha sonra isə məktəblərin. Cəmiyyətimizə "feminizm"' sözündən qorxmayan, özgüvənli, komplekssiz kişilər və hüquqlarını bilən, qoruyan, savadlı qadınlar, analar lazımdır ki, alicənab bir nəsil yetişsin. Xanımlar və bəylər, əvvəlcə özünüzə, sonra da bir-birinizə yaxşı-yaxşı baxın.

Natəvan ABDULLA

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

 





08.01.2021    çap et  çap et