525.Az

Ağaca çıxa bilməyən balıqlar - Aytac Sahədin yazısı


 

Ağaca çıxa bilməyən balıqlar - <b style="color:red">Aytac Sahədin yazısı </b>

Uşaq vaxtı tez-tez bizə belə bir sual verirdilər: böyüyəndə nə olacaqsan? Demək olar hər uşağın da bu suala bir cavabı vardı: həkim, müəllim, futbolçu, kosmonavt və s.

Böyüdükcə demək olar ki, bu sualı ətrafdakılardan daha az, özümüzdən isə daha çox eşitməyə başlayırdıq. Təbii ki, illər çox şeyi dəyişir, elə bu sualın cavabını da. Məsələn, uşaq vaxtı həkim olmağı çox istəyən kimya ilə tanışlığından sonra bu istəyini bir daha sorğulayır. Elə ki universitetə qəbul imtahanı gəlib çatır, ya səhərə qədər oxuyub istədiyini əldə edir, ya da bundan vaz keçir. Və bu seçimlər elə baş verir ki, insan heç özü də dəqiq mahiyyəti anlaya bilmir. Ancaq nə vaxtsa hardasa ağ xalatlı birini görəndə arzularına xəyanət elədiyini başa düşür. Əlbəttə, insan özünü başqa yerdə də tapıb xoşbəxt ola bilər. Həmişə uşaqlıq xəyallarımıza sadiq qalmaq kimi bir məcburiyyətimiz yoxdur. Mənim nəzərdə tutduğum insanlar arzularından çətinliklərə görə vaz keçənlərdir.

Ümumiyyətlə, nəinki uşaqlıq, elə gənclik çağlarında da arzular insanın qol-qanadı olur. Çox adam həyatla tanışlığının ilkin dövrlərində elə bilir ki, dağı dağ üstünə qoya bilər. Ta ki özünün çınqıl olduğunu anlayana qədər. Bax, bunu anladımı, həyat onda başqa bir çalar alır. Xəyalpərəst insanlar bu mərhələni daha ağır keçirir. Ya da heç keçirmirlər. "Gün keçdi" filmində bir səhnə var. İllər sonra görüşən Əsmərlə Oktay söhbət edir. Söhbət zamanı Əsmər Oktaydan işindən razı olub-olmadığını soruşur. Oktay belə cavab verir. "İnsan anlayanda ki, bəşəriyyətin dahisi deyil, onda yaşamaq daha asan olur. Sakitcə oturub öz işini görürsən". Bəli, adam başa düşəndə ki, bəşəriyyətin dahisi deyil, onda yaşamaq daha asan olur. Bu zaman belə bir sual da yaranır: bəs əgər həqiqətən də dahidirsə? Məncə, dahi adamlar bunu heç vaxt başa düşmürlər. Çünki onların içində elə bir enerji olur ki, onları rahat yaşamağa qoymur, öz missiyalarını həyata keçirmək üçün daim alışıb-yanırlar. Əgər öz yerlərini tapırlarsa, onda olurlar xoşbəxt. Yox, əgər tapmırlarsa, bir ömür narahatlığın əlində əsir-yesir qalırlar. Bəlkə buna görədir ki, böyük şəxsiyyətlərin həyatında həmişə bir fərqlilik olur.

İnsanın öz potensialı ilə tanış olması, özünü tanıması möhtəşəm duyğudur. Onda adam həyatdan nə istədiyini də, nəyə layiq olduğunu da gözəl bilir. Eynşteyn deyirdi ki, əslində, hər kəs bir dahidir, ancaq siz balığı ağaca çıxa bilmədiyinə görə bacarıqsız hesab etsəniz, balıq özünü həyatı boyu bacarıqsız zənn edəcək. Siz də özünüzü bacarmadığınız hər şeyə görə mühakimə edib, bacarıqlarınızı gözardı etsəniz, bir ömür özünüzü tapa bilməyəcəksiniz. Əslində, özündən çox şey istəyib, maksimalist olmaq uğurun əsas şərtlərindəndir. Ancaq uğur həmişə xoşbəxtlik gətirirmi?

Hər şey insanın özündə başlayıb özündə bitir. Yazımı Ruminin çox sevdiyim bir fikri ilə bitirmək istəyirəm: "Dünən ağıllı idim, ona görə dünyanı dəyişmək istəyirdim. Bu gün mən ağıllıyam, buna görə də özümü dəyişirəm".

 





10.01.2021    çap et  çap et