525.Az

"Ağlama divarı" önündə gülümsəmək - Sevinc Mürvətqızının essesi


 

"Ağlama divarı" önündə gülümsəmək - <b style="color:red">Sevinc Mürvətqızının essesi </b>

"daş-divarla danışırammış kimi..." 

Çox uzaqdan başlayası deyiləm, çünki ömür zənn etdiyimizdən də qısadır... Və bu qısacıq ömrün düz ortasında "Ağlama divarı" "ucaltmışıq" sənli-mənli...

Həzrəti Süleymana qalmayan dünyada Həzrəti Süleymandan qalan həqiqi "Ağlama divarı"nın dini-ritual-spiritual tərəfindən danışmaq nə həddimdi, nə də niyyətim.

Mənim indi dediyim həyatımızın bəlli zaman aralıqlarında göz yaşlarımızla suvarıb daim təzə-tər saxladığımız rəmzi "Ağlama divarı"na yazdığım son söylənişdi. Ən sarsıdıcı elektroşok effektli sensasiyaların da "bir yatıb-qalxımlıq" ömrünün olduğu bu əsrdə başımıza düşən, ayağımıza dəyən, ya da pir deyib üstünə əskilər bağladığımız hər daş-divara silsilə elegiyalar yazası macalımız yoxdur hər halda...

Sən deyəcəm bundan sonra - çünki istər təsəvvüfdən tut, Kabbaladan çıx, istər lövhi-məhfuza nəzər salıb batiniliyə qərq ol, neynəsən də sən elə mənsən, mən də sən. Bir-birimizin güzgüsüyük. Bir bütöv ruhun zərrəsi kimi Tanrının bütün sifətlərini təcəlli etdirdiyimizdəndir ki, sənin elədiyin kəhkəşanın ta o ucundan kəpənək qanadlarıyla ruhuma toxunur, mənim dediyimsə kainatın o başında "sənə dəyir". Elə isə içimizdən çölümüzə, şah damarımızdan saçımızın ucuna, xaricindən batininə Tanrıda(n) olduğumuz halda haradan peydahlamışıq bu "Ağlama divarı" misalı daş adamları həyatımızın ortasına büt kimi? Hər şeyin "O"ndan gəlib "O"na döndüyünü bildiyimiz halda bu nə bütpərəstlik havasıdır başımızda? Ki, "Ağlama divarı" adamlardan mədət ummuşuq? Biz xeyrimizi şərdən tapmağa öyrənmişik axı... "Ağlama divarı" adamların soyuqluğuna, sərtliyinə qatlana-qatlana, için-içini yeyə-yeyə, gözünün yaşını axıda-axıda özün-özünü mərtəbə-mərtəbə qalxıb bir gün yuxarı qatda tapırsan özünü. "Ağlama divarı"nın anlamsızlığını anlayana qədər çəkəcəyin var, "bildiyin qədər çəkməlisən, bilgisi çox olanın imtahanı ağır olurmuş", əzizim. Və nəhayət ki, ağlının başına gəldiyi o göz(əl)lənilən günlərin birində illərcə önündə göz yaşı axıtdığın o "Ağlama divarı"ının önündə özünü artıq hər anlamda böyümüş şəkildə tapırsan. Baxırsan ki, bu, sən olmağına sənsən, amma bəs günah, xəta, yanlış hesab etdiklərini gözünün bitməyən yaşı, vicdanının aram olmayan ağrısı ilə paklamağa çalışaraq üzünü söykəyib sıtqadığın bu buzüzlü, faydasız divar(lar) nədir, nəmənədir sənin həyatının orta yerində? Dilindəki dualarınla, beynindəki illüziyalarınla, qaranlıqların içində bacardığın qədər içində qoruyub saxlamağa çalışdığın işıqla, bəzən ətrafdakıları güldürəcək qədər saflığınla qarşısında dayanıb az qala pir kimi tapındığın bu "Ağlama divar(lar)ı" kimin kimsəsidir? Sərxoşluqdan ayılarcasına az qalırsan başını elə həmin o "Ağlama divarı"na vurub "mən nə vaxtdan özümdəki Tanrının ruh qibləsini unudub içimdəki bir parça işığı hansısa divarın qaramatına etibar edəcək qədər kütləşmişəm?" deyib bu dəfə öz cahilliyinə ağlayasan - amma sonuncu dəfə.

"Danq, danq..." Bilirsən, bu nəyin səsidir? İllərlə açılmayan bəsirət gözünün açılması ilə həqiqətin başına vurduğu zərbənin "danq" eləməsidir: İllərdir müqəddəs bildiyin bu "Ağlama divarı" adamlar lal-dinməz səni dinləməkdən, iztirablarını sadəcə bir nəfəs məsafəsindən izləyərək sarsıntılarına soyuq daş üzləri ilə şahidlik etməkdən başqa nə etmişdilər? Axı onların sənin həyatındakı "missiyası" da elə bundan ibarət idi. Ki, sən anlayıb dərs çıxarasan - ruh zərrəsisən və BÜTÜNƏ aidsən, daş parçası deyilsən ki, divarlara aid olasan?.. Bunu anlayacaq məqama niyə belə gec qaldığın üçün qınama özünü. Ovuclarını bu daşların soyuq sinəsinə sıxıb üzünü söykədiyin bu "Ağlama divarı"nın fərqinə niyə indiyədək varmadığına görə özünü mühakimə eləmə. Hələ zamanı deyildi onda. Onda hələ həyatın gündöyənində başına isti vuranda, ayaqlarını qəddarlıqların ayazında buz kəsəndə "Ağlama divarı"na sarılıb mədət umduğun vaxtlar idi. Onda hələ təkcə "Ağlama divar(lar)ı"nın deyil, bütövlükdə hər şeyin gerçək sahibi sənin ürəyində, yoldan keçərkən qarşına çıxan birinin minillik tanış təbəssümündə, bir addımlığındakı təsadüf dediyin zərurətdə, gözlə qaş arasında, genindəki ilahi düzülüşdə, hüceyrələrindəki mini kainatın nizamlı xaosunda sənin bu gülünc "bütpərəstlikdən" ayrılıb nə zaman "O"na dönəcəyini səbirlə gözləyirdi. Sən Tanrınla öz aranda "Ağlama divarı" dikəltdiyin zaman...

Xatırlayırsanmı, o divarların soyuq üzündə istehzalı baxışları da görürdün, o baxışların bəzən ani görünüb yox olan mərhəmət və sevgi parıltısı səni illərlə müqəddəs sanıb əl və ürək qoyduğun o daşlara sadəlövhcəsinə inanmağına da səbəb olurdu. Bəzən dilindəki duaların, həqiqət arayışlarının əks-sədasını geri qayıdırmış kimi hiss etdiyin də az olmadı. Sənə hələ bu da az idi... Amma bunu çox sonralar anlayacaqdın...

Günahsızlığını, təmizliyini isbatlamağa çalışdığın "Ağlama divarı"nın səni Tanrının həqiqətinə getdiyin yolda sadəcə quru, kələ-kötür daşlardan ibarət, öz əlinlə hördüyün maneə olduğunu dərk etdiyin gün həyatın ən ağır ironiyası üzünə çırpılacaqdı. Daş-kəsək yığınının sənin heç bir dərdinə dərman olmadığını anlayanda ovuclarını yapışdırıb ürəyini qoyduğun "Ağlama divarı"nı min illərin hikkəsi ilə yumruqlayıb əslinə - "O"na dönəcəkdin. İndiyə qədər üzünü söykədiyin soyuq daşların əlini-qolunu qanatmasına, ürəyini darmadağın etməsinə rəğmən, o yumruqlar nəhayət ki, gerçəkləri anlamanın möhürü kimi dəfələrlə çırpılacaqdı hədəfə... Saxta əzəməti ilə qarşında dayanan, nə zamansa qutsal bildiyin "Ağlama divarı"ndan qopmağın zövqü də bir başqa olacaqdı onda. Şübhəsiz ki, gözəl günlərin birində nə zamansa az qala müqəddəs sandıqlarının sənin göz yaşlarına, illərinə, fədakarlığına və özünüisbatın dəymədiyini anlamaq ən çəkilməz iztirablarının qarantıdır. Amma iztirablar bir gün bu və ya digər şəkildə mütləq bitir, can. "O"na görə də üzünü çevirib tərk etdiyin "Ağlama divarı"na gedərayaq dönüb son baxış atmaqda fayda var. Çünki sinəsinə söykənib ağladığımız və isindiyini güman elədiyimiz o divarları qızındıran sadəcə göz yaşlarımızın və ürəyimizin hərarəti idi. İlahi həqiqət uğrunda tərk edilən "Ağlama divar(lar)ı"nın saxta ehtişamına gülümsəyib getmək ayrılıqların ən gözəlidir.  

Mən demiş olmayım, sən özün bilmiş ol, bir gün gec-tez hər kəs  həyatındakı "Ağlama divarı"nın anlamsızlığını dərk edir; kimi duasının ən şirin yerində, kimi göz yaşının yanağını şırımladığı məqamda, kimi elə özcə duaları daşlara dəyib ah kimi üstünə töküləndə, kimi iki əlini açıb divarı qucaqlayıb isitmək istəyəndə daşların kələ-kötürü ilə əziləndə, kimi də bir gün başqalarının ondan əvvəl yumruqlayıb laxlatdığı o divarlar üstünə çöküb sonunu gətirəndə mütləq anlayır...

Anlamağın xəyal qırıqlığından bizi qurtaran da, əslində, elə o dərketmənin verdiyi möhtəşəm zövqdür. Anlamaq əzablıdır, amma həm də sonunda hüzur verir, ruha dinclik gətirir. Dilində dualarla göylərə ucaltdığını bir gün üzünü çevirib gedərək yerlərə endirməyə əşhədü-ehtiyac olur...

Dönüb geri baxanda daşların üstündən süzüldüyünü gördüyünüz illərlə sizin axıtdığınız göz yaşlarıdır, əslində. Yoxsa ki, "Ağlama divarı"nın ağlaması mifdir, əzizim. Bunu da unutmamaqda fayda var... Sən daş "büt"ündən ayrılıb BÜTÜNə doğru gedəndən sonra da o "Ağlama divarı"nı bir zad bilib qarşısında dua edənlər, ona sığınıb ağlayanlar olacaq. Gerçəyi anlayana qədər ağlayacaqlar, bütləşmədən qopub "O"nunla bütünləşənə qədər...

Dedik, ağladıq, bu qədər bəsdirmi? "Heç bir acı sonsuzadək sürməz" ki... Söhbəti həyatımızın simvolik "Ağlama divarı" ilə başladıq, sonunu Yerusəlimdəki gerçək "Ağlama divarı"na aid gülümsədən bir lətifə ilə bitirək: "Çalışmaq üçün Qüdsə göndərilən bir jurnalist ahıl bir musəvinin hər gün səhər-axşam oradakı "Ağlama divarı"nın qarşısında cani-dildən dua edib ağladığını müşahidə edir. Bir gün icazə alıb həmin hahamdan müsahibə götürür. Keçdiyi ömür yolu, həyatı, arzuları haqqında suallar verib qənaətbəxş cavablar alır. Sonda jurnalist soruşur:

- Deyirsiniz ki, 50  ildir hər gün "Ağlama divarı"nın önündə dua edirsiniz. Bəs 50 ildir bezmədiniz? Bir belə zamandan sonra bu gün necə bir duyğu içindəsiniz, nələr hiss edirsiniz?

Haham dərindən ah çəkib bezgin səslə cavab verir:

- Vallah, bilmirəm artıq. Sanki illərdir daş-divarla danışırammış kimi bir hiss var içimdə..."

 





10.01.2021    çap et  çap et