525.Az

Butimar - Türkan Turan yazır


 

Butimar - <b style="color:red">Türkan Turan yazır</b>

Fars mifologiyasında Butimar adlı əfsanəvi bir quş var.

Rəvayətə görə, yalnız dəniz suyuyla qidalanan bu quş həm də dənizə aşiq imiş. Hər gün sahildə dayanaraq onun bənzərsiz gözəlliyini seyr etməkdən məst olurmuş. Ancaq dənizin quruyacağından qorxduğu üçün bir damcı su içmirmiş, "Bir gün bu dənizin suyu qurusa, mən nə edərəm?" deyə qorxu keçirər, elə hey baxmaqla kifayətlənirmiş. Gün gəlir suyunu içməyə qıymadığı dənizin kənarındaca aşiq quş susuzluqdan ölüb gedir. Dəniz isə həmişəki kimi ləpələnir və parıldamağa davam edir.

Əslində, çoxumuz belə deyilikmi? Aman, birdən inciyər deyib əsl kimliyimizi unudaraq qarşımızdakının xoşuna gələn tərzdə davranırıq. Birdən küsər deyib boğazımızdan keçməyənləri uduruq. Birdən qırılar deyib öz qolumuzu, qanadımızı kökündən kəsirik. Birdən yanlış anlayar deyib bütün həqiqətlərin üstündən xətt çəkərək yalanlara qucaq açırıq. Nə doğrular vecimizə olur, nə də onlara arxa çevirməyimiz. Bircə onun ürəyi rahat olsun deyə riyakarlıqla qol-boyun yaşamağa belə razı oluruq. Birdən tərk edər deyib, özümüzü qapısına zəncirləyirik, eynən bir köpək kimi. Beləcə özümüzü qıymadıqlarımızın yolunda məhv edirik. Bütün bunlar lap əvvəldən yaşadığımız hissin eyforiyasına qapıldığımız üçün başımıza gəlir. Amma vaxt keçdikcə bu seçimlərimizin orqanizmimizdə xroniki hala çevrildiyinin fərqində olmuruq. Çünki zamanla düzələcəyimizə inanırıq, türkəçarələrə əl ataraq başımızı aldadırıq, amma ağlımıza gəlmir ki, virus kimi daxildə dövr edən bu hisslər orqanlarımızı sıradan çıxardır. Fərqinə varanda isə tənha bir palatanın ağır qoxusu altında, özümüzü süni nəfəs aparatına bağlanmış halda ölüm-qalım savaşı apararkən görürük. Ümumiyyətlə, Şərq insanının ən böyük uğursuzluğu duyğusallığıdır. Xüsusilə bizim kimi cəmiyyətlərdə insanlar hisslərini həddən artıq dərin və həssas yaşayırlar. Vay o günə biri ilə münasibətə başlayaq, o istəməsə belə, hər şeyimizi ovucunun içinə qoyuruq. Evimizin, avtomobilimizin açarını, bank kartlarımızı, şifrələrimizi, sədaqətimizi, vəfamızı, sevgimizi, bütün varlığımızı səririk ayaqları altına. Sanki o, bizim bu dünyadakı son şansımızmış kimi absurd düşüncəyə qapılırıq. Elə bil kainatda bütün hissləri yaşamaq üçün ən doğru insan odur, bir də eləsini tapmayacağıq.

Üstündə o qədər titrəyirik ki, bu vəziyyət onu havalandırır. Həyatımıza quzu kimi daxil olan insan birdən-birə şirə çevrilir. Öz əlimizlə böyütdüyümüz yırtıcı ilə üzləşəndə isə dəhşətə qapılırıq. İlk fürsətdə, "Mən səni tanımamışam, sənin gerçək simanı görməmişəm" tərzində sözlər söyləməyə başlayırıq. Halbuki azacıq yaddaşımızı qurdalasaq, bunun səbəbkarının özümüz olduğunu görərik. Həddən artıq dəyər veririk, həddən artıq fədakarlıq edirik. Ehtiyacı olan-olmayan hər şeyi o qədər veririk ki, bezir, iyrənir, ürəyi bulanır. Ona uğrunda mübarizə aparacağı heç nə qoymuruq. "Ver yeyim, ört yatım" edərək tənbəlləşdiririk. Gün gəlir şikayətlənirik, getməklə təhdid edirik, ağlayırıq, qışqırırıq, amma o, bütün bunların qarşılığında tükünü belə tərpətmir. Çünki lap əvvəldən mübarizə aparmaq əzmini öz əlimizlə sındırmış oluruq.
 
Bu günlərdə marağımı qədim şərq kitablarına salmışam. Oxuduqca dövrləri də müqayisə edirəm. Təsəvvür edin, VIII-IX əsrlərdə yazılan kitabda deyir ki, "Qardaşım, evlilikdən xeyir tapa bilməyəcəksən. Çünki bu dövrdə mərd, dürüst insan tapmaq çətindir". Açığı yüz, iki yüz il öncənin kitablarını oxuyanda da bənzər fikirlərlə qarşılaşır və bunu hardasa normal qəbul edirəm. Amma əsrlər öncəkilərin də insansızlıq problemi yaşadığını görəndə əsl həqiqətin fərqinə varıram. Deməli, münasibətlər ta qədim dövrlərdən sınıq-salxaqdır, yəni hər addımbaşı şikayətçi olduğumuz zəmanəmizlə əlaqəsi yoxdur. Anlaşılmazlıqlar elə əzəldən bəri varmış. Məsələn, elə Butimarı götürək, o da Şərq quşu olmağın cəzasını çəkib. Quşun belə həyatında eşq faciəsi var. O da özümüz kimi burnu sulu, gözü yaşlıdır. Butimarın "Bir gün bu dənizin suyu qurusa, mən nə içərəm?" dediyi kimi çoxumuz "birdən itirərəm" qorxusu ilə fəlakətin qoynunda yaşamağa razı oluruq. Ən yaxşısı, kiminsə sahilində səssizcə, yavaş-yavaş məhv olmaqdansa, öz küncündə şən-şaqraq ölməkdir.

 





10.01.2021    çap et  çap et