525.Az

Ad tapa bilmədiyim yazı... - Pərvindən yeni yazı


 

Ad tapa bilmədiyim yazı... - <b style="color:red">Pərvindən yeni yazı </b>

Taksi Rəssamlıq Akademiyasının yanından təzə asfalt döşənmiş küçəyə dönəndə canıma qəribə bir vəlvələ düşdü.

Maşının ikibarmaq açıq şüşəsindən yanıq iyini hiss elədim. Bir az da irəliləyəndə göyün üzünü qara bulud kimi tutmuş tüstüdən gözüm yaşardı. Bina yanırdı... Adamlar çöldə idilər. Təxliyə olunanlar da, üzbəüz ucuz kafelərdə mədəsini keyfiyyətsiz yemək, beynini dedi-qodu ilə dolduranlar da, bu basabasda müştəri hayında olan taksistlər də - hər kəs yanğın yerində idi. Narıncı rəngli Fövqəladə Hallar maşını elə hey sirena verir, film ab-havası yaradırdı. Təzə mövzu vardı, hə! Tərcümə Mərkəzinin bir tərəfi idi yanan - "525-ci qəzet"in redaksiyası yerləşən birinci mərtəbə... Xoşbəxtlikdən yanğın əsas binada yox, böyürdəki balaca anbarda başlamışdı. Dərhal duyuq düşüb yanğınsöndürən çağırmasaydılar, faciə də baş verə bilərdi. Mən taksidən enəndə və darısqal tratuar üstündə söhbətləşən, prosesi izləyən işçilərimizi görəndə təşvişə düşdüm. Hələ nə baş verdiyini tam kəsdirə bilmirdim, amma "525"çilərin üzündəki qəribə və bəlkə o zaman mənim üçün yersiz olan rahatlıqdan həyəcanım azaldı. Mətbuat ildırım sürətiylə "525-ci qəzet" yanır" xəbərini yayınca telefonların zəng səsi küçənin hay-küyünü bir az da polifonik etdi. Rəşad müəllim bir-iki dost əndişəsini, yeni gələn - əlində qələm əsən jurnalistlərin şok xəbər yazmaq arzusunu təmkinlə sığallayandan sonra əsəbiləşməyə başladı... Bir neçə ay əvvəl redaksiyanın sürücüsü ilə avtoqəza keçirəndə də suallardan belə hirsləndiyini görmüşdük. O vaxt o üzlərdəki sarkazmqarışıq arxayınlığın da, yaxın-uzaq adamların aşırı narahatlığından, suallarından doğan qəzəbin də tam səbəbini anlamırdım. Əslində, o yerdə bu haqda düşünməyə macal da yox idi.

... Yanğını söndürmüşdülər artıq. Xoşbəxtlikdən binaya və qəzetin arxivinə ciddi zərər dəyməmişdi. İntəhası içəri qapqara tüstü idi, elektrik naqilləri sıradan çıxmışdı. Sabahkı nömrəni bu şəraitdə, balaca bir işıq generatorunun köməkliyi ilə buraxmalı idik. Rəşad müəllim çoxumuzu evə yola salır, qalıb səhifələri oxumaq arzumuzu heç cür qəbul etmirdi. "Yox, bu tüstüdə oturmaq olmaz, gedin evə, özümüz oxuyarıq səhifələri..." - deyirdi. Yusif müəllim, Seyfəddin müəllim, qəzetin korrektoru Cəmilə xanım deyə-deyə, gülə-gülə necə işləyəcəklərini müzakirə edirdilər... Nə isə, o axşam qəzetin hansı şəraitdə çıxdığını heç kəs bilmədi və yanıq qoxusu da, his basmış divarların solğun rəngi də elə axıracan, qəzet o binadan köçənəcən eləcə də qaldı! O gündən sonra hər dəfə maksimalist gənc nəslin nümayəndələrinin - tələbələrimin şəraitsizlikdən şikayət etdiklərini, soyuq və təmirsiz auditoriyalarda oturmaq istəmədiklərini görəndə həmin hadisəni danışıram... Və sonda Anna Axmatovanın şeirindən nümunə də gətirirəm - çiçəklərin nələrdən boy göstərdiyini bilsəydiniz... Hə, çiçək bitirmək üçün super rahat şərait vacib deyil. Amma ekstremal şəraitdə, hər hansı qəzanın, faciənin astanasında təmkin göstərmək xüsusi xarakterdir. Daha doğrusu, taledir.

Ötən ilin sonuna doğru yaşadığımız tarixi hadisələrin içində - Vətən müharibəsi, Qarabağ zəfəri günlərində də düşündüm bunu. O günləri, illərlə çalışdığım qəzetin özünəməxsus Qarabağlı davranışını yada saldım. Və lap Arximedsayağı "evrika" da dedim... "525-çilər"in həm ictimai həyatda, həm də elə qəzetin səhifələrində əksini tapan təmkininin, ağayanalığının səbəbi Qarabağ imiş. Bu kollektivdə hamının o torpaqlara aidiyyatı var, hər kəsin bir itkisi, ağrısı, nisgili vardı orayla bağlı. Doğulduğu kənd, şəhər, böyüdüyü oylaqlar, oxuduğu məktəb, divarlarını kitabla bəzədiyi evi viran qalan adamların kiçik bir avtoqəzadan, ya da balaca bir yanğından heç halını pozmamasını elə yaxşı başa düşürəm ki... Və bütün birgə çalışdığımız son on ildə kiminsə ağlayıb sızladığını, köçkün statusunu böyük imtiyaz saydığını, hər addımbaşı kiməsə sitəm etdiyini görmədim! Onların Qarabağ ağrısını ancaq tək-tək prozavari detallardan duymaq olurdu... Şuşanın, Ağdamın, Laçının işğalı günlərində üzlərinə çökən kədər, Xocalı faciəsi haqda söz düşəndə danışa bilməmək kompleksi, "Google map" proqramı ilə hansısa kəndin, şəhərin görüntüləri yayılanda - baxa bilmirəm - demələri və s. Ən böyük əzab ocağı yaddaşdır... Amma bir dəfə qəzetdə çıxan məqalədən - Paşa Qəlbinurun "Alzqeymer" essesindən sonra redaksiyaya gələndə otağa girib qəribə bir pərtlik, pərxaşlıq (bu da onların sevdiyi sözdür!) görmüşdüm. Məqaləni müzakirə edirdilər. Sən demə, insan uşaq vaxtı gördüyü, sevdiyi, böyüdüyü məkanlardan ayrı düşəndə bu xəstəlik daha tez inkişaf edir, ona görə alimlər tez-tez doğulduğun yerlərə gedib gəzməyi məsləhət görürlər. Yaddaşı təzələmək üçün... Onlarınsa bu imkanı yox idi, düşmən əlində xaraba qalan yurdlara çatmaq, göz deşən tikanlı məftilləri aşmaq əlçatmaz görünürdü. Hələ üstəgəl, alzqeymerə tutulmaq, yaddaşla sınağa çəkilmək Qarabağı birdəfəlik itirmək demək idi... Olmazdı, yox... "525-ci qəzet" hansısa elmi ehtimallara, tarixin uğursuz səhifələrinə, iliyə işləyən buz xatirələrə, ölüm sevdası yaradan faciəvi faktlara, puçluğa aparan ümidsizliklərə görə Qarabağ savaşından əl çəkə bilməzdi. Və mənə görə, qəzetin  bütün bu illər ərzində gerçək sənətin, Xalqın dəyər bildiyi hər şeyin keşiyində durması, çağdaş zamanın loo informasiya, aypi mübarizələrinə uymaması, pis xəbəri təmkinlə, kiçik bir ümid işartısını projektorlar altında təqdim etməsi Qarabağ uğrunda mübarizənin tərkibi olub. Hələ 2011-ci ildə mərhum alim, həkim Adilə Namazovanın Ağdamda keçirilən yubiley gecəsində Rəşad Məcid kövrək çıxışında bu mübarizəni qəhərini boğa-boğa dilə gətirmişdi:

"Belə tədbirlər, belə vəfa borcları, belə ehtiramlar bizi Ağdama daha çox yaxınlaşdırır. Ağdam təkcə bizdən uzaqda qalan o torpaq, o uçulmuş divarlar, yiyəsiz ruhlar, kimsəsiz qəbirlərdimi?.. Ağdam adamlardır, Ağdam sizlərsiniz... Ağdam 85 yaşlı belə bir qürur duyulası xanımı buraya dəvət edib, onu güllər içində üzdürüb ona xoş sözlər deməkdir. Qədir Rüstəmovu qürbətdə yiyəsiz qoymamaq, buradan öz nümayəndələrini göndərib onun səhhətilə maraqlanmaq, ona baş çəkməkdir, halına yanmaqdır Ağdam! Ağdamın simvolu olan Tofiq Qarayevi səfalət içindən, ölümün girdabından qurtarıb təzə kostyumda, ağ köynəkdə o cür işıqlı üzlə buraya çıxarmaqdır. 20 illik fasilədən sonra "Şur" ansamblını bərpa edib, Uşaq xorunu yenidən araya-ərsəyə gətirməkdir. Bunlar olduqca, mütləq Ağdama qayıdacağımıza inam da olacaq. Biz Ağdama qayıdacayıq!"

Yuxarıda gətirdiyim proqram çıxış əslində, "525-ci qəzet"in uzun illər boyu apardığı təbliğatın, ideyaların ifadəsidir. Tikanlı məftillər, dünyanın ədalətsizliyi, taleyin və tarixin sınaqları heçdir, döyüş meydanında bağlanan atəşkəs mənəviyyat cəbhəsində vuruşmağa əngəl deyil! Ona görə də böyük alim, mərhum professor Şirməmməd Hüseynov qəzetin yubileyində Cümhuriyyətimizin ilk paradını yada salmışdı. Sən demə, o zaman şəhərdə parada hazırlığı görən uşaqlar da əllərinə keçən taxta-tuxtadan "silah" düzəldib əsgərlərin ardınca addımlayırmışlar. Bu xəbər Məhəmməd Əmin Rəsulzadəyə çatanda çox sevinir, qoy uşaqlar da elə öz silahları ilə keçsinlər ordunun dalınca - deyir. Və bəlkə tarixdə ilk dəfə gələcəyə mesaj ötürülür, müstəqil, dünyəvi ölkə - Azərbaycan qurulur, yeni nəsillər də onun arxasındadır... Şirməmməd müəllim "525-ci qəzet"in gənc - 25 illik mübarizəsini o "əlisilahlı" uşaqların cəsarəti, mərdliyi ilə müqayisə etmişdi... Və məncə, o silah-qələm heç zaman düşməyib qəzetin əlindən! Zamanla 525 rəqəmi səviyyənin, dərinliyin, üstünlüyün, zirvənin - Qarabağın simvoluna çevrilib!

Üzeyir bəyin yazılarını, bütöv yaradıcılığını, Əhməd bəy Ağaoğlunun mübarizəsini, Cavanşirlər nəslinin qadınlarının qeyri-adi üstünlüklərini, Haqverdiyevin baməzə qarabağlıları təsvir edən nəsrini təbliğ etməklə, o doğma yerlərin füsunkarlığını, gözəlliyini, xarakterini çatdıra biləcək hər müəllifə, hər yazıya səhifələrini qızırğanmamaqla öz cəbhəsində müharibə aparıb qəzet. Bu, əslində, tək itirilmişlərin qaytarılması yox, həm də bizim olanların əldən getməməsi, sıradan çıxmaması üçündür...

Yadımdadır, tədbirlərdən birində professor Cahangir Məmmədli vəsiyyətini dilə gətirdi... "Bunu hər kəsə demişəm, mən öləndə, məni dəfn edəndə sinəmin üstünə "525-ci qəzet"i qoyarsız..." İndi düşünürəm, Ağdamına, Novruzlu kəndinə əli çatmayan ziyalının vətən torpağı əvəzinə bir qəzetlə o son rahatlığı arzulaması təsadüf idimi? Yox! Axı insanlar adətən bu dünyadan nisgillə köçəndə qəbrinə vətən torpağı tökülür... Və elə bu vahiməli arzuyla "525-ci qəzet" o torpağın parçası, sözə, yazıya çevrilmiş varlığı sayılır...

Vətən müharibəmiz başlananda bütöv xalq eyni amal, ideya ətrafında birləşdi, gerçək bir həmrəylik nümayiş etdirdi. Və mənə görə, məhz bu məqamda bir çatışmazlığımız - yerlipərəstlik xasiyyətimiz tərbiyə olundu... Hər kəs qarabağlı, azərbaycanlı oldu! Milli özünüdərk prosesinin zirvə nöqtəsinə çatdıq. Bütün təzadları və itkiləri ilə birgə nağıl kimi, yuxu kimi günlər yaşadıq. Kənd-kənd azad olunan yurd və mənfur düşmənin murdarlıqları - dinc əhalini hədəfə alması, terror, yalan və böhtan maşınının susmaması! Bütün bunlara sinə gərmək, informasiya müharibəsini layiqincə aparmaq döyüş meydanında güclü olmaq qədər vacibdir...

Əlbəttə, yarandığı gündən, elə meydandaca ilk nömrəsini təqdim edib böyük mübarizəyə qoşulan qəzet sadəcə öz işindəydi. Lakin "525"in novator və çevik davamı olan, Rəşad Məcidin oğlu Mirhacib Məcidin rəhbərlik etdiyi axşam.az saytının bu mübarizəyə qoşulması, hər zaman şou-biznes və əyləncəli mövzulara üstünlük verən media orqanının konsepsiyasını tam dəyişməsi - Ali Baş Komandanın çıxışlarını, cəbhədən xəbərləri, hər an intizarla gözlədiyimiz tvitləri, ziyalı mövqelərini, bir sözlə, Qarabağa aid hər informasiyanı həssaslıqla yayımlaması ən təsirli məqam idi...  Böyük bir izləyici kütləsinə malik sayt tarixi-həlledici anda məhz əyləncəli xəbərə meyilli minlərlə izləyicini bu mövzulara kökləməklə haqq işinə öz dəstəyini vermiş oldu... Ordu Şuşaya, Prezident dediyi kimi, bir nəfəs qədər yaxınlaşdıqca həyəcan da artırdı.

"Şuşanı görməyən, Şuşada olmayan gənc nəslin bu müqəddəs şəhərimizə dəlicəsinə sevgisi adamı qürurlandırır və qəhərləndirir. Neçə illərdən bəri düşmənin arzusu da Şuşanı unutdurmaq idi. Düzü, bizim də içimizdə bir nigarançılıq, bir səksəkə vardı - birdən yeni nəsil Şuşaya laqeyd olar, biganə yanaşar deyə. İndi gənclərimizdə Şuşaya qarşı bu möhtəşəm, ilahi sevgini müşahidə edəndə adamın ürəyi atlanır, içi titrəyir".

Bunu Rəşad müəllim "Qələmsiz yazılanlar"ında deyirdi... Uzun illər Üzeyir bəyin musiqisini eşidəndə bəzən heç özü də bilmədiyi, tam dərk etmədiyi səbəbdən hönkürüb ağlayan insan indi Şuşaya sevgidən, Şuşanın azadlığından, əzabların sona çatmasından kövrəlir - "indi ən mənalı təbriklər göz yaşlarıdır" - yazırdı... Bilmirəm, bəlkə də elə bu illər ərzində Üzeyir bəyin musiqisi məhz indi dünyaya sübut etdiyimiz həqiqəti - Qarabağın Azərbaycan olmasını ifadə etdiyinə görə də müqəddəs duyğular oyadıb. Və bu gün yaşadıqlarımız elə həmin duyğuların davamıdır, zirvəyə doğru gedən ardıcıllığıdır...

Hə, zirvəyə çatmadan dayanmaq yox idi... Qələbə elan olundu, Şuşa, Ağdam, Laçın boşaldıldı, azad edildi... Yeni bir era başlandı! Və "525" də yenidən doğuldu! Bir azdan küləklər şəhərinin - Bakının havasına alışıb doğma torpaqların iqlimini də yadırğamış Aydın Bağırov həyəcanla reportaj hazırlayacaq Ağdamdan, sevinərək, "Hava soyuqdur, amma külək yoxdur" - deyəcək. Mənsum İbrahimov Ağdam Dram Teatrının qabağında Qarabağ şikəstəsi oxuyacaq, Aqil Abbas qanad açıb rəqs edəcək orda... Körpənin iməkləməsi, ilk ürkək addımları kimi görünəcək bütün bunlar və əslində, yeni bir mübarizənin əsası, başlanğıcı olacaq!

Şəhidlərin sayı, kimliyi, taleyi, qazilərin bundan sonrakı həyatı, müharibədə yaşananlar, qəhrəmanlıq dastanının boyları, əsirlərin azad olması, Qarabağda quruculuq işləri - bütün bunlar "525"in səhifələrinə çıxan yeni mövzulardır. Bu yazılarla köhnə ili yola salırıq. Yeni ilin ilk sayının manşetinə, xəbər başlıqlarına baxıram, ürəyim sevinc, fərəhlə dolur...

"İnamlı qələbə..." - Teymur Rəcəbovun erməni rəqibinə qalib gəlməsi haqdadı...

"Prezident Şuşanı mədəniyyət paytaxtı elan etdi..."

"2021-ci il "Nizami ili" elan olundu..."

Bütün bunlar - Zəkanın, Şuşanın, Ədəbiyyatın, Sənətin qələbəsi, Mədəniyyətin öz beşiyinə qayıtması qəzetin ağrısı, arzusu deyildimi?!

Əslində, bu məqamda sadəcə susmağım lazımdı... Hər hansı şərh yersizdi! Amma mən o günü arzulayıram - Şuşada köşkə yaxınlaşım və deyilsin ki, "525"in şənbə nömrəsi satılıb, bitib! Elə bu məqamda bir dəstə uşağın da yoxuş yuxarı qaça-qaça qəzetdə yeni yazısı çıxmış yeniyetmənin adını çağırması, "Filankəsovun  oğlu şair olub" - deyib səs-küy salması nə gözəl olardı...

Qarabağlı iliniz, gününüz, ayınız mübarək, əziz "525-çilər"!

 





10.01.2021    çap et  çap et