525.Az

"Şuşamızı, öz mədəniyyətimizi, dünyaya nümayiş etdirə biləcəyik"


 

"Şuşamızı, öz mədəniyyətimizi, dünyaya nümayiş etdirə biləcəyik"<b style="color:red"></b>

“Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir. Xalqımız əsrlərdən ötüb gələn bu zəngin irsimizi yaşadaraq onu qoruyub, saxlayıb. Amma təəssüflər olsun ki, təcavüzkar düşmənlərimiz Qarabağda 30 ilə yaxın işğal altında saxladıqları torpaqlarımızda mədəni irsimizə ciddi ziyan vurublar, çoxlu sayda tarixi-mədəni abidələrimizi məhv ediblər. Lakin biz bu gün torpaqlarımızı böyük şücaət göstərərək məkrli düşməndən azad etmişik, doğma diyarlarımıza qovuşmuşuq və indi milli dəyərlərimizi yenidən bərpa etmək qarşımızda duran ən vacib məsələlərdən biridir. Dövlətimizin başçısı cənab İlham Əliyev artıq bu istiqamətdə müvafiq tapşırıqlarını verib”.

Bu fikirləri 525.az-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Fatma Yıldırım bildirib ki, tarixboyu alınmaz qala adlandırılan Şuşa Qarabağın tacı, mədəniyyət beşiyi olubdur. Təsadüfi deyil ki, Şuşanı "Şərqin konservatoriyası" adlandırıblar. Bu müqəddəs torpaq Azərbaycana bir çox görkəmli sənətkarlar, mədəniyyət, incəsət xadimləri, pedaqoqlar, alimlər bəxş edib. Şuşa həm də mərdlik, cəsarət, hünər, qəhrəmanlıq rəmzidir. Cənab Prezident müharibə vaxtı müsahibələrinin birində Şuşasız bizim işimizin yarımçıq qalacağını qeyd etmişdi, indi də dirçəliş dövründə ölkə rəhbəri tərəfindən Şuşanın Mədəniyyət Mərkəzi elan olunması bu fikrin davamıdır və dünyaya çox vacib mesajdır. Güclü dövlətimiz Şuşanı dirçəldərək təkcə Azərbaycanın deyil, bütün Qafqazın mədəniyyət incisi olan simasını yenidən özünə qaytaracaq. Bu bir qarabağlı, şuşalı kimi məni çox sevindirir və qürurlandırır.

Deputat qeyd edib ki, dövlət başçısının tapşırığı ilə bu il Şuşada Vaqif poeziya günləri və “Xarı bülbül” festivalı təşkil olunacaq:
 
“Vətən Müharibəsindən sonra tez bir zamanda belə gözəl mədəni tədbirlərin keçirilməsi də hər birimizi çox sevindirir və xalqımız tərəfindən rəğbətlə qarşılanır. Digər tərəfdən, dövlət başçısının tapşırığı ilə Füzuli rayonunda qısa müddətdə beynəlxalq aeroportun inşa edilməsi Şuşaya xarici qonaqların daha asan gəlməsinə şərait yaradacaq. Beləliklə, biz öz qədim Şuşamızı, öz mədəniyyətimizi, öz tariximizi dünyaya nümayiş etdirə biləcəyik. Ümumiyyətlə, görünən odur ki, bu gün işğaldan azad olunmuş torpaqlarımızda görülən bütün işlər bizim Şuşaya tez bir zamanda qovuşmağımıza hədəflənib”.

 





09.01.2021    çap et  çap et