525.Az

Vətən ona Oğul dedi... - Anım


 

LERİKLİ CƏSUR ƏSGƏR CEYHUN SƏFƏROV ZƏNGİLAN UĞRUNDA DÖYÜŞDƏ ŞƏHİDLİK MƏQAMINA YÜKSƏLİB

Vətən ona Oğul dedi... - <b style="color:red">Anım </b>

Vətən müharibəsində qəhrəmancasına şəhadətə yüksələn əsgər Ceyhun Akif oğlu Səfərov 1995-ci ildə Lerik rayonunda anadan olub.

Ceyhun Səfərov ailənin sonuncu oğul övladıdır. Vətən müharibəsi başlamazdan əvvəl də Ceyhun atasına "mən cəbhəyə gedəcəyəm" - deyib. Atası Akif Səfərov bildirir ki, oğlu Ceyhun Səfərov uşaq ikən yaşıdlarından vətənpərvərliyi ilə seçilirdi. Şəhid Ceyhun Səfərov, bu günlərdə "Vətən uğrunda" medalı ilə təltif olunub. O, eyni zamanda, idmanla məşğul olduğuna görə, bir sıra diplom və medallarla təltif edilib.

"Ümumiyyətlə, Ceyhun çox istiqanlı və qohumpərvər oğul idi. O, igidliyi və mərdliyi ilə seçilirdi. Baxmayaraq ki, üç oğlumdan ən kiçiyidir, Ceyhun ona qoyulan hörmətin qarşısında həmişə özünü doğruldub. Müharibə ayın 27-də başlasa da, bir həftə əvvəl ona bildiriş gəlmişdi. Lakin o, bu haqda mənə heç nə deməmişdi. Evdəkilərə nə vaxtsa müharibəyə çağırılacağını əvvəlcədən deyibmiş. Sentyabrın 29-u ona zəng gəldi. İşdən sonra evə gəldikdə bildirdilər ki, Ceyhun könüllü olaraq döyüşlərə çağırılıb. Mən onunla söhbət etdikdə öz qərarını əvvəldən verdiyini dedi. Həmin günün axşamı, saat 11 radələrində yola düşdüşlər. Səhər saat 9-da isə maşınla döyüşlərə yollandılar. Evimizin yanında məscid var. Məscidin yanında oğluma sarılaraq sağollaşdım və mənə hər şeyin yaxşı olacağını bildirdi. Oğlum uşaqlıqdan idmana çox maraq göstərirdi. İdman növləriylə bağlı müxtəlif diplom və medalları var. Hazırda həmin medal və diplomları rayonda, Ceyhunun anadan olduğu və boya-başa çatdığı evdədir. Oğlum uşaqdan böyüyə, hamıyla ünsiyyət qurmağı bacarırdı. Ceyhun orta təhsilliydi. Mülki həyatında xırda ticarətlə məşğul olub. Ailəyə maddi baxımdan çox dayaq olub".

Ceyhun Zəngilan istiqamətində gedən döyüşlərdə şəhid olub. O, anadan olduğu Lerik rayonunda anası Gülşən Səfərovanın yanında dəfn edilib. Atası oğlunun şəhid olduğu Zəngilan rayonuna gedəcəyini bildirir:



"O, heç vaxt özünü fikirləşmirdi. Bizimlə əlaqə saxladıqda da səhhətimizlə maraqlanırdı. Demək olar ki, hər gün səhər saat 8 radələrində və axşam saat 7 radələrində mənimlə telefon əlaqəsi yaradırdı. Ona nəsə olacağı ağlımdan belə keçmirdi. Mən onun hələ təlimlərdə olduğunu düşünürdüm. Sonradan öyrəndim ki, ilk günlərdən döyüşlərə qatılıb. Sonuncu dəfə oktyabrın 20-də Zəngilan istiqamətinə üz tutublar.  O istiqamətdəki döyüşlərdə iştirak edib. Əsgər yoldaşlarının dediyinə görə, günorta saatlarında Zəngilanda olublar. Təxminən bir saata yaxın yol gediblər. Hərbi kalonda birinci maşın Ceyhunun olduğu maşın olub. Nəticədə, maşın tank əleyhinə minaya düşüb. Maşında səkkiz nəfər olub. Bəziləri xəsarət alsa da, oğlum şəhid olub. Çox çətin olsa da, şəhid atası kimi qürurluyam. Oğlum beynindən və gözündən qəlpə yarası almışdı. Allahın köməkliyi ilə Zəngilanda oğlumun şəhidlik məqamına yüksəldiyi əraziyə getmək istəyirəm. Əsgər yoldaşları da bildirdi ki, oğlumun şəhid olduğu yeri mənə göstərəcəklər. O torpaqdan bir ovuc götürüb gətirəcəm. Cənab Prezident bu günlərdə oğlumu "Vətən uğrunda" medalı ilə təltif etdi. Bu xəbərə çox sevindim. Həmin an daha da qürurlandım. Şükürlər olsun ki, oğlumun qanı yerdə qalmadı. Uzun illər işğalda qalan torpaqlarımız igid oğullarımızın qanı bahasına olsa belə, azad olundu. Şəhidlərimiz ölməyib, onlar həmişə sağdır. Şəhid valideyni kimi istəyərdim ki, yaşadığımız küçəyə Ceyhun Səfərovun adı verilsin. Qonşularımızın təşəbbüsüylə Ceyhunun şəkilləri böyüdülərək asılıb. Eyni zamanda, onun şəkli olan abidə yerləşdirilib".

Bibisi Rəxşəndə Səfərova bildirir ki, şəhidin ən böyük arzusu torpaqlarımızın işğaldan azad olunması olub. Nəticədə, Ceyhunun ən böyük arzusu reallaşdı:

"Ceyhun yola düşərkən bizimlə sağollaşdı. Ona Vətənə xidmətdən qayıtdıqdan sonra toy edəcəyimizi bildirdim. Onun üçün hər şeydən öncə Vətən idi. Çox vətənpərvər oğul idi. Torpaqlarımızın işğaldan azad olunmasını istəyirdi. Sonunda Ceyhunun arzusu reallaşdı. Torpaqlarımız işğaldan azad olundu. O, hərbi əməliyyatlar vaxtı da narahat olmamağımız üçün bizimlə davamlı telefon əlaqəsi yaradırdı. Olduğu yerin yaxşı olduğunu deyirdi, amma tam olaraq harda olduğunu demirdi. Danışığından hiss olunurdu ki, çox sevinclidir. Telefon danışıqlarında həmişə bizə təsəlli verib".



Ceyhun Səfərov, ailənin son beşiyi olub. Ailənin böyük oğlu Valeh Səfərov, qardaşının Cəbrayıl, Füzuli və Zəngilan döyüşlərində iştirak etdiyini deyir:

"Ceyhun mənim kiçik qardaşımdır. Onu həmişə vətənsevər görmüşəm. Qardaşım böyük-kiçik yerini həmişə bilirdi. Cəbhəyə getməmişdən öncə evimizdə ona zəng gəldi və gedəcəyiylə bağlı xəbərdarlıq edildi. O, səhər yola düşdüyünə görə, onunla təəssüf ki, görüşə bilmədim. Mən işdə olarkən artıq yola düşmüşdü. Axırıncı dəfə sentyabrın 28-i axşam saatlarında evdə görüşmüşdüm. O, əvvəlcə Cəbrayıl, Füzuli ərazisində döyüşdüyünü bildirdi. Lakin məlumatları tam olaraq bizə demirdi. Hərbi sirr olduğuna görə biz də çox məlumat öyrənməyə çalışmırdıq. Ölümündən sonra öyrəndik ki, Ceyhun Zəngilan istiqamətinə kimi gedib çıxıb və ordakı döyüşlərdə iştirak edib. Komandirləri də Ceyhunun igid və qorxmazlığından danışırdı".

Ortancıl qardaşı Taleh Səfərov deyir ki, qonşuları Ceyhunun xatirəsini əbədiləşdirmək üçün yaşadıqların evin divarına şəhidin şəkli olan abidə yerləşdiriblər:

"Qardaşımla hər anım mənim üçün unudulmaz xatirədir. Bir-birimizlə məsləhət alıb, fikir mübadilələri aparırdıq. O, mənim təkcə qardaşım deyil, eyni zamanda, sirlərimi bölüşdüyüm dostum idi. Döyüş gedən vaxtlarda davamlı olaraq qardaşımla telefon əlaqəsi yaradırdım. Özü döyüşdə olsa da, hər zəng edəndə bizi fikirləşirdi. Şəhid olduğu gün danışa bilməmişdik. Amma əvvəlki günlərdə davamlı olaraq danışmışıq. Sonuncu dəfə qardaşıma zəng etdiyim zaman cavab vermədi. Sonra bizimlə əlaqə yaradıb, Ceyhunun Vətən uğrunda şəhid olduğunu dedilər. Qonşularımız sağ olsunlar, onun xatirəsini əbədiləşdiriblər. Şəkli olan abidə evimizin divarına yerləşdirilib. Eyni zamanda, evimizin ətrafında Ceyhunun şəkillərindən ibarət lövhələr yerləşdirilib. Bu da şəhid ailəsi kimi bizi çox qürurlandırır və təsəlli verir. Qapı qonşumuzun təşəbbüsüylə abidə yerləşdirildi. Lakin o da bir müddət sonra dünyasını dəyişdi. Ceyhunun xatirəsini əbədi yaşadan hər kəsə ailəmiz adından təşəkkürümüzü bildiririk. Onun arzuları çox idi. Ev tikmişdi, lakin təmiri yarımçıq qalıb. O evi özüm təmir edəcəm. Qardaşımın arzularına uyğun bir ev inşa edəcəm".



Səfərovlar ailəsinin ən kiçiyi Saleh Səfərov isə qardaşıyla bağlı xatirələrdən danışarkən kövrəlir. O, qardaşının hər zaman gülərüzlü olmasından ürəkdolusu danışır: "Qardaşım davamlı olaraq məni özüylə bərabər, gəzintiyə aparardı. Onunla bağlı xatirələrim çoxdur. Qardaşım üçün çox darıxıram. Ceyhun həmişə gülərüz idi. Onunla fəxr edirəm. Çünki Vətən uğrunda şəhid olub".  

Ceyhun Səfərov tək ailəsinin sevimlisi deyildi. O, qonşular arasında sevilib. Ən yaxın qonşularından biri olan İstəgül İbadova onu qonşu oğlu kimi deyil, doğma oğlu kimi hesab etdiyini deyir. İstəgül İbadova şəhidə aid abidənin həyat yoldaşı Eldar İbadovun təşəbbüsüylə düzəldiyini dedi. Təəssüf ki, həyat yoldaşı bir müddət sonra dünyasını dəyişib:

"Ceyhunu balalarımdan ayırmırdım. Ailəmiz onun xətrini çox istəyirdi. Yoldaşım Ceyhun dəf olunan zaman Lerikə getmişdi. Dəfn edib qayıtdıqdan sonra evimizdə hönkürərək ağladı. Yoldaşım qonşuları yığıb Ceyhunun xatirəsini əbədiləşdirmək üçün təşəbbüs irəli sürdü. Şəhidimizin şəkli olan abidə evlərinin divarına yerləşdirilib. Qısa müddət keçdikdən sonra yoldaşım dünyasını dəyişdi. Mən Ceyhunu qonşu oğlu kimi deyil, oğlum kimi hesab edirdim. Onun xətrini dünyalar qədər çox istəyirdik. Hələ də Ceyhunun yoxluğuyla barışa bilmirik".

YƏHYA

 





08.01.2021    çap et  çap et